Eçso indiyə qədər bütün sınaqları insan kimi, sehrsiz keçmişdi. Lakin indi…
“Başqa çarəm yoxdu,” pıçıldadı öz-özünə və qısa sehrli kəlməni söylədi.
Ölçüsü fındıqdan bir az böyük olan və möhtəşəm ağ parıltısı ilə göz qamaşdıran işıq kürəciyi Eçsonun ovcunda yavaş-yavaş yarandı. Daha geniş ərazi görmək üçün kürəciyi adətən baş üzərində saxlamaq lazım gəlsə də Eçso onu ovcunda saxlamışdı. Beləliklə həm vidraların diqqətini daha az çəkəcək, həm də sehri asanlıqla gizlədə bilərdi.
Yağışın şiddəti artdıqca qulaq batıran şırıltı qaranlığı daha qorxuducu edirdi. Eçso barmaqlarını birləşdirib işığı düz qarşısına yönəltdi. İndi yeddi-səkkiz addımlıq məsafəni asanlıqla görürdü. İşıq, yağışın şiddətini daha yaxşı göstərirdi. İri yağış damcıları göydə qısa, düz xətlər çəkərək yerə çırpılırdılar. Bir müddət sonra külək də bərbad havaya qoşuldu.
Uzaqda bir yerdən hərəkət edən ağ parıltını görmək çətin deyildi. Gənc nakrin hələ də bir iz tapmaq ümidi ilə küçələrdə gəzirdi. Parıldayan daş döşəmələr, çürümüş taxta evlər və arxasında nəyin gizləndiyi məlum olmayan qorxulu kollar.
Daş evlərdən birində bir neçə caynaq izi görən Eçso, işığı yolun hər iki tərəfinə çevirərək növbəti addımı haqda düşündü. Daş döşəmənin olmadığı bəzi yerlərdə az də olsa vidra izləri görmək mümkün olurdu. İzləri təqib edərək gənc nakrin yolunu dəyişib küləyin əksi istiqamətində getməyə başladı. Şiddətlə üzünə çırpılan yağış damcıları az qala gözlərini çıxarırdı. Çılpaq bədəni və barmaqları soyuqdan buz kəsmişdi. Bir neçə addım qarşıda parıldayan ağ cisim görüb gözlərini qıyaraq yaxınlaşdı. Bu, yenicə gəmirilmiş hansısa heyvanın bud sümüyü idi. Bir az diqqətlə baxdıqda vidranın bu sümüyü bir neçə gün özü ilə gəzdirdiyini anlamaq çətin deyildi.
Eçso müxtəlif istiqamətlərə gedən üç yolun kəsişdiyi yerdə dayanıb hər üçünə işıq tutdu. İzlərin böyük qismi sol tərəfə yönəlmişdi, lakin bu yol çox uzun və getdikcə daha çox küçələrə bölünürdü. İzləri itirməklə yanaşı özü də itə bilərdi. Sağ tərəfdəki yol isə…
Yaxınlıqdan şıqqıltı səsi gəldi. Eçso cəld çevrilib səsin gəldiyi istiqamətə işıq saldı. Səsi, yağışın ahəngli şırıltısına baxmayaraq eşitmişdi. Bir müddət işığı həmin istiqamətdə tutub saxladı. Hərəkət yox idi. Uçmuş taxta evlərin odunları bir-birinə qarışmışdı. Odunları bürüyən qalın sarmaşıqlar və kollar isə orada olanları daha da görünməz edirdi. Eçso sağ tərəfə dönüb qısa və ensiz yolu seçdi. Bir az gedib sağa, sonra sola döndü. Hündür daş evin qabağında dayanıb son dəfə arxaya baxdı və birdən zil qaranlıq çökdü.
İldırım işığı yenidən küçəni bir anlıq işıqlandırdı, lakin Eçso orada deyildi. Bir neçə döyüntü əvvəl gənc nakrinin olduğu yer boş və səssiz idi. Yalnız yağışın xışıltılı səsi və göy gurultusu eşidilirdi.
Şappıldayaraq yaxınlaşan addım səsləri gəlməyə başladı. Səslər yaxınlaşdıqca səngidi və dayandı. Addım səslərini havanı iyləyən dərin bir fısıltı səsi əvəz etdi. Sonra yenə addımladı. Ani ildırım parıltısında vidra göründü. Ac vidra təqib etdiyi ovunun iyini yenidən tapmağa çalışsa da yağış ovunun qoxusunu çoxdan itirmişdi. Eçsonun son dəfə dayandığı evin qarşısında durub havanı iyləyən vidra, tənbəl addımlarla düz gedərək qaranlıqda gözdən itdi.
