Taleyin qəflətən bu gözqamaşdırıcı aləmə atmış olduğu ana və qız bərk qorxmuşdular.
Onlar hər bir şeyə qorxa-qorxa toxunurdular. Süpürməli olduqları qırmızı xalça döşənmiş geniş dəhliz onlara saray kimi əzəmətli görünürdü, onlar gözlərini yerdən qaldırmağa cəsarət etmir, pıçıltı ilə danışırdılar. Gözəl pilləkənləri yumaq, mis milləri və barmaqlıqları təmizləmək lazım gəldikdə isə onların hər ikisi: ana cəsarətsizliyini, qızı isə hamının gözü qarşısında belə işlə məşğul olduğundan doğan utancaqlığı rəf etmək üçün bütün mətanətlərini yardıma çağırmalı olurdular. Aşağıda böyük vestibül vardı, orada istirahət edənlər, papiros çəkənlər, girib-çıxanlar – hamı onları görə bilərdi.
– Bura necə gözəldir, elə deyilmi? – deyə Cenni yenə pıçıldadı və öz səsindən diksindi.
– Elədir, – deyə dizi üstə oturub əskini yöndəmsiz hərəkətlə, səylə sıxan anası yavaşdan cavab verdi.
– Burada yaşamaq üçün, yəqin bir yığın pul lazımdır!
– Bəli, – deyə ana cavab verdi. – Bax, buranı, künc-bucağı silməyi yadından çıxartma. Gör nə qədər çirk-toz qoymusan.
Bu məzəmmətdən pərtləşmiş Cenni səylə işə girişdi, artıq ətrafa baxmağa cəsarət etmədən var qüvvəsi ilə silməyə başladı.
Onlar cidd-cəhdlə, əllərinə heyfləri gəlmədən saat beşə qədər işlədilər. Küçədə artıq hava qaralmış, vestibüldə gur işıq yanırdı. Onlar pilləkəni yuyub qurtarırdılar: ən aşağıda cəmi bir neçə pillə qalmışdı.
Bu zaman tez-tez açılıb küçənin soyuğunu içəri dolduran ikitay qapı aralandı, silindr və hərbi biçimli geniş plaş geymiş ucaboy yaşlı bir adam içəri daxil oldu. Avara adamlar içində o, kəskin surətdə fərqlənirdi, dərhal hiss olunurdu ki, bu, böyük adamdır. Onun qarayanız, ciddi, lakin açıq və xoş sifəti var idi, parıldayan gözlərinin üstündə qalın qara qaşları sallanmışdı. O, kontorkada əvvəlcədən onun üçün qoyulmuş açarı yeriyə-yeriyə götürdü və pilləkənlə qalxmağa başladı.
O nəinki əlində əski parçası olan yaşlı qadının yanından ehtiyatla keçdi, hətta ona lütfkarlıqla əl elədi, sanki: "Eybi yoxdur, narahat olmayın, keçərəm" – deyirdi.
Bu zaman qız belini düzəltdi və onlar üz-üzə gəldilər, qızın gözlərindən hiss edilirdi ki, bu adamın yolunu kəsdiyindən çox qorxmuşdur.
Silindrli kişi mehribanlıqla gülümsədi, baş əydi və:
– Nahaq narahat oldunuz, – dedi.
Cenni bunun cavabında yalnız gülümsədi.
O, bir meydança yuxarı qalxıb bilaixtiyar döndü, qıza nəzər saldı və əmin oldu ki, qız, ilk baxışdan göründüyü kimi, çox qəşəngdir. O, qızın hündür təmiz alnını, düz ayrılmış və hörüklənmiş saçlarını, mavi gözlərini, üzünün gözəl rəngini gördü. O hətta qızın dodaqlarının gözəl cizgilərinə, uşaq simasını xatırladan üzünə, gənclik, sağlamlıq və ümid təcəssümü olan boy-buxununa, gözəl qamətinə, artıq yaşa dolmuş, gəncliyi ötmüş adamların yüksək qiymətləndirdiyi hər şeyə göz yetirə bildi. Sonra o, təmkinlə yoluna davam etdi, bir dəfə də olsun qız tərəfə nəzər salmadı, lakin qızın gözəl surətini özü ilə apardı. Bu şəxs möhtərəm senator Corc Silvestr Brender idi.
