Kerri bacı. Теодор Драйзер. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Теодор Драйзер
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8245-4-5
Скачать книгу
idarəsinin əzəmətli binası qarşısında olan “Fitscerald və Moy” barına yollandı. Orada zəngin piştaxtanın yanında oturdu, bir qədər xalis viski içdi və iki siqara alıb onlardan birini yandırdı. Druenin təsəvvürünə görə belə hərəkət “yüksək cəmiyyət” həyatının adətlərinə daxil idi və bu həyatın daşıdığı mahiyyətin yəqin ki, bir hissəsini təşkil edirdi.

      Drue əyyaş və pullu adam deyildi. O ancaq həyatda olan bütün yaxşı – Druenin təsəvvürünə görə yaxşı – şeylərin həsrətini çəkirdi və belə vaxt keçirmək Drueyə o yaxşı şeyin bir hissəsi kimi görünürdü. Divarları və döşəməsi pardaxlanmış mərmərdən olan, başdan-başa ziyaya qərq olmuş, gümüş və çini qablarla bəzənmiş, ən başlıcası isə artistlərin sevdiyi yığıncaq yeri olan “Rektor” restoranı Drueyə bəxti gətirmiş adamlar üçün daha əlverişli yer kimi görünürdü. Drue yaxşı geyməyi, dadlı şeylər yeməyi sevirdi, ancaq o, yaxşı məclisləri və həyatda müvəffəqiyyət qazanmış adamlarla tanış olmağı daha çox qiymətləndirirdi. Bu restoranda nahar edərkən o, Cozef Ceffersonun burada tez-tez olmasından, o dövrün başqa bir şöhrətli artisti – Henri Diskin ondan bir neçə stol aralıda oturması fikrindən həzz alırdı. Siyasətçilərin, birja dəllallarının, artistlərin, həmçinin bütün şəhərdə məşhur olan varlı avara gənclərin göründüyü boş laqqırtı gurultusu içərisində yeyib-içdikləri “Rektor”da həmişə bu ləzzəti almaq olardı.

      – Odur, orada filankəslər oturmuşlar, – bu və ya başqa bir centlmenin, xüsusən yeməyə səxavətlə pul xərcləmək imkanı verən başhərləndirici yüksəkliyə çatmamış, lakin vaxtilə çatmağa ümid edən adamların ağzından tez-tez bu cümləni eşitmək olardı.

      – Doğrudanmı? – deyə ona həmişəki kimi sual verilərdi.

      – Əlbəttə! Bəs siz bilmirsiniz? O, Böyük operanın direktorudur.

      Bu sözlər Druenin qulağına çatdığı zaman o, çiyinlərini düzəldib daha böyük iştahla yeməyə başlayırdı. Əgər onun bunsuz da özünə məxsus bəzi şöhrətpərəstliyi var idisə, belə söhbətlər bu şöhrətpərəstliyi daha da qüvvətləndirirdi, əgər o, məğrur idisə, bu sözlər onun məğrurluğunu daha da alovlandırırdı. Bəli, elə bir gün gələcək ki, o da dəstə-dəstə pullar xərcləyə biləcəkdir. Hələ indi o həmin adamların nahar etdiyi yerdə nahar edə bilir!

      Onun Adams-stritdə olan “Fitscerald və Moy” barını üstün tutması da eyni mülahizələrə əsaslanmışdı. Çikaqo üçün bu, zəngin yer idi. “Rektor” restoranı kimi o da yumşaq elektrik işığına qərq olmuşdu, döşəməsinə rəngarəng dördbucaqlı daşlar döşənmişdi. Divarların aşağı hissəsinə vurulmuş tünd rəngli pardaxlanmış ağac gözəl çilçıraqların işığını əks etdirirdi. Divarın yuxarı hissəsinin gözəl naxışları salona fövqəladə zənginlik verirdi. Barın parlaq işığa qərq olmuş uzun piştaxtası da pardaxlanmış ağacla örtülmüşdü. Hər tərəfdə billur qablar, rəngli şüşələr və hər növ qəribə formalı butulkalar parlayırdı. Bura böyük palma ağacları, bahalı şərabları, bol meyvəsi, heç yerdə tapılmayan ən yaxşı konfeti və siqarları olan həqiqətən zəngin bir bar idi.

      Drue “Rektor” restoranında m-r Herstvud ilə tanış olmuşdu. O, “Fitscerald və Moy” barının müdiri idi. Onun haqqında şəhərdə yaxşı tanınmış çox bacarıqlı və bəxti gətirən bir adam kimi danışırdılar. Herstvud bu fikri tamamilə doğruldurdu. Onun qırxa yaxın yaşı olardı, o, yaxşı geyinirdi, möhkəm bədəni və nəcib hərəkətləri var idi. Özünü müəyyən mövqe tutmuş və şəxsi ləyaqətini bilən mötəbər bir şəxs kimi aparırdı. Drue dərhal anladı ki, bu adamla dostluq etməyinə dəyər. Buna görə də Herstvud ilə sadə tanışlıqla kifayətlənməyib, hər dəfə bir az vurmaq və siqar çəkmək arzusu olanda Adams-stritə gedirdi.

