– Yox, yolçu yolda gərək, mən getməliyəm. Gün çıxanda mən də qalxmalıyam.
O, çarıqlarının ipini bərkitdi, dolaqlarını açıb yenidən doladı, heybəsini çiyninə alıb ayağa qalxdı. Halallaşıb yola düzəldi. Gün batıb çöllərin üzərinə hüznlü bir qaranlıq çökəndə yaşıl bir çəmənlikdə dayandı. Heybəsini başının altına qoyub yatdı. Günəşdən də qabaq ayağa durdu. Dünənki kimi üzü günəşə yol tutdu, xeyli getdi. Birdən onu qamarladılar. Kişi başını qaldırıb gördü ki, onun dörd yanını kəsənlər yaraqlı-yasaqlı padşah adamlarıdırlar. Qorxuya düşdü. Sahibinin altında oyur-oyur oynayıb yüyənini çeynəyən atlar az qalırdılar ki, onu ayaqlasınlar. Əllərdə siyirmə qılınc vardı. Onu atın sinəsinə salıb apardılar. Yaşıl xiyabanların, güllü-çiçəkli bağların arasından keçirib bir çadırın qabağında saxladılar, itələyib içəri saldılar. Kişi taxtda əyləşən çatmaqaşlı, qız kimi göyçək bir oğlanla üzbəüz dayandı və başa düşdü ki, şahın hüzurundadır. Dərhal yerə döşənib yalvardı:
– Şah sağ olsun, məni öldürmə, rəhm elə, yol adamıyam, burax, çıxım, gedim.
Şah onu qaldırdı. Kişinin tir-tir əsdiyini görüb gülümsündü və səsinə mehribanlıq verməyə çalışdı:
– A kişi, sən hara, bura hara, buraya quş gəlsə, qanad salar, qatır gəlsə, dırnaq. De görüm, hara gedirsən?
– Allahın yanına.
– Nə?!
Kişi diz çökdü. Hər şeyi olduğu kimi şaha danışdı. Oğlan fikrə getdi, çadırda xeyli gəzindi və birdən taxtında oturdu:
– A kişi, yaxşı yol, get, uğurun xeyirli olsun. Amma mənim də səndən bir təvəqqem var. İşdir, şayəd Allahı tapsan, mənim də dərdimi ona de. De ki, mən çox varlı, güclü bir şaham. Ləşkərimin, qılınc-qalxanımın sayı-hesabı yoxdur. Torpağımın ucu-bucağı görünmür, amma davada həmişə basılıram.
Şah iki atlı verdi, kişini sərhəddən o üzə ötürdülər.
İndiyədək günəşə doğru gedən kişi indi onun dalınca addımladı. Qan-tər içində axşama qədər irəlilədi. Günəş üfüqdəki dağların dalına çəkiləndə ucu-bucağı görünməyən sonsuz bir düzənliyə çıxdı. Səhranın üstünə axşam kölgəsi çökmüşdü, çöllər bomboz idi. Quru torpaqdan başqa, heç nə görünmürdü. Elə bil bu yerlərə soyuq nəfəs dəymişdi. Adamın bədəninə üşütmə düşürdü. Kişi vahimələndi və yaxasını örtüb bərk-bərk büründü. Onun gözünə uzaqda tərpənən bir qaraltı dəydi. Bu qaraltı getdikcə iriləndi, yaxınlaşdı və kişi gördü ki, nəhəng bir canavardır, düz üstünə gəlir. Tükləri biz-biz oldu, qaçmaq o yana dursun, heç yerindən tərpənə bilmədi, dili tutuldu.
Canavar gəlib onun qabağında dayandı və birdən adam kimi dil açdı:
– Hara gedirsən, ey bəni-insan?
Canavarın danışığından kişi daha da vahimələndi, çənəsi əsdi. Amma birdən-birə elə bil qorxunu canından quş kimi hürküdüb uçurtdular və o, hər şeyi yerli-dibli canavara söylədi, canavar ləngərləndi, kişi gördü ki, bu murdar ayaq üstündə güclə dayanır.
– Görürsənmi, qabırğalarım bir-birinə yapışıb, acından ölürəm. İşdir, Allahı tapsan, mənim də şikayətimi ona yetir. Deynən mənim yeməyimi göndərsin.
