Muhammed. Son peyğəmbər. Лев Нусенбаум. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Лев Нусенбаум
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8448-8-7
Скачать книгу
bəlaya çevrilir.

      Bədəvilərin yurd saldığı səhra vadiləri su ilə dolur. Onlar birdən-birə çaylara çevrilir. Köhnə ölü çay yataqlarına həyat gəlir. Dəyələr dağılır, sel dəvələri alıb aparır. Səhra tayfaları qəflətən çay sahilinə çevrilmiş qum təpələrinin üstünə çıxıb özlərini xilas edirlər. Sonra yağış kəsir, səhra böyük lil bataqlığına çevrilir. Heç kəs ora ayaq qoya bilməz, nə insan, nə də heyvan. İki-üç saat keçir, gilli qumun üstündə səhra mamırı peyda olur. Yenidən Günəş yandırıb-yaxır və göylərin bəxş etdiyi suyu amansızcasına sümürüb udur.

      Səhra öz köhnə simasını yenidən bərpa edir, yenidən viranələşib çılpaqlaşır, cansızlaşır. Bədəvi salamat qalan sərvətini ağır-ağır toplayır, ağır-ağır sakitliyə, amansızlığa və yabanılığa üz tutur. Külək səhra qumunu yenidən burub qaldırır; sonsuz, tənha və quru qum çölü baş alıb gedir. Köçəri qumda günlərlə yol yeriyir. Onun dəvəsi saatda on-onbeş kilometr məsafə qət edir. Düşüncələr ağır-ağır kütləşir. Qumun və səmanın mavi dünyasından başqa gözə heç nə dəymir, tezliklə səmanın harda qurtardığını, qumun harda başladığını da bilmirsən. Üz tutub səhra ilə gedirsən, yarımürgülü, yarıoyaq və yuxu ilə gerçəkliyin sərhədində həmişə eyni şey dayanır: boz, sonsuz, monoton səhra – qum.

      Səhrada heç nə insan fantaziyasını qıcıqlandırmır. İnsana heç nə sirayət etmir. Şərqin pəndəmliyi səhrada yaranmışdır, boşluq və tənhalıq içində, sonsuz karvan yollarında. Acıq püskürtüsü, bədəvi enerjisinin qəfil leysanı da böyük düzənliyin yumşaq qumundan törəyir. Səhra insanının beynini çox az olaylar ehtirasa gətirir, onun dincəlməyə, düşünməyə, götür-qoy etməyə yetərincə vaxtı var. Səhra insanının beyni səhra havasının, səhra qumunun özü kimi quru və aydındır. Orda çox az fikirlər özünə yer tapır. Lakin bu fikirlər onun sadə qəlbində möhkəm və dərin bir lövbər salmışdır.

      Səhra insanında dünyanın lap başlanğıcından bir fikir kök atmışdır: gözlənilməzlik fikri. Səhra özü gözlənilməzlikdir. Bugün o, adama xurma ağacı, biraz su bəxş edir. Sabah səmum özünü yetirib son dəvəni də əlindən alır.

      Heç kim səhranın nə gətirəcəyini bilmir. Çünki səhra bir heçlikdir və bu heçlik güclüdür, köçərinin özündən də güclü. İnsan itaətlə səhranın gözlənilməzliyinə təslim olur. Onun zorakılığına imdadsız-imdadsız dözür. Onun qorxusu bədəvini öz buxovunda saxlayır, səhra onun üçün açılmaz bir tapmaca, fövqəlgüc bir taledir. Bədəvi başına yağan olaylara müqavimətsiz boyun əyir.

      Ərəbistanın ondadoqquzu səhradır. Qalan ondabiri hər gün səhraya çevrilə bilər. Ərəbistanın insanları səhraya itaət göstərməlidir – onlar fatalistdirlər.

      Nə insandır bu? O, qumda yaşayır, elə özü də qum kimidir, böyük dünya üçün əhəmiyyətsiz, dəyişməz, minillər boyunca sabit. Dünyanın ilkindən bu yana ərəb xalqı dəyişməyib. Necə var, eləcə donub qalıb, içindən çıxdığı, üstündə yaşadığı, ayrıla bilmədiyi səhranın özü kimi.

      Bəs bu xalq nə xalqdır?

      SƏHRA XALQI

      Biz ərəbləri yalnız dilənçi və yolçu kimi tanıyırdıq.

Yezdəgird Vadbaxt4

      İshaq dünyaya gələndə İbrahim kənizi Hacəri və oğlu İsmaili öz dəyəsindən qovdu. Bibliya onların başına gələnlərdən heç nə bilmir. Amma kahinlər xəbər verirlər ki, İsmail səhrada Lilitin qızlarına rast gəlir. Ərəb xalqı həmin qızlardan və İbrahimin oğlundan törəyir; bu xalq güclü şəkildə artıb-çoxaldı; amma onun yaşadığı səhra bəhrəsiz və çılpaq idi. Xalqın varlığını o şərtləndirirdi. Xalq bir oazisdən digərinə köçür, bir ovuc otlaq quruyana qədər öz mal-qarasını otarır və xırda bir tayfanın yaşaması üçün Avropadakı orta əyalətlərdən biri boyda ərazidən istifadə edirdi. Amma xalq həddən ziyadə artıb-çoxalanda, mal-qara üçün otlaq sahələri çatışmayanda onun bir hissəsi qalxıb köç edir. Nil və Fərat sahillərində həmin köçkünlər yad ölkələrin qorxulu qəsbkarlarına, yaxud yabançı başçıların xidmətində muzdlulara çevrilirdilər.

