Su kənarından eyləyirdi güzər.
Suda öz kölgəsin görüb o zaman,
Sandı bir özgə itdir ol heyvan.
Sümüyü atdı tez o, bir yanə,
Suya vurdu özün hərisanə,
O iti ta ki qorxuya salsın,
Bəlkə, ağzındakı əti alsın.
Tapmadı bir şey, oldu çox qəmgin,
Həm itirdi nahaq yerə xörəyin.
Kölgəyə uyma, hirsü qəflətdən –
Ta əlin çıxmasın həqiqətdən.
ATA VƏ OĞUL
Ay dədə, dur get, mənə çox şeylər al!
Bir dənə çanta, bir-iki dəftər al!
Mən dayım oğluyla gəlirdim bayaq,
Gördüm, o məktəbdə oxur çox uşaq.
Durdum ora pəncərədən baxmağa,
Dərslərinə azca qulaq asmağa.
Dərsləri yetdikdə, dədə, axirə,
Oxudular elliyi birdən-birə.
Hamısının yaxşı tuturdu səsi,
Hər kim ola görsə, düşər həvəsi.
Çöldə məni gördü müəllimləri,
Tutdu, apardı özü lap içəri.
Xeyli danışdırdı, məni dinlədi,
Sonra nəvazişlə mənə söylədi:
– De, səni göndərsin atan məktəbə,
Elm oxuyub ta yetəsən mətləbə.
QARANQUŞ BALALARI
A quşcuğazlar, nə yaraşıqlısız,
Can kimi bəslənməyə layiqlisiz.
Nədir o istəkli, o heyran baxış,
Nə dadlı cik-cik, nə gözəl çırpınış!
Birdən ucaldı niyə cik-cikləriz,
Pəh-pəh, açılmış sarı dimdikləriz.
A bəxtəvərlər, ananız gəldimi?
Qondu yuva üstünə, dincəldimi?
Görcək onu səslənməyə başladız,
Civiltilərlə əcəb alqışladız.
Yem gətirib yoxsa sizə verməyə,
Ya ki gəlib bir quru dindirməyə?
YAZ
O gün ki, fəsli-yaz olar,
Gecə, gündüz taraz olar.
Havanın artar istisi,
Daha soyuqluq az olar.
Ərir dağın, çölün qarı,
Axar dərələrə sarı.
Gurultu ilə sel gələr,
Salar sədaya çayları.
Qaranquş ol zaman gələr,
Yenə tikər yuvasını.
Qonar yaşıl ağaclara,
Oxur gözəl havasını.
QUŞLAR
Quşlar, quşlar, a quşlar!
Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,
Gah yerdə, gah yuvada.
Qonun bu tək budağa,
Çox getməyin uzağa.
A quşlarım, getməyin,
Məni qəmgin etməyin.
Quşlar, neçin gedirsiz?
Yoxsa ki, seyr edirsiz?
Quşlar uçdu, əkildi,
Vay, səsləri kəsildi.
Bir səs gəlir uzaqdan,
Mən dinlərəm bayaqdan:
Söylər ki, qış yavuqdur,
Sizin yerlər soyuqdur,
Var isticə ölkələr,
Qışda bizə xoş gələr.
Səbr eylə, qoy yaz olsun,
Bir qar, yağış az olsun,
Sovqat gətirər quşlar,
Sizə gözəl mahnılar.
TƏNBƏL
Çox yatma, dur, a tənbəl,
Yatsan, olar iş əngəl.
Gün dağlara yayıldı,
Hər bir yatan ayıldı.
Yar-yoldaşın səhərlər
Tez məktəbə gedərlər.
Sən çəştədək100 yatırsan,
Pal-paltarın atırsan.
Xeyrü şərin qan, oğlum,
Öz halına yan, oğlum.
Bir azca himmət101 eylə,
Bir azca qeyrət eylə.
Hər kim dilər, şad olsun,
Getsin, çalışqan olsun.
OT BİÇİNİ
Göy çəmənin ətri tutub hər yeri,
Çulğalayıb dağ, dərəni, çölləri.
Əldə biçinçi darağı səfbəsəf,
Ot darayırlar qarılar hər tərəf.
Ot qurusun burda yığarlar şələ,
Yaş otu bir yanda sərərlər hələ.
Kəndlilər əllərdə təmamən yaba,
Arabaya otu yığarlar qaba.
Arabaya ot qalanar, dağ olar,
Kəndlilərin onda kefi çağ olar.
Arabaya at qoşulub gözləyir,
Sanki qaxılmış yerə, tərpənməyir,
Əymə kimi saxlamış ayaqların,
Sallayıban hər iki qulaqların.
GÜLLƏRİN BƏHSİ
Mən şahıyam qönçələrin, güllərin,
Ən gözəl istəklisi bülbüllərin.
Mən hamıdan yaxşı yaraşıqlıyam,
Sevməliyəm, ətrə bulaşıqlıyam.
Fəxr edərəm halətimə, həngimə102,
Qırmızı yarpaqlarıma, rəngimə.
Bağı tutar ətri-dəhanım mənim,
Eybi nədir, varsa tikanım mənim?!
Əldə