Açar qızıl güllər, zümrüt yapraqlar;
Düşündüm ki, ömrün ilk baharında
Al şəfəqlər saçar qonça dodaqlar.
Düşündüm ki, susar qanlı tufanlar,
Keçər zalım fırtınalar, böhranlar,
Çəkilir dumanlar, sönər vulkanlar,
Ninni söylər bana coşqun ırmaqlar.
Düşündüm ki, bitər hicran dəmləri,
Unutdurur canan həp sitəmləri.
Gülzarı süslərkən xoş qədəmləri
Boyun bükər mənəkşələr, zanbaqlar.
Yazıq!.. Ortalığı zülmətlər aldı,
Ölüm yarı yardan aralı saldı,
Həsrətlər içində ruhum bunaldı,
Qanatdı gönlümü xain dırnaqlar.
Ey səhər yıldızı, ey yosma dilbər!
Utanma gül, bunca nazlanış yetər.
Gül!.. Sussun bülbüllər, qızarsın güllər
Hər gülüşündən, hər sözündən, ay qız!
Gözlərimdə dünya gülər, sən gülsən;
Qiyamət olmaz ki, insafa gəlsən!?
Aləm bilir, nələr çəkdim, ah, bilsən,
Nələr çəkdim sənin yüzündən, ay qız!
Nazlı xuramanı seyr etdikcə bən,
Vurğun gönül rəqs edər sevincindən,
Olmazmı aşiqə bir busə versən
O ahu baqışlı gözündən, ay qız!?
AZƏR DÜŞÜNÜRKƏN…
Azər düşünür… Bəlkə otuz yıldır o hər an
Düşkün bəşərin eşqini, fəryadını inlər.
Yaqdıqca yaqar beynini bir kölgəli böhran,
Əflaka sorar dərdini, yıldızları dinlər.
Göz qırparaq ancaq ona yıldızlar edər naz,
Dilsiz və sağır göylər onun halını duymaz.
Bəsləndi küçük duyğusu azadə çocuqkən,
Pək incə tərənnümlər öpən neylər içində.
Vurğundu o həp şer ilə ahəngə əzəldən,
Ağlar və gülümsərdi təğənnilər içində.
Hər gün yaralar qəlbini bir sıtmalı röya,
Hər gün uyutur dərdini bir nəşəli xülya.
Atəşkədələr, fırtınalar yavrusu Azər
Coşduqca alevlər və köpüklər kibi çılğın…
Bəzən bayılıb sərəli bir heykələ bənzər,
Yorğun gözü həsrətli üfüqlər kibi dalğın.
Bəzən o baqışlar yenə şimşək kibi parlar,
Qəsvət savuran hiçliyi bir anda yaqarlar.
Bir gün acı bir sis o gülümsər yüzü sardı,
Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən.
Bir qulbəyə saqlandı ki, ıssızca məzardı,
Məhrum idi dünyayı saran xeyr ilə şərdən,
Yıllarca dalıb getdi o böhranlı qəfəsdə,
İnsanları özlərdi hər atəşli nəfəsdə.
“Sərsəm, dəli, xudbin!” – deyə itham ilə hər kəs
Bəhs etdilər Azərdən, o aldırmadı əsla!
Həp onca bir alqışla söyüşdən köpürən səs,
Arif keçinənlər ona yan baqmada hala.
Möminlərə sorsan edəcək küfrünə fərman,
Dinsizlərə get, onda bulur şübhəli iman.
Azər daha çoq zevq alır aydın gecələrdən,
Hətta sarışın Ay ona gülmüşdü bir aqşam.
Gülmüşdü bulutlar arasından süzülürkən,
“Hürr ol!” deyə qəlbində doğurmuş yeni ilham.
Artıq o sönük çərçivə şən Azəri sıqmış,
Səyyah olaraq Ayla bərabər yola çıqmış…
Sevdirmiş içindən ona bir cilvə həyatı,
İnsanlara qoşmaq və qavuşmaq dilər əlan.
Duymaq və duyurmaqda bulur zevqi, nişatı,
Yalnızlığa, ıssızlığa qəlbən edər isyan.
İstər bulut olsun da dənizlər kibi aqsın,
İstər Günəş olsun da qaranlıqları yaqsın.
İştə aydın və sərin yaz gecəsi
Veriyor Azərə uçmaq həvəsi,
Asmalıqdan yürüyor rəqs edərək,
Hər bəyaz kölgə birər canlı çiçək…
Nəşədən səndələyən hər yapraq
Sallanır sanki gümüş bir leylaq.
İncə, yaldızlı, sədəf qumlardan
Keçiyorkən… Ona heyran-heyran
Busələr ərz edərək baqdı gülər
Ta uzaqdan çökən atəşkədələr.
Daldı röyalara etdikcə məraq -
Əski məbudları xatırlayaraq.
Yürüyor, həp yürüyorkən Azər
Duydu sahildə dərin zümzümələr.
Sanki hər zümzümə eylər ilham,
Gecənin ruhuna bir tatlı pəyam.
Bütün əşya hərəkətsiz, səssiz,
Yalnız inlər kibi sevdalı dəniz.
Dalğacıqlar öpüşüb titrərkən
Baqışırlardı göyün gözləri şən,
Yol uzun… yolçu yorulmuş artıq,
Dinlənib durdu saatlarca… yazıq!
O dəmin gördüyü dilbər mehtab,
Xasta bir çöhrəyə bənzərdi xərab.
Ona dan yıldızı bakir bir qız
Kibi heyrətlə gülümsər yalınız.
İştə üstün gəliyor zülmətə nur;
Bəlli, bəsbəlli – səhər yaqlaşıyor.
Sönüyor can çəkişən yıldızlar.
Azər açmış da qanat sanki uçar,
O, Günəşdən daha əvvəl oyanan,
Canlanan şəhrə yanaşmış əlan.
Bir yeşil bağça ki, sahil boyuna
Nəşə sərpərdi, həmən qoşdu ona.
Seyr edib bağçayı dinləndi bir az,
Serçələr, gördü, edər razü niyaz.
Həpsi birdən ötüşüb qaynaşaraq
Ninnilər söylədilər oynaşaraq.
Qopdu bir ləhzədə çığlıq, tufan,
Hər ağac dalğası bir başqa cihan…
Bunca