Ev. Натиг Расулзаде. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Натиг Расулзаде
Издательство: PEN-клуб
Серия:
Жанр произведения: Современная зарубежная литература
Год издания: 0
isbn:
Скачать книгу
qərq olur.. Daha doğrusu, hər tərəf deyil, stansiyanın ətrafı. Biz də bilmirik bu nədir. Gecələr o tərəflərə keçmirik. Işıqlara görə adam elə bilir ki, bura şəhərcikdir. Əslində isə heç bir şəhərcik yoxdur. Özünüz də buna əmin ola bilərsiniz,-deyib AT xəfifcə əlimə toxunub onunla getməyə dəvət etdi.

      Artıq hava açılmış, sübh dumanı çəkilmişdi, ətraf apaydın görünürdü. Stansiyanın qonduğu çölün boşluğu və intəhasızlığı adamı üşəndirirdi… AT məni vağzalın boz binasının qarşısından keçirib platformanın kənarına gətirdi. Stansiyanın arxası da həyat əlaməti görünməyən düzənlikdi. Özümü itirdim.

      Bu nədir? Belə çıxır ki, stansiya yanmış çölün ortasında yararsız ada kimidir.

      – Demək belə…-Matım-qutum qurudu- Bəs Şəhərcik?

      Arxamca platformanın kənarına gələn rəis dedi:

      – Heç bir Şəhərcik yoxdur. Heç bir Şəhərcik. Amma sərnişinlər bunu bilmirlər. Onlar buradan gecə-hər tərəfdən işıq saçılanda keçirlər. Gözünə yuxu getməyənlər buranı şəhərcik bilirlər. Qatarlar burada cəmi beş saniyə durur, o da həmişə yox. Bixəbərlər buranın adını Şəhərcik qoyublar. Əslində isə burada stansiyadan başqa bir şey yoxdur. Siz də buna əmin oldunuz, eləmi?

      –Əmin oldum,-key kimi, heç bir şey düşünmədən cavab verdım.-Bəs necə olacaq?.. Növbəti qatar haçan keçəcək?

      – Növbəti qatar?-Rəis üzümə elə heyrətlə baxdı ki, sanki ondan ölüm tarixini soruşmuşdum.– Onu bir Yaradan bilir,-bu işlək ifadəni moizə kimi tələffüz etdi.-Bizim stansiyadan tək-tük qatar keçər. Növbəti qatar bir həftədən, bəlkə, lap bir ildən sonra keçə bilər. Bir dəfə belə bir şey də olub: düz on dörd ay büradan qatar keçməyib. Sözün düzü, biz heç gözləmirik də. Sizi görəndə ona görə təəccübləndik. Burada heç kim düşmür.

      – Nə…– Aldığım ağılasığmaz məlumatı həzm etmək iqtitarında deyildim və çaşıb qalmışdım.-Mən nə etməliyəm…

      – Hə-ə,-rəis mızıldandı. İşə düşmüsünüz. Amma biz sizi yerbəyer edərik. Başa düşürsünüz də, burada biz bir ailə kimi yaşayırıq, hamı özümüzküdü. Heç nəyi dəyişmək olmur, sizi ailəmizə daxil etməyə məcburuq. Necə deyərlər, ailəmizin qonağı olacaqsınız. Sən isə-üzünü AT-a tutdui-təcili teleqram göndər ki, bizdə fövqalədə hadisə baş vermişdir. Sərnişin düşmüşdür, nə edcəyimizi bilmirik. Göstəriş gözləyirik. Nəisə belə şeylər, özün bilirsən də. Qoy onların da başı ağrısın.

      AT başını əyib binanın içinə girdi. Rəis xoş təbəssümlə mənə baxıb başını yellədi:

      – Hə, başımıza iş açdınız.

      – Sizə yük olmaram,– deyə vəd etdim, amma hələ də nə baş verdiyini yaxşı dərk etmirdim və sonsuz sayda sual boğazıma yığılıb qalmışdı.

      – Sizə kim buyurdu ki, burada düşəsiniz?

      –Əslində mən, – çaşıb qalmışdım, istəmirdim ki, rəis haraya getdiyi və harada qatardan endiyini eyninə almayan bekara adam olduğumu zənn etsin-mən dincəlməyə gedirdim…Havamı dəyişməyə. Şəhərcik xoşuma gəldi, daha doğrusu, Şəhərciyin işıqları elə cəlb edirdi ki… Mən də qərara aldım ki…

      – Aydındır, – rəis sözümü kəsdi, amma üzündən görünürdü ki, dediklərim ağlına batmamışdı, necə yəni adam səbəbsiz-zadsız tanımadığı stansiyada düşür.

