Haydi. Йоханна Спири. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Йоханна Спири
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244304 
Скачать книгу
aparır! Haydi Frankfurta gedir!

      Nənə təşvişlə pəncərəyə tərəf gedib:

      – Deta, uşağı bizdən ayırma! – deyərək ona yalvarmağa başladı.

      Deta özünü eşitməzliyə vurdu. Heç nə deməyib yoluna davam elədi. Nənə isə:

      – O uşaq mənim üzümü güldürürdü! Onsuz mən nə edəcəyəm?! – deyərək yalvarıb-yaxarmaqda idi.

      Amma Deta özünü yenə də elə aparırdı ki, guya onu eşitmir.

      Bu hadisə qoca babaya çox pis təsir elədi. O yenidən özünə qapıldı: saatlarla komasının qarşısında oturur, gözlərini bir nöqtəyə zilləyib nə barədəsə fikirləşir, dinib-danışmır, qapısına gələnləri isə əvvəlki kimi qovurdu.

      Keçi Peterin də qanı əməllicə qaralmışdı. Dəyənəyini havada yelləyib elə hey Deta xalanın qarasınca deyinirdi. O artıq keçilərin öhdəsindən gələ bilmirdi, heyvanlar ipə-sapa yatmır, narahat halda ora-bura qaçışırdılar. Qartopu yenə çəmənlikdə uzanıb məlul-məlul mələyirdi.

      Aydındır: təkcə insanlar yox, heyvanlar da Haydinin yoxluğu ilə barışmaq istəmirdilər…

      6. Başqa dьnyada

      Deta ilə Haydi uzun yol qət edəndən sonra gəlib Frankfurta çatdılar. Hündür boz binaların ucaldığı küçələrdən keçdilər.

      – Bəs burada dağ yoxdur? – Haydi tez-tez xalasından soruşurdu.

      – Burada dağlardan daha maraqlı, daha gözəl yerlər var, – xalası nəyə görəsə əsəbi tonla dedi. Amma Haydi bu cavabdan razı qalmadı: axı qoca babanın komasını dövrələyən dağlardan, qayalıqlardan, yaylaqdan daha gözəl yer təsəvvür eləmirdi.

      Xeyli getdikdən sonra, nəhayət, Deta dayanıb:

      – Budur, gəlib çatdıq, – dedi.

      Onların qarşısında dayandıqları ev Frankfurtun ən dəbdəbəli malikanələrindən biri idi. Deta qapını döyən kimi açdılar. Parıldayan düyməli uniforma geyinmiş nökər Sebastyan qulluqçu Tinettanı çağırdı. Ağ krujevalı önlük taxmış, başında da ağ yaylığı olan cavan qulluqçu qız cəld qaçıb gəldi. Uşağı görən kimi üzünə istehzalı təbəssüm yayıldı. Özündən razı halda:

      – Sizi gözləyirlər, – dedi.

      Sonra qulluqçu Deta xala ilə Haydini frau[6] Rottenmayerin yanına apardı. Evin sahibi cənab Zezemannın xanımı vəfat edəndən sonra bu böyük malikanənin bütün işlərini mürəbbiyə[7] frau Rottenmayer idarə edirdi.

      Deta üzünü frau Rottenmayerə tutub dedi:

      – Razılaşdığımız kimi uşağı gətirdim.

      Evin bu qədər böyük olması və sakinlərinin qəribə davranışları Haydini elə ilk andaca xeyli təəccübləndirmişdi. O, frau Rottenmayerin quş yuvasına bənzəyən saç düzümünə, bahalı ipək libasına heyrətlə tamaşa eləyirdi. Mürəbbiyə heç nə demədən üz-gözünü turşudub uşağı təpədən dırnağa süzdü. Axırda:

      – Adın nədir? – deyə soruşdu.

      – Haydi, – uşaq cavab verdi.

      – Nə? Haydi? – frau Rottenmayer əsəbi səslə təkrarladı. – Belə də ad olar?! Bəs xaç suyuna salınanda sənə düzəməlli ad qoymaq ağıllarına gəlməyib?

      – Bilmirəm, – Haydi dedi.

      Deta frau Rottenmayerin əməllicə əsəbiləşdiyinin fərqinə vardı. Odur ki tez-tələsik araya girib:

      – Üzr istəyirəm, xanım. Uşağın adı Adelhaydadır, ona anasının adını qoymuşuq.

