Çox kasıb idi. Hər dəfə ona zəng edəndə Pasaj bazarının giriş qapısında görüşərdik. Bazarın alt qapısından girib mənə lazım olan şeyləri aldırardı, üst qapıdan çıxıb evə yollanardıq. Məktəbi təzə qurtarmışdım, heç yerdə işləmirdim. Bəzən istədiklərini ala bilməyəcəyimdən qorxub aylarla ona zəng etmirdim. Onu himayə edəcək bir adama ehtiyacı vardı. Mənimlə heç bir gələcəyinin olmadığını başa düşürdü. Bəlkə də buna görə yavaş-yavaş aranı soyutmağa çalışırdı. Bəlkə də yanılıram. Küçədə məni qarşılayanda üzündə yenə o qorxulu kədər ifadəsi olurdu. Sanki özünü bilərəkdən yaşlı göstərmək istəyirdi. Ancaq evdə, yarımqaranlıq məkanda yenə də ay kimi işıq saçardı.
Burdan salamat qurtarsam, birbaşa Nəzakətin yanına gedəcəm, həyatımda mənə xoşbəxt günlər yaşatmış o qadın tapacam, onun üçün əlimdən nə gəlirsə edəcəm…
2
Gecəyarı rəqqasəsi
Mənim qadınla ilk tanışlığım Ukraynada olub. Günlərin bir günü, məndən 3 yaş böyük olan əmim oğlu Zamin mənə birlikdə Ukraynaya getməyi təklif etdi. Bir il olardı əsgərlikdən gəlmişdi, kənddə avaralanıb dururdu, heç bir işin qulpundan yapışa bilmirdi. Soruşanda, “buralar ürəyimi sıxır, onsuz da çıxıb gedəcəm” deyərdi. Ukrayna qızlarıyla çəkdiyi keyflərdən mənə bol-bol danışardı.
–Əmoğlu, orda bilirsən necə qızlar var… Bu tərəfindən baxanda o tərəfləri görünür…
–Necə görünür? – soruşurdum.
–Şüşə kimidirlər də, yemək yeyəndə boğazlarından yemək görünür.
Ukrayna haqqında fantastik xəyallarım vardı, bu ölkəyə yollanmaq mənə yuxu kimi görünürdü. Məktəbi yeni qurtarmışdım, payızda onsuz da əsgərliyə gedəcəkdim, qismət olarsa Zaminin dediklərini öz gözlərimlə görəcəkdim. Ancaq o vaxta qədər gedib Rusiyanı görmək mənim üçün göydəndüşmə idi.
Avqustun axırlarında əmioğlumla Ukraynaya hazırlaşmağa başladıq. Getmək pulumuz düzəlmişdi, ancaq orada bir həftə qalmağın və geri qayıtmağın yolunu tapmalıydıq. Zamin bağçalarındakı narı toplayıb Ukraynaya aparmağı təklif etdi, bu işdə varsanmı dedi, varam dedim. Qərara gəldik, narları yığmaq üçün qutular tapdıq. Bu işə əmioğlu rəhbərlik edirdi, necə, hansı yolla, hara gedəcəyimizə o qərar verirdi. Əvvəlcə “malı” Bakıya aparmaq, ordan Kiyev qatarıyla yollanmaq istəyirdik. Sonra məlum oldu, Abxaziyada ruslar körpünü partlatdığına görə Tiflis-Kiyev qatarı Azərbaycan ərazisindən keçməyə başlayıb. Bu yeni reysdən çox adamın xəbəri yox imiş və buna görə də qatar demək olar ki boş olurmuş. Zamin gecə-gündüz vurnuxurdu, Göyçay stansiyasıyla kənd arasındakı yolu demək olar hər gün debib-gəlir, məlumat toplayırdı. Bir anda plan dəyişdi, əl yükü nar aparacağımız halda, çəki bir tona yüksəldi. Kənddən özümüzlə apardığımız bir dəstə uşağın köməyilə yeşikləri sərnişin qatarına yüklədik, bütöv bir kupeni doldurduq, qonşu kupeni isə özümüz üçün tutduq. 1990-cı il, sentyabr ayının 2-si idi. Həyatımda ilk dəfə Azərbaycanın sərhədlərini aşacaqdım.
Vaqon bom-boş idi. Qonşu kupedə Volodya adlı bir Bakılı rus vardı. Tezliklə onunla dostlaşdıq. Yemək sırası gələndə süfrələrimiz birləşdi, Volodya masaya bir şüşə araq qoydu. Yeyib içib keflənəndən sonra Volodya danışmağa başladı. Qırx yaşlarında bir adam idi. Danışdıqlarından başa düşdüyümə görə arvadı arxasından bir təpik vurub qapıdan bayıra itələmiş, get pul qazan demişdi. Mənə çox yaşlı görünən bu adam Rusiyaya öz bəxtini sınamağa gedirdi. O da elə bizim günümüzdəydi: qayıtmağa pulu yoxdu, ancaq satmaqdan ötrü özüylə bəzi şeylər aparırdı. Bir balon tomat və arvadının hördüyü yun jaket.
Zamin rusca yaxşı bilirdi, Volodya ilə çənə vurur, mənsə tambura çıxıb pəncərədən geriyə axan təbiət mənzərələrinə baxırdım. Qatarla getmək xoşuma gəlmişdi. Getdiyim yerlərdə məni çox maraqlı əyləncələrin gözlədiyini bilirdim. Bayırda yağış yağırdı, üşüyüb içəri keçdim, bunu görən Volodya toxunma jaketi mənə uzatdı, geyinib onların yanında oturdum. Canıma istilik yayıldı. Bir azdan məni yuxu tutdu.
Ertəsi gün artıq Rusiya ərazisində idik. Vaqonumuz yeni sərnişinlərlə dolmuşdu. Volodyanın kupesinə girib jaketi qaytarmaq istədim, qalsın, hava soyuqdur dedi. İçəridə əsgərliyini bitirib evlərinə qayıdan cavan oğlanlarla yeyib-içirdi, danışıb-gülürdülər. Onlarla oturmaq təklifini qəbul etmədim, koridora çıxdım. Burada sarışın bir qız dayanıb pəncərədən çölə baxırdı. Son dərəcə gözəl idi. Deyəsən Zaminin dediyi həmin qızlardan biri idi, həqiqətən də mənə elə gəldi bu qızın bu tərəfindən baxanda o tərəfi görünürdü. Məndən saatı soruşdu. Beləcə tanış olduq. Adı Lena idi. Dərin ruscam yox uidi, ancaq Lena ilə ordan-burdan söhbət etdik, sən demə artıq ərə gedib, boşanıb, bir uşağı da var. Mən də bizneslə məşğul olduğumu, Ukraynaya nar apardığımı söylədim. Lena Ukraynanın Vinnitsa şəhərində yaşayır. Telefonunu verdi, Vinnitsaya gəlsən mənə zəng et, dedi. Sonra öz kupesinə çəkildi. Mən də şirin xəyallar içərisində öz kupemə çəkildim. Zamindən Vinnitsa şəhərinin harada olduğunu, oraya gedib-getməyəcəyimizi soruşdum. Biz elə Vinnitsaya gedirik, sözünü eşidəndə sevincimdən az qala qışqırdım. Lena haqqında Zaminə danışdım. Eh, darıxma hələ, o qədər Lena görəcəksən ki, dedi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.