Ac həriflər. Абдурагим-бек Ахвердов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Абдурагим-бек Ахвердов
Издательство: TEAS PRESS
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-311-29-7
Скачать книгу
tac qoydu, ya qoymadı. Tacgüzarlıq padşahlar arasında ancaq bir rəsmdir. Amma mən bu rəsmə ayrı bir nəzərlə baxıram. Bu qılınc ki, görürsünüz, Şah Səfinin qılıncıdır. Bunu cəmi Səfəvi padşahları birbəbir bellərinə bağlayıblar və mən o vədə bu qılıncı bağlaya bilərəm ki, Şah Abbas Səfəvitək padşahın bərabəri olam və padşah İsmayıltək islama rəvac vermiş olam. Amma indi sizin xahişinizə görə bu qılıncı bağlayıb dərgahi-rəbbilaləmdən iltimas edirəm ki, mərhəmət nəzərini İranın üstündən kəsməsin və mən fəqir bəndəsini də Şah Abbas məqamına yetirsin. (Qılıncı öpüb bağlayır.) Qılıncı bağladım, amma bu tacı əsla başıma qoymayacağam. Bu tac Nadirin tacıdır. Bunun dörd qızıl lələyi iqlimin təsxirini81 sübut edir. Farsistanın, Hindistanın, Türküstanın və Əfqanıstanın. Mən indiyədək məmləkət almamışam, ona görə ancaq bu bir dənə cıqqanı bu tacdan götürüb başıma vururam. (Cıqqanı başına sancır.) İlahi, vətəni bəliyyatdan82 hifz elə! Salamat olsun vətən, salamat olsun İran!

      Hacı İbrahim xan və sərkərdələr (bərabər). Qibleyi-aləm, tacınız mübarək olsun!

      Sadıq xan (uca yerdən). Ey İranın rəşid qoşunları! Bilin, bu gün İran üçün böyük bayramdır! Bu gün Ağa Məhəmməd şah Qacar İran padşahlarının tacını başına qoymaqla İranı şərəfraz elədi. Təbillər vurulsun. Topların, tüfənglərin nərəsi asimana bülənd olsun! Payəndə bad Ağa Məhəmməd şah Qacar!

      Tüfəng atılır, qoşundan səs gəlir: “Payəndə bad Ağa Məhəmməd şah Qacar!”

PƏRDƏ

      İkinci məclis

      Xorasan. Ağa Məhəmməd şahın mənzili. Hacı İbrahim xan və Sadıq xan.

      Hacı İbrahim xan. Mən, doğrusu, çox ehtiyat eləyirəm. Bu tövr ki bəxt şahə yardır, qorxuram, axırı bədbəxtlik ola. Mən belə güman eləyirdim ki, Xorasanda böyük dava olacaq və camaat Nadir Mirzəni saxlayacaq. Xorasanın davasız ələ keçməyini heç kəs güman etməz idi.

      Sadıq xan. Axıra qalan Qarabağdır. Məgər Qarabağ Gürcüstandan möhkəm duracaq? Mən yəqin etmişəm ki, Qarabağın əhli acından dava etməyi bacarmayıb, təslim olacaqdır. Ondan sonra cəmi İran olacaq bir can və canın başı Ağa Məhəmməd şah olacaq. Dəxi bədbəxtlik haradan ola bilər?

      Hacı İbrahim xan. Allahın işini bilmək olmaz. Ancaq mən hər namaz qılanda və hər gecə yatanda dua eləyirəm, deyirəm: “Pərvərdigara, sən şahı bəladan saxla”.

      Sadıq xan. Sən ümidini şahın tədbirlərinə bağla. O tədbirin sahibi özünü bəlaya düçar etməz.

      Hacı İbrahim xan. Xan, mənim qorxum Rusiya tərəfindəndir. Nə qədər olsa, Rusiya və Gürcüstan camaatı həmməzhəbdir. Mən inana bilmirəm ki, Rusiya Gürcüstan qisasını almaq fikrinə düşməyə.

      Sadıq xan. Bu, nahaq təşvişdir, Hacı İbrahim xan. Rusiya dövləti əgər Gürcüstana kömək vermək istəsəydi, vaxtında verərdi. İndi bədəz xərabeyi Bəsrə verilən köməkdən nə fayda?!

      Ağa Məhəmməd şah Qacar (daxil olur). Sadıq xan, get Şahruxu buraya gətir! (Sadıq xan çıxır.) Doğrusu, Hacı İbrahim xan, Allah qisası qiyamətə qoymaz. Nadirin günahının cavabını övladı verir.

      Sadıq xan (Şahruxu gətirir). Qibleyi-aləm! Budur Nadirin oğlu Şahrux Rzaqulu Mirzə.

      Ağa Məhəmməd şah Qacar. Yaxına gəl, qoca.

      Şahrux. Kimdir məni yaxına çağıran?

