Qışın bozumtul ölüşkün işığı fonarların qəddar sarımtıllığını yumşaldırdı, elə bil, gündüz qar yağacaqdı. Təxminən səhər saat səkkiz idi, deməli, Rubaşov kameraya cəmi-cümlətanı üç saat qabaq düşmüşdü. Həyəti həbsxana korpusları əhatələyirdi, barmaqlıqlı pəncərələr darıxdırıcı tərzdə qaralırdı. Yəqin ki, orada da məhbuslar eynilə onun kimi həyətə baxırdılar, amma onları görmək olmurdu. Həyətdəki qarın səthi gümüşü rəngə çalırdı, ayaq altında şən xırtıltılı səs çıxarardı. Divardan iyirmi metrlik məsafədə, qar altında qalmış dar dalanların hər iki tərəfində kiçik ağ təpələr ucalırdı. Çöl divarın mühafizə xəttindəki növbətçi irəli-geri addımlayırdı. O, bir dəfə arxaya çevrilib tüpürdü və maraqla qövs formasında düşən tüpürcəyinə baxdı.
– Bədbəxt xəstəlikdir, – deyə Rubaşov düşündü, – İnqilabçı dünyanı başqaları kimi qəbul edən adam ola bilməz.
Bəlkə də, olar. Və hətta buna məcburdu da.
Hə, amma özünü başqalarından ayırmadan da dünyanı dəyişə bilər.
Ya da bəlkə, bacara bilsə.
Başqalarını anlayan və bağışlayan insan qəti qərara gəlib fəalliyyətə keçə bilərmi?
Ya bunu heç kim bacarmaz?
“Deməli, güllələnmə! – Rubaşov düşündü, – Mənim aydınlanmam heç kimin vecinə deyil”.
O, alnını pəncərəyə dirədi. Aşağıdakı həyət sakit və bəyaz idi.
Buzlu şüşəyə yüngül toxunaraq bir neçə dəqiqə hərəkətsiz dayandı, sonra fərqinə vardı ki, haradansa astadan, arasıkəsilməyən taqqıltı gəlir.
Boylanıb diqqətlə qulaq asdı. Taqqıltı o qədər ehtiyatla edilirdi ki, bir anlıq onun sağdan, yoxsa soldan gəldiyini ayırd etmək olmurdu. Bunu müəyyən edən müddətdə taqqıltı kəsildi. Özü rakfina olan 406-cının divarını taqqıldadanda heç bir cavab gəlmədi. O, 402-ci ilə arasındakı divara yaxınlaşdı və yatacağın üzərinə əyilib astadan taqqıldatdı. Hər an gözlüyə nəzarət edə bilməsi üçün Rubaşov yatacaqda yerini rahatladı, ürək döyüntüləriylə qulaq asmağa başladı. O, həmişə ilk əlaqələrdə həyəcanlanırdı.
402-ci dəqiq onu çağırırdı, üç zərbə – qısa fasilə, yenə üç zərbə – qısa fasilə, arxasınca da qısa aralıqlarla üç zərbə. Siqnalın alındığını bildirmək üçün Rubaşov ehmalca ona cavab verdi, qonşusunun “kvadrat əlifbanı” bilib-bilmədiyini öyrənməyə səbrsizlənirdi: əgər bilməsəydi, öyrənməyi uzun çəkəcəkdi. İri divar səsi udurdu və qonşusunu eşitmək üçün qulağını divara dirəməli, eyni zamanda, gözlüyə də nəzarət etməli olurdu. 402-ci veterana bənzəyirdi, o, yüngül, amma möhkəm əşya ilə (bəlkə də karandaşla) hərfləri tələsmədən və dəqiq taqqıldadırdı. Rubaşov çoxdandır məşq etmirdi, indisə bərabər zərbələri sayaraq hərəsində altı hərf yerləşən altı şaquli xanaya uyğunlaşdırılmış bütün əlifbanı təsəvvür etməyə çalışırdı. 402-ci iki dəfə taqqıldatdı: ikinci xana – E-dən K-ya kimi olur, qısa fasilədən sonra isə altı dəfə – bu xananın altıncı hərfi K-dır. Nisbətən uzun fasilələrlə olan dörd zərbə isə S-dən Ç-yə qədər olan xananı bildirirdi. Qısa fasilə və iki zərbə – həmin xananın ikinci hərfi İ idi. Uzun fasilə, arxasınca üç zərbə isə – üçüncü xana, L-dən R-ə qədər olan hərfləri işarə edirdi. Qısa fasilə və dörd zərbə – yəni dördüncü hərf M-dur. 402-ci susdu.
