Yazıçı Manaf Süleymanov isə qəzəbə gəlmiş Səməd Vurğunla Mir Cəfər Bağırovun o ağır günlərdəki görüşünü belə xatırlayır: “… Mərkəzi Komitədə xüsusi şöbədə işləyən instruktor nəql edirdi ki, ÇEKA-dan xüsusi bir qovluq gətirdilər ki, bunu verərsiz kişiyə. Banderol bir neçə yerdən surquclanıb möhürlənmişdi. Novikova gəlib apardı.
Neçə gün sonra mən Bağırovun kabinetində mühüm bir işi yoxlaya-yoxlaya sənədləyirdim. Mir Cəfər arabir yaxınlaşıb sənədlərə, akt və kağızlardakı imzalara nəzər yetirirdi.
Xəbər verdilər ki, Səməd Vurğun gəlib. Mir Cəfər dedi: – Buraxın içəri.
Səməd kabinetə girdi. Mir Cəfər onunla görüşdü və soruşdu:
– Niyə yeni bir şey yazmırsan…
Səməd qollarını açdı:
– Vallah, ilham gəlmir, adamın əlləri…
– Əlləri işlətmək lazımdır, – Bağırov onun sözünü kəsdi, xəbər aldı, – niyə sən özünə Vurğun təxəllüsü götürmüsən, başqa ad qəhət idi?
Səməd soruşdu:
– Yoldaş Bağırov, icazə verirsiz hər şeyi olduğu kimi danışım?
– Danış, danış.
Səməd eşq macərasını nəql etməyə başladı. Mən də kağızlara baxa-baxa qulaq asırdım.
Mir Cəfər birdən səsini ucaltdı:
– Bəs deyirlər sən Vurğun təxəllüsünü simvolik götürmüsən. Əslində, türklərə, Türkiyəyə vurğunsan.
– Yalan deyirlər. İftiradır.
Xeyli söhbətdən və izahatdan sonra Bağırov dedi:
– Get ağlını yığ başına, yaz, – əli ilə stol üstündəki qovluğa işarə etdi, – bu, sənin haqqında yığılan materialdır. Hər şey hazır idi, mənim imzalamağım qalmışdı. Qol çəkmədim. Qərara gəldim əvvəl səninlə danışım. Get, yaz, yarat” (N.Cəfərov. “Dolan kəfkirim dolan”, B., “Yazıçı”, 1993, səh. 117–118).
Həyatın çox ibrətli, həm də qəribə təsadüfünə bax ki, Səməd Vurğun dəfn edilən gün bütün qəzetlər elan vermişdi ki, Sovetlər İttifaqı hərbi tribunalının hökmü icra edilib: “Bağırov Mir Cəfər Abbas oğlu güllələnib”.
Deyilənə görə, M.C.Bağırov güllələnəndə qışqırıb: “Daloy intriqa, dazdravstvuyet kommunizm!”
Vaqif Səmədoğlu foto azarkeşiydi. Yanında həmişə fotoaparat olardı. Nə zaman nəşriyyata gəlsəydi, otağa daxil olan kimi heç bir poza verdirmədən, çox vaxt elə iş prosesində şəklimizi çəkərdi. Əgər bu gün onun çəkdiyi şəkillər aşkarlansa, Allah bilir sayı neçə min olar və Allah bilir, onun fotoaparatlarında kimlərin şəkli yoxdur. Əslində, bu şəkillərin özü də əyani tarixdir.
Biz kənddən çıxmış gənclərdə hələ üzünü görməyib, xasiyyətinə bələd olmadığımız, amma məktəb və kənd kitabxanalarından əsərlərini əldə edib acgözlüklə oxuduğumuz yazıçılara, şairlərə qəribə bir heyranlıq, vurğunluq vardı. Biz kənd uşaqları təbiətlə təmasda, ünsiyyətdə böyümüşdük. Sadəlik və sadəlövhlük ruhumuza hopmuşdu. Bəzən, bəlkə də çox vaxt, yaradıcılıqla şəxsiyyətin üst-üstə düşməməsini ağlımıza belə gətirmirdik. Biz yaradıcı adamları ideallaşdırırdıq və ideal görmək istəyirdik.
