Avropalı Asiyanın rəssamlığını da bəyənmir, «rəssamlığınızda hər hansı canlı təsvir yoxdur. Qəmli dünya, şəkilsiz dünya», deyib Asiyanı primitivlikdə ittiham edir və həmin an da tutarlı bir zərbə alır: «Haqlısız. Asiya axirət dünyasına tuşlanıb. Avropa isə bu dünyaya. Ona görə də Avropaya canlı təsvirlər, canlı varlıqlar lazımdır. Asiya son ifadəsini fiqural şeylərdən, əşyalardan istifadə etmədən axtarır. İnsansal və heyvansal cismani formalardan yan keçmədən şeylərin platonik ideyasını yaratmalı olan birbaşa forma simvolu canlının və, deməli, ötərgi olanın təsvirindən imtina edir» .
Vətən və vətənpərvərlik anlayışlarına münasibətdə də baxış bucaqları müxtəlifdir, ona görə də ziddiyyət yaranır, münaqişə törəyir və burdan da yenə asiyalı qalib çıxır, ya da yazıçı onu qalib çıxarır. Avropalı üçün vətən içində yaşadığı məmləkətdirsə, asiyalı üçün o, tam başqa bir aləmdir: «Vətən! Nə qədərki o səninlədir, zahiri varlıqla daxili şüur arasında heç bir ziddiyyət yoxdur. Vətən içində çimməyə vərdiş etdiyin çimoda, yaxud həmişə getdiyin qəhvəxana deyil. Vətən vətən torpağından birdəfəlik yaranmış mənəvi qurumdur. O həmişə burdadır, həmişə insanın içindədir. İnsan nə qədərki yaşayır, vətənin əsiridir, fərqi yoxdur, harda yaşayır-yaşasın. Vətəni və qəlbini yalnız o kəslər itirir ki, heç vaxt onlara sahib olmamışlar».
Sənətin qayəsi məsələsində Avropa ilə Asiya, Doğu ilə Batı arasında kəskin ayrıntıları Qurban Səid öz qəhrəmanlarının dilində belə açır:
«Hər bir insan Ölümsüz Yaradanı içində gəzdirən ölümlü övladdır. Sənətin amacı Yaradanın görünməz ruhunu duyula və görünə bilənlə ifadə etməkdir. Əgər insan övladdan yapışıb Yaradanı tərənnüm etməkdən başqa heç nəyə müyəssər olmursa, onun sənəti səthi və mənasızdır. Əgər o, Yaradanı ancaq mücərrəd ideyalarla tərənnüm etməyə can atırsa, onda sənət əsəri yox, metafizika yaradır. İçimizdə yaşayan, sözlə ifadələnən ölməzlik magiyadır. Söz materiyaya məhrəm olmalıdır, Adəm Həvvaya məhrəm olduğu kimi» (səh. 158). «Doğuya xas olan şeylərdə Yaradan üstündür, Batıya xas olanlarda isə yaradılan. Sənətçinin çabası hər bir olayda Yaradanı aramağa yönəlməlidir».
Bu konsepsiyadan da Yaradanı ancaq mücərrəd ideyalarla tərənnüm etdiyinə görə Batı sənətdə metafizika yaradır və bunun bir səbəbini də yazıçı Batı sözünün gücsüzlüyündə görür: «Avropa dilləri sözün içində yaşayan gücü get-gedə itirirlər. Texnikanın bir ünsürünə, xalis anlaşıq təmrininə, ünsiyyətin neytral, axtalanmış vasitəsinə çevrilirlər. Biz şərqlilər daha çox canlıyıq, hələ ki sözün gücünü hiss edirik və Doğu ilə Batı arasındakı ayrıntı da elə budur» .
Düşüncənin özündəki, düşüncə tərzindəki ayrıntıları, fərqli cəhətləri qeyd etməmək olmazdı. Romanda bu məsələ də kəskin qoyulur və Şərqlə Qərb, Avropa ilə Asiya düşüncə fərqlərinin açılmasına müəyyən cəhdlər göstərilir: «Batı düşünüşündə fərdiçilik, şəxsiçilik üstünlük təşkil edir. Bizdə (Asiyada, Şərqdə, Doğuda isə belə bir duyum ki, tamla ayrılmaz şəkildə bağlıyıq. Batı böyük kainatdan üzülüşmüşdür, onunla Universum arasındakı bağ qırılmışdır. Öz təşəxxüsü ilə Batının köçərilərə, qorunmaq üçün yörəsində xəndək qazan köçərilərə çevrilmək qorxusu var. Doğu isə ikicinslidir, kainatla təmasda yaşayıb hərəkət edir» .
