Lakin əgər Nökərlərdən kimsə Faullardan kimisə öz himayəsinə götürürdüsə, onlar heç zaman ayrılmırdılar. Bəli, iş ağır, cansıxıcı iş idi, lakin mükafatı da artıqlaması ilə edilirdi – əlbəttə, bu mükafatdan istifadə etmək üçün sağ qalmaq imkanı olduqda. Əks halda Nökər ailəsi altırəqəmli ədədlə ifadə olunan səxavətli kompensasiya, üstəgəl aylıq pensiya alırdı.
İndiki Nökər gənc Artemisi artıq on iki ildi, yəni o, doğulandan bəri qoruyurdu. Əsrlərdən bəri yaranmış qaydalara riayət etmələrinə baxmayaraq, onların münasibətləri adi ağa və xidmətçi arasındakı münasibətlərdən daha yaxın idi. Mahiyyət etibarilə, Artemis Nökər üçün ən yaxın dosta çevrilmişdi, Nökər isə öz növbəsində Artemisə onun atasını əvəz etmişdi (bütün əmrlərini bir-bir yerinə yetirən ata – hər bir oğlanın arzusudur).
Hava limanınadək bütün yolu Nökər təmkinlə susdu və yalnız Banqkokdan Xitrouya uçan təyyarənin bortunda dillənməyə cəsarət tapdı:
– Ser?
Artemis gözünü noutbukunun ekranından ayırdı. O, artıq Kitabın tərcüməsinə başlamışdı.
– Nədi?
– Bu türkəçarəçi… Onun əlindən Kitabı sadəcə almaqdan asan nə var idi ki? Öz sehri olmadan qarı çox yaşamazdı.
– Meyid – hər zaman dəlildir, Nökər. Belədə isə sehrli xalqcığın şübhələnmək üçün heç bir səbəbi olmayacaq.
– Bəs qarının özü?
– Çətin ki, o, Kitabı insanlara göstərdiyini etiraf etsin. Lakin mən qabaqcadan işimi ehtiyatlı tutub, ikinci ampulaya qismən amneziya yaradan maddə qatmışdım. Son həftənin bütün hadisələri onun yaddaşından silinəcək.
Nökər ehtiramla başını tərpətdi. Hamını və hər şeyi iki addım qabaqlamaq – budur cənab Artemisin dəst-xətti. Necə deyərlər, ot kökü üstə bitər. Amma yox, ustad Artemis ot deyil, o, artıq yeni bir ağacdır və onun kimiləri dünya hələ görməyib.
Bir qədər sakitləşərək Nökər “Silah və hərbi sursatlar”ın yeni nömrəsini oxumağa qayıtdı. Bəs kainatın sirrləri?… O, bu məsələlərdə bütünlüklə öz gənc ağasına etibar edirdi.
İkinci fəsil
TƏRCÜMƏ
Siz yəqin artıq anladınız, öz məqsədinə çatmaq üçün Artemis Faul demək olar, hər şeyə hazır idi. Bəs bu nə məqsəd idi? Durub dünyanın o başına getmək, alkoqol iliyinə işləmiş türkəçarəçi qarını şantaj etmək nəyə lazım idi? Cavab çox sadədir. Hər şeyin səbəbi – qızıldır.
Artemisin axtarışları yuxarıda təsvir edilmiş hadisələrdən iki il əvvəl, o, İnterneti özü üçün kəşf etdiyi zamandan etibarən başlanmışdı. Tezliklə Artemis qeyri-adi hadisələrə:
insanların yadplanetlilər tərəfindən oğurlanmasına, UNO-larla görüş və s.-dən bəhs edən saytlara rast gəldi. Lakin han-sısa qəribə irqin mövcudluğu haqda məlumat onu xüsusilə maraqlandırdı.
Giqabaytlarla məlumatları nəzərdən keçirərək, o, yüzlərlə istinad aşkara çıxardı. Dünyanın hər bir ölkəsində bu sehrli varlıqları bir cür adlandırırdılar, lakin Artemis bir saniyə də olsun şübhə etmirdi ki, söhbət eyni irqdən gedir. Bir neçə dəfə hətta bu sirli xalqcığın hər bir nümayəndəsində olması vacib olan Kitab da təsvir olunmuşdu, içərisində sehrli varlıqların tarixi və onların riayət etməli olduqları ehkamlar təsvir edilmiş Bibliyaya bənzər kitab. Adi insanlar onun sehrli mətnini oxuya bilməsinlər deyə, aydın məsələdir, Kitab cırtdanların dilində yazılmışdı.
