Qurd başlı tuğlar bizim,
Gəlsin, doğan dan olsun!
Tanrı vardı, bir də mən,
Bu yer, o göy yox ikən;
Baş kəndimiz Ötükən,
Vətən də Turan olsun!
QORXU
Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə gizlənib.
Hamı çəkilib özünə,
Hər kəs içində gizlənib.
Hər günümüz ahdı belə,
Ahımız günahdı belə…
Bu nə cür Allahdı belə,
Görünmür, dində gizlənib.
Kölgə içindədi, kölgə,
Bu millət, məmləkət, ölkə…
Biz niyə bilmədik, bəlkə,
Haqq məndə, səndə gizlənib.
İçdiyim andda boğuldum,
Bir qaşıq qanda boğuldum.
Boğulub, bir də doğuldum,
Qiyam var – məndə gizlənib.
Susun, qorxaqlar, susun,
Can qorxusu var, var, susun,
Bu nə millətdi, qorxusu
Qorxu içində gizlənib
Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə gizlənib…
Hamı çəkilib özünə,
Hər kəs içində gizlənib.
YOLÇULUQ
Mən sevda yolçusuyam,
dəlilik var başımda,
Ona görə sözlərim
kədərlidir, qəm dadır.
Gözləməkdən yoruldum,
son səbri var daşın da,
Duydum daha dözmərəm,
dözüm məni aldadır.
Mən sevda yolçusuyam –
sənətim yolçuluqdur,
Kəsə bilməz yolumu
tale qarla, yağışla.
Dünya dolu adamdır –
yol durub, yolçu yoxdur,
Geciksəm də gəlirəm,
ey yol, məni bağışla!
Daha qulam büsbütün
içimdəki sevdama,
Mən sevda yolçusuyam,
mənimki məndən keçib.
Mən sənin olmamışam,
Vətən, heç vaxt, sən demə,
Sənə dəyən zərbələr
adlayıb məndən keçib.
Zaman, məkan bir qırıq,
daha gəlməz eynimə,
Əfsanədir, nağıldır
bu yoldan özgə hər şey!
Sevdamı zireh kimi
geyinmişəm əynimə,
Ölümsüzəm bu qəmlə,
yolum üstə duran,hey…
Qoy işləsin bu yaram
gündən-günə lap dərin,
Mən bir sıra nəfəri –
Ölmək var! – Dönmək nədir?!
Bil, sonuncu dənizə
varıb gedən ərlərin
Qəbrində qərar tutmaz
ölməz ruhu məndədir.
Tanrı baxır, yol verməz,
sevda əkim, qəm yeyim,
Mənim zamanım gəlir…
Bax-tarix səksəkədə!
Mən səni gedəcəyəm,
ey yol! – Mənim taleyim!! –
Zalım dostlar arxamca
gəlsə də, gəlməsə də!
HƏR ŞEY AYRILIQDAN BAŞLADI
Oljas Suleymanova açıq məktub
Çağırsam, eşirdərsinizmi?
Bilərsinizmi nə çəkir
Bir igid qılıncı qında?
Sonra ağlasam, duyarsınızmı,
Ürəyimi görə bilərsinizmi
Gözyaşlarımın parıltısında?!
… Başımda – əlçatmazlıqdan doğan dəlilik,
Dilimdə – dəlilikdən doğan sözlərim.
Və bir pəncərə şüşəsində
Payız yarpağına bənzər sözlərim.
Və bir pəncərə şüşəsində
Payız yarpağına bənzər bənizim…
Bəxtim – gözlərimin rəngində,
gözlərim – dənizin.
Və mən bu dənizin içində
Yelkənsiz gəmi kimi –
Ayrılıqlar – əlində.
… Elə bu ayrılıqdan başladı –
Sevməyimiz,
Sevgidən ölməyimiz,
Ölməyimiz, ölümə gülməyimiz.
Bir vaxt
Sonuncu dənizə doğru
Durmadan yüyürən
Nallı, kəhər atları cilovsuz qoymağımız,
Sonra ardınca, dil deyən bayatımız,
qan ağlayan ağımız-
Hər şey ayrılıqdan başladı.
Beyrək kimi baş qoyduq,
Nəsimi tək soyulduq,
Sabir olduq – günbəgün
içimizdən oyulduq
bu ayrılıq ucundan.
Bu ayrılıq ucundan
Nələr çəkir başımız?
Yad divara hörülür
Mərmərimiz, daşımız
Bu ayrılıq ucundan.
Bilirsizmi,
Hardan doğdu fərqimiz?
Bilirsizmi
Aşkabadda, Altayda,
Daşkənddə, Buxarada,
Həmədanda, Dərbənddə,
Kərkükdə, Ərzurumda
Yana-yana hönkürən
Hər