General Polad Həşimov xatirələrdə . Коллектив авторов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Коллектив авторов
Издательство: Hadaf Neshrleri
Серия: Xatirə ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn: 978-995-256-616-1
Скачать книгу
bacarığından daha çox onun insanlığından danışırlar. Hətta bir əsgəri danışırdı, mən elə bir səhv etmişdim ki, bu səhvimə görə məni ağır cəza gözləyirdi. Amma o adam üstümə qışqırmaqla, başa salmaqla səhvimi bağışladı.

      Onun rüşvətə maraq göstərməməsi, bu qədər ədalətli olması ilə bağlı deyilir ki, bu cür generalın yetişməsində Türkiyənin böyük rolu var. Bəs siz necə baxırsınız bu məsələyə? Bir insan olaraq aldığı bir neçə illik təhsil nə qədər təsir edə bilərdi, yoxsa ailənin əmanətləridir bu?

      – O, üç dəfə Türkiyəyə kursa gedib. Hətta bir dəfə toyuna az qalırdı, gününü də danışmışdıq. O dedi ki, nə toy?! Mən gedirəm Türkiyəyə iki aylıq kursa. Getdi, kursunu keçib gəldi, sonra toyunu elədik. O, hərbçiliyi hər şeydən üstün tuturdu.

      Bir də babasının söhbətlərindən həvəs yaranmışdı. Polad 9-10-cu siniflərdə oxuyanda kəndə – babasının yanına gedərkən, ona deyirdi ki, sən müharibə veteranı olmusan, müharibədə nə etmisən? Babası deyirdi, düşmən öldürmüşəm, vuruşmuşam. Deyirdi ki, necə vuruşmusan? Babası deyirdi, Berlinə qədər vuruşa-vuruşa getmişəm. Deyirdi, baba, necə sürünürdün? Babası uzanırdı yerə, əllərini, ayaqlarını yerə qoyub göstərərək deyirdi ki, bu formada sürünmüşəm, ölülərin üstündən sürünərək Berlinə getmişik. Bax, bu cür söhbətlər ona həmişə güclü təsir edirdi.

      Bir dəfə mən etirazımı bildirdim ki, oğul, bəsdir daha. Sən də yorulmusan, mən də yolunu gözləməkdən yorulmuşam, işdən çıx. Bir hadisə olanda gözlərim qapıda qalır. Ürəyim rahat olmur, bu xəstəlikləri buna görə tapdım mən. O, Murovda olanda deyirdim ki, Polad indi soyuqda saman üstündə yatıb, mən burada isti yorğanda necə yata bilərəm?! İndi mənim üçün bunları danışmaq, bu dərdə dözmək çox çətindir.

      – Dünən onun bir əsgəri ilə danışırdım. Soruşdum ki, onunla bir şəklin varmı? Dedi, sən nə danışırsan?! Biz ona yaxın düşə bilməzdik. Biz ona Allah kimi baxırdıq. Həmişə onun pəncərəsinə boylanırdıq ki, ordan keçəndə görə bilək.

      – Qonşumuzun oğlu Poladın komandir olduğu yerə – Murova düşmüşdü. Oğlan sonradan danışırdı ki, bizi düzmüşdülər sıraya, paltarımıza, səliqəmizə baxırdılar. Mən Poladı görəndə ürəklənib ona söz demək istədim. Üzümə elə sərt baxdı, səsimi də çıxarmadım. Sonra məni otağına çağırdı. Getdim, içəri girib salam verdim. Dedi ki, çıx çölə. Çıxdım, yenə qayıdıb girdim. Bu səfər üzümə baxıb daha sərt dedi ki, sənə deyirəm, çıx çölə. Çıxdım çölə. Nə olduğunu anlamırdım. Qapıdakı əsgər mənə dedi ki, içəri girərkən papağını çıxar, əsgər salamı ver. Mən də elə etdim. Yalnız bundan sonra Polad salamımı alıb oturmağımı söylədi. Yəni işinə bu qədər ciddi yanaşırdı. Hətta öz övladlarına qarşı da elə idi. Bəzən deyirdim ki, elə etmə, onlar sənin əsgərlərin deyillər. Deyirdi ki, onlar əsgər ruhunda böyüməlidirlər.

       Arzuları nə idi?

      – O haqda nəsə dediyini xatırlamıram.

      – Uşaqlarını öz yolunun davamçısı kimi görmək istəyirdimi?

      – İstəyirdi ki, uşaqları da özü kimi oxusun. Böyük qızı çox yaxşı oxuyur, o biri oğlunun da qiymətləri yaxşıdır. Polad hər dəfə gələndə mənə şikayət edirdi ki, balaca oğlum tənbəldir, oxumur… Hər dəfə uşaqlarının oxuması üçün hər şey alırdı. Əlindən gələn hər şeyi edirdi ki, uşaqları yaxşı oxusun.