      – Olan oldu, çemodanınızı götürün gedək. Sizi yerləşdirək. Dəbdəbəli nömrələr söz vermirəm, amma əlüzyuyanlı otağa imkanımız çatar,-deyib rəis qabağa düşdü, bilmədim nıqqıldayırdı, ya xısın-xıçın gülürdü.-Hə, sərnişin, başımıza cəncəl açmısınız. Bir də nə vaxt qatar gələr?. Çox vaxt bizim stansiyada dayanmır, sürətlə keçib gedir…Hə, hadisədir də… Yer tapmısınız düşməyə… ha-ha-ha…

      Kiçik gözləmə zalına daxil olan kimi (yəqin, bura vaxtı ilə gözləmə salonu olub, divarda saralmış cədvəllər hələ də qalırdı, küncdə bufetin piştaxtası da dururdu, salonda dəyişiklik edilmişdi və buranın bir vaxtlar gözləmə salonu olduğunu xatırladan bəzi işarələr vardı, sərnişin kreslolarının bir neçə çərgəsi qaldırılmış, əvəzinə salonun düz ortasında, qalan kresloların qarşısında uzun, alçaq stol qoyulmuşdu, salonun sonunda geyimdəyişmə kabinələrinə bənzəyən bir şey quraşdırılmışdı) bizi dövrəyə aldılar. Belə başa düşdüm ki, stansiyanın əhalisi səhərin erkən çağında yuxusuna haram qatmış bu heyətdən ibarət idi. Görünür səbrsiz AT camaatı ayağa qaldırmağa və qeyri-adi xəbərlə heyrətə salmağa macal tapmışdı. Lakin belə deyilmiş. Hərçənd mənim zühur etməyim həqiqətən olanları heyrətləndirmişdi, amma onları ayağa qaldıran səhərin gözü açılmamış peyda olan qatarmış. Sonradan bildim ki, bu, möhtəşəm və nadir hadisəymiş. Heyrətlə mənə baxan, az qala əllərilə toxunan adamların əhatəsində özümü təyyarə qəzasına uğrayıb cəngəllikdə yaşayan vəhşi qəbiləyə əsir düşmüş pilot kimi hiss edirdim. Artıq tanıdığım stansiya rəisi və AT-dan başqa rəisin saçları işıldayan, ağappaq, hərəkətsiz, səssiz, cussəli arvadı, cizgiləri pozulmuş sifətindən yaşı bəlli olmayan, lakin işvəsi heç bir yaşa və əndazəyə sığmayan işvəkar bufetçi qadın, stansiya rəisinin – nəyləsə AT-a bənzəyən – qaşqabaqlı qızı, görkəmlərindən mehribanlıq, məsumluq yağan gözətçi və arvadı buradaydılar. Biz tanış olduq, mən çağırılmamış və imtina olunmayacaq qonaq kimi (imtina edib neyləyəcəkdilər ki, getməyə yer vardı?!) onların cəmiyyətinə qəbul edildim.

      Mənə otaq verdilər, stansiya rəisinin vəd etdiyi kimi, əlüzyuyan da vardı, böyükdü, bəzi yerləri pas atmışdı. Çarpayıya bənzər (yataq demək olmazdı, məhz səyyar qatlama çarpayıya oxşar) bir şey, bir də camaşir üçün rəfli və kostyum-palto üçün ayrıca hissəli ikigözlü ensiz dolab da qo- yulmuşdu.Nədənsə həbçxanalardakı kimi möhkəm barmaqlıqlar taxılmış pəncərə vağzal binasının önündəki platformaya açılırdı. Barmaqlıqlara istinadən zənn etmək olardı ki, əvvəllər bu otaqda dəftərxana yerləşmişdi və burada məxfi sənədlər saxlanılmışdır. Ehtiyat tədbirlərinin görülməsi bu səbəbdəndi. Istifadə edəcəyimə əmin olmadığım kiçik masanın önünə qoyulmuş döşəməyə qədər örtüklə örtülmüş kətilin əslində kiçik, lakin yetərincə ağır seyf olduğunu biləndə təxminimdə yanılmadığım məlum olurdu. Çarpayının görünüşü o qədər ikrahedici və istirahət anlayışının dışındaydı ki, bu yöndəmsiz qurğuya bir baxmaqla yuxum qaçdı. Adamın əhvalını pozan əşyaların sanki bilərəkdən düzüldüyü bu daxmadan çıxmaq, heç olmazsa platformada gəzmək, təmiz hava almaq istədim. Elə bu vaxt otağın qapısı bir az nəzakətsizcəsinə (bir az ona görə deyirəm ki, döyülmədən olsa da qapı o qədər zəif, cəsarətsiz hərəkətlə açıldı ki, sanki qapının arxasında uşaq vardı və «açım-açmayım» deyə tərəddüd edirdi) açıldı, nəyi gözətlədiyi məlum olmayan vağzal gözətçisinin arvadı kəndarda dayanmışdı. Əslində hər şey müəmma idi, AT-dan başlamış (arıq teleqrafçıya ixtisarlı ləqəbi mən verdim, çünkü elə ilk dəfə görəndə xoşuma gəlmədi, ola bilsin ki, mənim burada peyda olmağım, yumşaq desək, onu o qədər də fərəhləndirməyib. Tezliklə anladım ki,