Kreyser Sonatası.. Лев Толстой. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Лев Толстой
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8450-1-2
Скачать книгу
ekonomun1 üzünə çırpmış, dediyi sözü danıb, yalan danışdığı üçün zabitin üstünə atılıb vurmuşdu onu. Əgər korpusun direktoru ekonomu qovaraq, işi gizli saxlamasaydı, yəqin ki, Stepanı soldatlığa keçirəcəkdilər.

      On səkkiz yaşında ikən kadet korpusunu bitirib, qvardiyaçı aristokrat alayına zabit keçdi. İmperator Nikolay Pavloviç onu hələ korpusda oxuduğu vaxtlardan tanıyırdı və alaya keçəndən sonra da mükafatlandırmışdı və buna görə də onun flikel-adyutant olacağına heç kim şübhə etmirdi. Və Kasatski bunu çox arzulayırdı, özü də şöhrətpərəstlikdən yox, hələ kadet korpusunda oxuduğu vaxtlardan Nikolay Pavloviçi böyük ehtirasla sevdiyinə görə arzulayırdı. Nikolay Pavloviç hər dəfə korpusa gələndə, – imperator buraya çox tez-tez gəlirdi, – hərbi sürtuk geymiş bu hündürboylu, qabarıq sinəli, qozbel burnu bığlarının üstünə sallanan, kəsik bakenbardlı, əzəmətli səsə malik hökmdar kadetlərlə salamlaşanda, Kasatski əsl aşiq kimi vəcdə gəlir, valeh olurdu, ona sonralar, sevdiyinə rast gələndən sonra da məhz belə fərəh hissi keçirirdi. Amma Nikolay Pavloviçə məhəbbətdən doğan fərəh daha güclü idi: özünün sonsuz sədaqətini göstərmək, onun yolunda nəyindənsə keçməyə, lap həyatını qurban verməyə hazır olduğunu bildirmək-istəyirdi. Və Nikolay Pavloviç bu gəncdə belə hisslər doğurduğunu bilir və qəsdən oyadırdı bu hissləri. O, kadetlərlə oynayırdı, onları başına yığıb, gah uşaq kimi, gah dost, yoldaş kimi, gah da təntənəli şəkildə söhbət eləyirdi yeniyetmələrlə. Kasatskinin zabitlə toqquşmasından bir qədər sonra Nikolay Pavloviç ona heç bir söz demədi, ancaq Stepan ona yaxın gələndə imperator onu qeyri-təbii şəkildə özündən uzaqlaşdırdı və qaşlarını çatıb, barmağı ilə hədələdi, çıxıb gedəndə isə dedi:

      – Bilin, mənə hər şey məlumdur, ancaq mən bəzi şeyləri eşitmək istəmirəm. Onlar hamısı bax, burda qalır.

      O, ürəyini göstərdi.

      Korpusu bitirən kadetlər onun yanına gələndə, olub keçənləri yada salmadı, həmişə olduğu kimi dedi ki, hamısı birbaşa ona müraciət edə bilərlər, sonra hökmdara və vətənə xidmət eləməlidirlər, o – imperator isə həmişə onların birinci dostu olaraq qalacaq. Həmişəki kimi hamı kövrəldi, Kasatski isə keçmişi yadına salıb ağladı və özünə söz verdi ki, sevimli çara bütün varlığı ilə xidmət eləyəcək.

      Kasatski alaya keçəndən sonra anası ilə bacısı əvvəlcə Moskvaya, sonra isə öz mülklərinə – kəndə qayıtdılar. Kasatski var-dövlətin yarısını bacısına verdi, yerdə qalanı isə xidmət elədiyi dəbdəbəli alayda özünü dolandırmaq üçün ancaq kifayət edirdi.

      Zahirən Kasatski özü üçün mənsəb, karyera düzəldən ən adi qvardiyaçı zabit idi, daxilində isə çox mürəkkəb və gərgin bir iş, proses gedirdi. Görünür bu iş lap uşaqlıq çağlarında başlanmışdı və məzmunca dəyişsə də, məqsədi bir idi: ömrü boyu hər yerdə, hər işdə kamilliyə nail olmaq və qazandığı uğurlarla hamını heyrətləndirmək, hamıdan tərif eşitmək. İstəyir dərs olsun, istəyir təlim, işə başladımı, o qədər çalışırdı ki, axırda hamı onu tərifləyir, nümunə göstərirdi. Bir məqsədinə nail olandan sonra, başqa işin qulpundan yapışırdı. Müxtəlif fənlər sahəsində birinciliyi belə qazandı: korpusda oxuyarkən fransız dilindən azacıq axsadığını görüb, qarşısına məqsəd qoydu ki, fransız dilini də rus dili kimi təmiz öyrənsin, öyrəndi də; şahmatla məşğul olmağa başlayanda da o qədər çalışdı ki, hələ korpusda oxuduğu vaxtlarda əla şahmatçı oldu.

