Şeytanbazarın çayxanaları kişilərin əyləncə yeri olduğu kimi, Tiflis hamamxanaları da arvadların gün keçirdikləri yer idi. Bu hamamlar gecə-gündüz qurnalardan[4] şırhaşır axıb hovuzlara tökülən kükürdlü isti mədən suları ilə məşhurdur. Heç bir ictimai yerə çıxmayıb evdə dustaq kimi yaşayan çarşablı arvadların ən böyük əyləncə yeri bu hamamlar idi. Hamı burada görüşür, burada tapışır, burada şirin söhbətə qızışır, oğlunu evləndirmək istəyənlər burada qız bəyənirdi. Hər kəs öz gücünə görə boğçasına pendir, çörək, yayda qarpız, xiyar bağlayıb hamama gedir, axşama qədər gününü orada keçirirdi.
Uşaq vaxtından mən də hamama anam ilə gedirdim. Yadıma gəlir, bu arvad hamamında elə səs-küy olardı ki, ağız deyəni qulaq eşitməzdi. Təəccüb burasındadır ki, hamısı birdən danışır, hamısı da bir-birini anlayıb cavab verirdi.
Sonralar hamama mən atamla gedirdim. Hamama daxil olan kimi gözə dərhal kərpicdən tikilmiş, əhəng və gəc ilə suvanmış böyük bir hovuz çarpırdı. Hovuzun sağ və sol tərəflərində soyunmaq üçün yerdən bir qədər uca xüsusi səkilər vardı. Nazik və uzun taxtalardan qayrılmış kiçik bir daxmada hamamçı otururdu. Soyunulan paltarlara nəzarət edən xidmətçi çimib gələnlərin ayağına su tökür, geyinmək istəyənlərə hər cür kömək göstərirdi. Bir tərəfdə isə samovar qaynayır, çayçı müştərilərə çay paylayırdı. Bir dəfə atam ilə hamama getməyim heç xatirimdən çıxmır. Biz hamama daxil olan kimi ətrafımızı kisəçilər bürüdü. Atam birini seçdi. O əvvəlcə hamamın səkisinə iki fitə sərdi. Sonra uzanmaq üçün bir kisəni yumrulayıb başı altına qoydu. Biz fitə üstündə oturduq. Kisəçi əvvəlcə atamın saqqalına xına qoydu. Sonra mənə kisə çəkdi. Mən oturub atamı gözləyirdim. Kişi başqa birisinə kisə çəkdikdən sonra atamın saqqalının xınasını yuyub yerinə rəng yaxdı. Mən gözləməkdən darıxırdım. Bir saatdan sonra kisəçi atamın saqqalının rəngini yuyub bədəninə kisə çəkməyə başladı. Sonra canını ovuşdurdu. Bütün bu tamam-dəsgahdan sonra böyük hovuza girdik. Dolu hovuzun suyu o qədər təmiz idi ki, ayaq barmaqlarımızın dırnağı görünürdü. Üç-dörd saat davam edən yuyunma nəhayət başa çatdı. Hamam xidmətçisi ayaqlarımıza su tökdü. Kişi hamamı intizamlı və səs-küysüz idisə də, kisəçinin hoqqabazlıqları, atamın saqqalının xınası və rəngi, onun bütün hamam qanun-qaydalarına qeyd-şərtsiz itaət etməsi məni lap hövsələdən çıxarırdı.
Tiflis cavanlarının bir hissəsi oxumur, işləmir, günlərini xoruz və qoç döyüşdürmək, meydançalarda güləşməklə keçirirdilər. Bir gün evdən çıxıb yoldaşım Hüseyn Minasazov ilə "Virana bağ"a oynamağa gedirdik. Yolda iki nəfər kişinin öz qoçlarının zəncirindən tutub, yanlarında bir dəstə adam ilə həmin bağa tərəf addımladıqlarını gördük. Bildik ki, qoçlarını döyüşdürməyə aparırlar. Biz də onlara qoşulduq. Qoçların ikisi də ağ idi. Qoçbazlardan biri öz qoçunu yol uzunu tərifləyib deyirdi:
– Tiflisdə mənim qoçumun qabağına çıxan qoç olmayıb. Heydər ağanın qoçu ki, səsi Tiflisi tutmuşdu, onu mənim qoçum beşcə dəqiqədə qaçırtdı.
O biri qoçun sahibi sakit-sakit onu dinlədikdən sonra:
– İgidin gücü meydanda bilinər! – deyə cavab verdi.
Onlar qoçlarını "Virana bağ"a yox, onun aşağısındakı
Qarpız meydanına gətirdilər. Ora çatıncaya qədər yolda adamlar çoxalmışdı. Qarpız meydanında böyük bir ağaclıqda dayandıq. Hər iki kişi qoçların boynundakı nazik zəncirə bağlı qalın meşin xaltaları açıb, qoçların buynuzlarından yapışdılar; onları bir-birinə yaxın gətirib buraxdılar. Qoçlar əvvəlcə bir-birilə iyləşdi, sonra dəhşətli bir döyüş başlandı. Vuruş getdikcə qızışır, hər iki qoç geri çəkilir, sonra irəli cumub bir-birinin kəlləsinə "şaraq-şaraq" buynuz vururdu. Qoçların yiyələri, "Ha qoçum, ha" deyə-deyə, elə bil onlara ürək-dirək verirdilər. Vuruşma uzun sürdü. Öyünən qoçbazın qoçu axıra yaxın bir-iki dəfə yediyi buynuzdan başını yana çevirib qaçmaq istədisə də, sahibinin, "ha, qoçum, ha" – deyə bağırtısı ilə yenə döyüşməyə başladı. Lakin bu axırıncı həmlə ona kömək etmədi. Hamı qalib gələn qoçun sahibini alqışladı. O biri qoçbazın rəngi qaçmış, dərin hüzn və həyəcan içində durmuşdu. Çox keçmədi ki, cibindən bir onluq çıxarıb, qalib gələn qoçun sahibinə verdi.
– Al, bu, sənin mərcin.
Qalib qoçun sahibi Qurban pulu almaq istəmədi. Rəqibi Baba zor ilə pulu onun ovcuna basdı.
Bu zaman Qurbanın qoçu yiyəsinə yaxınlaşıb əlini yaladı, başını onun ayaqlarına sürtdü. Baba acıqlı-acıqlı qoça baxdı, onun buynuzundan tutub dilləndi:
– Kim deyirdi ki, bu dinc, sakit görünən qoç mənim odalov qoçumu qaçıra bilər?! – Sonra o üzünü Qurbana tutub əlavə etdi, – Qurban, bu qoçu sat mənə.
– Yox, satmıram!
– Qoy bu adamlar qiymət qoysun. İki dəfə artıq verərəm, – bu sözləri deyib Baba şəst ilə əlini cibinə saldı.
– Yox, Baba, satmıram.
– Bu qoçumu da üstəlik verirəm…
– Dedim ki, mən qoçumu satmıram.
Lakin qoç döyüşdürmək büsatı bununla bitmədi. Məğlub olan qoçbaz birdən qaçıb öz qoçunu tutdu. Onu yerə yıxdıqdan sonra cibindən bıçağı çıxarıb qoçun başını kəsmək istədi. Ətrafdakılar nə qədər ona mane olmaq istədilərsə də, hirsindən dodağını gəmirən kişi razı olmadı:
– Adam içində mənim başımı yerə soxan qoç mənə lazım deyil! – deyib qoçun başını kəsdi. Sonra üzünü adamlara tutub dedi, – Götürün, soyun, ətini aranızda bölüşdürün, mən belə namərd qoçun ətindən yemərəm!
Baba qoçun zəncirini oynada-oynada o biri qoça baxdı. Sonra necə oldusa, onunla o biri qoçun sahibi arasında mübahisə başlandı. Mübahisə bir anda elə alovlandı ki, bu dəfə qoç sahibləri özləri döyüşə girişdilər…
Gecə idi. Anam bizi yedirdib, içirdib yatmağa uzandırmışdı. Birdən-birə bayırda dəhşətli bir səs-küy qopdu. Elə bil bütün şəhər ayağa qalxmışdı. Hər yerdə tüfəng, tapança atılır, qəribə həyəcanlı səslər eşidilirdi. Tez yerimdən qalxıb, həyətə baxan artırmaya çıxdım. Anam yerindən sıçrayıb qolumdan yapışdı. Bütün bədənimin titrədiyini gördükdə:
– Qorxma,