Mövcudluq mübarizəsi. Мехмет Ниязи. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Мехмет Ниязи
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
arvad olmaq necə də pisdi, bir mənada dünyadan qopmaqdı.

      Ağsaqqal, qara beretli bir qoca öküzlərə yaxınlaşdı. Alıcı gözü ilə baxırdı, amma Fadimə bacının duruşu cəsarətini qırır, narahat etmək istəmirdi. Muradın da orda olduğunu görəndə ona yaxınlaşdı:

      – Övlad. Bu öküzlər sizindir?

      Fadimə bacıya da eşitdirmək üçün səsini yüksəltmişdi.

      – Bizimdi.

      – Satılıqdır?

      Murad başını yelləyərək Fadimə bacıya tərəf baxdı.

      – Qızım, bir qüsurları var?

      – Yox, əmi.

      – Təmiz adama oxşayırsan, qızım, neçəyədir?

      Fadimə bacı qızardı, amma nəsə deməliydi. Qiyməti də təxmin edildiyindən az idi. Səsində narahatlıq vardı.

      – Əmi, mən qadın xeylağıyam, qiymət bilmirəm. Bu yetimə görə satıram.

      Qocanın baxışları dəyişdi, gözlərində mərhəmət parıldadı.

      – Mən də təxmin edə bilmərəm. İki çoban gətirib qiymətləndirək. Yetimin haqqını yemək istəmərəm, onsuz da ayağımın biri gordadı.

      Fadimə bacının gözlərinə işıq gəldi. Çox keçmədən qoca iki adamla gəlib-çıxdı.

      – Budur öküzlər. Bu qadın duldur, uşaqsa yetim; mən də qoca adamam, bir ayağım burda, bir ayağım gorda. Sizə həvalə edirəm.

      Biri noxtaları əlinə alıb çəkməyə başladı. Digəri öküzləri dürtməklədi, yerişlərində bir qüsur yox idi. Dayandılar, arxadakı adam öküzlərin dişlərini yoxladı, qasıqlarına əl atdı, ayaqlarını qaldırıb baxdıqdan sonra qocaya tərəf döndü. Gözünün birini qırparaq dedi:

      – Günahdan qaçıram. Mən min iki yüz əlli lirəyə satın alaram.

      Noxtaları əlində tutan adam da:

      – Əhməd ağa düz deyir, – dedi, – bundan artıq olmaz.

      Qoca, Fadimə bacıya dönüb:

      – Nə deyirsən, qızım? – soruşdu.

      Fadimə bacı başını yellədi, qoca “Bismillah” deyib jiletinin düymələrini açdı. Min üç yüz lirəni uzatdı.

      – Bu belə, qızım. Əlli lirə də məndən. Halal xoşun!

      “Yetimdi, sevinsin”– deyərək, beş lirə də Muradın ovcuna basdı, çünki şirinlik törədəndi.

      Murad sevinirdi, indiyə qədər heç kağız pulu olmamışdı. Qocanın üzü uzun müddət gözlərinin önündən getmədi.

      * * *

      Bazara gəldilər. Hökumət malikanəsinin yanında rəhmətlik Yusifin dostu – məhkəmə vəkili Lütfü əfəndinin kontoru vardı. Fadimə bacı ona baş çəkməyi, onunla məsləhətləşməyi evdə planlaşdırmışdı. Yusifin yaxınlarından pislik görməzdilər. Yusifin yolu rayona düşəndə vəkilin yanına əliboş getməzdi: bir az yağ, şor, ən azından meyvə götürərdi. Hər kəndlinin qəsəbədə özünə görə dostu olurdu, “Gün gələr, insan hökümət qapısına düşər” – deyirdilər. Kəndli adam necə yol tapıb ordan çıxsın ki?

      Lütfü əfəndi alt dodağından sallanan sönük, islanmış siqaretini tərpədərək lövhələrdə silinmiş hərfləri seçməyə çalışırdı. Fadimə bacı Muradla içəri girib, asta səslə:

      – İşiniz irəli, əmi, – dedi.

