gəlmiş qoçaqlar çastuşka oxuya-oxuya kəndə çatdılar.
Əzizim, fala baxma,
Sevirsənsə də atma.
Ağlın başında olsun
Mən əclaf da yar olsun!
Sosnovka çoxdan yuxuya getmişdi. Kirşə yaxınlaşanda itlərin heç biri hürmədi. Bəzi evlərdə işıq yanırdı. İvan Afrikanoviç atı odun qalağının yanında saxladı, kirşədəki axırıncı samanı Parmenin qabağına atdı.
– Bax, Mişa, gör nə deyirəm. Mənə güvən, özün də az danış. Mən belə elçiliklərdən çox eləmişəm.
Stepanovnanı da çoxdan tanıyıram, hər halda xalam qızıdı. Biz çox içməmişik ki?
– Bir az da olsaydı…
– SSS! Tələsmə!.. Stepanovna! – İvan Afrikanoviç qapını ehmalca döydü. – Ey Stepanovna?
Daxmada lampanı yandırdılar. Sonra kimsə dəhlizə çıxdı, qapını açdı.
– Bu gecəquşu kimdi belə? Elə indicə uzanmışdım. – Stepanovna danışa– danışa qapını açdı. – İvan Afrikanoviçə oxşuyur.
– Salamlıyıram, Stepanovna! – İvan Afrikanoviç özünü dik saxlamağa çalışdı, ayaqlarını ayaqlarına vurdu.
– Keç içəri, Afrikanoviç, hara getmişdin ki? Bəs o kimdi? Mixaylodu?
– Özüdü ki, var.
Daxma, doğrudan da, başdan başa tərifnamə və diplomlardan alışıb-yanırdı. Daxma iki yerə
bölünmüşdü. Tərəfləri üstünə oboy çəkilmiş arakəsmə ayırırdı. Hasarın o biri üzündə soba, sobanın bərisində xəkəndaz və kömürü söndürmək üçün qaraqapaq vardı. Samovarın trubası mismardan asılmışdı. Samovarsa, görünür şkafdaydı.
– Gecə qalacaqsınız, yoxsa? – deyə Stepanovna xəbər aldı və samovar qoydu.
– Yox, öz yolumuzdan, düpbədüz gedəciyik… Bir az qızışaq, sonra ya allah, evə. – İvan Afrikanoviç belə deyəndən sonra papağını çıxardı və əlcəklərini də ona qoydu. – Nyuşka hardadı, yoxsa yatır?
– Yatmaq nədi? İnəyin ikisi yetirib, bu gün sabahlıqdır. Nyuşka da dünəndən ordadı. Bəs siz necəsiniz?
8
– Yaxşıyıq!
– Yaxşı olun. Arvadın necə, hələ doğmuyub ki?
– Lap az qalıb.
– Mən elə sobanın üstünə çıxıb yerimə uzanmışdım ki, qapı döyüldü. Dedim, yəqin Nyuşkadı. Biz qapını təkəm hallarda bağlıyırıq axı.
Samovar qaynadı. Qarı şkafdan şərab şüşəsi çıxardı, piroq gətirdi. İvan Afrikanoviç məmnunluğunu gizlətmək üçün bir ağız öskürdü, əllərini şalvarına sürtdü.
– Mixaylo, sən hələ də, subay gəzirsən? Evlənsəydin, az da içərdin, – Stepanovna dedi.
– Düz söhbətdi, – Mixaylo gülümsədi və əlini onun çiyninə vurdu. – İçkini, Stepanovna, çox içirəm.
Bu gün də dümçəmişəm, mitilim çıxana qədər!
Mişka acı təbəssümlə başını buladı.
– Bəlkə mənı kürəkənliyə götürəsən....
İvan Afrikanovuç ayağı ilə onun dizinə vurdu, amma Mişka dil boğaza qoymadı:
– Qızını mənə verərsən?
– Qurbandı, – deyə qarı gülümsədi, – razıdısa, elə indi apar.
