Автор: | Томас Бернхард |
Издательство: | Alatoran yayınları |
Серия: | |
Жанр произведения: | |
Год издания: | 0 |
isbn: |
yatmağa məhkum edilən xəstə bütün bu müddət ərzində azadlığa can atır. Nəticədə səhhətinin palatanı tərk etməyə imkan verəcəyi anı gözləməyə səbri çatmır və təbii ki, dəhlizdəki bir neçə addımlıq gəzintiylə qane olmur. O saat küçəyə çıxmağa tələsir və özü özü üçün qəbir qazır. Çoxları tibb elminin gücsüzlüyünə görə yox, məhz xəstəlikdən sonra çox tez ayağa durduğu üçün ölür. Həkimləri hər şeydə günahlandırmaq olar, amma hər halda onlar (ən etinasızları, ən axmaqları və ən vicdansızları da) bircə şey – xəstələrinin vəziyyətini yaxşılaşdırmaq istəyir. Ancaq xəstələr də onlara kömək etməli, yerindən çox tez (ya da çox gec!) durmaqla həkimlərin səylərini boşa çıxartmama-lıdırlar. Vaxtından tez durub gəzintiyə çıxmaq o biri dünyaya səyahətlə nəticələnə bilər. Mən bu dəfə çox uzağa getmişdim. Ernst korpusu mənim üçün həddindən artıq uzaq idi. Mən artıq Franz korpusundan qayıtmalı idim. Amma mən mütləq şəkildə dostumu görmək istəyirdim. Təngnəfəs halda Ernst korpusunun qabağındakı skamyada oturub ağacların arasından görünən Ludwig korpusuna baxmağa başladım. Bəlkə də ruhi xəstə yox, ağ ciyər xəstəsi olduğum üçün məni heç Ludwig korpusuna buraxmayacaqlar deyə fikirləşdim. Ağ ciyər xəstələrinin Hermann korpusunun sahəsindən çıxıb ruhi xəstələr üçün nəzərdə tutulmuş korpusun sahəsinə girməyi ciddi şəkildə qadağan edilmişdi. Həmçinin ruhi xəstələr də ağ ciyər xəstələrinin sahəsinə gələ bilməzdi. Bu iki sahəni hündür barmaqlıqlarla ayırmışdılar, amma barmaqlıqlar yerbəyerdə pas atıb çürümüşdü və hər yerdə deşiklər əmələ gəlmişdi. Ən azından sürünə-sürünə o biri tərəfə keçmək olardı. Hər gün nə qədər ruhi xəstənin ağ ciyər xəstələri arasında gəzdiyi, həmçinin ağ ciyər xəstələrinin də ruhi xəstələrə qarışdığı yaxşı yadımdadır, amma birinci dəfə Hermann korpusundan Ludwig korpusuna getməyə cəhd etdiyim gün bunlardan xəbərim yox idi. Ancaq sonralar öz sahəmizdə ruhi xəstələri görməyə öyrəşdim. Axşamları sanitarlar ruhi xəstələri qovlamağa gəlirdilər və tutduqlarına dəli köynəyi geyindirib rezin dəyənəklə (bunu öz gözlərimlə görmüşdüm) Ludwig korpusuna qovurdular. Ruhi xəstələrin çığırtıları gecəyə qədər qulağımdan getmirdi. Ağ ciyər xəstələri isə öz sahələrini sırf maraq xatirinə tərk edib ruhi xəstələrin sahəsinə keçirdi, çünki yeknəsəq və səhərdən axşamacan ölüm fikriylə keçən darıxdırıcı günlərinə nəsə bir maraq qatmaq istəyirdilər. Doğrudan da səhv etmirdim, mən ağ ciyər xəstələrinin sahəsini tərk edib ruhi xəstələrin sahəsinə keçəndə onlar xəstəxananın həyətinə səpələnmiş halda gəzirdilər və diqqəti cəlb etməmək üçün paltarlarına tikilmiş nömrələri cırırdılar. Bəlkə haçansa yazacağım başqa bir kitabda ruhi xəstələr korpusundakı qayda-qanunları və gözümlə gördüyüm hüquq pozuntularını yazmağa risk edərəm. Amma hələlik Ernst korpusunun qabağında oturub fikirləşirdim ki, Ludwig korpusuna getmək üçün ikinci cəhdi azı bir həftədən sonra edə bilərəm. Yaxşı başa düşürdüm ki, hazırda gücüm ancaq Hermann korpusuna qayıtmağa çatar. Skamyada oturub sonsuz kimi görünən bağdakı ağaclardan yerə və təzədən ağaca hoppanan dələlərə baxırdım. Elə bil, bu dələlərin yeganə işi ağ ciyər xəstələrinin yerə atdığı salfetləri yığıb ağaca çıxartmaq və ağacın başında onlarla oynamaqdan ibarət idi. Bağın hər yerində ağzında salfet tutmuş dələlər qaçışırdı və dişlərində sıxdıqları salfetlər axşam alatoranında ağ ləkələr kimi sayrışırdı. Oturub öz-özlüyündən ağlıma gələn fikirləri bu mənzərəyə uyğunlaşdırmağa çalışmaqdan həzz alırdım. İyun ayı idi. Korpusların pəncərələri