Mentalitetlər savaşı
Sivilizasionlar savaşında mentalitetlərin uyuşmaması romanda ana xətti təşkil edir və özünü hər sahədə göstərir. Təbii ki, kiçik bir «Ön söz»də biz bu uyuşmazlıqların hamısını əhatə edə bilməyəcəyik. Odur ki, onları başlıca qruplar şəklində sadalamağı lazım bilirik.
Mentalitet uyuşmazlığı özünü öncə ailəyə, qadına, sevgiyə münasibətdə göstərir.
Məsələn, avropalaşmış Hassa sevdiyi Asiyadehdən bütün avropalılar kimi sevgi etirafını, Şərqdə saxta sevginin nişanəsi sayılan «Səni sevirəm» kəlməsini eşitmək istəyir, ancaq bu zaman asiyalı qızın gözlərində şimşək çaxır, sonra bu gözlərə qaranlıq çökür və o, qəzəblənib Şərqin, Asiyanın sevgi estetikasını qərbliyə başa salır: «Yad qadınla sevgi haqqında danışmazlar. Ona bu cür dana gözləri ilə baxmazlar. Sevgi məsələsində bizim də təcrübəmiz var, amma bizimki lal sevgidir, sevgidən əllər, gözlər, toy gecəsi üzdən sürüşüb düşən duvaq danışar».
Ailə və namusa münasibətdə Şərqlə Qərbin baxış bucaqları çox parlaq boyalarla təsvir olunur. Şərq insanı ailənin başlıca funksiyasını nəslin artırılmasında, uşaqlarda görür, qərbli isə ailəyə seksual təminat və əyləncə yuvası kimi baxır, uşaq qayğısından azad! Asiyadeh Hassadan arvadını boşadığını eşidəndə onun ilk reaksiyası qadının sonsuzluğuna olur: «Başa düşürəm, arvadın uşağı olmayıb, Siz də boşamısınız». Hassanı heyrət götürür, o, Asiyadehi başa düşmür, çünki uşaq həm ona, həm də keçmiş arvadı Mariona bir çəpərdir: «Uşaq?! Necə yəni uşaq? Marion heç uşaq istəmirdi.». Cavab Asiyadehi heyrətləndirir, çünki onun baxışında qadın məhz bunun üçün yaranıb: «Uşaq istəmirdi?! Bəs o buna yaranmayıbmı?»
Əsərin kulminasiyasının başlanğıcını da uşaq məsələsi təşkil edir. Ailəsinə bağlanıb qalmaq üçün Asiyadeh ərindən uşaq tələb edir, Hassa isə şəxsi rahatlığı hər şeydən üstün tutur. Buna dözməyən Asiyadeh ilk dəfə ərinin üzünə qayıdır: «Ancaq mən sənin aşnan deyiləm…, hər şeydən öncə arvadınam».
Ərin arvadını boşama səbəbinin ikincisini Asiyadeh qadının xəyanətində axtarır və bu xəyanətin cəzasını qətldə görür. Hassanın arvadının başqasına qoşulub getdiyini eşidəndə deyir: «Aha, Siz də onların izinə düşüb hər ikisini öldürdünüz. O vaxtdan məhkəmədən və qan düşmənlərinizin əlindən xaricdə gizlənirsiniz». Asiyalı üçün paradoksdur ki, Asiyadehin kişinin qətlə qadir olmasını düşünməsi az qala Hassanı təhqir edir.
Qərbli üçün yad qadına məhrəmlik göstərmək nəzakət əlamətidirsə, şərqli bunu faciyəyə çevirir, namusuna təcavüz sayır. Odur ki, asiyalı qadın ərinin dostunun özünə qarşı belə bir cəhdinə görə ərindən dostunu qətlə yetirməsini tələb edir. Əsərdə Hassanın həmkarı və dostu Kurts Asiyadehi ələ keçirmək arzusu ilə qovrulur. Bunun üçün evində qonaqlıq düzəldir, otaqlardan birində qadına təcavüz cəhdində bulunur. Asiyadeh dişi canavar kimi onun üstünə atılıb dişləri ilə kişinin qulağını qoparır və təkidlə ərindən Kurtsu öldürməsini tələb edir. Avropalı ər isə, rəqibi öldürmək bir yana qalsın, ona yanımcıllıq göstərir: «Əsəb həkimlərinin sarğıdan nə başı çıxır, gətir mən sarıyım… Sənə haqq olur. Nə işin var, başqasının arvadına sataşırsan» və axırda Asiyadehin «Sən onu öldürmədin, Hassa?!» tənəsinə irad tutur: «Şərab