– Kim?
“Təcrübəli adamdır, – Rubaşov düşündü, – Kimlə iş gürdüyünü bilir”.
Düzdür, inqilab etikası qanunlarına görə, danışıq həmsöhbətin siyasi platformasını təsvir edən proqramlaşdırılmış lozunqla başlayırdı, arxasınca sonuncu xəbərlər, sonra yemək və siqaret haqda məlumatlar çatdırılırdı, yalnız bundan bir neçə gün sonra məhbuslar tanış olurdular. Yeri gəlmişkən, bütün bunlar o ölkədə baş verirdi ki, qaydalara görə, qanunsuz fəaliyyət göstərən və hakimiyyətdə olmayan partiyaların üzvləri məxfiliyin qorunması üçün bir-birini ləqəblərindən tanıyırdılar. Burda isə şərait bir az başqa cür idi və Rubaşov necə davranacağını bilmirdi. 402-cinin səbri tükəndi.
– Kim? – yenə taqqıldatdı.
– Nəyə görə gizlədim ki? – deyə Rubaşov düşündü.
O, astadan öz adını tam şəkildə taqqıldatdı:
– Nikolay Zalmanoviç Rubaşov.
Və maraqla nəticəsini gözləməyə başladı.
Fasilə kifayət qədər uzun çəkdi. Rubaşov gülümsədi, qonşusunun necə təəccübləndiyini təssəvvür etdi. Bir dəqiqəlik sükut iki, üç dəqiqəni ötdü, Rubaşov çiynini çəkib ayağa durdu. Yenə kamera boyu addımlamağa başladı, amma hər dönəndə durub qulaq asırdı. Divar susmaqda qərarlıydı. Pensnesinin əliylə siləndən sonra gəzməkdən yorulub gözlüyə yaxınlaşdı, dəhlizə baxdı.
Kimsəsizlik və sükut. Ölü elektrik parıltısı. Səssizlik. Görəsən, 402-ci niyə susdu?
Nəyə görə? Hə, yəqin ki, qorxusundan, axı Rubaşov onu ələ verə bilər. Partiyasız sakit mühəndis və ya həkim, istənilən siyasətdən kənarlaşdırılmış şəxs. Onun siyasi təcrübəsi yoxdur, yoxsa sabotajla xırda fəndlər etmək əvəzinə, soyad soruşmazdı. Yeri gəlmişkən, ola bilsin, kiçik fəndləri çoxdan edib və hələ də özünü sabotaja aidiyyatı olmayan adam kimi göstərir. Hələ də məsumcasına dünyanın taleyi həll olunarkən şəxsiyyətin günahkar və ya günahsız olmasının ciddiyə alınacağına inanır. Bütün ehtimallara görə, o, öz yatağında oturaraq prokurora heç kimin heç vaxt oxumayacağı sayca yüzüncü ərizəni, ya da arvadı üçün heç vaxt ünvanına yetişməyəcək yüzüncü məktubunu yazır. O, çoxdandır təraş olmur, saqqalı çoxalıb, üzü qaralıb və pintiləşib, çirkli dırnaqlarını mayasına kimi yeyib, yarıaxmaq erotik düşüncələr isə onun beynini gecə-gündüz didib-dağıdır. Həbsxanada insanın öz günahsızlığına inanması, onu daha da geri salır, şəraitə uyğunlaşmağa imkan vermir,