Görkəmli Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes belə bir fikir söyləyib ki, külək olmasaydı, dünyada çox şey dəyişərdi, amma ədəbiyyat olmasaydı, heç nə. Doğrusu, mən böyük yazıçının bu fikri ilə qətiyyən razılaşa bilmərəm. Allah bilir Markes bu fikrini kefinin hansı vaxtında deyib. Yox, böyük yazıçı məni bağışlasın, ədəbiyyat olmasaydı, insanda bəşəri duyğular, ali hislər, yüksək mənəviyyat, kamillik, fəzilət və s. dəyərlər olmazdı. Çox şeylərdən, çox-çox mənəvi dəyərlərdən uzaq düşər, qəlbi, ruhu yoxsul insan sürüsü olardıq. Şəxsən bir insan olaraq məndə nə müsbət keyfiyyət varsa, öncə valideynlərimə, qan yaddaşıma və yazarlarımıza, musiqimizə borcluyam. Mən Vətəni geniş anlamda Səməd Vurğunun “Azərbaycan” şeirini oxuyub əzbərləyəndən sonra sevmişəm.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən.
Anam, doğma vətənimsən.
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan?!
Elə bir azərbaycanlı olarmı ki, “Azərbaycan” şeirini oxuyanda qəlbi coşmasın?!
Vətən əcdadımızın mədfənidir,
Vətən – övladımızın məskənidr.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
– söyləyən Abbas Səhhətin bu əbədi vəsiyyətini hansı azər-türk övladı unudar?! Sovet dövründə, İranla Şimali Azərbaycan arasında quş da uça bilmədiyi bir vaxtda Mirzə İbrahimovun “Gələcək gün”ü, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”i, Pənahi Makulunun “Səttar xan”ı, Süleyman Rüstəmin cənub şeirləri – məşhur “Təbriz”im şeiri, Şəhriyarın “Heydərbabaya salam” poeması və s. əsərlər olmasaydı, Cənub həsrətiylə yanardıqmı? O taydakı şəhərlərimizdə, kəndlərimizdə yaşayan dili bir, qanı bir soydaşlarımızdan xəbərimiz olardımı? Qətiyyən! İndi yüz minlərlə soydaşımızın Təbriz stadionunda al bayrağımıza sarınıb, “Qarabağ bizimdi, bizim olacaq!” – deyə hayqırması bu ayrılıq həsrətimizin əks-sədasıdır.
İndi Allahımın lütfü ilə mən gəlib elə bir nəşriyyata düşmüşdüm ki, adını eşitdiyim, kitablarını oxuyub zövq aldığım sənətkarların bir çoxunu canlı görür, ünsiyyətdə olur, əsərlərinin əlyazmasını redaktə edir, fikir bölüşür, mübahisə edir, bəziləri ilə də çiyin-çiyinə işləyirdim. Mən həyatda olmayan hər hansı müəllifin əsərini oxuyanda redaktor kimi, bir növ özümü onun mənəvi vəkili, varisi hesab edirdim, bu gün də belədir. Əlimi ürəyimin üstünə qoyub inamla deyə bilərəm ki, onların əsərlərinə kiçicik bir xətər toxunmasına belə heç vaxt yol verməmişəm, əksinə, daha nəfis, qüsursuz çıxmasına çalışmışam. Çünki redaktoru olduğum hər bir dəyərli kitaba bu günümüzün həqiqətlərini, müasirlərimizin duyğu-düşüncəsini, dünyagörüşümüzü və i. və s. keyfiyyətləri gələcəyə daşıyan və səhifələrində yaşadan əvəzsiz xəzinə kimi baxmışam. Xalq yaxşı deyib ki, qələm yazanı qılınc poza bilməz. Bunu anlayanlar üçün nəşriyyatda işləmək məsuliyyətli və şərəfli işdir.
Mən burada uzun illər ərzində korrektoru, redaktoru olduğum bütün kitablar və onların müəllifləri barədə yazmayacağam. Olub-olmuşların hamısını yada salıb qələmə almaq elə də asan iş deyildir. İkinci bir tərəfdən, hər