Erkən gələn durnalar, Ana tarla. Чингиз Айтматов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Чингиз Айтматов
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8252-1-4
Скачать книгу
olur – gah dəyirmana getmək lazım gəlir, gah oduna, gah da xırda-xuruş daşımağa. Nurqazı dayı da qoduğu elə bu məqsədlə hədiyyə etmişdi. Amma elə ilk gündən onu Hacımurad qapazladı. Bu höcət, dağal oğlan qoduğa elə qayğı, qəyyumluq göstərirdi ki, yaxınına düşmək mümkün deyildi. Bir şey olan kimi qışqırırdı – qoduğa əl vurmayın! – Onu özüm yemləyəcəm, özüm sulayacam. Bir dəfə bunun üstündə qardaşlar hətta dalaşdılar da. Anası böyük oğlunu tənbeh etdi, çünki o, balacanın dərsini vermişdi. Sultanmurad o vaxtdan bəri incikliyini üzə vurmurdu. Sıpanın əhliləşdirilməsi ortaya çıxanda isə, boyun qaçırdı: indi ki sənindir, get özün day öyrət, məndən xahiş eləmə, mənə dəxli yoxdur. Əslinə baxsan, Sultanmurad məhz bu işin ustası idi. Uşaqlıqdan alışmışdı, öhdəsindən asanlıqla gəlirdi. Xam heyvanları əhliləşdirməkdən xoşu gəlirdi. Güləş kimi bir şeydir – kimi kim qabaqladı. Bütün qonşuların dayçalarını, cöngələrini, sıpalarını əhliləşdirən Sultanmurad idi. Cavan, xam heyvanları adətən çevik oğlanlardan biri əhliləşdirməlidir. Yaşlıların çəkisi buna imkan vermir. Aul əhli belə-belə xahişlə Sultanmurada ehtiramla ərk edirdi: «Sultanmurad, qadası, vaxtın olsa, bizim cöngəni gör çapırda bilərsənmi». Yaxud «Sultake, dərdin alım, bir gör bizim o boşboğaz sıpanın başına ağıl qoya bilərsənmi. Belinə milçək də qonmağa qoymur, dişləyir, yıxılıb ağnayır. Onun öhdəsindən yalnız sən gələ bilərsən…»

      Bəli, Sultanmurad belə şöhrət qazanmışdı, lakin öz doğma qardaşına etiraz edirdi, üstəlik də balaca öz sevimli sıpasının belindən iki dəfə yıxılaraq alnını zədələyəndə, rişxəndlə gülür, onu ələ salırdı. Cırnadırdı Hacımuradı:

      – O sıpa sənin dalınca it əvəzinə gəzəcək! Gözlə, o səni hələ çox ağladası olacaq!

      Eh, əcəb yaramazlıq imiş. O bunu yalnız atası eyham vuranda başa düşdü. Kiçiklə rəzil halda hesab çürüdərək axmaq vəziyyətində qalmışdı. İndi isə, kiçik qardaşının xəbəri olmayan səfər ərəfəsində vicdan əzabı və peşmançılıq hissləri elə göynətmişdi ki, üzr istəməyə, Hacımurad üçün hər şey etməyə hazır idi.

      Çay içəndən sonra atasıyla birlikdə bağçalardan o tərəfdəki çəmənliyə getdilər. Əvvəlcə ətrafdakı daşları yığıb uzağa atdılar. Sonra, Hacımuradın şəstlə Qarayalman adlandırdığı sıpanı noxtaladılar. Atası Qarayalmanın qulaqlarından yapışmışdı, Sultanmurad isə fəndgirliklə noxtanı onun başına keçirtdi.

      Ən nəhayət, şalvarının belini bərkitdi – görəcəyi iş çox da asan iş deyildi. Elə bu vaxt sirk tamaşası başlandı, nə başdandı. Deyəsən, Hacımuradın qəyyumluğu ilə keçirdiyi firavan günlərdə Qarayalman pis öyrənibmiş. O, dərhal soncuqlamağa, şıllaq atmağa, özünü o tərəfə-bu tərəfə çırpmağa başladı. Amma bu dəfə deyəsən daş qayaya rast gəlmişdi. Düzdür, Sultanmurad yıxılırdı, lakin cəld sıçrayıb qalxır, qaça-qaça sıpanın belinə qarnı üstə tullanır, ikinci fənddə onu paçaaşırma minirdi.

      Sultanmurad bu işi çevikliklə, bir az da şuxluqla görürdü. Ən başlıcası budur ki, eşşəyin belindən necə yıxılmağı gərək biləsən! Müdriklər əbəs yerə deməyiblər: «Eşşəkdən yıxıldın – daş üstə, atdan yıxıldın – torpaq üstə, dəvədən yıxıldın – pambıq üstə…» Əslində guya tərsinə olmalıdır. Məsələnin sirri ondadır ki, yıxılanda gərək əllərin üstə yerə düşməyi bacarasan. Atdan yaxud dəvədən yıxılanda hələ havadaykən vəziyyətini düzəldə biləsən. Təcrübəsiz minici eşşəkdən yıxılanda yerə çuval kimi düşür, fikirləşməyə də macal tapa bilmir…

      Sultanmurad bunu öz təcrübəsindən bilirdi. Onun barəsində qorxmağa dəyməzdi. Hay-küy saldılar, əyləndilər, qışqırışdılar o ki var. Atası qarnını tutaraq gözləri yaşaranacan güldü.

