Bir tərəddüdün romanı. Пеями Сафа. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Пеями Сафа
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
Axtardığı şey həmişə yaxınlaşan bir ayaq səsi və qapının dəstəyində bir tərpənişdi. Bir anlıq düşündü: “Həkim nə edəcək? Şprisini özüylə gətirərmi? Xidmətçi qadın ona vəziyyəti başa sala bilibmi? Birdən izah edə bilməsə? Ya həkim adi xəstə zənn edib tədarüksüz gəlsə?”

      İnildəməyə başladı. Qorxudanmı? Ürəyinin ətrafındakı narahatlıq artır və can ağrısından daha böyük iztirab verirdi. Əlini ürəyinin üstünə basdı, üzüqoylu çevrildi və qıvranıb çırpınmağa başladı. Can verdiyini zənn etdi. Şüuru birdən-birə aydınlanmışdı; o gecə yatağında yox, məzarda və torpağın içində olacağını düşündü. Torpağın içində olmaq fikri onu yerindən sıçratdı. Yataqda birdən-birə dimdik oturdu və barmaqlarını saçlarının arasına soxdu.

      Gözləri həmişə qapıdaydı. Gələn yoxdu… Ölüm qarşısında insanın yalnızlığı… Boğulurdu. Saçlarını çəkdi. Gəlmirdilər. Bir hörümçək torunun içindən baxırmış kimi, qapıya zillənən gözləri bulanır, keyiyir və hər şeyi titrək görürdü. Sanki qapının dəstəyi fırlanır, amma açlımırdı. Gələn yoxdu. Yalnız öləcəkdi! Bütün həyatı boyu yalnız qalmışdı. Yalnızlığın qorxunc üzünü dadırdı, ona bir az isinişmiş və çox öyrəşmişdi. Fəqət bu səfər daha nəhəng, daha qorxunc, daha dəhşətdi! Səsi çıxdığı qədər hayqırmaq istədi. Amma artıq səsinin çıxacağından əmin deyildi. Bəzən ürəyinin yüngül və sürətli çırpıntıları arasında qəflətən toxmaq kimi döyüntülər vardı. Dərindən nəfəs almaq ehtiyacıyla titrəyərək havanı çətinliklə içinə çəkmək istəyir, amma bu tənəffüz yarıda qalırdı.

      Boğulmaq üzrə olduğunu anlayırdı. Nə olur-olsun, tələsik bir şey etmək lazımıydı. Özünü yenidən yataqdan aşağı atdı və qapı istiqamətinə doğru yeridi. Birdən-birə gözləri qaraldığı üçün heç bir şey görmürdü. Zaman qəribə formada uzandı. Yataqdan enməsindən iki saniyədən çox vaxt keçmədiyi halda özünü saatlarca yeriyirmiş kimi sandı. Bu qədər yorğun… Və dumanlar arasından gedən bir gəmi hissiylə irəlləyirdi. Qəflətən bir yerə çırpıldı və sarsıldı. Gözlərinin içindəki hörümçək toru bir az açılmışdı. Qabağını görə bildi. Çarpaynın taxtasına dəymişdi. Müntəzəm yeriyə bilməyəcəyini başa düşərək özünü irəliyə doğru atdı. Bu səfər çənəsini və bir çiynini kəskin bir şeyə vurmuşdu və əlləri sürüşkən bir maddəyə sürtünərək aşağıya doğru sürüşdü. Gözlərinin qarşısında yuxarından aşağı qədər enən kəskin bir cızıq var idi. Nə olduğunu başa düşmürdü. Gözlərini yaxşıca açdı: güzgülü dolabın küncünə düşmüşdü. Qapı sağ tərəfdəydi. Dolaba toxunaraq özünü qapıya atdı və barmağını zəngə basdı. Əlini çəkmirdi. Basdı, basdı…

      Bədənin ayaqda güclə saxlayırdı. Qapıya və divara tutunan əlləri yuxarından aşağı, boydan-boya sürüşürdü. Yerə yıxılsa öləcəyini sanırdı. Həmişəki özünüqoruma instinkti ilə böyük bir səy sərf etdi və yatağa qaçdı. Üzüqoylu yıxıldı.

      Dəhlizdəki ayaq səsləri ona yeni bir ümid verdi. Ağır, ağır dikəldi. Yatağın kənarında əyilərək oturdu. Qapının kandarında xidmətçini görəndə daha uzun nəfəslər almağa başladı. Sinəsinin hərəkətlərilə məramını başa salmağa çalışdı. Fəqət, xidmətçidə yenə heç bir hərəkət yoxuydu. Yenə o pərdələnmiş gözlərindən təhrikedici bir mənasızlıq fışqırırdı.

