1.3.2. Caynizm. Caynizm fəlsəfəsinin ardıclıları belə hesab edirlər ki, bu təlim ən qədim dövrlərdə yaranmış və iyirmi dörd müəllimin (tirthankara) ardıcıl fəaliyyəti nəticəsində formalaşmışdır. İlk müəllim Rişabhadeva, sonuncu müəllim isə m.ö. VI əsrdə yaşamış Vardhamana (ona həm də “böyük qəhrəman” -Mahavira da deyirlər). Caynizm termini “qalib” anlamı verən “cina” sözündən götürülüb. Bu təlim tərəfdarlarının fikrinə görə onların iyirmi dörd müəlliminin hamısı bütün ehtiraslara qalib gələrək azadlıq məqamına çatmışlar.
Caynizm təlimi də əsasən idrak nəzəriyyəsi, varlıq və əxlaq təlimlərindən ibarətdir.
Caynizm idrak nəzəriyyəsi qavrayışı biliyin yeganə səhih mənbəyi sayan çarvak-lokayata təlimini qəbul etmir. Bu təlim tərəfdarlarının fikrincə qavrayışdan əlavə məntiqi nəticə və şəhadət də biliyin səhih mənbəyi ola bilər. Əgər məntiqi nəticələr müəyyən məntiqi qanunlara tabedirsə, bu halda onların vasitəsilə səhih bilik əldə etmək mümkündür.
Şəhadət isə o zaman səhih olur ki, o özündə etibarlı avtoritetdən qalmış məlumatı əks etdirsin. Caynist sistemində belə avtoritetlər “cinalar”, və yaxud tirthankaralardır.
Caynistlər idrakın yuxarıda adı çəkilmiş üç mənbəyinə əsaslanaraq kainatın quruluşu haqqında təlim yaradırlar. Qavrayış od, su, hava və torpaq kimi ünsürlərdən ibarət maddi substansiyaları bizə aşkar edir. Nəticə isə məkan (yəni, maddi substansiya harada isə mövcud olmalıdır) və zamanın (çünki dəyişiklik, yəni substansiyaların müxtəlif hallar sırası onsuz anlaşılmır) mövcudluğu inamını yaradır. Eyni zamanda hərəkət və sükunətin “dharma” və “adharma” kimi səbəbləri də var.
Caynistlərə görə təkcə heyvanlar yox, həm də bitkilər, hətta tozcuqlar da cana malikdir. Lakin müxtəlif canlılar heç də bərabər şüura malik deyillər. Onlardan bəziləri, məsələn bitki və yaxud tozcuğun canı yalnız toxunma hissinə malikdirlər. İbtidai canlı orqanizmlər iki, nisbətən inkişaf etmişləri üç, bəziləri isə dörd hissə malikdir. İnsan isə beş hissə malik olaraq, onların köməyi ilə dərk edirlər. Lakin hisslərin hansı səviyyədə inkişaf etməsindən asılı olmayaraq, bədəndə yaşayan can idrak imkanlarına görə məhduddur. Onların gücü də məhdud olub hər bir iztiraba məruz qalırlar.
Bununla belə hər bir can şüurluluq, güc və xoşbəxtlik əldə etməyə qadirdir. Buna isə əsasən canın arzu və ehtiras qüvvəsi, yəni karma mane olur. Karmanın dəf edilməsi ilə can azad ola və təbii kamilliyə yetişə bilər.
Canın azad olunmasına artıq azadlığa yetişmiş müqəddəslərin (tirthankaraların) təlimi və həyatı nümunə ola bilər. Azad olmaq üçün isə üç şey zəruridir: caynizm təliminə mütləq inam, bu təlimi dəqiq bilmək, düzgün davranış. Düzgün davranış isə ədalətsizlikdən, yalan danışmaqdan, oğurluqdan, hisslikdən və hissi obyektlərdən imtinadan ibarətdir. Özümüzdə düzgün inam, düzgün bilik və düzgün davranış aşılandıqdan sonra biz ehtiraslarımıza nəzarət imkanı əldə edirik və materiya bağları ilə canı buxovlayan karmanı kənarlaşdırırıq. Maneələr aradan qaldırıldıqdan sonra can yenidən təbii kamillik: hüdudsuz inam, hüdudsuz bilik, hüdudsuz güc və hüdudsuz bəxtiyarlıq əldə edir. Bu isə elə azadlıq halıdır.
