«Avşaq» toxunulmazlıq statusuna malikdir. Onun sözünün qabağına söz deyilə bilməz. Əks təqdirdə söz deyənə «maya» qoyulur. «Oper»lərin birinə 200 re rüşvət verib adamı başqa kameraya göndərirlər. Kameranın ümumi kassası, yəni «obşak» pulları da «avşağın» sərəncamında olur.
38-ci kamerada bu pullar qeyri-qanuni xərcləndiyi, yəni aidiyyəti üzrə xərclənmədiyi üçün tez-tez mübahisə yaranırdı. Nəhayətdə ikitirəlik alındı və türmə praktikasında, bəlkə də, ilk dəfə bir kamerada iki «avşaq» fəaliyyət göstərəsi oldu.
Axşam, Baloğlan «srok»un alandan sonra «kormuşka»dan bizimlə əhvallaşıb ayrıldı (məhkəmədən sonra imkansız «zek» kameraya girə bilmir, çünki girib yoldaşlarla görüşmək üçün «nazor»a ən azı 50 re pul verməlidir). Ayrılanda da öz təqdimatını verib:
– Müəllimə mən də səs verirəm, – dedi.
Sən demə, «avşaq» seçkisində mənim namizədliyim nəzərə alınıbmış.
Hər gün, təqribən saat 10 radələrində «zek»i proqulkaya57 çıxardırlar. Heyvan saxlayanlar bu işin nədən ibarət olduğunu yaxşı bilirlər. Eyni ilə qoyunları otlamağa aparan kimi «nazor» «zek»ləri qabağına qatıb «proquloçnıy» həyətə aparır. Bu həyət Bayıl türməsinin I korpusunun kəllə tərəfində, üstü üç sıra qalın armatur çərçivə ilə qaynaqlanıb örtülmüş dəmir qapılı balaca bir sahədir. «Zek»in ayaqları tutulmasın və üzünə hava dəysin deyə, gün ərzində bir dəfə onu bu tövləyə çıxarır və 15-20 dəqiqə burda saxlayırlar. Tövlələrdən bircəsi 40 kv. metrdir. Digərlərində heç gəzmək, daha doğrusu «tasovka»58 üçün yer də çatışmır. Məhz, həmin tövlədə «tasovka» etmək üçün «burjuylar» arasında rəqabət aparılır. Hansı kamera 5 re versə, həmin gün böyük tövlədə «tasovka» edir, həm də düz bir saat. Yalnız bu gəzinti «zek»i hələ də həyatın mövcudluğuna inandırır. Tavan yerindəki dəmir barmaqlığın arasından görünən mavi səma, qara bulud bir də Bayıl türməsinin həyətindəki böyük tut ağacı ona həyatın varlığını andırır.
İybilmə qabiliyyətini, qismən də olsa, saxlamış burnumuz çöldən kameraya qayıdarkən bizə it damına girdiyimizi xatırladırdı. İnsanın iyi itin iyindən də pis olarmış, İlahi! Bu iyin heç olmasa azalması xatirinə hər həftə hamamçıya 10 re pul verməlisən ki, kameraya hamam günü təyin etsin.
Bütün bu təşkilatçılıq işi, ərzaq məhsullarının alınması və səmərəli bölüşdürülməsi, kamera haqlarının vaxtında verilməsi «avşaq»m vəzifə borcudur…
… İclası Yaşa açdı. Giriş sözü qısa və aydın söylənildi. Köhnə «avşaq»ın təcrübəsizliyi, cavanlığı, buraxdığı xırda səhvlər qeyd edildi. Üzlərdə şən təbəssüm də hiss olunurdu, istehza da. Çıxışlar başlandı.
Həmdəmov Əzizalı söz alıb əvvəlcə sakit, sonra tələsə-tələsə qısa çıxış etdi:
– Bizə qoç lazım deyil, ağıllı yoldaş lazımdır. Elə öz adamımızı Allah özümüzə yetirib. Müəllim olsun «avşaq».
Cəfər onun sözünü ağzından aldı:
– Şərikəm. Dünyagörmüş adamdır. Xosrov kişidən də yaxşı «avşaq» olardı, ancaq onun məhkəməsi başlayır, bu günlərdə gedəcək. Müəllim təzə gəlib, hələ azından altı ay buradadır. Onu seçsək, uzun müddət işləyə bilər.