açıq idi və açıq pəncərələrdən əvvəlcədən planlaşdırılmış kimi eşidilən xəstə öskürəkləri axşam alatoranına qarışırdı. Şəfqət bacılarını hirsləndirməmək üçün durub Hermann korpusuna qayıtdım. Əməliyyatdan sonra nəfəs almağım yüngülləşmişdi. Elə bil, ürəyim də artıq yükdən azad olduğu üçün daha yaxşı döyünürdü, amma yaxın gələcəyim çox da ürəkaçan görünmürdü, kortizon müalicəsi fikri kefimi pozurdu. Amma bu o demək deyil ki, mən bütün günü ümidsizlik içində keçirdirdim. Mən ümidsizlik içində yuxudan dururdum, bu ümidsizlikdən yaxa qurtarmağa çalışırdım və günortaya qədər buna müyəssər olurdum. Nahardan sonra ümidsizlik hissi təzədən qayıdırdı, axşamüstü təzədən gedirdi, gecə yarısı yuxudan oyananda isə, o, əlbəttə ki, ağlımda peyda olurdu və mənə səhərkindən daha ağır əzab verirdi. Həkimlərin burda öldüyünü gördüyüm xəstələrlə eynən mənimlə danışdıqları kimi danışdıqlarını, mənə göstərdikləri münasibətin eynisini göstərdiklərini və hətta zarafatlaşmaqlarının da eyni olduğunu gördüyüm üçün mənim həyat yolumun da təxminən o mərhum xəstələrin həyat yoluna oxşayacağını fikirləşirdim. Hermann korpusunda diqqət cəlb etmədən, qışqırıqsız, yalvarışsız, əksərən tamamilə səssiz ölürdülər. Sən sadəcə səhər dəhlizdə artıq üzü dəyişdirilib təzə xəstəni gözləyən növbəti boş yatağı görürdün. Yanlarından keçəndə şəfqət bacıları bizi həyəcanlandırmamaq üçün gülümsəyirdilər. Hərdən özümdən soruşurdum ki, görəsən, nə üçün mənə yazılmış yoldan çıxmağa çalışıram? Nə üçün mən də başqaları kimi yolumla sakitcə getmirəm? Vaxtı çatıbsa, ölümə müqavimət göstərmək nəyə lazımdır? Mən elə indi də özümdən soruşuram ki, o vaxt imkan var ikən, o şəraitdə ikən ölümə təslim olsaydım, daha yaxşı olmazdımı? O vaxt bir neçə həftə içində can rahatlığı ilə ölə bilərdim. İndi bundan əminəm. Amma mən ölmədim, hələ də yaşayıram. Mən Hermann korpusunda yatdığım vaxt dostum Paul'un da Ludwig korpusunda yatmağını xeyir əlaməti hesab edirdim (Paul əvvəl-əvvəl mənim Hermann korpusunda yatdığımı bilmirdi, bunu sonralar – növbəylə ikimizə də baş çəkən ortaq dostumuz İrina'nın boşboğazlığı sayəsində öyrəndi). Məni heç bir halda Paul'la eyniləşdirmək olmaz, amma istər-istəməz fikirləşirdim ki, əgər dostum Paul hər il bir neçə həftəni və ya bir neçə ayı (ilbəil bu müddət artırdı) Steinhof'da keçirdəndən sonra ordan evə qayıdırdısa, demək, mən də sağalıb burdan çıxacağam. Öz-özümə deyirdim: bir neçə həftə və ya bir neçə ay burda qalandan sonra mən də onun kimi çıxıb evə gedəcəyəm. Belə də oldu. Dörd ay sonra Baumgartnerhöhe'ni tərk edib gedə bildim, bir çox başqa xəstə kimi ölmədim, Paul isə o vaxt çoxdan azadlığa çıxmışdı. Amma ilk gəzintimə çıxdığım gün Ernst korpusundan Hermann korpusuna gedə-gedə ciddi surətdə ölüm haqda fikirləşirdim. Hermann korpusundan sağ çıxa biləcəyimə inanmırdım. Orda olanda çox şey eşidib görmüşdüm. Həmçinin, özümdə də bircə ümid qığılcımı qalmamışdı. Çoxlarının iddia etdiyi kimi, axşam alatoranlığı yüngüllük gətirmirdi, əksinə, vəziyyətimi daha da ağırlaşdırırdı. Növbətçi şəfqət bacısı mənə hökm kəsəndən və mənim axmaq, məsuliyyətsiz hərəkətim haqda düşündüklərini deyəndən sonra yatağıma uzanıb dərhal yuxuya getdim. Yeri gəlmişkən deyim ki, Baumgartnerhöhe'də bircə gecəni də əvvəldən axıracan yata bilməmişdim. Adətən yatandan bir saat sonra oyanırdım. Ya bütün yuxularım kimi bu yuxum da məni uçurumun qırağına gətirib çıxarırdı və həyatım yarıda qırıldığı üçün qorxub oyanırdım, ya köməyə çağıran və ya ölən hər hansı bir xəstənin dəhlizdən eşidilən səsinə, ya da palata yoldaşım ördəyə işəyəndə çıxan səsə oyanırdım (o xəstə heç vaxt ördəkdən səssiz istifadə edə bilmədi, hər dəfə