1.3.3. Buddizm. Dünyanın bir çox regionlarında bu gün də çoxsaylı tərəfdar və ardıcılları olan Buddizm m.ö. V əsrdə Qədim Hindistanda yaranmış dini-fəlsəfi təlimlərdən biridir. Sonrakı dövrlərdə, təqribən m.s.III əsrdə Çin, Cənub-Şərqi Asiya ölkələrində də tərəfdarlar tapmışdır.
Bu təlimin banisi Qautama Sidhartha Şakyamuni –Budda (m.ö. 563-483) olmuşdur. Şimali Hindistanda knyaz ailəsində doğulmuş Qautama mürəkkəb həyat yolu keçmişdir –taxt-tac varisi, asket-zahid, müdrik. Həyatının ilk illərini atasına məxsus, hər tərəfdən yaşıllıq və uca divarlarla əhatələnmiş dəbdəbəli sarayında keçirmiş Qautama, ətraf aləmdə daha nələr var deyə saray hüdudlarından kənara çıxır. Rastlaşdığı dörd hadisə onun dünyagörüşündə ciddi dönüş yaradır. Birinci, üzü qırışlı, saç-saqqalı ağarmış qocanı görməsi ona anladır ki, cavanlıq əbədi deyil. İkinci, ağır xəstəlikdən əzab çəkən, üz-gözü xora ilə örtülmüş xəstəni görəndə isə başa düşür ki, sağlamlıq əbədi deyil. Üçüncü, dilənçini görməsi ona var-dövlətin keçici olmasını, insanın malik olduğu hər şeyi nə vaxtsa itirib yoxsullaşa biləcəyini anladır. Dördüncü, dəfn mərasimini görür və başa düşür ki, insan fanidir, əbədi deyil. Beləliklə, Qautama bu nəticəyə gəlir ki, insanın həyatı iztirab və bədbəxtliklərlə doludur. Bütün bu məsələlər haqqında düşünən Qautama onu işıqlandıran, nurlandıran (Budda –nurlanmış deməkdir) və dörd hissədən ibarət həqiqəti kəşf edir. Bu həqiqəti təliminin nüvəsinə qoyan Budda tezliklə çoxsaylı tərəfdar toplayır. Buddizmin nüvəsi olan bu həqiqət –“dörd nəcib qanun” adlanıb aşağıdakılardan ibarətdir:
Birincisi: Həyat iztirabdır, ona görə də şərdir. Tam xoşbəxt olan insan yoxdur.
İkincisi: İnsan iztirablarının və bədbəxt həyatının səbəbi nədir sualına cavab vermək lazımdır. Səbəb insanın əbədi olaraq nəyəsə can atmasındadır. Buddizmdə buna ehtiras deyilir. İnsan daima nəyəsə can atır, nəyisə istəyir, nəyi isə arzulayır, müəyyən arzulara malik olur, sonra isə onları gerçəkləşdirmək ehtirası onu ağuşuna alır. Arzular gerçəkləşməyəndə iztirab çəkir.
Üçüncüsü: İztirabın aradan qaldırılması üçün ehtirasın boğulması, kənarlaşdırılması vacibdir. Yəni, hədsiz-hüdudsuz arzuların gerçəkləşdirilməsi arxasınca qaçıb əzablara düçar olmaqdansa, bu arzuları məhdudlaşdırmaq daha yaxşıdır. Arzu və istəklərin məhdudlaşdırılması Buddizmdə asketizm adlanıb, bu təlimə görə düzgün həyatın yoludur.
Dördüncü: Bu yolun aşkarlanması, və yaxud, şərhidir. Nirvanaya –Böyük azadlığa aparan yol səkkiz mərhələlidir (Səkkizli yol)
1) düzgün baxış –buddizmin əsaslarını və həyatda öz yolunu anlama;
2) düzgün fikir –insanın həyatı onun fikirlərindən asılıdır, fikirlərin dəyişməsi (düzgün olmayandan düzgünə, nəcibə) ilə həyat da dəyişir;
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно