Pənah bəy bu xəbəri Nadir şaha çatdıranda Nadirin gözlərində elə bil yeni bir parıltı gördü. Qırmızı yox, almazdan qopan, qövsi-qüzehə bənzər bir neçə rəngli parıltı. Gördümü, görmədimi, onu dəqiq deyə bilmirdi. Amma ona belə gəldi.
Nadir şah soruşdu:
– Pənah bəy, oğlum, o almazı racadan necə ala bilərik?
– Başı ilə birlikdə.
– Yox. Bu siyasət olmadı. Siyasət ayrı şeydi. Sən sərkərdə, igid kimi danışırsan. İndi sarayın zərgərini mənim yanıma çağırtdır.
Pənah bəy çıxıb zərgərlə bərabər qayıtdı. Taxtın yanındakı balaca kürsüdə on dörd-on beş yaşında sərkərdə əyləşmişdi. Zər-ziba içərisindəydi. Onun iri gözləri Pənah bəyin çox xoşuna gəlmişdi. Atası onu həmişə özü ilə gəzdirirdi. Qoy hamı bilsin ki, Nadir şah Əfşarın övladı var və o, gələcək şahdı. Söz yox ki, Nadir şahın oğlundan da gizli sirri yox idi.
Nadir şah dedi:
– Zərgər, hökmdar tacının eynini iki günə düzəldərsən. Ancaq qızıl yerinə qızıl kimi parıldayan mis, yaqut yerinə ucuz daşlar, almaz yerinə şüşələr qoyarsan.
– Baş üstə. Amma niyə belə ucuz?
– Sənə nə deyirlər onu elə. Amma əsl tacdan seçilməsin. Düzəldə bilərsən?
– Düzəldərəm.
Zərgər tez ölçüb-biçmişdi. Bu ölkədə o qədər ucuz daş-qaş vardı ki, nə yaqutdan seçilirdi, nə zümrüddən. Onlardan yükünü tutmuşdu. Geri qayıdanda yaxşı qazanacağını fikirləşirdi.
– Zəhmət haqqını əsl qızıl, daş-qaşla işlədiyin işindən ikiqat artıq verəcəyəm.
Zərgər heç nə başa düşmədi. Baş əyib getdi.
Pənah bəy də Nadirin fikrini dərk eləyə bilmədi.
– İndi başa düşdün, övladım?
– Hələ də yox.
– Onda tapşırıq ver, racanı üç gün sonra qonaq çağırsınlar. Axı, mən ona toxunmuram, özünü də qonaq çağırıram.
Racanın yanına adam göndərdilər ki, Nadir şah onu qonaq dəvət edir. Çox vacib söhbətləri olacaq.
Racanın da saysız-hesabsız nökər-naibləri vardı. Onun kimi racalar Hindistanda az deyildi. Amma onların heç birini ölkəni tutan Nadir şah bu şərəfə çatmağa layiq bilməmişdi. Raca da özünü xoşbəxt hiss elədi. İçərisində almazı gizlətdiyi çalmanı başına qoydu. Qızıla tutulan kəcavəsinə mindi, dörd nəfər onun kəcavəsini çiyinlərinə qaldırdı. O, filin üstündəki kəcavəsində də gələ bilərdi. Amma bu, ölkəni tutmuş yadelli hökmdarın xoşuna gəlməzdi. Qədim silahlarla silahlanmış, amma çiyinlərinə tüfəng qoyub, qundaqlarını ovuclarının içində saxlayan mühafizə dəstəsi arxadan, qarşıdan və yanlardan onu müşayiət edirdi. Raca kəcavənin pərdəsi arxasından nifrətlə ona baxan həmvətənlərini görüb təəccüb edirdi. Həmişə onun başına gül ləçəkləri səpən bu adamlar niyə düşmənə dönmüşdülər. Bəlkə də onun Nadir şahın hörmətini qazandığını görüb belə olmuşdular.
O, üzünü çevirib pərdəni saldı.
Sarayın qapısında Nadir şah özü onu qarşıladı, raca əllərini qoşalayıb başını qaldırdı. Nadir şah da onun kimi racanı hind adəti ilə salamladı. Tərcüməçi vasitəsi ilə söhbət edə-edə taxta tərəf addımladılar. Taxtın yanında bir kürsü də qoyulmuşdu. Nadir ona yer göstərdi. Raca təşəkkür edib oturdu, amma əvvəl şahın əyləşməsini gözlədi.
Nadir şah ziyafətdən əvvəl mərasim keçirmək qərarındaydı. Ona görə də əyan-əşrəf taxtın qarşısından iki cərgə ilə dayanmışdı.
Nadir şah sözə başladı:
– Hörmətli raca, bizim özgə ölkənin torpağında gözümüz yoxdur. Öz torpağımız özümüzə bəsdir. Bizi bu ölkəyə səfər etməyə məcbur eləyən köhnə müqavilələrə əməl olunmamasıdır. Hələ Səfəvi şahı Təhmasibin vaxtında, Hindistan hökmdarı Hümayun2 taxtdan salınmışdı. O, ölkəmizə qaçıb kömək istəmişdi. Təhmasib ona qoşun verib geri qaytarmış, Hümayunu təzədən taxta oturtmuşdu. Bağlanan müqaviləyə görə o, hər il İran mülkünə xərac verməliydi. Özü və özündən sonra gələn nəsilləri. Bu, əbədi bir borc idi. Lakin vədini yerinə yetirmədi. Neçə yüz ildir ki, o borclar yığılıb qalıb. Bizim ölkədə deyirlər ki, borclu borclunun sağlığını istər. Gəldik, borclarımızı, xəracımızı aldıq, indi geri qayıtmaq istəyirik.
Raca gülümsəyirdi. Bu, nəzakət xatirinə idi. Racadan olsa Nadir şah qayıtmazdı. Bu ölkədə qalardı. Ölkədən yığdığını o, ölkənin özünə xərclərdi. Axır ki, Hindistanın da güclü qoşunu, güclü hökmdarı olardı. Hər halda bu hökmdarın ona hələlik heç bir ziyanı dəyməmişdi.
– Nadir şahdan xahişimiz odur ki, getməsin, qalsın.
Bu sözdən sonra Pənah bəyin dodağı azacıq qaçdı. Onun yadına Molla Nəsrəddinin bir lətifəsi düşmüşdü.
Bir gün Teymurləng döyüş fillərini yemləmək üçün yaxındakı kəndlərin hərəsinə birini verir. Həmin kəndlərdə bağ-bağça, bostan qalmır, fillər hamısını məhv eləyir. Kim də Teymurləngin üstünə şikayətə gedirsə, boynunu vururlar.
Axırda Molla Nəsrəddin kəndçiləri onu böyük bir çətinliklə Teymurləngin yanına göndərirlər.
Teymurləng soruşur:
– Molla, nəyə gəlmisən?
Molla deyir:
– Filə görə.
Teymur qışqırır:
– Cəllad bunun da başını vursun.
Molla cavab verir:
– Hökmdar sağ olsun, fil eşitdin, axıra qədər qulaq asmadın. Mən demirəm ki, fili aparsınlar. Mən gəldim ki, hökmdarın fili təkdi, darıxır. Ondan birini də ver aparaq, biri-birilərinə həyan olsunlar.
Teymurləngin kefi açılır.
İndi raca deyəndə ki, Nadir şah getməsin, ondan ötəri Hindistanda darıxırlar, hələ öz başına nə gələcəyindən xəbəri yoxdur.
Nadir şah tez-tez racaya, deyəsən onun ağ ipəkdən tikilmiş, çalmasının mirvarilərdən düzəldilmiş bəzəyinə, ora sancılmış qəribə rəngləri olan lələyə baxırdı. Pənah bəy bu baxışın mənasını indi anlamışdı.
Nadir şah dedi:
– Racanın təklifinə baxıb qala da bilərdim. Ancaq bizim öz ölkəmizin