− Yaxşı ya! Qoca kişisən, ağzını xeyirliyə aç! – O, müəllimi yamsılayaraq: − “Sabah başına bir iş gəlsə”. Mağıl! Bir dənə şüşəni sındırıb başına sadağa! Atasının, anasının canı sağ olsun! Ölməmişik ki, üç manat verərik, saldırarsan. Daha mənə dərs vermək lazım deyil. Uşaq mənimdir, özüm bilərəm necə tərbiyə elərəm!
Məmməd ovcunda kərpic parçası hələ də pilləkənin üstündə dayanıb anasına qulaq asırdı. Diləfruz bir an ara verdi, sonra nəyisə xatırlayıb yenidən alovlandı:
− Yandırdı səni uşağın bir dənə şüşəni sındırmağı?! Bəs məni heç yandırmır ki, neçə illərdir işıq pulunu mən verirəm, işığında sən oturursan! Hə…
− Nə işıq, nə pul? – deyə müəllim çeşməyini alnına qaldırıb, qaşlarını çataraq arvada baxdı. –Mən başa düşmürəm siz nə danışırsınız?
− Əlbəttə, əlbəttə! Başa düşməzsən də… Axı xeyrinə deyil. İkiyüzlük lampoçka yanır mənim həyətimdə, işığının çoxu hasarın üstündən düşür sizin xarabaya. Pulunu da hər ay verirəm mən. Heç gör bir kərə ağzından çıxıb ki, ya… qoy bu dəfə mən verim?..
Rəhman arvadının qorxusundan danışmırdı. Hirsin-dən dişi bağırsağını kəsirdi. Ancaq Diləfruzun işıq məsələ-sində müəllimi nahaq danladığını görəndə özünü saxlaya bilmədi:
− Heç dəxli mətləbə var?! – deyə üzünü yana tutub deyindi.
Yaxşı ki, Diləfruz xanım eşitmədi!
Müəllim hövsələdən çıxmadan deyirdi:
− Axı, mənim taqsırım nədir ki, işığınız bizim həyətə düşür. Mən ki, bunu sizdən xahiş eləməmişəm. Mənim öz işığım özümə bəsdir!
− Hə? İndi belə oldu? Eybi yoxdur! Heç eybi yoxdur! Görərsən!..
Müəllim yenə nə isə demək istədi. Bu an Diləfruz pəncərələri elə çırpdı ki, şüşələri cingildədi. Saleh müəllim narazı halda əvvəlcə Rəhmana, sonra isə örtülən şüşəbəndə baxıb başını bulaya-bulaya çıxanda Məmməd əlindəki kərpic parçasını onun dalınca tulladı və tez evə qaçdı.
Müəllim bircə addım gec tərpənsəydi, kərpic başını yaracaqdı.
Oğlunun bu “qoçaqlığını” görən Diləfruz fərəhlə uşağa baxdıqdan sonra:
− Mamulya!… – deyə ona tərəf yüyürən Məmmədi bağrına basıb öpdü.
Diləfruz çayını içdikdən sonra süfrəni yığışdırmağı ərinə tapşırıb paltarını dəyişməyə başladı. İndi Diləfruz paltarını dəyişməkdə olsun, biz naməhrəmlər də üzümüzü yana çevirib söhbətimizə başlayaq.
Diləfruzun pasportunda da, zaqsın verdiyi kəbin kağızında da qırx üç yaşı tamam olmuşdu. Ancaq arvad qocalmaq istəmir, həmişə cavan qalmağı, özünü qızlara, gəlinlərə tay tutmağı sevirdi. Düz dörd ildir ki, hər yerdə, hamıya otuz səkkiz yaşında olduğunu söyləyirdi. Keçən ay, başda Diləfruzun rəfiqələri olmaqla bütün qohumlar, tanışlar “otuz doqquz yaşa qədəm qoyduğu üçün” ona cürbəcür qiymətli şeylər gətirib təbrik etmişdilər.
Diləfruz başqalarının nəzərində gözəl görünmək üçün həmişə al-əlvan bəzənib-düzənərdi. O, çox çətinliklə də olsa, saçlarını saman kimi sarı rəngə saldırmışdı. Vaxtilə boz olan enli qaşlarını nazildib qaraltmışdı. əvvəl gözə görünməyən seyrək kirpiklərinə o qədər sürmə çəkmişdi ki, sanki onlar uzanmışdı. Ətli yanaqlarını ənlik-kirşanla doldurmuşdu. Sifətinin qalan hissəsi dəyirmandan çıxmış adamın üzü kimi idi. Bir sözlə, Diləfruzun zahirdə iki gözündən savayı heç nəyi təbii halında deyildi. Əgər mümkün olsa idi o, məmnuniyyətlə gözlərinin giləsini də boyatdırıb, ən çox xoşladığı mavi rəngə saldırardı.