      Herstvud öz-özlüyündə maraqlı bir tip idi. O, zirək və hiyləgər idi, insanlara müsbət təsir bağışlamağı bacarırdı. Təmtəraqlı barın müdiri vəzifəsi çox şərəfli bir vəzifə hesab olunurdu. Herstvud illər boyu canfəşanlıq və inadla qulluq etmək nəticəsində yoxsul bir salonda bufetçilik vəzifəsindən indiki vəzifəyə qalxmışdı. Barda onun pardaxlanmış gilənar ağacı ilə bəzənmiş balaca bir kabineti var idi, o burada stolun gözündə çox da mürəkkəb olmayan mühasibatını yerləşdirmişdi, bunun köməyi ilə o lazım olan, sifariş edilmiş və alınmış malları hesablayırdı. Ümumi rəhbərliyi və maliyyə vəzifələrini bar sahibləri – Fitscerald və Moy və satışdan toplanan pulları idarə edən kassir yerinə yetirirdi.

      Herstvud vaxtının çox hissəsini barın ortasında gəzməklə keçirirdi, onun əynində xarici parçadan tikilmiş şıq kostyum, almazdan sancaq, mütləq yeni bir fasonda tikilmiş jilet, ən yaxşı marka hesab olunan ağır qızıl zəncirli, qəribə breloklu saat olardı. O, şəhərdə məşhur olan yüzlərlə aktyorların, tacirlərin və bir çox başqalarının adlarını bilir və onları: “Hə, salam, qoca!” – sözlərilə salamlayırdı. Onun şöhrət və müvəffəqiyyəti qismən də bununla izah olunurdu. Onun həftədə on beş dollar alan kontorçular və xırda xidmətçilər (bara tez-tez gəlmək sayəsində Herstvudun kim olduğunu bilmək şərəfinə çatanlar) üçün “Gündüz xeyir”dən başlamış “Salam, salam! Kefiniz necədir?”ə qədər tədricən yüksələn salam silsiləsi var idi. Son salam onu tanıyan və onunla dostluğa meyil edən şəhərin məşhur adamlarına və yaxud varlılarına məxsus idi. Lakin bir qisim çox zəngin və tanınmış qonaqlar var idi ki, Herstvud onlarla yanaşı durmağa cəhd etməzdi. Belə adamlara o, peşəkar bir nəzakətlə yanaşır, onlara lazımi hörmət göstərirdi. Belə hallarda o, simasına ciddilik və şəxsi ləyaqət ifadəsi verirdi. Beləliklə, Herstvud onların rəğbətini qazanır və bundan onun ləyaqətinə azacıq da olsa zərər toxunmurdu. Nəhayət, buraya kifayət qədər məşhur olan, lakin yüksək şöhrəti olmayan, nə kasıb nə də varlı adamlar da gəlirdi ki, bunlarla Herstvud əsl dostluq əlaqəsi saxlayırdı. Bu təbəqədən olan adamlarla o daha böyük məmnuniyyətlə söhbət edir və onların fikirlərinə ciddi qulaq asırdı. O ara-sıra vaxtını əyləncələrə sərf etməyi də sevirdi, yəni cıdıra, hər hansı bir klubun düzəltdiyi teatra, yaxud idman tamaşalarına gedirdi. Onun gözəl atları və ekipajı var idi; o öz arvadı, iki uşağı ilə Linkoln-parkın yaxınlığında, Şimal tərəfdə olan gözəl evində yaşayırdı.

      Bir sözlə, Herstvud bizim Amerikanın, necə deyərlər, “yüksək sinfinin” nümayəndəsi idi. Həyat səviyyəsinə görə isə pullu tuzlardan bir pillə aşağıda dururdu.

      Drue Herstvudun çox xoşuna gəlirdi. Onun sadə hərəkətləri də, bəzəkli xarici görünüşü də Herstvudun ürəyindən idi. O, Druenin vur-tut az stajlı bir kommivoyajer olduğunu bilirdi. Lakin “Bartlet Kario və Ko” işləri yaxşı gedən böyük bir firma hesab olunurdu. Drue də orada yaxşı işçi sayılırdı. Herstvud m-r Kario ilə yaxından tanış idi. O, ümumi söhbətin gurultusu altında öz dostları ilə bir stəkan viski içmək üçün dəfələrlə buraya gəlmişdi. Çarlz Drue öz işi üçün çox faydalı olan məzəlilik hissinə malik idi və yeri gəldikdə məharətlə lətifə danışmağı bacarırdı. Herstvudla o, cıdır haqqında danışır, qadınlarla olan macəralarından və həyatında baş vermiş maraqlı hadisələrdən söhbət edir, olduğu şəhərlərdə bazarların vəziyyəti haqqında məlumat verirdi. Bütün bunların sayəsində o, yaxşı bir müsahib olmuşdu. Bu axşam onun halı çox yaxşı idi, çünki onun hesabatı