DOQQUZUNCU HEKAYƏ
Bir qaskonlu xanım Kiprin qorxaq kralını elə utandırır ki, o, cəsarətli olur.
Kraliçanın əmrini almaq üçün ancaq Yeliza qalmışdı. O gözləmədən gülərüzlə sözə başladı: – Cavan xanımlar, çox vaxt elə olur ki, cürbə-cür danlaqların, cəzaların edə bilmədiyini, qəsdən deyil, təsadüfən söylənilən bir söz edir; Laurettanın söylədiyi hekayədə bu çox aydın göründü. Mən də balaca bir hekayədə bunu sizə sübut etmək istəyi-rəm, çünki yaxşı hekayələr həmişə xeyir gətirir, belə hekayələri kim söyləsə, ona diqqətlə qulaq asmaq lazımdır.
Bəli, Kiprin ilk kralı zamanında Bulonlu Qotfrid müqəddəs torpağı fəth etdikdən sonra, adlı-sanlı bir qaskonlu xanım İsanın qəbrini ziyarətə gedir, qayıdanda da Kiprdə düşür, burada bir neçə alçaq adam onu biabırçı halda təhqir edir. O, şikayətinə əhəmiyyət verilmədiyini görüb, kralın yanına getmək istəyir, ancaq kim isə ona deyir ki, nahaq yerə zəhmət çəkirsiniz, kral elə qorxaq, elə miskin adamdır ki, təhqir üstündə heç kəsi cəzalandırmır, hətta onun özünə qarşı edilən təhqirlərə də iyrənc bir qorxaqlıqla dözür; buna görə bir şeydən narazı qalaraq qəzəblənən adamlar gedib acığını onun üstünə tökür, onu təhqir edir, utandırırlar. Qadın bunu eşidəndə, onu təhqir edənləri cəzalandırmaq məsələsində ümidini itirdiyindən, belə bir qərara gəlir: öz acığını soyutmaq üçün kralı qorxaqlığı üstündə məzəmmət eləsin. Buna görə kralın yanına gedib ağlaya-ağlaya deyir: «Padşahım, məni təhqir edənləri cəzalandırmaq ümidi ilə sənin yanına gəlməmişəm, gəlmişəm ki, səndən xahiş edim, bunun əvə-zində, sənin kimi, deyilənə görə, həqarətə dözməyi öyrənim, mən də edilən təhqirə səbirlə dözə bilim, allah özü şahiddir, bacara bilsəy-dim, bu təhqiri də məmnuniyyətlə sənə verərdim, axı sən yaman dözümlüsən!» Kral ağır hərəkətli, tənbəl bir adamdı, o sanki yuxudan ayıldı; əvvəl ondan başladı ki, qadını təhqir edənləri bərk cəzalan-dırdı, həm də o gündən onun şahlıq şərəfinə toxunanları amansızca təqib etdi.