      – Son dəfə onunla nə vaxt danışmışdınız?

      – İyulun 10-u. 10-da danışmışdım, 11-də danışmadıq. Ürəyimə gəldi ki, yəqin, nəsə işi var, çünki hər gün danışırdıq. 12-i eşitdim ki, Tovuzda atışma olub. Öz-özümə düşündüm, yüz faiz nəsə baş verib. Ayın 14-ü vəziyyətim lap pisləşdi, ürəyim sıxıldı, dayana bilmədim. Sonra onun qara xəbəri gəldi… Mayın əvvəlindən ona demişdilər ki, səni Bakıya gətirəcəyik. O da hazırlaşmışdı. Vaxtı uzatdılar, gələ bilmədi.

      – Çox üzr istəyirəm, bir az çətin sual olacaq. Övladınızın şəhid olaraq vəfat etməsi sizin acınızı az da olsa, yüngülləşdirirmi?

      – Mən onun ölümü ilə hələ də barışa bilmirəm, hələ də inana bilmirəm ki, Polad artıq yoxdur. İstənilən halda övladın ölümü ana üçün böyük dərddir, bəladır. Şəhid analarının dərdini ancaq şəhidi olanlar bilər, o anaların nə hiss etdiyini başqa heç kim bilməz. Şəhid balam!

      Söhbətləşdi: Şəmil Sadiq, Səbuhi Şahmursoy

      “GÖR, NƏ DEYİRƏM…”

      Kəmalə Həşimova

      Polad Həşimovun bacısı

      – Polad necə qardaş olub?

      – Poladla biz on yeddi il birlikdə yaşamışıq. Hər ikimiz hiperaktiv uşaqlar idik. Mən yaşca ondan iki yaş böyük olmuşam. Davamız, söhbətimiz – hər şeyimiz onunla birlikdə olub. Poladla mənim söhbətim yaxşı tuturdu. Böyük bacımla qardaşım sakit idilər, bizsə yox. O, inadcıl uşaqdı, amma ürəyi yumşaq idi. Onunla şahmat oynayırdım: uduzanda çox əsəbiləşir, fiqurları dağıdırdı. Sonra dağıtdığı fiqurları səbirlə toplayır, bir azdan yenə gəlirdi ki, gəl, oynayaq. Bir də çox yaxşı nərd oynayardı. Ard-arda uduzanda kefi pozulur, nərdi qultuğuna vurub həyətə düşürdü ki, başqa adamlarla oynasın, onları udsun. Uduzmağı sevməzdi, gərək mütləq qalib olaydı. O, kinli deyildi, ürəyinin təmizliyindən həmişə əziyyət çəkirdi.

      – Polad bəy hansı kitabları oxuyardı?

      – Müxtəlif cür kitabları oxuyurdu. Riyaziyyatı yaxşı bilirdi, hətta Sumqayıtda olimpiadada ikinci yeri tutmuşdu. İngilis dilini də yaxşı bilirdi. Bədii kitabları xüsusi zövqlə oxuyurdu. Evimizdə çoxlu kitab vardı: onları oxuyub bitirəndən sonra, yaxınlığımızda yerləşən kitabxanaya gedir, ordan kitablar alıb gətirirdi. Xatırlayıram ki, Rafaello Covanyolinin “Spartak” kitabını oxuyub bitirəndən sonra haqqında həvəslə danışırdı. Tarixi roman oxumağı sevirdi. O hər şeyə vaxt tapırdı: həyətə düşüb futbol oynayırdı, karateyə gedirdi və s.

      – Qısqanclıq mövzusunda necə idi?

      – Qəti qısqanc deyildi. O çox namuslu oğlan idi: özündə heç bir pis niyyət olmadığı üçün, hamını özü kimi bilirdi. Hətta bizim evə mənim rəfiqələrim gələndə o, evdən çıxıb gedərdi ki, biz rahat oturaq. Polad hər şeyin yaxşısını sevirdi – yeməyin də, geyimin də. Bir gün işdən evə gələndə mənim əynimdəki paltar onun xoşuna gəlməmişdi. Mənə dedi ki, gedək, sənə paltar alaq. Dedim, paltarım var, sadəcə bu, ev paltarıdır deyə belədir. O, qəşəng, səliqəli görünməyə önəm verirdi. Rəqs etməyi sevmirdi. Artıq-əskik hərəkətlərlə də arası yox idi. Polad çox yumşaqqəlbli adam idi və bundan çoxları istifadə edirdi. O, insanlara güvənirdi, amma bilirsiniz ki, adamın sinirlərinin də bir həddi var: Polad o həddə çatanda sakitcə çıxıb-gedirdi.

      – Məktublaşırdınızmı?

      – Yox, bir-birimizə məktub yazmamışıq. Gənclikdə