Mağazada alıcılar yavaş-yavaş çoxalmağa başladı. Qəhvəm tamamilə soyumuşdu. Birdən müəyyən çaşqınlıq hiss etdim. Amma sadəlövhlük etməmək qərarına gəlib soruşdum:
– Tommi ümid edirəm ki, sözlərimdən inciməyəcəksiniz, əgər sizin TLE üsulunuz həqiqətən belə yaxşıdırsa, niyə indiyə qədər bu mağazada işləyirsiniz? Məgər təqaüdə çıxmaq olmazdı? Bir də, bağışlayın ki, bunu diqqətinizə çatdırıram, sizi geridə qalan bu filiala keçirərkən heç menecer də etməyiblər. Siz də elə mənim tutduğum vəzifədəsiniz. Görünür sizin nəzəriyyəniz özünüzə xeyir gətirmir, – kinayə ilə yekun vurdum.
Bunları deyərkən diqqətlə müsahibimə baxırdım. Gözləyirdim ki, bu dəqiqə müdafiə mövqeyi alacaq və sözləri şübhə altına alınan insanların əksəriyyəti kimi inciyəcək də. Lakin Tommi mənim iradlarıma müsbət yanaşdı. O bir müddət susdu, sonra dərindən nəfəs alıb gülümsündü.
– Yaxşı sualdır, Bleyk. Sən səmimisən. Bu mənim xoşuma gəlir. Fikrini, bir qədər sərt də olsa, birbaşa deyirsən. Bu çox yaxşı keyfiyyətdir. Nə olar, təqaüd məsələsində sən haqlısan: mənim yaşıdlarımın əksəriyyəti çoxdan istefa veriblər. Yeri gəlmişkən, elə keçən həftə mənim yetmiş yeddi yaşım tamam olub.
– Ad günün mübarək, Tommi, – mən üzrxahlıq edirmiş kimi dedim və məni «saf ürəkli» adlandıran babmı xatırlayaraq, Tommi ilə sərt danışdığıma bir qədər təəssüf etdim. Bu yaşlı centlmenlə bir qədər yumşaq davranmaq lazımdır. O məndən böyükdür, valideynlərim isə mənə böyüklərə hörmətlə yanaşmağı öyrətmişdilər.
– Sağ ol, – Tommi dedi, – amma mən özümü lap cavan hiss edirəm. Yaş sadəcə ağlın vəziyyətidir… tayfanın öz tayfa yoldaşlarını işarələdiyi və onların imkanlarının hüdudlarını cızdığı yarlıqlardan biridir. Mən isə öz həyatımı yarlıqlara uyğun qurmaq fikrində deyiləm. Lakin sən haqlısan, mən çoxdan təqaüdə çıxa bilərdim, amma şirkətimiz üçün işləməyi davam etdirirəm. Artıq yarım əsrdir ki, onunlayam.
– Oho!
– Özün fikirləş, sənə ləzzət verən işi niyə atasan? Nə qədər ki, sağam, vaxtım var! Xoşuna gələn şeylə məşğul olmaq isə ruhundakı gəncliyi qoruyub saxlamağın üsullarından biridir. Burada həm yaradıcılıq üçün yer var, həm də yeni problemləri həll etməklə öz təfəkkürümü inkişaf etdirir, dünyagörüşümü genişləndirirəm. Hər gün yeni dostlar əldə etməyə imkanım olur, bunun üçün sadəcə özünü alıcılarla diqqətli və mehriban aparmalısan. Bundan başqa mən öz nümunəmlə digər iş yoldaşlarımı da ruhlandıra bilərəm… Mən xoşbəxtəm, çünki yaxşı görülmüş iş insana böyük ləzzət verir. Bütün bunlar mənim həyatımı mənalı edir, – Tommi sözünü bitirdi.
– Kobudluğuma görə üzr istəyirəm, – hələ də kətildə oturub, aşağıdan yuxarı bu adama baxaraq, mızıldandım.
Yavaş-yavaş mənə lazım olan müəllimi əldə etdiyimi anlamağa başladım…
– Narahat olma. Amma icazə ver sənin tamamilə düzgün qeyd etdiyin bir şey – niyə menecer olmadığım haqqında bir neçə söz əlavə edim, çünki bunun TLE fəlsəfəsinin əsaslarına bilavasitə dəxli var. Mən menecer olmaq istəmirəm. Bu mənə lazım və maraqlı deyil.
– Tommi bəs TLE-nin dəqiq açılışı necədir? – daxili müqavimətimin əriyib, yerini heyranlığa verdiyini hiss edərək soruşdum.