Lakin Artemis, texnologiyaların çağdaş imkanlarında Kitabın çevrilməsini tamamilə mümkün olan bir iş hesab edirdi. Sonra isə… Təkcə bu qeyri-adi varlıqların, Kitabın sahiblərinin bütün sirlərini öz xeyrinə istifadə etmək qalır.
“Öz düşmənini tanı” – Artemisin devizi belə idi. Bu oğlan problemin həllinə tamamən baş vurmuşdu və sehrli xalqcıq üzrə ensiklopediya hazırlamışdı.
Lakin bu az idi. O zaman Artemis İnternetdə belə bir elan yerləşdirdi.: “İrlandiyalı biznesmen elf, leprekon, sprayt, piksi və ya sehrli tayfanın istənilən digər nümayəndəsi ilə görüş üçün amerika dollarları ilə böyük məbləğdə pul ödəməyə hazırdır”. Bundan sonra yağış kimi yağan təkliflərin əksəriyyəti saxta çıxdı, lakin Xo Şi Minə səfər onun bütün gözləntilərini üstələdi.
Yəqin ki, Artemis planetdə yaşayan yeganə insan idi ki, öz qeyri-adi tapıntısından maksimal qazanc əldə etmək istəyirdi. Birincisi o, hələ sehrbazlığa öz uşaq inamını itirməmişdi, ikincisi də bu sehrə sahib olmaq qətiyyəti onun inamını daha da möhkəmləndirirdi. Bu qiymətli xəzinələri sehrli xalqcığın əlindən ala biləcək bir kimsə var idisə o da – ikinci Artemis Faul idi.
Dublindəki malikanələrinə Artemis Faul və Nökər səhərə yaxın çatdılar. Artemis bilgisayarın arxasına keçmək və Kitabla işləmək üçün səbirsizlənirdi, amma o, əvvəlcə anasına baş çəkməyi qərara aldı.
Angelina Faul yataq xəstəsi idi. Onun xəstəliyi əri itkin düşdükdən dərhal sonra başlanmışdı. “Hər şeyin səbəbi sinir gərginliyidir, – həkimlər belə deyirdilər. – Heç nə ilə kömək etmək mümkün deyil, yalnız sakitlik və yuxu dərmanları lazımdır”. Anası artıq bir il idi ki, xəstə idi.
Anasının otağına aparan pilləkənin alt qatında Nökərnin kiçik bacısı Cülyetta əyləşmişdi. Parıltılı kiprik tuşu qızın divarı deşən qaşqabaqlı baxışını daha da ifadəli edirdi. Artemis Cülyettanı artıq bir dəfə bu vəziyyətdə görmüşdü – həmin gün Cülyetta bir sırtıq heyvərəni, pizza daşıyanı supleksləmişdi. “Supleksləmə”, Artemisin başa düşdüyü qədər idman mübarizəsinin fəndlərindən biridr. Qız uşağı üçün tamamilə qeyri-adi məşğuliyyətdir. Nə isə, axı o Nökərlər nəslindən idi…
– Cülyetta, nəsə baş verib? Cülyetta tələsik başını qaldırdı.
– Mən çox təqsirkaram, Artemis. Yəqin mən pərdələri yaxşı bağlamamışam. Missis Faul bu gecə gözlərini heç yummayıb.
– Hm, – deyərək Artemis palıd ağacından düzəlmiş pillələrlə asta-asta yuxarı qalxmağa başladı.
Anasının vəziyyəti onu narahat edirdi. Anası artıq çoxdan idi yataq otağını tərk etmir və adam arasına çıxmırdı. Lakin digər tərəfdən, əgər o, hansısa sehrli bir yolla həyata qayıtsaydı, Artemisin hüdudsuz azadlığının sonu gələcəkdi. Yenidən məktəbə getmək lazım gələcəkdi və – əlvida, qanunsuz həyat.
O, ehtiyatla ikitaylı qapını döydü.
– Ana?