Hekayələr. Исмаил Шихлы. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Исмаил Шихлы
Издательство: TEAS PRESS
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-563-86-3
Скачать книгу
kimi kəskin zolağında aydın görünən zərfi açdı. Hərflər ekrana düşmüş rəqəmlər kimi aydınlaşıb böyüdü. “Bu gün, 1949-cu il mart ayının 15-də səhər saat 10:00-da məhkəmə icraçısının yanında olmalısınız. Əks təqdirdə inzibati tədbir görüləcəkdir”. Kağızı bir neçə dəfə o üz-bu üzə çevirib yazıları təkrar-təkrar oxusa da, bir şey başa düşə bilmədi. Mətbəxdə xörək bişirən ev sahibəsinin şübhəsini artırmamaq üçün tələsik otağa keçdi. Bütün planları pozulub fikri alt-üst oldu. O, bu gün evdən çıxmamağı, axşamacan, lap elə gecəyarıyacan oturub sabahkı imtahana hazırlaşmağı qərara almışdı. Fikrindən dönmək istəmədi. Stəkandakı yarımçıq çayını içdi. Köynəyini əyninə keçirdi. Kitabı qabağına çəkib kağız-qələm götürdü. Ancaq beş dəqiqə keçməmiş hiss etdi ki, gözü kitabın sətirlərində olsa da, fikri məhkəmədədir. “Əks təqdirdə inzibati tədbir görüləcək”. “Axı mənim məhkəmədə nə işim var?” Əlacı kəsildi. Paltarını tələm-tələsik geyinib bayıra çıxdı.

      Havanın soyuqluğundanmı, yoxsa həyəcanlandığındanmı, nədənsə üşürgələndi. Pencəyinin yaxasını düymələyib, sürətini artırdı. Son günlər haralarda olduğunu, kimlərlə oturub-durduğunu bir-bir yadına saldı. Kitabxanalardan başqa, heç yerə getməmişdi. Tramvaydan gedə-gedə atlanmamışdı. Küçə hərəkət qaydalarını pozmamış, restorana getməmişdi. Dalaşmaqla da arası uşaqlıqdan yox idi. Bəs onda günahı nə idi?

      Məktubda yazılan ünvanı tapdı. Qaranlıq dəhlizdən keçib lazım olan otağın qapısı ağzında dayandı. İçəri girməzdən əvvəl üst-başını yoxladı. Əlini daraqlayıb saçını bir neçə dəfə geri itələdi. Hərəkətlərinə sərtlik və cəsarət verib qapını açdı:

      – Olar?

      İri yazı masasının arxasında oturub toz basmış qovluqları araşdıran kişi başını qaldırmadan gözünün altından sərt-sərt Arifə baxdı.

      – Qapını açandan sonra icazə istəməzlər.

      – Məni siz özünüz çağırmısınız.

      Əlindəki kağızı irəli uzatdı. Kişi qovluqları kənara itələyib qolu ilə masanın üstündəki şüşənin tozunu sildi və qələmi mürəkkəbə batırıb nəyəsə qol çəkəcəkmiş kimi hazır dayandı.

      – Verin görüm.

      Arif çağırış vərəqəsini verdi. O, heç nə soruşmadan kağızı aldı. Qovluqlardan birini götürüb saralmış vərəqləri xeyli çevirdi. Axtardığını tapdıqdan sonra əlindəki göndərişi qovluğa yapışdırdı. Qələmi bu dəfə qırmızı mürəkkəbə batırıb solaxayı qeydlər etdi və yenə başını qaldırmadan dilləndi:

      – Yüz manat verməlisiniz.

      – Nə üçün?

      – Şahidlikdən imtina etdiyinizə görə məhkəmənin qərarı ilə cərimə olunmusunuz.

      – Nə şahidlik?

      – Bilmirəm. Zəhmət olmasa, qol çəkin və cəriməni ödəyin.

      Arif indi onun sifətindəki dənəbir çopurları, qonur gözlərindəki sakit, ancaq amiranə baxışlarını, öz qələbəsinə əmin olan bir adama məxsus istehzalı təbəssüm oynayan dodaqlarını və papiros tüstüsündən şabalıdı rəngə çalan bığlarını aydın gördü. Kişi Arifin özünü itirdiyindən elə bil həzz alırdı.

      – Heç bir qəpik də verməyəcəyəm!

      – Verəcəksiniz!

      – Cinayətin üstünü basdırdığınız yetmir, hələ bir şahidi də cəzalandırırsınız?