      Səs-küyə digər oğlanlar da axışıb gəldi. Onlardan birinin yanında tulası da vardı, özü də bu həngamədə iştirak etməyi qərara alaraq, Qarayalmanın dalınca hürə-hürə qaçmağa başladı. O isə qorxusundan daha bərk qaçırdı, Sultanmurad da öz növbəsində, o birilərin acığına əsl «cıdırhəngi»si nümayiş etdirməyə başlamışdı. Qarayalmanı çapırdaraq yerə tullanır, təzədən onun belinə atılır, tullanır-atılırdı.

      Süvari-osaviaximçilər müharibədən qabaq burada, kənd sovetliyinin yanındakı çəməndə beləcə məşq edərdilər. Aul igidləri isə bununla işdən sonra məşğul olurdular. At qaça-qaça əyilib zoğları kəsirdilər. Çaparaq sürətlə gedə-gedə yerə tullanır, dərhal da yəhərə sıçrayırdılar. Onları döş nişanlarıyla təltif edirdilər. Zərif zəncirli, qəşəng nişanlar idi, yaxaya vintciklərlə burulub bərkidilirdi. Onda oğlanlar həsəd aparırdılar. Həmişə qaçıb oraya yığışar, osaviaximçilərin cıdırına tamaşa edərdilər. Onlar indi hardadır? At belindəmi, yoxsa səngərlərdəmi? Deyirlər indi süvarilər müharibədə iştirak etmirlər…

      Və Sultanmurad pəncərədən eşiyə baxıb düşündü, həm də axı, qışda atlar üşüyürlər, amma tankın vecinə də deyil. Hər necə olsa da, yenə at yaxşıdır!

      …Hə, onda o da bir tamaşaydı. Qarayalman tezliklə tabe oldu. Ondan nə tələb olunduğunu qanmışdı: addımlamaq, yortmaq, dairə üzrə yaxud düz getmək…

      – Hə, indi minə bilərsən, – Sultanmurad qardaşını çağırdı, – çap getsin, hər şey öz qaydasındadır.

      Hacımuradın sifəti iftixar hissindən alışıb yandı. Qarayalmanı dabanlarıyla dəhmərləyərək o yana-bu yana çapırtdı – hamı öz gözüylə gördü onun aqayı2 necə məharətli oğlandır, belə halda qürrələnməmək olarmı heç!

      O axşam hava aydın idi; xeyli müddət qaranlıqlaşmadı. Yorğun olsalar da, hamı evə şad, məmnun qayıtdı. Özünü anasına göstərmək üçün Hacımurad həyətə Qarayalmanın belində gəldi.

      Heç nədən xəbəri olmayan Hacımurad dərhal yuxuladı. Sultanmuradın isə yuxusu tamam qaçmışdı. Düşünürdü ki, sabah şəhərə neçə gedəcək, orda nələr görəcək və onu nələr gözləyir. Atasıyla anasının astadan danışdıqlarını yarıyuxulu halda eşidirdi.

      – Mənə qalsa, balacanı da aparardım, – deyə atası pıçıldayırdı, – di gəl ki, bu andıra qalmış arabada yer yoxdur. Qabaqda, lap çəlləyin dibinə söykənərək oturmalı olursan. Mənzil də xeyli uzaq, azacıq mürgüləsə təkərlərin altına yıxıla bilər.

      – Sən nə danışırsan! Allah göstərməsin, heç ağlına da gətirmə, bir o qalmışdı, – deyərək etirazını bildirdi. – Fürsət düşər, sonra apararsan. Qoy bir az böyüsün. hələ o birinin də gözün üstündə olsun. Elə bilirsən yekədir, nə yaşı var uşağın…

      Sultanmuradı şirin yuxu girləyirdi, valideynlərinin pıçıltıyla danışması da ona şirin gəlirdi, sabah tezdən, lap obaşdan atasıyla səfərə yollanmaq haqda düşünmək daha şirin idi…

      Özü də o, yuxulaya-yuxulaya ecazkar uçmaq səadətinin nə demək olduğunu ürək çırpıntısı ilə duydu. Qəribədir, necə uçmağı o hardan bilirdi?! Yerimək, qaçmaq, üzmək insan oğlunun əzəl nəsibidir. O isə uçurdu. Həm də quş kimi yox. Quşlar uçanda qanad çalırlar. Amma o, qollarını gen açaraq yalnız barmaqlarının


<p>2</p>

Aqay – böyük qardaş.