      Xəstə inildədi:

      – Həkim hardadı? Harda? Tez… Pisəm…

      “Ölürəm” deyə bilmirdi. Qorxurdu. Bir şeydən, bəlkə, hotelin nizamlarından, bəlkə də, öz-özünə mənfi hiss təlqin etməkdən qorxurdu. Bir dəfə də:

      – Pisəm… Çox… – deyə inildədi.

      Bu qadın niyə kandardan içəri girmirdi? Niyə orada dayanmışdı? Həkim hardaydı?

      Xidmətçi qadın başını qabağa doğru bir az uzatdı:

      – Gedir, – dedi. – Müsyo indi.

      “Bu müsyo kimdir, nədir, hara gedir, nə deyir bu qadın?”

      – Müsyo?

      – Bəli, gedir indi, həkim çağıracaq!

      Xidmətçi qadın dərhal uzaqlaşdı. Xəstənin başı qabağa düşdü. “Gəl də getmə!” – deyə bağıra bilmirdi. Fəlakət… Hələ həkim çağırmağa gedən olmamışdı, hələ gedəcəkdilər.”

      Mualla dərindən nəfəs alıb-verdi və kitabı örtdü. Heç bir şey düşünmədən bu kitabın oyatdığı xəyalları əhəmiyyətsiz sayırdı.

      Əlavə olaraq, oxuduqlarının təsirindən qurtulmaq üçün güldanların yerlərini dəyişdirdi və çiçəkləri düzəltdi. Onların iç açan rəngləriylə ruhunu yumaq və kitabdakı hotel otağının qaranlıqlarını çölə çıxarmaq istəyirdi. Bir neçə dəfə dərin-dərin nəfəs aldı. Ancaq sanki qəlbinin üstündə bir təzyiq vardı.

      Hələ də romandakı adamın hoteldə niyə qıvrandığını başa düşə bilməmişdi. İyirmi səhifə içində eyni hekayə elə davam edirdi.

      Saata baxıb yan otağa keçdi. Böyük bacısı ordaydı. Bir az sonra gələcək qonaqlar barədə danışdılar. Mualla əlini ürəyinin üstünə qoydu. Bacısının buna diqqət etdiyini görən kimi izahat verməkdən qaçırmaq üçün çevrilib pəncərəyə doğru getdi. Amma bu həkərətiylə masadakı vəziyyəti arasında bir əlaqə olduğunu sezən bacısı kitabı xatırlayaraq soruşdu:

      – Yenə oxudun?

      – Hə.

      – Necədir?

      – Başa düşmədim. Amma həm maraqlıdı, həm də deyil. Belə bir şey. Oxuduqca ürəyim sıxılır.

      – Niyə? Qorxuludu?

      – Demək olar ki… iyirmi səhifə oxumuşam, amma romandakı adam bir dəfə rahat nəfəs ala bilməyib. Öləcəkmi, qalacaqmı, başa düşülmür. Yarı fizioloji, yarı psixoloji təhlil kimi bir şeydi.

      Sonra yenə qonaqlardan bəhs etdilər.

      İki saat sonra qonaqlardan biri masanın üstündəkı kitabı əlinə götürüb Muallaya sual verdi:

      – Bu necədi?

      – Hələ başa düşməmişəm. Siz oxumusunuz?

      – Yox. Amma müəllifini tanıyıram. Heç bir kitabını oxumamışam.

      – Mən bir-ikisini oxumuşam. Hər kitabda xəstəlikdən bir az mövzu var. Amma burda qəribə bir qəlb tutmasından danışır. Və uzun-uzun. Belə getsə, bütün kitab bir adamın yarım saatlıq həyatını danışmaqla keçəcək. Fəqət, adını “Bir adamın həyatı” qoyub. Mən “bioqrafik roman”ları sevirəm. Bunu də elə zənn etmişdim.

      Mualla çox kitab oxumazdı. Çoxunun səhifələrini qarışdırar, daima tərəddüd içində qalar və bəyənməyəndə kitabı əlindən qoyardı. Amma bir dəfə bəyənsə onu təkrar-təkrar oxuyar, əlindən yerə qoymazdı. Qonağın kitabxanasında cildləri qopmuş, səhifələri kirlənmiş və köhnəlmiş, küncləri bükülmüş, ora-burasına işarələr qoyulmuş, səhifə kənarları və sətir altları qələmlə yazılmış kitablar Muallanın sevdikləriydi; xeylisi romandan