– Şura ovladığım ördəkləri çox xoşlayır.
Məhəllə uşaqları Məmməd dayını hay-küylə qarşılayıb patrondaşları, tüfəngi və ördəkləri “köməkləşərək” evinə aparanda xəlvətcə onun qolundan üzərində “Meşə gözətçisi” yazılmış qırmızı sarğını açdım. Məmməd dayı onu maşında açmağı unutmuşdu… Kim bilir, bəlkə də, heç unutmamışdı.
TİMKA İLƏ BİZİM NEFTİMİZ
Söz vermişdim ki, Timkanın böyük qardaşı haqqında danışacağam. Bu barədə lap çoxdan danışmaq istəyirdim, yəni bir-birimizə kin bəslədiyimiz vaxtlar. “Bir-birimiz” deyəndə, yəni Timka ilə mən.
Ancaq vaxt keçdi və Timkanın qardaşı da dəyişdi. Hətta bir gün birlikdə mayakın yanına getdik – az qala on beş kilometrlik yoldur – və yolboyu bircə dəfə də olsa, dalaşmadıq.
İndi o, hər dəfə şəhərə gedəndə biz darıxırıq. Bax, məsələn, bu gün gəlməlidir, buna görə də Timka ilə mən dənizə getmədik, çünki saat ikidə elektrik qatarını qarşılayacağıq, çünki Timkanın qardaşı həmin qatarla gələcək. Hələ ki bağda gəzişir, üzüm tənəklərinə baxırdıq, görək üzüm nə vaxt yetişəcək.
Yaxşı bağımız var. Mənə elə gəlir ki, ən yaxşı bağ elə bizimkidir, çünki digər bağlarla müqayisədə dənizə çox yaxındır.
Külək dənizdən əsəndə sahilə çırpılan dalğaların səsini, qağayıların çığırtısını gecə-gündüz eşitmək olur.
Səhər tezdən evin damından baxanda ağ yelkənli balıqçı qayıqlarının dənizə çıxdığını görmək olur.
Evimizin qabağında üç dənə tut ağacı bitib. Gecə vaxtı bu ağacların altında durub gözləsən, kirpi tuta bilərsən. Onlar yerə tökülən tutları yeməyə gəlir. Bir dəfə Timka ilə sözləşdik ki, gecə kirpi tutmağa gedək, sonra fikirləşdik, əgər bu kirpilər bizim bağda qalırsa, demək, onlar elə bizimdir, tutmağa ehtiyac yoxdur.
Bağımızda iki nar, dörd əncir ağacı da var. Ancaq əsas üzüm tənəyidir. Bağda üzüm tənəyi çoxdur, payızın sonuna qədər buradan yığdığımız üzüm bizə bəs edir, hətta qış üçün də xeyli üzüm quruduruq. Bir sözlə, bağımıza söz ola bilməz.
Bu bağı atama veriblər. Daha doğrusu, yekə bir bağ sahəsini atamla Timkanın atasına şərikli veriblər. Ona görə də bağlarımız arasında hasar yoxdur, ancaq o biri bağlar arasında var.
Timkanın valideynləri yayda hansısa çöllükdə neft axtarmağa getmişdilər. Onlar geoloqdur, Timka isə yayda bizdə qalır. Bütün yayı elə qaralırıq ki, hətta nənəm bizi qarışıq salır.
Yayın çox hissəsini üçümüz – nənəm, Timka və mən birlikdə keçiririk. Çünki mənim də valideynlərim işləyirlər, hər yay məzuniyyətə çıxa bilmirlər, ancaq buna baxmayaraq, bazar günləri gəlib bizə baş çəkirlər.
Tez-tez Timkanın böyük qardaşı da gəlir, bir-iki saat qalıb, gedir. Onun da şəhərdə işləri var.
Elə bu gün də onu gözləyirik. Vaxt çox ləng gedir, qatarın gəlməsinə hələ iki saat qalır.
Ötən dəfə gələndə evdəki elektrik sayğacının yanmış qoruyucularını təmir etdi. Əlbəttə, Timka ilə mən də onu təmir edə bilərdik, ancaq nənəm bizi sayğaca yaxın buraxmadı.
Ümumiyyətlə, Timkanın böyük qardaşı işgüzar adamdır. Hər dəfə bağa gələndə hansısa üzüm tənəyinin dibini yumşaldır və hər dəfə bağda təzə nəsə düzüb-qoşur. Məsələn, ötən dəfə evin tinindəki dirəkdə flüger quraşdırdı, indi küləyin hansı tərəfdən əsdiyini asanlıqla müəyyən etmək olur. Doğrudur, biz əvvəl də küləyin əsdiyi səmti bilirdik, ancaq flüger daha dəqiqdir.