      – Yoldaş, bu təhqirə görə daha ağır cəza ala bilərsiniz, dediklərinizə məsul olun!

      Arif daha nəsə demək istədi. Bir-iki dəfə hülqumu qalxıb-endi. Kişi isə sakitcə dayanıb gözünü ondan çəkmədi.

      – Cəriməni verəcəksinizmi?

      – Dedim ki, yox!

      İcraçı kağızları yenidən qovluğa qoydu. Sakitcə nə isə yazdı və Arifin üzünə gülümsündü:

      – Xoş gəldiniz, cavan oğlan, gedə bilərsiniz.

      Onun bu sakit və istehzalı sözləri Arifi daha da əsəbiləşdirdi. Qapını çırpıb bayıra çıxdı.

      Onun bayaqdan üşürgələnən bədəni od tutub yanırdı. Deyəsən, qızarıb pörtmüşdü. Yoxsa qarşısından ötənlər ona elə təəccüblə baxmazdılar. Dəsmalını çıxarıb üzünü, boynunu sildi. Yaxasını açdı. Özü də hiss etmədən gəlib sahilə çıxdı. Dəniz tərəfdən əsən külək, ləpələrin şırıltısı, lövbər atıb dayanmış gəmilərdən gələn musiqi sədaları Arifi yavaş-yavaş özünə gətirdi. Elə bil onun bədəni soyudu. Əlini cibinə atdı. Papirosu olsaydı, ciyərlərini körük kimi qabardıb tüstü ilə doldurardı. Skamyaların birində oturdu. Qonşu skamyada oturan oğlandan qızın yanında papiros istəməyə üzü gəlmədi.

      Arifin elə uşaqlıqdan adamın üzünə durub şikayət etməkdən xoşu gəlməzdi. Yoldaşlarından biri ona toxunsa, müəllimə xəbər verməz, özü başa salmağa çalışardı. Elə böyüyəndə də bu xasiyyətini tərgitməmişdi. Amma bu dəfə məcbur olmuşdu. Əslinə baxsan, aspirant yoldaşının dilinin bəlasına düşmüşdü. Əli onu da, özünü də işə salmışdı.

      Kinodan çıxmışdılar. Gördükləri film haqqında mübahisə edə-edə izdihamlı küçə ilə irəliləyirdilər. Adam əlindən tərpənmək olmurdu. Həm may ayının ilıq nəfəsi insanları küçələrə səpələmişdi, həm də axşam növbəsində oxuyanlar dərslərini qurtarmışdılar. Keçiddə ayaq saxladılar. Maşınlar dayandığından tələbələr qatarlaşıb o biri səkiyə addımlayırdılar. Birdən uşaqların arasına çaxnaşma düşdü. Kimsə qışqırdı. Təkər qıcırtısından tük ürpəşdi. Adamlar özünə gəlməmiş qara rəngli köhnə bir “ZİM” maşını güllə kimi ötüb tini buruldu və qaranlıq döngədə gözdən itdi. Ancaq onun arxasında görünən işıq və “55-55” nömrəsi Arifin gözündən yayınmadı.

      Uşaqlar küçənin ortasına uzanmış qızı qaldırmaq istədilər. Mümkün olmadı. Onu qolları üstünə alıb kənara çəkdilər. Kimsə telefon budkasına yüyürdü. Azacıq keçməmiş təcili yardım gəldi. Huşsuz qızı yoldaşlarının müşayiəti ilə xəstəxanaya apardılar. Qız yola salındıqdan sonra özlərinə gələn tələbələr maşını əldən buraxdıqlarına heyifsiləndilər, harada olsa, onu tapacaqlarına and içdilər. Maşının nömrəsini onlar da yadda saxlamışdılar…

      Bütün gecəni narahat yatan Arif ertəsi günü instituta tez gəldi. Axşam maşının vurduğu qızdan bir xəbər tutmaq məqsədilə komsomol komitəsinə getdi. Arif içəri girən kimi Əli sözünə ara verib: “İkimiz də bir yerdəydik. Hər şey gözümüzün qabağında oldu”, – deyə sözünü yekunlaşdırdı. Arif Əlinin dediklərini təsdiq etdi. Söhbət qurtarandan xeyli sonra otaqda oturub deyilənlərə qulaq asan bir oğlan Əliyə yaxınlaşdı:

      – Zəhmət olmasa, bunu oxuyub qol çəkin.

      Əli rəsmi vərəqədə yazılanları ötəri gözdən keçirib təəccüblə soruşdu:

      – Siz kimsiniz?

      Oğlan