      Hər oniki-onbeş əsrdənbir sakinləri artıb-çoxalmış səhradan köçlər təkrarlanırdı. Dünyanın ilkindən bu köçkünlər bircə yol tanıyırdılar. Mesopotamiyaya, bərəkətli Suriya və Fələstin torpaqlarına aparan yolu. Suyu əsirgənməmiş bu ölkələrdə səhra xalqı oturaqlaşır. Dövlətlər qurur, evlər tikir və bundan sonra Ərəbistandakı geridəqalmış, cahil qardaşlarını özünə tabe etdirir. Beləcə sami müdaxiləsi ilə Ərəbistandan dünya səltənətləri Assuriya və Babilistan, qədim dünyanın mədəniyyət mərkəzləri meydana gəldilər.

      Həmin səltənətlərin əsasını qoymuş xaldeylərin5 arxasınca Ərəbistanın dərinliklərindən Bibliyanın saysız xalqları baş alıb gəldilər. Sonra Roma çağlarında aramilər.6 Samilərin ulu vətəni özünün döyüşkən tayfalarını birəldən şəhərlərin və əkin sahələrinin dünyasına göndərirdi. Altıncı yüzilin başlanğıcında qədim dünyanın üfüqündə yeni səhra xalqı – ərəblər baş qaldırana qədər heç vaxt ara verməyən kiçik təsadüfi köçləri uzun fasilələrlə böyük ekspansiyalar əvəz etdi.

      Ərəb xalqı iki böyük hissəyə ayrılır – səhrada səhranın hökm etdiyi kimi yaşayanlara və səhrada Mesopotamiyadakı, yaxud Suriya və Misirdəki kimi yaşamağa çalışanlara: köçərilərə və oturaqlara. Onların hər ikisi bir-birinə dərindən və barışmaz nifrət bəsləyir. Bədəvi üçün oturaq ərəb bir növ quldur, yengili qılıncından daha çox, cütünə bağlanmış insandır. Oturaq da öz növbəsində özü hələ dünən bədəvi olmuş dönüyün var gücü ilə bədəviyə, səhranın cahil çapqınçısına nifrət edir.

      – Qüdrət Sahibi dünyanı xəlq edəndə, bədəvi söyləyir, küləyi götürüb buyurdu: «İnsan ol!» Və Allah küləkdən bədəvini yaratdı. Sonra bir ox götürdü və həmin oxdan səhra atı yarandı. Sonra Qüdrət Sahibi bir topa zibil götürdü və həmin zibildən eşşək əmələ gəldi. Yalnız birinci eşşəyin təsindən Aləmlərin Rəbbi Öz ulu mərhəməti ilə oturağı – şəhərlini və kəndlini xəlq etdi.

      Amma oturaq da cavabda borclu qalmır. Hansı səhra adətinə görə isə bədəviyə o, ikrahla: «Qadını bakirədən ayıra bilməyən kişi» deyir ki, bununla da şəhərlə səhra arasındakı fərqə işarə vurur.

      Hər necə olsa da, ərəblərin ən yaxşıları və ən dəyərliləri səhrada yaşayır. Səhra həyatı sərtdir və təhlükə ilə doludur. Səhra insanı dəmir intizama tabe olmalıdır. O, şəhər dünyasına yad olan müdafiə tədbirləri görməlidir. Təkbaşına burda heç nə eləmək olmaz. Təbiətin gücünü yenmək üçün o, birliklərə, dəstələrə qoşulmalıdır. Ərəbin öz yörəsində gördüyü ilk və əksər insanlar onun ailə üzvləridir. Bunlarla o, ömürlük ittifaq qurur. Bu ittifaq tayfadır. Qərbdəki insanlar bugün tayfanın nə olduğundan xəbərsizdirlər. Onların tanıdıqları ailədir, birliklərdir, dövlətdir. Ailənin qayğısı çəkilməlidir, dövlətə xidmət etmək lazımdır, birliyinsə gərək üzvü olasan. Amma bunların


<p>4</p>

«Adların siyahısı»nda: Üçüncü Yezdəgird.

<p>5</p>

Xaldeylər – e.ə. 1-ci minilliyin 1-ci yarısında Babilistanda yaşamış tayfa.

<p>6</p>

Aramilər – Ərəbistan yarımadasında yaşamış köçəri sami tayfaları. E.ə. 2-ci minilliyin sonlarında Ön Asiyaya yayılmış aramilər Suriya və Şimali Mesopotamiyada kiçik dövlətlər yaratmışdılar. Aramilərin sonrakı nəsilləri assuriyalılardır.