Canavar gəldiyi kimi də ağır-ağır aralandı və səhranın qaranlığında əriyib qeyb oldu.
Kişi zindan altından çıxmış kimi dərindən nəfəs aldı və elə dayandığı yerə çökdü, heybəsini başının altına qoyub yuxuya getdi.
Ertəsi günü günortaya qədər üzü günəşə yol getdi, sonra isə onun dalınca düşdü. Qaranlıq qarışana qədər onu haqlamaq istədi, qayalıqların arasında gizlənməyə çalışan günün ətəyindən yapışmaq məqsədilə qaça-qaça gəlib bir çəmənliyə çıxdı. Elə bu vaxt göy guruldadı, şimşək şaqqıldadı, qayalar səs-səsə verdi:
– Ey bəni-insan, kimi axtarırsan?
– Allahı.
– Allah mənəm.
Kişi üzü üstə yerə döşəndi. Sonra ayağa durub Allahı görməyə çalışdı. Yenə qayalar şaq-şaq şaqqıldadı:
– Məni görə bilməzsən, amma mən səni görürəm, sözünü de.
– Dünyanı niyə başlı-başına buraxmısan, ey xudavəndi-aləm, görmürsənmi, zülm ərşə dayanıb?
– Dünyanın dərdi sənə qalmayıb, sözünü de.
– Sözüm odur ki, mənim ruzumu ver. Qoy halal zəhmətimlə halal çörək qazanıb balalarımı saxlayım.
– Verdim, get.
Kişi dayandı, ətrafa boylandı, istədi, yola düşsün, amma əkinçi yadına düşdü. Yenə dağlar səsə gəldi:
– Niyə getmirsən?
– Bir şikayəti də sənə yetirməliyəm. Bir kəndçi var. Taxılı biçmək istəyəndə zəmi od tutub yanır, qoyma, yansın.
– Gedəndə o kişiyə deyərsən ki, zəminin ortasında balaca bir təpə var, orada qızıl basdırıblar. Gün qızanda qızıllardan qığılcım qalxıb zəmini yandırır. Təpəni qazıb qızılları çıxartsın.
Kişi yenə baş əydi. İki-üç addım gedib ayaq saxladı:
– Xudavəndi-aləm, qəzəbinə keçsəm də, bir padşahın dərdini sənə deyəcəyəm.
– Bilirəm, – deyə yenə qayalar şaqqıldadı. – O padşah oğlan paltarı geyinmiş qızdır. Ərə getməyib günah işləyir. Denən ərə getsin.
Kişi hər şeyin Allaha əyan olduğunu başa düşdü və təəccübləndi ki, görəsən, bu hikmət sahibi özü niyə işə qarışmır, gözünün qabağında baş verən haqsızlıqların kökünü niyə kəsmir? Əlini çiynindəki heybənin üstünə qoyub gözünü yenə qayalara zillədi.
– Bəs canavara nə deyim, acından ölən canavara?
– Deynən ki, ağılsız insanları ona yem verdim.
Qayalar şaqqıldadı, sonra da silkələnib elə bil yerə yapıxdılar. Kişi istədi, geri qayıtsın, amma ayaqlarının sızıldadığını, neçə gündə dilinə bir tikə çörək dəymədiyini indi başa düşdü, çəmənlikdə bardaş qurub heybəsini açdı…
Gün çırtdayan kimi yolu əlinə alıb geri qayıtdı. Elə bil quş kimi qanad açmışdı. Özü də hiss eləmədən bir göz qırpımında gəlib kəndçinin yanına çıxdı. Gördü ki, taxıl yetişib, kişi isə əlində oraq oturub ağlayır. Ona heç nə demədi, qolundan tutub zəminin ortasındakı təpəyə gətirdi. Dinməz-söyləməz torpağı qazdılar, qızıl dolu küpləri çıxartdılar.
– Taxılı yandıran budur. Daha yanmayacaq, arxayın ola bilərsən.
Kişi üst-başının torpağını silib ayağa durdu. Getməyə hazırlaşırdı. Əkinçi onun qolundan yapışdı:
– Hara gedirsən? – dedi. – Bu qızıllar bizim nəvə-nəticələrimizə,