Evin üstündə bəzi tərpənişlər və sürtünmə səsləri gəldi. Sonra yerə ağır bir şey düşdü. Yenidən həmin parlaq işıq kürəciyi meydana gələndə ilk Eçsonun gərgin sifəti göründü. Gənc nakrin təhlükəni vaxtında görüb daş evə dırmanmışdı. Artıq işıqdan daha da ehtiyatlı istifadə etməli idi. Vidra hücumlarının ən pik nöqtəyə qalxdığı bu saatlar ən təhlükəli anlar idi. Hər an pusquda yatmış bir vidraya yem ola bilərdi. Və bu dəfə qaranlıq gizlənmək üçün kifayət etməyə bilərdi. Çünki vidralar qaranlıqda günəşli havada olduğundan daha yaxşı görürlər. Eçsonun bədən qoxusunu və istiliyini gizləyən yağışın yağmağı gənc nakrinin hələlik ən böyük üstünlüyü idi.
Gəldiyi yolla geri qayıdan Eçso, bir neçə küçə uzaqlıqdan gələn səslərə qulaq verdi. Səslər heç şübhəsiz boğuşan iki vidradan gəlirdi. Ara küçələrlə yaxınlaşaraq işıq kürəciyini söndürdü və ehtiyatla evlərdən birinin arxasında gizləndi. Gözləri qaranlığa hələ öyrəşmədiyi üçün demək olar ki, heç nə görmürdü, yenə də səsin gəldiyi yerə işıq tuta bilməzdi. Ehmalca başını çıxarıb səsin gəldiyi boş qaranlığa baxdı. Ara-bir parıldayan selikli vidra bədəni və ağaran dişləri xaricində heç nə görmürdü.
Vidralar şiddətlə boğuşur, keçən hər dəqiqə daha qudurğan səslər çıxarırdılar. Eçso gözünü çəkib geri söykəndi. Çox yaxınlaşdığını hiss edirdi. Heç şübhə yoxdur ki, burdakı vidralar kanalizasiya sistemində yaşayırdılar və ora gedən yolu ən yaxşı onlar bilirdi. Silahlarını tapmaq üçün yuvasına gedən bir vidranı təqib etmək kifayət idi. Boğuşma səsləri vidralardan birinin şiddətlə zingildəməyindən sonra azaldı. Eçso evin arxasından ehtiyatla başını çıxararaq yenidən baxdı. Nisbətən daha yaxşı görürdü. Vidralardan biri yerə çöküb sanki mərhəmət diləyirdi, qalib gələn məxluq isə yuxarıdan aşağı təhdidlə mırıldayırdı.
Ani olaraq ürpərmə hiss edən Eçso, yerində quruyub qaldı. Qulağına mırıltı səsi gəlmişdi. Hətta sanki bu səs lap qulağının dibində idi. Başını tələsmədən, ehtiyatla çevirdi. Düz qarşısında gənc və güclü bir vidra mırıldayaraq ona baxırdı. Zəif işıqda vidranın böyük qara gözləri parıldayırdı. Sürüşkən bədəni və selikli ağzı qorxunc görünürdü. Uzun barmaqlı ön pəncələri ilə yeri cırmaqlayaraq ağzını açıb dişlərini göstərdi. Eçso, vidranın tərəddüd içində olduğunu bilirdi. Çünki bu ərazidəki bir çox vidra heç vaxt insanla qarşılaşmayıb və bu ikiayaqlı qəribə canlının güclü bir düşmən yoxsa ov olduğuna qərar vermək bir az vaxt alırdı. Odur ki, sürətli və düzgün həmlə etməli idi.
Eçso bir göz qırpımında işıq kürəsini yandırıb vidranın gözünə tutdu və cəld kənara sıçradı. Qarşılığında vidra ona doğru atılsa da daş divara çırpılmışdı. Vidranın gözlərinin müvəqqəti kor olmağından yararlanan gənc nakrin digər vidralar gəlməmiş özünü evin arasına atdı. Bir nəfərlik dar keçid getdikcə daralır, ancaq bitmirdi. Eçso artıq yan üstə yavaş-yavaş yeriyirdi. Qısa müddət sonra kor vidra da özünü araya atdı. Lakin bir neçə addım atmamış iri gövdəsi ona mane olmağa başladı və məxluq geri addımlayaraq çıxdı. Eçso dayanıb geriyə baxanda vidranın həvəsli hərəkətlərini və peşmançılıq zingiltisini görüb daha da təlaşlanırdı. Təcrübəli ustadları bunun nə ilə nəticələndiyini ona yaxşı öyrətmişdi. Vidra səbrsizcə daha bir neçə dəfə yerində atılıb-düşdü