      Eynəyini düzəldən Lütfü əfəndinin baxışlarından tanımadığını başa düşdü.

      – Yusifin külfətiyəm.

      – Hansı Yusifin, qızım?

      – Təpəköydən.

      – Həə! Xoş gəlmisiz, outrun!

      Oturacağa əyləşdilər.

      – Qızım, vacib bir sənəd yazıram. Bir az səbir edin, danışarıq.

      Xeyli vaxt keçəndən sonra, Lütfü əfəndi arıq sümüklü barmaqlarıyla yazı makinasının pərini çevirdi. Burnunun ucuna doğru sürüşən eynəyini düzəltdi. Yazdıqlarını yavaş-yavaş oxudu. “Bu iş hazırdı”– deyərək kağızı masaya qoydu, gözlüklərini çıxartdı.

      – Danış, görüm, qızım. Necədir vəziyyətin? Dolanışığınız necədir?

      – Sağlığına dua edirik.

      – Ah, Yusif, necə oğlan idi! Gənc yaşda köçdü həyatdan. Qismət. Allah nə yazıbsa, o olar. Bu oğlan sizindi?

      Baxışlarını aşağı əyən Fadimə bacı qızardı. Pıçıldayaraq cavab verdi:

      – Allah saxlasa.

      – İnşallah, qızım. Sifəti necə də Yusifə oxşayır. Məktəbə gedirmi?

      Fadimə bacı yenə qızardı, səsi də qayğılı bir hal aldı. Heyf, çarəsizdi.

      – Sənin yanına gəlişimin səbəbi budur. İbtidai sinfi bitirib. Oxuması üçün rəhmətlik vəsiyyət edib. Biz kasıb adamlarıq. Deyirlər, İstanbulda İmam-Xətib məktəbi var. Kəndimizin müəllimi ora qeydiyyata düşməyimizi tövsiyyə etdi. Pulsuzdu.

      – Uşağın biliyi var? Hər uşağı ora götürmürlər.

      – Müəllimi keçəcəyini deyir.

      Lütfü əfəndi, “Nə edə bilərəm?”– deyə düşündü. Yusifin yadigarı olan bu uşağa kömək etmək istəyirdi.

      Anasına yapışmış Muradın işıldayan gözlərinə baxdı. Ürəyində hərarətli duyğular baş qaldırdı. Dodağındakı yaş, sönmüş siqareti atdı.

      – İmam-Xətib məktəbinə ərizə yazım. Məktəbə kömək edən cəmiyyətin idarə heyətində bir əsgər yoldaşım işləyir. Müraciətimizlə maraqlanması üçün ona da bir ayrı məktub yazaram. Əgər qismətdə varsa, alınacaq.

      Siyirməsindən çıxartdığı kağızı yazı makinasına yerləşdirdi, nazik boynunu uzadıb yazmağa başladı. İkinci kağızı yerləşdirdi. Sonra zərflərin üstünü yazdı. Kağızları zərfə qoyaraq səliqə ilə bağladı.

      – Öz ünvanımı yazdım. Qəbul haqda cavab gəlsə, kəndə göndərərəm. Bir xəbər çıxmasa da, nə edə bilərik, qızım…

      Zərfləri Fadimə bacıya verdi.

      – Bunları yubanmadan poçtla göndər. Birdən poçtu tanımazsan?

      Özü də çölə çıxıb, əliylə işarə etdi:

      – Bax, bu sarı bina.

      – Sağlıqla qal, əmi.

      Fadimə bacı əli irigüllü, damalı yubkasının içində, şübhəli addımlarla yeriyir, Murad sağa-sola baxaraq anasının arxasınca gedirdi. Lütfü əfəndi arxalarınca baxıb başını ümidsizcəsinə yelləyərək, “İnşallah”– dedi.

      * * *

      Fadimə bacı sirrini Muradın oxumasını istəyən, ona yol göstərən müəllimindən də gizlədirdi. Dul olaraq nəyinə güvənib oğlunu oxutmaq istəyirdi?! Biri eşitsə, kəndə yayılar, insanı lağa qoyub, ləqəb qoşardılar.