– Hər şeydən əvvəl burada sehrli heç nə yoxdur. Bu, biznesdə və gündəlik həyatda özünü aparmağın çox gerçək və son dərəcə səmərəli üsuludur. Bilirsənmi, indi bizim dünyamız köklü surətdə dəyişir. Son dərəcə qeyri-müəyyənlik və narahatlıq dövrü başlamışdır. Əvvəllər çox yaxşı işləyən bir çox şeylər indi işləmir.
– Razıyam. Hər bir gün yeni problemlər və gözlənilməz hadisələr gətirir. Bu, şirkətimizə də aiddir. Alıcılar həyatlarının günü-gündən çətinləşdiyindən şikayət edirlər. Mənə elə gəlir ki, bu narahatlıqlar hamını stress vəziyyətinə salır. Tommi, bəs həll haradadır?
– Liderlikdə – cavabı lakonik oldu. Sonra isə əlavə etdi: – Bleyk, bu gün yaşadığımız bu yeni aləmdə biznesi qələbəyə aparan cəmi bir yol var. Heç bir başqa həll istənilən nəticəni verməyəcək.
– Bəs bu nə yoldur?
– Rəqabətə təhrik etmək əvəzinə, təşkilatın hər bir üzvündə liderlik potensialını oyatmaq və inkişaf etdirmək lazımdır. İndiki zamanda suyun üzündə qalmağın yeganə üsulu bütün səviyyələrdəki əməkdaşlarda, etdikləri hər bir işdə, lider olmaq qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.
Bu, qapıçıdan baş direktora qədər hamıya aiddir. Hamının liderlik keyfiyyətlərini göstərməsi və şirkətin uğuru üçün məsuliyyəti üzərinə götürməsi lazımdır. Özü də bu, təkcə özəl biznesə deyil, bütün təşkilatlara aiddir. Qeyri-kommersiya təşkilatlarında da, bütün səviyyələrdə, liderlik keyfiyyətlərini həvəsləndirmək zəruridir. Sənaye nəhəngləri üçün də bütün səviyyələrdə liderlik keyfiyyətlərini mükafatlandırmaq zəruridir. Liderlik keyfiyyətlərini mükafatlandırmaq hökumət və qeyri-hökumət təşkilatlarına da lazımdır. Hətta məktəb və universitetlər də belə bir fikri qəbul etməlidirlər ki, adamlardan hər biri etdiyi bütün işlərdə özünü lider kimi göstərə bilər və başgicəlləndirən dəyişikliklər əsrində sağ qalmaq istəyiriksə bu, tamamilə zəruridir.
– Tommi, liderlik haqqında heç vaxt bu səpkidən düşünməmişdim. Mənə həmişə elə gəlirdi ki, liderlər, istər hərbi hissə, istərsə də kommersiya müəssisəsi olsun, yalnız təşkilatlara başçılıq edən adamlardır.
– Bleyk, rütbə və dərəcəmizdən asılı olmayaraq hamımızın liderlik keyfiyyətləri göstərməyimiz zəruridir. İndi «mənim vəzifəm yüksək deyil, deməli bütün müəssisənin işinin nəticələri haqqında düşünməli deyiləm» kimi fikirləşmək bağışlanılmazdır. İndi lider olmaq üçün formal titul lazım deyil, sadəcə baş verənlərdə iştirak etmək istəyi və nəyisə yaxşıya doğru dəyişmək səyi kifayətdir. Tereza ananın dediyi kimi: «Hər bir adam öz evinin qarşısını süpürsəydi bütün dünya təmiz olardı».
– Beləliklə, hər birimizin özümüzü lider kimi gerçəkləşdirməyimiz üçün ilk növbədə indiki vəzifəmizi qüsursuz yerinə yetirməyimiz lazımdır. Siz bunu nəzərdə tutursunuz?
– Məhz bunu.
Bu yerdə Tommi dolablar arasında duran digər kətilə yanaşdı, onun üstünə qalxdı və əllərini dirijor kimi yelləməyə başladı. Gözlərini yumdu və dodağının altında nəsə oxumağa başladı. Şən adamdır. Qəribə, amma şən.
– Siz nə edirsiniz, Tommi? – gözlərimə güclə inanaraq, qışqırdım. Alıcılardan bir neçəsi maraqla bizə baxmağa başladı. Qoltuğunun altında «Maraqkeş Corc» kitabını tutmuş balaca barmağı ilə Tommini göstərərək gülürdü.
– Musiqiçilərdən