ONUNCU HEKAYƏ
Bir qadın bolonyalı maestro Albertonu, ona olan sevgisi üstündə utandırmaq istəyir, lakin Alberto çox nəzakətlə qadının özünü utandırır
Yeliza sözünü qurtarıb susdu; indi də son hekayəni, kraliça söyləməli idi; o, qadınlıq məlahəti ilə sözə başladı: – Ləyaqətli qızlar, gecə, açıq havada ulduzlar göyü, yazda çiçəklər çölü bəzədiyi kimi, tutarlı sözlər də xoş xasiyyətləri, ürəkaçan söhbətləri bəzəyir. Bu tutarlı sözlər öz qısalığı ilə kişilərdən çox qadınlara yaraşan sözlərdir, çünki, lazım olmadığı halda, çox və uzun danışmaq kişilərdən çox qadınlara yaraşmayan şeydir. Amma indi sözün incəliyini başa düşən və ya başa düşüb də ona cavab verməyi bacaran qadınlar azdır, ya heç yoxdur, – biz də, bütün qadınlar da gərək bundan xəcalət çəkək! Bu ona görədir ki, əvvəlki qadınların varlığını fərqləndirən bacarığı indiki qadınlar bədənin zinətinə sərf edirlər, həm də paltarı daha çox alabula, üstündə daha çox zolağı, bəzəyi olan qadın elə güman edir ki, onu gərək başqa qadınlardan daha yüksək tutsunlar, ona daha artıq hörmət etsinlər; daha düşünmür ki, bir adam bu şeyləri eşşəyə yükləsə, ya eşşəyin üstündən assa, – eşşək hər bir qadından daha çox yük götürə bilsə də, – yenə eşşək olub qalır. Bunu söyləmək mənim üçün ayıbdır, ona görə ki, özüm haq-qında demədiyim bir şeyi başqaları haqqında da deyə bilmərəm; bu bərli-bəzəkli, ənlikli-kirşanlı, ala-bəzək paltarlı qadınlar dinib-danışmayan, duyğusuz mərmər heykəl kimi dayanıb dururlar, bir söz də soruşanda elə cavab verirlər ki, heç dinməsələr ondan yaxşıdır. Onlar öz-özlərini inandırırlar ki, qadınların, ləyaqətli kişilərin məclisində söhbət etməyi bacarmaması qəlbin təmizliyindən mey-dana gəlir, onlar öz axmaqlıqlarını təvazökarlıq adlandırırlar, sanki ancaq öz qulluqçusu ilə ya paltaryuyan, ya da bulkaçı qadınla danı-şan qadınlar namusludurlar. Əgər təbiət bu qadınların öz-özlərini inandırdığını eləmək istəsəydi, onların boşboğazlığını başqa yolla məhdudlaşdırardı. Doğrudur, bu məsələdə də, başqa məsələlərdə olduğu kimi, vaxtı, yeri söhbət etdiyin adamı hesaba almaq lazımdır, çünki bəzən elə olur ki, qadın ya kişi tutarlı bir sözlə başqasını utandırmaq istəyir, lakin öz gücü ilə bu adamın gücünü lazımınca ölçüb-biçmədiyindən, utandırmaq istədiyi adamın yerinə özü utanıb qızarır. Buna görə, biz həm qorunmağı bacarmaq üçün, həm də «hər işdə ən çox ziyan çəkən qadınlar olur» zərbi-məsəlinin bizim sima-mızda özünə haqq qazandırmaması üçün, mən istəyirəm bu günün son hekayəsi ilə ibrətli bir söz danışam, belə ki, siz qəlbinizin nəcib-liyi ilə fərqləndiyiniz kimi, hərəkət tərzinin üstünlüyü ilə də özünüzü göstərəsiniz.
Bir neçə il bundan əvvəl Bolonyada maestro Alberto adlı çox məşhur, bəlkə də bütün dünyada hörmət qazanmış bir həkim yaşa-yırdı, bəlkə elə indi də yaşayır. Albertonun yaşı yetmişi haqlasa da, onun elə nəcib qəlbi vardı ki, təbii qızğınlıq odu az qala onu tərk etsə də, o, sevgi odundan çəkinmirdi. Deyilənə görə, Alberto bir şənlikdə Malgerita de Gizolyeri adlı çox gözəl bir dul qadın görür; qadın onun çox xoşuna gəlir; o, cavan bir oğlan kimi, bu sev gi oduna qocaman qəlbində yer verir. Ona elə gəlirdi ki, bu gözəlin zərif üzünə baxma-sa, gecə rahat yata bilməz. Buna görə, imkan düşdükcə, gah piyada, gah da atla o qadının evi qabağından keçirdi. Axırda elə oldu ki, qadın da, başqaları da maestro Albertonun oradan keçib getməsinin səbəbini başa düşdü. Onlar belə yetkin yaşlı, yetkin ağıllı bir adamın sevməsini öz aralarında tez-tez zarafata qoyub gülürdülər, elə güman edirdilər ki, gözəl sevgi