Anam çox mənalı tərzdə qımışaraq o biri otağa keçdi. Gözlərinin ifadəsindən duydum ki, qızını boya-başa çatdırdığı üçün qürrələndi. Görəsən, Dərya ilə mənim təzəcə başlanan bu macəramızdan xəbər tutsa sevinərmi? Əlbəttə. Anam zəmanə ilə ayaqlaşan qadındır. O bilmirmi əvvəl-axır bir qız bir oğlanın qismətidir? Şübhəsiz ki, bu məsələdə Dəryanın kim, necə adam olduğu onu hər şeydən artıq maraqlandırar.
Anamı çox sevirəm. Gözəl xasiyyəti var, həlim arvaddır. O da məni az istəmir. Hələ bir yol üzümə kəc baxmayıb. Ancaq atam… tündməcaz kişidir. İllah, bu işdən duyuq düşsə… həşir-qiyamət qoparar. Axı niyə?! Mən un çuvalı deyiləm ki, evin bir küncündə qalam. Dərya məgər ləyaqətsiz oğlandır? Cavan… istedadlı heykəltəraş… Neçə-neçə əsərin müəllifidir. Özünü tanımırdım, ancaq adını çoxdan eşitmişdim. Nəhayət, qismət elə gətirdi ki, həyatda bir-birimizlə qarşılaşdıq, görüşdük. Dərya mehrini mənə saldı… Mən də ona vuruldum. Burda qəbahət naminə nə var ki? Atamdır da… İş yerində adı-sanı… hörməti… Mədəndə neftçilər başına and içirlər, hamıya ağıl öyrədir, evdə isə… köhnə adətlərindən əl çəkmir…
Eh! İnsanların təbiəti çox mürəkkəbdir.
Bayırda soyuq külək əsirdi. Həyətimizdəki çılpaq ağaclar, elektrik məftilləri vıyıldayanda, adamın canına üşütmə d olurdu. Dərya belə havada məni hara aparacaqdı? Keçmə Bakının da bu küləyindən.
Saat altının yarısı idi. Dəhlizə gedib paltomu geydim. Dovşan dərisindən olan yumşaq tüklü papağımı qoydum. Aynada özümə nəzər saldım. Şərfimlə papağımın rəngi yaxşı uyuşurdu – ikisi də boz idi. Ancaq dünən gecə pis yatmışam, gözlərimə balaca qızartı çökmüşdü.
– Ma, mən getdim! – Qapını açanda dönüb anama eşitdirdim.
– Yaxşı yol, qızım, çalış, çox ləngimə.
Məni gülmək tutudu. Fikirləşdim: "O, Dəryanın insafından asılıdır."
Daş pillələri endikcə tuflilərimin dabanından çıxan səslər divarlarda tıqqıldayırdı. Yoldaşlarım haqlı imiş. Neçəsi mənə demişdi: "Könül, sən becid gedəndə dabanlarını yerə elə bərk vurursan ki, üzünün əti titrəyir". Qızların sözündə həqiqət varmış. Axı niyə tələsirəm. Vaxta hələ xeyli qalır ki. Küçəyə çıxcaq qonşumuz Qönçəbəyimin oğlu ilə rastlaşdım. O, bu fürsəti çoxdan gözləyirmiş kimi sevincək ayaq saxladı:
– Salam, Könül…
– Salam.
– Kefin necədir?
Dinc durmadım. Şıltaqlıqla:
– Əladan da bir az o yana, – dedim və qəhqəhə çəkib güldüm.
Qönçəbəyimin oğlu belə dil-dil ötdüyümə heyran qaldı:
– Təki olsun…
Qolumdan tutub məni qırağa çəkdi.
– Könül, nə vaxtdır səninlə məxsusi bir söhbətim var. Ancaq… bura yeri deyil. Özüm də görürəm tələsirsən. Eləmi?
– Bəli. Səhv etmirsən. Qızlarla vədələşmişik… – Saatıma baxdım, – Beş-on dəqiqəyə instituta çatmalıyam.