      Həyatının çara və vətənə xidmət etməkdən ibarət olan ümumi məqsədindən savayı, o, özü üçün həmişə başqa bir iş, başqa bir məqsəd də tapırdı və bu son dərəcə kiçik, dəyərsiz şey olsa da, Kasatski özünü ona həsr eləyir, qarşısına qoyduğu bu məqsədə çatanadək həmin yoldan əl çəkmirdi. Lakin o, müəyyən məqsədinə çatan kimi beynində başqa bir iş, başqa bir məqsəd doğur, əvvəlkini əvəz edirdi. Onun həyatını rövnəqləndirən, mənalandıran da məhz bu səylər idi, fərqlənməyə çalışması, fərqlənməkdən ötrü hansı bir məqsədə can atması idi. Zabit olandan sonra xidmət vəzifələrini dərinliyinə, son dərəcə incəliyinə qədər öyrənməyi qarşısına məqsəd qoydu və tezliklə nümunəvi zabit kimi tanındı, di gəl, əvvəlki qüsuru yenə də qalmaqdaydı və yenə də qeyzlənib özündən çıxanda irəli getməsinə maneçilik törədən hadisələrə, ziddiyyətlərə səbəb olurdu. Sonra kübar söhbətlərində ümumi savad cəhətdən zəif olduğunu hiss eləyib, bu kəsirin yerini doldurmaq üçün kitablara kirişdi və məqsədinə nail oldu. Sonra ən yüksək kübar cəmiyyətində parlaq mövqe qazanmaq fikrinə düşdü və çox tezliklə gözəl rəqs etmək öyrəndi və elə bir mərtəbəyə çatdı ki, onu kübarların evlərində təşkil olunan bütün ballara və bəzi kübar məclislərinə dəvət etməyə başladılar. Lakin bu, qane eləmədi onu. Çünki həmişə birinci olmağa alışmışdı, indi isə heç də birinci deyildi.

      Zənnimcə o vaxt da, indi də, həmişə və hər yerdə kübar cəmiyyət dörd növ adamlardan ibarət olmuşdur: 1) varlılardan və saray adamlarından; 2) varlı olmayan, amma sarayda doğulub boya-başa çatan adamlardan; 3) saray adamlarını təqlid edən, özlərini onlara oxşadan varlılardan və 4) həm varlıları, həm də saray adamlarını təqlid edənlərdən. Kasatski birincilərə aid deyildi. Onu axırıncı iki dairədə daha həvəslə qarşılayırdılar. Hətta kübar cəmiyyətə ayaq açanda qarşısına məqsəd qoydu ki, kübar qadınlardan biriylə əlaqə yaratsın və heç özünün də gözləmədiyi halda, çox tezliklə nail oldu məqsədinə. Lakin çox tez bir zamanda gördü ki, hərləndiyi dairələr aşağı dairələrdir, bundan yüksək dairələr də var və bu yüksək saray dairələrində onu qəbul eləsələr də, hər halda özgə kimi baxırlar ona; doğrudur, onunla nəzakətlə rəftar eləyirlər, di gəl, rəftardan aydın görürdü ki, onlar üçün özgədir. Və Kasatskinin ürəyindən bu yüksək saray dairələrinin öz adamı olmaq arzusu keçdi. Bunun üçün gərək ya fligel-adyutant olaydı, – bu rütbəyə tezliklə yetişəcəyinə inanır və gözləyirdi bunu, – ya da, həmin dairəyə mənsub qadınla evlənməliydi. Və o, evlənmək qərarına gəldi. Və özü üçün elə gözəl bir qız seçdi ki, nəinki yüksək saray dairələrinə mənsub idi, hətta bu cəmiyyətin ən yüksək təbəqəsinə mənsub adamlar həmin xanımla münasibət yaratmağa, yaxınlaşmağa çalışırdılar. Bu, qrafinya Korotkova idi. Kasatski yalnız mənsəb qazanmaq xatirinə qulluq göstərmirdi ona, qrafinya çox gözəl və yaraşıqlıydı və Kasatski tezliklə vuruldu bu qıza. Əvvəllər qrafinya onunla çox soyuq rəftar eləyirdi, sonra isə birdən hər şey dəyişdi və qrafinya mehriban oldu, anası isə Kasatskini tez-tez evlərinə dəvət eləməyə başladı.

      Kasatski niyyətini bildirdi və razılıq aldı. Belə bir səadətə asanlıqla nail olması, eləcə də həm qızın, həm də anasının rəftarındakı qəribəlik təəccübləndirdi onu. Sevgi onun gözlərini elə bağlamışdı ki, şəhərdə hamının bildiyi şeydən xəbər tutmamışdı, demə onun adaxlısı bir il əvvəl Nikolay Pavloviçin məşuqəsi olub.

      II

      Təyin olunmuş toy gününə iki həftə qalmış Kasatski adaxlısıgilin Tsarskoye Selodakı bağlarındaydı. İsti may günləriydi. Adaxlılar bir qədər bağda gəzib, cökə xiyabanının kölgəli yerində qoyulmuş köşkdə oturdular. Ağ liseyi


<p>1</p>

Ekonom – təsərrüfat müdiri (tərc.)