Bir qımıldandım ki, deyəm, «Özünə qismət olsun altı ay», ancaq səbrimi basdım, çaşdığını fikirləşdim. Hardan biləydim ki, Cəfər hələ mənə hörmət eləyib, müddəti yanbayan azaldıb?!
Səsverməyə ehtiyac qalmadı. Çıxışçıların hamısı bir rəy verdi, yekdilliklə seçildim. Sevindirici idi, acınacaqlı idi, deyə bilmərəm, ancaq bir hiss çökmüşdü ürəyimə: bu yol uzaq yol olacaq! Sonu məchul, qaranlıq bir dəhliz boyunca addımlayırdım. Bu qəribə estafet heç də təsadüfən verilmirdi mənə. Tale acı oyuna başlamışdı mənimlə – bu hələ acı oyunun tumurcuqları idi.
Ömür yolumuza diqqət kəsilsək, hər günümüz, həyatımızdakı hər əlamətdar və yaddaqalan günümüz ağıllı rejissorun səhnə dəyişikliyi kimi qanunauyğun şəkildə qabaqcadan ölçülüb-biçilib. Bir yer boşalmamışdan əvvəl həmin rolun ifaçısı seçilir, bəlkə, bir gün qabaq, bəlkə, bir gün sonra öz yerinə oturdulur. Qismət deyirlər buna.
Qismətimə «avşaq» olmaq düşmüşdü…
Seçildiyim gün, daha doğrusu, gecə ədalətli olacağıma söz verdim. Kimə? Özümə! Daha bu dünyada əlim yetən heç kəsim yox idi. Elə həmin gecə də yadıma düşdü ki, əlamətə inanan olmasam da, 1984-cü ildə bir qaraçı əlimdən tutub yarıxoş-yarızor «falıma» baxmışdı.
– Səni uzun yol gözləyir, dostlarından qoru özünü, – demişdi. Qoruya bilmədim. Dodaq-dodağa öpüşdüyüm, hər axşam sağlığıma badə qaldıran, mənim hesabıma yeyib, mənim hesabıma şellənən «ürək» dostlarımdan, «kürək» dostlarımdan, «gərək» və «çörək» yoldaşlarımdan qoruya bilmədim özümü. Bədbəxt qaraçının sözünü qəribliyə salıb, bədbəxt günə qaldım. İndi bu uzun yolun başlanğıcında özümü toplayıb hər şeyə hazır olmalı, çətin də olsa, yaşamalıydım. Əgər buna yaşamaq demək olardısa…
Səhəri gün kamerada hər şey dəyişdi. Bayıl türməsində yüz ildən bəri ilk dəfə 39-cu kamerada iməcilik tətbiq olundu. Təmizlik işi dərdlilərin dərdini, azacıq da olsa, yüngülləşdirirdi.
«Obşak» pulları toplandı – cəmi 800 manat alındı. Ayın birinə kimi hələ bir həftə vardı. Buna baxmayaraq, «oper» Xasaya 200 re verib, «petux»u kameradan uzaqlaşdırdım. Atdığım bu addım hamıya, xüsusən Əzizalıya yaxşı təsir bağışladı. Allahı sevən və ona itaət edən Həmdəmov, ümumiyyətlə, çox şeydən iyrənir, kamera həyatına, «petux»un varlığına dözə bilmirdi. Nisbətən az danışan, qaraqabaq Adil də bu addımı alqışladı.
(Sonralar Əzizalı işləri dolaşdıqca, həbsdən yaxa qurtara bilməyəcəyini başa düşdükcə, Allahdan üz çevirməyə başladı).
Növbətçilik cədvəli tutdum. Vəzifə bölgüsü aparıb hamını işlə təmin etdim. Başqa «avşaq»lardan fərqli olaraq, çörəyin və ərzağın ata malı kimi düzgün bölünməsinə şəxsi nəzarət etdim. Güman etdim ki, hər şey qaydasındadır və narazı qalan yoxdur.
Günlər beləcə ötürdü. Dəmir qapıdan, dəmir barmaqlıqlı pəncərədən çöldəkilər barədə məlumat ala-ala ömrü boşa verirdik. Nə müstəntiqdən xəbər vardı, nə məhkəmədən; başqaları kimi mən də yaddan çıxmışdım. Özüm öz taleyimlə barışaraq gözləyirdim.
Kamerada mehribançılıq hökm sürürdü. «Proqulka»dan sonra domino oyunu başlayır, düz nahara kimi davam edir, nahardan sonra yenidən qızışırdı. Başqa