      Sadıq xan. Səninlə danışan İranın şahı Ağa Məhəmməd şahdır.

      Şahrux. İranda mən bir şah tanıyırdım, mənim atam Nadir şahı.

      Ağa Məhəmməd şah Qacar. Hədyan danışma, qoca, yaxına gəl! Sadıq xan, onu yaxına gətir! (Şahruxu yaxına gətirirlər.) De görüm, oğlun Nadir Mirzə haradadır?

      Şahrux. Nadir Mirzə Əfqan tərəfə keçib. Neyləyirsən Nadir Mirzəni? Mən onun əvəzinə gəlmişəm.

      Ağa Məhəmməd şah Qacar. Qoca, sən dünyada çox müsibət çəkibsən. Mən istəmirəm, sənin axır günlərin də əziyyətlə keçsin. Mən bilirəm, Nadir hər nə cəvahirat qoyub, hamısı səndədir. Bundan sonra onların heç biri sənə lazım deyil. Gərək verəsən mənim xəzinəmə.

      Şahrux. Mənə Nadirdən heç şey qalmayıb.

      Ağa Məhəmməd şah Qacar. Qoca, nahaq yerə özünü əzaba düçar eləmə, sənə əziyyət edərlər. Amma xoşla cəvahiratın yerini desən, həmişə mənim iltifatım sənin üstündə olar.

      Şahrux. Sənin iltifatın mənə lazım deyil. Buyur, hər nə əziyyət edəcəklər, etsinlər. Mən anadan dünyaya bədbəxt gəlmişəm, bədbəxt də gedəcəyəm. Mən 20 yaşından indiyədək öz korluğuma ağlayıram. Ağlamaqdan da gözlərimin yaşı qurtarıb, əvəzinə ciyərimin qanı gəlib tökülürdü. İndi mən şükür eləyirəm Allahın dərgahına ki, mən koram və mənim atam Nadir şahtək padşahın məsnədində əyləşəni gözlərim görmür. Kim deyir, dünyada insaf var? Kim deyir, dünyada ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, Nadir şahın Rzaqulu Mirzətək istəkli oğlu öz atasının xacəsinin qabağında əsir saxlanmazdı. Kim deyir, dünyada insaf var? Kim deyir, ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, tərlan yerində zağ83 və zəğən oturmazdı. (Ağlayır.) Ox!.. Yoxdur dünyada ədalət, yox, yox!.. Gözlərim əlimdən gedib, bu quru nəfəsi də bundan sonra istəmirəm, aparın, nə eləyəcəksiniz eləyin.

      Ağa Məhəmməd şah Qacar. Sadıq xan! Bu qocanı verərsən fərraşların əlinə. Nadirin cəvahiratını birbəbir bundan istərlər. Ələlxüsus böyük yaqutu vermək istəməsə, lazımi əziyyət buna verərlər.

      Sadıq xan Şahruxu aparır.

      Hacı İbrahim xan. Qibleyi-aləm, nə qədər olsa, bu, padşah oğludur. 45 ildir ki, Allahın işıqlı dünyasına həsrətdir. Ona əziyyət vermək insaf deyil.

      Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Bu, Nadirin oğludur. Əgər Nadirin cəmi övladını kabab edəm, yenə mənim ürəyimin yarası sağalmaz. Nadir mənə yaman yara vurub, Hacı İbrahim xan!

      Sadıq xan (daxil olur). Qibleyi-aləm, Süleyman xan tərəfindən hüzuri-aliyə məktubdur. (Kağızı verir.)

      Ağa Məhəmməd şah Qacar (kağıza baxıb). Hacı İbrahim xan! Sərkərdələri buraya çağır!

      Hacı İbrahim xan. Qibleyi-aləm, rənginiz qaçdı, nə xəbərdir gələn?

      Ağa Məhəmməd şah Qacar. Bu saat bilərsən. Çıx, sərkərdələri buraya çağır. (Hacı İbrahim xan çıxır.) Bu, yaxşı olmadı.

      Fərraşbaşı (daxil olur). Qibleyi-aləm, cəvahiratın bir-bir yerini deyir. Amma böyük yaqutu vermək istəmir. Hər nə qədər əziyyət edirik, olmur. Dırnaqlarının arasına mıx çaldıq. Belindən parça-parça dəri qoparıb yerinə duz tökdük, yenə demir.

      Ağa Məhəmməd şah Qacar. Necə demir? Get, deginən, onun başının ətrafına xəmir yapışdırıb ortasına qurğuşun töksünlər. Onda yaqutun yerini yəqin deyər. (Fərraşbaşı çıxır, sərkərdələr və Hacı İbrahim


<p>81</p>

Təsxir – zəbt etmə, istila etmə

<p>82</p>

Bəliyyat – bəlalar, müsibətlər

<p>83</p>

Zağ – qarğa