Bir qədər keçəndən sonra Cenni dedi:
– İndi yuxarı çıxan adam necə gözəldi! Düz demirəm?
– Bəli, – deyə anası təsdiq etdi.
– Ağacının dəstəyi qızıldandı. Anası nəsihətamiz tərzdə:
– Gözlərini adamlara zilləmə. Yaxşı deyil, – dedi. Cenni sadəlövhlüklə etiraz etdi:
– Mən gözümü ona zilləməmişdim, o özü mənə baş əydi. Ana dedi:
– Sənin adamlara baxmağın yaxşı deyil. Bəlkə bu onların xoşuna gəlmir.
Cenni yenə dinməz-söyləməz işə girişdi, lakin bu heyrət oyadan dünyanın parıltısı onu məşğul etməyə bilməzdi. O, qeyri-ixtiyari olaraq ətrafdakı qaynar həyata, söhbətlərə və gülüşlərə qulaq asırdı: bu səslər birləşir, şən uğultuya çevrilirdi. Birinci mərtəbənin bir qurtaracağında restoran var idi. Oradan qabların cingiltisi eşidilirdi, şam yeməyi üçün stol hazırladıqlarını başa düşmək çətin deyildi. O biri tərəfdə qonaq otağı var idi – orada kim isə royal çalırdı. Adətən, şam qabağı adamlar dirçəlib ruhlandıqları kimi, indi də ətrafda bir şənlik, sərbəstlik hiss olunurdu. Bu şənlik zavallı qızın ürəyini ümidlə döyünməyə məcbur etdi, çünki o, cavan idi, ehtiyac hələ bütün ağırlığı ilə onun qəlbini əzə bilməmişdi. O, can-başla yuyur və təmizləyir, yanında işləyən, mərhəmətli gözlərini qırışıq toru bürümüş, dodaqları tükənməz gündəlik qayğıları səssiz-səmirsiz təkrar edən yorğun anasını bəzən unudurdu. Qız ancaq ətrafda hər şeyin necə cəzbedici olduğunu düşünə bilirdi, o istəyirdi ki, bu şan-şöhrətdən və şənlikdən bir az da onun payına düşsün.
Saat altının yarısında baş qulluqçu onları xatırlayıb, buraxmaq üçün gəldi. Pilləkənlərdə iş qurtarmışdı, onlar üstlərindən dağ götürülmüş kimi yüngüllüklə nəfəs alaraq vedrəni və əskini yerinə qoyub evə tələsdilər. Ana, nəhayət, iş tapdığı üçün çox razı idi.
Onlar böyük, gözəl binaların yanı ilə gedirdilər. Cenni oteldə gördüyü qeyri-adi və yeni şeylərin oyatdığı tutqun həyəcanı yenidən hiss etdi.
O dedi:
– Varlı olmaq yaxşıdır, düz demirəm?
– Bəli, – deyə ana xəstə Veronikanı düşünə-düşünə cavab verdi.
– Sən gördün onların necə böyük aşxanaları var?
– Gördüm.
İndi onlar miskin, görkəmsiz evlərin yanından keçib gedirdilər, payız yarpaqları ayaqlarının altında ölgüncəsinə xışıldayırdı.
– Kaş biz də varlı olaydıq – deyə, Cenni, demək olar ki, öz-özünə pıçıldadı. Ana köksünü dərindən ötürərək:
– Heç bilmirəm neyləyim, – dedi. – Yəqin evdə yeməyə heç nə yoxdur. Anasının səsindəki ümidsizlikdən mütəəssir olmuş Cenni ürəyi yana-yana dedi:
– Biz ona deyərik ki, iş tapmışıq. Mən özüm deyərəm.
– Yaxşı, – deyə ana yorulmuş halda razılaşdı.
Evlərinə iki kvartal qalmış onlar tutqun işıqlanmış kiçik baqqal dükanına bir sıxıntı içində girdilər. Missis Herhardt danışmaq istədi, lakin Cenni onu qabaqladı:
– Siz bu gün bizə çörək və bir az donuz yağı nisyə verməzsiniz? Biz "Kolumbus-Xauz"da iş tapmışıq, şənbə günü mütləq borcunuzu qaytararıq.
– Bəli, – deyə missis Herhardt əlavə etdi, – indi mən işləyirəm.
Onlar hələ bütün bədbəxtlik və xəstəliklərin başlanmasına qədər Baumenin daimi müştəriləri idilər