– Yaxşı, onda yubanma, intizara söhbət haramdır, bizimki sonraya qalsın.
Qönçəbəyimin oğlu ayrılanda məni elə qəribə, mənalı nəzərlərlə süzdü ki, onu aldatdığıma utandım. Həm də barmaqlarımın ucunu ovcunda bərk-bərk sıxıb pıçıldadı: "Şeytan qız!" Sonra əlini qaldırıb çiyninin üstündə yellədi:
– Müvəffəqiyyətlər.
Uzaqlaşanda gözümün ucu ilə sezdim: təəssülə geri qanrıldı… Belə birtəhər oldum. O cür danışdığım üçün peşmançılıq çəkdim. Qorxdum, düşünər ki, ona acıq verirəm. Mənə elə gəlirdi, hər kəs bircə kərə üzümə baxsa, hara getdiyimi əlüstü biləcəkdi. Eləcə də bu. İndicə görüşdüyüm oğlanın adı Emindir. Bizdən üç-dörd qapı aralı olur. Evimizdə ondan söhbət düşəndə həmişə "Qönçəbəyimin oğlu" deyirlər. Tərbiyəli ailədəndir. Atası məşhur kimyagərdir – elmlər doktoru, professor…
Eminin özündən böyük bir bacısı da var. Ərdədir. O, qardaşına oxşamayıb. Qaynayıb-qarışan deyil. Qönçəbəyim əczaçıdır. Ancaq çoxdandır işləmir. Emin institutu inişil bitirib. Jurnalistdir. Özü də istiqanlı oğlandır. Qəzetlərdə vaxtaşırı imzasına rast gəlirəm. Maraqlı şeylər tapıb yazır. Hamısını da oxuyuram.
Mən Emini neçə illərdir tanıyıram. Yaz-qış hələ papaq qoyduğunu görməmişəm. Qarlı-çovğunlu günlərdə də başıaçıq gəzir. Ancaq çox təmiz, səliqəli geyinir.
Məhəlləmizdə bu barədə Eminə çatan olmaz. Uzun boyundan, girdə sifətindən, yerişindən, danışığından eynən atasına oxşayır. Saçları da, göz-qaşı da, bığları da onunku kimi qaradır. Eh… Emin… Emin… Hər dəfə səninlə qarşılaşanda uşaqlığın əziz, şirin bir xatirəsi yadıma düşür…
"Bakı Soveti" metro stansiyasına yaxınlaşanda Dərya gülə-gülə məni qarşıladı. Ehmalca dirsəyimə toxunub:
– Axşamınız xeyir, – dedi.
Cavab vermək istədim, ancaq gecikdim. Sonra da… eskalatorla enəndə az qala yıxılacaqdım. Çəkməmin dabanı i lişdi, büdrədim. Yaxşı ki, Dərya dərhal qolumdan yapışdı:
– Yavaş, Könül!
Mən güldüm:
– Tuflim sürüşdü.
Dərya ayaqlarıma ötəri bir nəzər fırlatdı, üzümü yana tutmuşdum. Yuxarı qalxan pilləkəndən qohum, tanış təsadüfən məni görə bilərdi. Rəfiqələrimdən birinin sözü yadıma düşdü: "Sevginin ləzzəti oğlanla qorxa-qorxa, xəlvəti gəzməkdədir. Nişanlanandan sonra adam arasına nənəm də çıxar.
"Biz hara gedirik?" – deyə Dəryadan soruşmaq istədim. Dilim gəlmədi. O, mənə lap yaxın dayanmışdı. Nəfəsindən papiros qoxusu hiss edirdim. Bu da Emin təki başıaçıq olduğundan bayırdakı külək dalğalı, qara saçlarının səliqəsini pozmuşdu. Dəryanın çiyinləri bu gün mənə dünənkindən enli görünürdü. Pencəyinin altından qalın, yun köynək geymişdi, yəqin ondandı. Əyninə biçilmiş boz ratin paltosu bir qədər köhnəlmişdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС