Yaxşılıq et, hörmət elə.
Yaman olma yamanlığa,
Abad istə viranlığa,
Harda olsan insanlığa,
Yaxşılıq et, hörmət elə.
Hamı haqqı gələ deyib,
Alçaqları ölə deyib.
Atalar da belə deyib,
Yaxşılıq et, hörmət elə.
Azaflının zər sözüdü,
İgid sözü, ər sözüdü.
Dahilərin hər sözüdü,
Yaxşılıq et, hörmət elə.
Düz sözünə, düz vədənə,
Sən gələndə mən gülərəm.
İstəyimi dönə-dönə,
Sən biləndə mən gülərəm.
Sevdamızı şeş istərəm,
Günlərini xoş istərəm.
Bir istəsən beş istərəm,
Sən güləndə mən gülərəm.
Azaflıyam, daş-qaşımı,
İtirməyəm sirdaşımı.
Həsrət tökən göz yaşımı,
Sən siləndə mən gülərəm.
Ürək yanar məkanında,
Dörd paradır, kimə deyim?
Qohum, qardaş, dost yanında,
Üz qaradır, kimə deyim?
Bu yerlərin varı kimin,
Bu dağların qarı kimin?
Bu bağların barı kimin,
O hardadır, kimə deyim?
İçi zülmət, çölü şoxdu,
Dahi acdı, zalım toxdu.
İşim çoxdu, gücüm yoxdu,
Nə çaradır, kimə deyim?
Azaflını satan sahib,
Oddan oda atan sahib,
Divan yerin tutan sahib,
Nə karadır, kimə deyim?
Dostum, vara bel bağlama,
Axar gələr, axar gedər.
Namərd yara dil bağlama,
Səni oda yaxar gedər.
Zəmanənin ilanları,
Bəzər-düzər yalanları,
Sənə səcdə qılanları,
Bəxt yatanda çıxar gedər.
Nə fələkdə kəramət yox,
Nə dövranda ədalət yox,
Nə əcəldə bir mürvət yox,
Tanrını da yıxar gedər.
Yaxşı ola adın, sanın,
Sorulmaya qanın, canın.
Azaflı da bu dünyanın,
Gərdişinə baxar gedər.
Yaxşılarnan yox arası,
Dünya axmaq dünyasıdı.
Ağından çox var qarası,
Dünya sarsaq dünyasıdı.
Dahiləri çəkər nələr,
Zalımları tufan ələr.
Kim güclüsə qalib gələr,
Dünya toxmaq dünyasıdı.
Haqqa yoxdur pay, Azaflı,
Həqiqəti zay, Azaflı,
Müxtəsəri, ay Azaflı,
Dünya yaltaq dünyasıdı.
Mehrim, xənnas pul eylədi,
Səni məndən, məni səndən.
Yalan, acı dil eylədi,
Səni məndən, məni səndən.
Canı candan qəm ayırdı,
Şanı-şöhrət, dəm ayırdı.
Ey vəfasız, kim ayırdı,
Səni məndən, məni səndən?
Azaflındı ağlar gözdü,
Zalım, qəlbin necə dözdü?
Həyat pozdu, əl-əl üzdü,
Səni məndən, məni səndən.
Könül açan şeir yazsam,
Əllər onu əldən alar.
Söz gücünü məhəbbətdən,
Bir ürəkdən, dildən alar.
Acı sözlər zəhər dadar,
Acısını səbir udar.
Çökür tikan əl qanadar,
Gül ətrini güldən alar.
İçdim eşqin min camını,
Bəla sandım hər tamını.
Azaflı da ilhamını,
Öz ustadı eldən alar.
Dünya peyda olan gündən,
Bəşər zaman əlindədi.
Qanun təbil çalan gündən,
Yaxşı yaman əlindədi.
Nahaqq dinir, haqq utanır,
Kişiliyi xər nə qanır?
Əsil olan ürək yanır,
Qəlbi vicdan əlindədi.
Xeyir olmaz şərin uğru,
Mömin donda gəzər oğru.
Azaflı, de, əyri, doğru,
Hər şey insan əlindədi.
İnsan oğlu, nə deyərsən,
Bu dünyaya nələr gəlməz?
Taleh üçün tor atarsan,
Qismətinə gələr, gəlməz.
Qul da ölər, şah da ölər,
Varlı ağlar,