Burada söhbətimiz uzansa gərək bağışlayasınız. Mən bu qırmızı kirəmidli evdə baş verən bütün əhvlatları, hətta indiyədək bir çoxlarından gizli olan bəzi şeyləri də sizə danışacağam.
Şəhərin əl-ayaqdan uzaq, sakit və xəlvət məhəlləsində “qırmızı kirəmidli ev” kimi tanınan bu ikimərtəbəli əlahiddə binanın küçəyə baxan iri pəncərələrindən həmişə tül pərdələr asılır. Bura tez-tez cürbəcür adamlar gəlib gedir. Ancaq onların kim olduğunu, nə üçün gəldiyini hec kəs bilməz.
Bu evin hündür kərpic hasarla dövrəyə alınmış böyük həyətinə aynabəndlə üzbəüz yaşıl küçə qapısı açılır. Rəhmanın atası Əziz kişinin vaxtilə daş pilləkənlərin dibində basdırdığı qara şanı meynəsi indi böyüyüb ikinci mərtəbəyə qədər boy atmış, talvar kimi bütün həyətin üstünü tutmuşdu. Yay zamanı Diləfruz səhərlər yuxudan durcaq, aynabəndin pəncərəsindən əlini uzadaraq bu meynədən könlünə yatan salxımları dərib yeyir.
Həyətin ortasında, sement çəkilmiş çarhovuzda Rəhmanın iyirmiyə qədər müxtəlif balığı vardır. Dumduru suda balıqlar daha qəşəng görünür. Qır döşənmiş həyətdə, hasar boyu əkilmiş səhər-axşam sarmaşıqları qırmızı kərpiclərin üstünü örtüb yuxarıya qədər qalxmış və bəzi yerdə meynəyə dolaşmışdır. Yayın ən qızmar vaxtlarında belə, bu həyətdə qara şanı meynəsinin və səhər-axşam sarmaşıqlarının yarpaqları əsir, Diləfruzun otaqlarında yel vurub, yengələr oynayır.
Soruşa bilərsiniz ki, bayaq yuxarıda gördüyümüz, divarları ağ rənglə bəzənmiş o zəngin otaq, o bahalı avadanlıq, üzünə məxmər çəkilmiş o yumşaq kreslolar, o bədənnüma ayna, almas daşları kimi bərq vuran o çilçıraq –bunlar Rəhmana nəyin bahasına başa gəlmişdir? Diləfruzun təzə dəbdə geyinməsi, qızıl saat, brilyant qaşlı üzüklər, sırğalar taxması üçün xərc olunan pullar haradan gəlir? Həyətdəki bu təmtərağı Rəhman öz halal zəhmətiləmi düzəltmişdi? Bəli, əgər halal-haramlığında işimiz olmasa, deyə bilərik ki, bütün bu dəm-dəsgahın hamısını Rəhman düzəltdirmişdir.
Yəqin ki, sizi onun hansı qulluğun sahibi olması maraqlan-dırır. Rəhman Bakı-Moskva dəmir yolunda sərnişin qatarı-nın bələdçisidir. O bütün var-dövlətini ancaq bu yollarda gedib-gəlməklə toplamışdır.
Rəhman dost-aşnanı, evinə gələn adamları və “bəzi gözü götürməyən qonşuları” şübhəyə salmamaq üçün yaxşı bir bəhanə düzəltmişdir.
Bu bəhanə, hələlik çoxlarına məlum olmayan bir sirlə əlaqədardır.
Məhəbbət və göz yaşları
Müharibə başlanandan bir il sonra Rəhmanın arvadı Nərgiz sətəlcəmdən öldü, gözünün ağı-qarası bircə oğlu Adil yetim qaldı.
Adilin on dörd yaşı vardı, altıncı sinfə təzə keçmişdi. O vaxt uşaq anası üçün nə qədər göz yaşı axıtmış, nə qədər sızlayıb ağlamışdı! Lakin bu itginin ağrısını sonralar daha çox dərk etmişdi.
Adil sinifdə müəlliminə qulaq asdığı zaman anası Nərgizin surəti gəlib gözlərinin qabağında dayanar, xeyli vaxt dinməz-söyləməz ona baxar, sonra sakitcə çəkilib yox olardı.