      – Bu uşaq səfehdir, yoxsa bizi ələ salır? Niyə adının Haydi olduğunu söyləyir? – frau Rottenmayer dedi.

      – Xanım, icazə verin, mən məsələni aydınlaşdırım, – Deta xala dilləndi. – Qız səfeh deyil və əlbəttə ki, sizinlə zarafatlaşmağa cürət etməz. Sadəcə olaraq fikirləşdiyi hər şeyi dilinə gətirir. İndi də düşünür ki, onu «Haydi» çağırdıqları üçün əsl adı da belədir. Bir də indiyə kimi belə böyük ev görməyib, ona görə yazıq çaşbaş qalıb. Sizi əmin edirəm ki, burada qalsa, bütün nəzakət qaydalarını çox tez öyrənəcək.

      – Yaxşı, bəs oxuyub-yazmağı necədir? – frau Rottenmayer soruşdu.

      – Mən heç məktəbə getməmişəm, – Haydi xalasını qabaqlayaraq dilləndi.

      Mürəbbiyə donub-qaldı:

      – Necə yəni? İndiyə kimi oxuyub-yazmağı öyrənməmisən?

      – Xeyr, – Haydi yavaş səslə cavab verdi.

      – Bəs, ümumiyyətlə, nəsə öyrənmisən, ya yox? – frau Rottenmayer hiddətləndi.

      – Peterdən keçiləri otarmağı öyrənmişəm, – Haydi dedi.

      Frau Rottenmayerin üzü qəzəbdən qıpqırmızı oldu. O, hirslə Detaya tərəf dönərək:

      – Biz belə danışmamışdıq! – dedi. – Bu uşağa Klara ilə birlikdə dərs keçiləcəkdi. Amma görürəm ki, bu, mümkün deyil! Onların arasında çox böyük fərq var. Klara yaman məyus olacaq. Halbuki yeni bir dostu olacağına nə qədər sevinmişdi!

      Elə bu vaxt otağın qapısı açıldı, nökər Sebastyan bir əlil arabasını itələyib içəri saldı. Arabada solğun bənizli, xəstəhal bir qız uşağı oturmuşdu. Amma qız Haydini görən kimi dirçəldi, gülümsədi və əlini ona uzatdı.

      Frau Rottenmayer Detaya bu işin baş tutmayacağını başa salmaq üçün onunla birlikdə otaqdan çıxdı. İkilikdə qalan uşaqlar dərhal bir-birinə isinişdi. Klara gülümsəyərək dedi:

      – Bayaq dayəmlə danışdıqlarınızın hamısını eşitdim. Sənin yazıb-oxumağı bacarmamağın mənə çox maraqlı gəldi. Bu o deməkdir ki, dərs saatlarımız xeyli şən keçəcək, heç darıxmayacağam. Doğrudan, keçi otarmağı bacarırsan? Bu haqda mənə mütləq danışmalısan. Danışacaqsan?

      Haydi razılıq əlaməti olaraq başını tərpədib dedi:

      – Amma yeddi gündən sonra evə qayıtmalıyam.

      – Ola bilməz! Niyə qayıdırsan? – Klara məyus halda soruşdu.

      – Orada hamı məni gözləyir: qoca baba, nənə, Keçi Peter və keçilər, – deyə Haydi cavab verdi.

      – Bu, mümkün deyil! Sən həmişəlik Frankfurtda qalacaqsan. Atamla xanım Rottenmayer belə qərara gəliblər.

      Bunu eşidəndə Haydini dəhşət bürüdü. Xalasının onu aldatdığını başa düşdü. Dərhal ürəyində qəti qərar verdi: əsla Frankfurtda qalmayacaq!

      Klara bir az əvvəl dediyi sözlərdən Haydinin çox kədərləndiyini görüb ona təsəlli verməyə başladı:

      – Görəcəksən, dərslər çox xoşuna gələcək. İkimiz birlikdə çox şey öyrənəcəyik. Elə maraqlı olacaq ki! Bilirsən, mənim nə qədər oyuncağım var?! Atam uzaq ölkələrə səfərə gedəndə həmişə mənə təzə oyuncaq gətirir.

      Haydi susurdu. Klara onun kefini açmaq üçün soruşdu:

      – Keçilərin


<p>6</p>

Frau – almanca «xanım» deməkdir.

<p>7</p>

Mürəbbiyə – keçmişdə dövlətli ailələrində uşaqların təlim və tərbiyəsi ilə məşğul olan şəxs; tərbiyəçi, xüsusi müəllim