İvan Afrikanoviçin söhbətə qarişmaqdan savayı əlacı qalmadı. Onun səsi aləmi başına götürdü:
– Mən də elə bunu deyirəm da! Bu qızın, Nyuşkanın barmaqları… Yalnız tərifnamədir… Ey Miş?
Bunu mən sənə dəqiq deyirəm! Stepanovna? Məni tanıyırsan da! İvan Afrikanoviçin kimə pisliyi dəyib? Hə? Ciddi deyirəm! Mən ona deyirəm ki, indi bu saat Sosnovkaya gedəciyik. Elə belə də
deyirəm. O isə mənə deyir… Nyuşka! Tez ol bura gəl, Nyuşka! Bax elə indicə fermaya gedib Nyuşkanı gətirəcəm. Stepanovna? SSS!
Amma İvan Afrikanoviçin fermaya getməsinə lüzum qalmadı. Qapılar açıldı və Nyuşka özü içəri girdi.
– Annuşka! – İvan Afrikanoviç əlində dopdolu qədəh onun pişvazına qalxdı. – Anyutka!
Xalanəvəsi! Biz səni… biz… səni… Sənin kimi qız bütün mahalda yoxdu! Doğrudan da, yoxdu! Başdan–
ayağa tərifnamə! SSS. Miş! Hamıya süz. Mən deyirəm ki, yoxdu! Bəs Mişka! Məyər Mişka pis oğlandı?
Deməli, biz səni, Anyuta… sənin dalınca gəlmişik… elçiliyə…
– Nə dedin!? – Nyuşka peyinli çəkmədə və silos iyi verən pambıqlıda, daxmanın ortasında dayandı, gözlərini qıyaraq elçilərə baxdı, sonra arakəsmənin arxasına cumdu və əlində tutqac, güllə
kimi çıxdı:
– Rədd olun! Elə gedin ki, iziniz-tozunuz da burda qalmasın. Qulyabani sizi hardan gətiribsə, orada aparsın. Cəhənnəm olun! Nə qədər ki, gözlərinizi tökməmişəm. Sərxoş köpəyuşaqları!
İvan Afrikanoviç key-key dala çəkildi, papağını və əlcəyini də götürməyi yaddan çıxarmadı, yazıq qarı isə qızını saxlamağa çalışdı:
– Anna, başına at təpib!?
Nyuşka İvan Afrikanoviçin boyunluğundan tutub qışqırırdı:
– Rədd ol, simasız! Hardan gəlmisən, orada get, iblis! Elçi tapılıb! Mən səni!..
İvan Afrikanoviç özünə gəlməmiş Nyuşka onu elə itələdi ki, qapının o tərəfinə uçdu, üzü üstə yerə
dəydi, eyni aqibəti Mişka da yaşadı.
Sonra Nyuşka dəhlizə çıxdı, heç bir ədəb-ərkan gözləmədən elçiləri küçəyə tulladı və qapını çırpdı.
Nyuşka bağırırdı, əlinə keçəni döşəməyə çırpırdı, ağlaya-ağlaya bütün dünyanı söyürdü…
– Buna bax e! – Mişka dirsəyini ovxalaya-ovxalaya dedi.
İvan Afrikanoviç isə çaşqın halda mızıldanırdı. O, zorla ayağa qalxdı, əvvəlcə əllərini yerə dirədi, dizlərini qaldırdı, zorla özünü düzəltdi.
– Hm! Buna bax da! Qız deyil e, şeytandı. Gicbəsər… Parmen? Bu Parmen harda qaldı e?
Parmen dayandığı yerdə yox idi. İvan Afrikanoviç atı bağlamağı unutmuşdu və o, çoxdandı ki, evə
tərəf gedirdi: bəyaz aprel Ayının altında, kimsəsiz yolla. Yalnız tənha kirşənin xışıltısı eşidilirdi.
9
Torpaqla suyun birliyi
Səhərə yaxın havanın üzü döndü, qar yağdı, külək qalxdı. Bütün mahal Mişka Petrovun elçiliyi barədə xırdalıqlarına