Bundan əlavə, Timkanın qardaşı bağdan dənizə kanal qazmaq istəyir: qayıqla birbaşa evdən dənizə gedə bilək. Deyir, bu, çox yaxşı olar, təsəvvür edin, darvaza açılır və biz ailəlikcə dənizə balıq tutmağa gedirik. Qumlar arasında yelkən! Adam həm yorulmaz, həm də sərinləyər.
Bu barədə atama danışanda o güldü, dedi ki, belə bir kanal bizə azı bir milyona, milyon yarıma başa gələr. Heyrətlə ona baxdıq, çox baha çıxırdı, axı dəniz çox yaxın idi. Bu vaxt Timkanın qardaşı “milyon yarım deyərkən” onun köhnə, yoxsa təzə pulla hesabladığını soruşdu. Guya bunun nəsə bir fərqi vardı.
Qərara aldıq ki, kanalı özümüz qazaq. Atam dedi ki, buna azı on il vaxtımız gedər və yaxşı olar ki, bu on ili daha xeyirli işə sərf edək.
Bu vaxt Timkanın qardaşı dedi ki, yay boyu bağın ətrafını hasara alarıq və yaxşı bostan əkərik. Bostanda müxtəlif tərəvəzlər yetişdirmək olar. Evin damında isə projektor quraşdıra bilərdik. Onda heç kəs gecə vaxtı həyətə girib bağdan üzüm, gələcək bostanımızdan isə tərəvəz oğurlaya bilməz.
Deyəsən, bütün bunlar atamın ürəyincə deyildi, ona görə Timkanın qardaşına heç nə demədi. Evə getdi və onun anama: “Bu bağa görə uşaqlarda xüsusi mülkiyyətçilik vərdişləri formalaşır və bu, qətiyyən mənim xoşuma gəlmir”, – dediyini eşitdim. Anamın ona verdiyi cavabı eşitmədim və o dəqiqə fikirləşdim, görəsən, bu “xüsusi mülkiyyətçilik vərdişi” nə deməkdir. Bunu atamdan soruşub dəqiqləşdirmək istəyirdim, amma necə oldusa, tamam unutdum.
Həmin axşam atam, anam və Timkanın qardaşı şəhərə bir yerdə qayıtdılar.
Bu gün isə təkcə Timkanın qardaşı gəlir. Artıq gedib onu qarşılamağın vaxtıdır: qatarın gəlməyinə yarım saat qalır.
Stansiyaya getdik – stansiya evimizin yaxınlığın-dadır. Nənəm arxamızca səsləndi: “Kölgə ilə gedin, birdən gün sizi vurar, sizinlə məşğul olmağa vaxtım yoxdur”, – dedi.
Davud stansiyanın qabağındakı meydançada oturub pomidor satırdı. Pomidorları topalayıb yerə yığmışdı. Balaca topalar yarım kilo, böyük topalar bir kilo idi.
Özümüzü elə apardıq ki, guya onu görmürük, yanından ötüb-keçmək istəyirdik, ancaq o bizi gördü və dayanmalı olduq.
Davud atamgilin, nənəmin, hətta Timkanın qardaşının kefini xəbər aldı. Sonra dedi ki, bəlkə, nənəm bizi pomidor almağa göndərib. Biz onun yanından ayrıldıq, bu vaxt arxamızca səslənib dedi ki, sabah səhər bağa gəlib bizə balıq gətirəcək.
Davuddan nə istəsən, ala bilərsən. Heç bilmirəm, bu satdığı şeyləri haradan tapır. Yaxşı, tutaq ki, balıq məlumdur. Səhər tezdən vətəgəyə balıqçıların yanına gedir, onlara bəzi işlərdə kömək edir, qayıdanda balıqçılar ona balıq, xərçəng verirlər.
Balığı bağ sahiblərinə satır. Bir-bir bağlara gəlib qışqırır: “Bir baxın, görün necə qızılbalıqlar gətirmişəm!” Əlində isə büzüşmüş sazan olur.
Bax, məsələn, bu gün də pomidor satır, ancaq bostanı-zadı yoxdur.
Bir aydan sonra da üzüm satacaq. Bilmirəm, haradan tapır bunları, axı onun bağı da yoxdur.
Deyirlər, üzüm yetişən