On zənci balası. Агата Кристи. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Агата Кристи
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244380
Скачать книгу
qulaq kəsilmişdi.

      Dəyirmi yemək masasının ortasına balaca zənci fiqurları düzülmüşdü. Başları yeməyə qarışan qonaqlar bu fiqurlara indiyədək fikir verməmişdilər.

      – Nə maraqlı fiqurlardır, – birdən Entoni Marston dilləndi.

      Hamının nəzərləri fiqurlara dikildi.

      – Balaca zəncilər… Hə, əlbəttə, zəncisiz nə Zənci adası! – cənab Lombard dedi.

      – Görəsən, on dənədir? – Vera əyilib fiqurları saymağa başladı. – Dübbədüz on dənə! Lap on zənci haqqındakı sanamada[14] olduğu kimi! Otağımdakı buxarının üstündən asılıb.

      – Mənim otağımda da var, – Lombard ucadan dilləndi.

      – Mənim də! – Marston dedi.

      Beləliklə, məlum oldu ki, bu şeir parçası bütün otaqların divarına vurulub.

      – Məzəli şeirdir, elə deyil? – Vera dedi.

      Elə bu vaxt güclü külək yemək otağının şüşəli qapısını vurub açdı. Qayalara çırpılan dalğaların səsi otağı başına götürdü.

      – Dəniz səsini çox sevirəm, – miss Brent dilləndi.

      – Lakin mən bu səsə nifrət eləyirəm! – Vera dedi. Sonra isə yanaqları qızardı. Tələm-tələsik əlavə elədi: – Qışda burada dalğaların səsindən qulaq tutular, düz demirəm?

      Miss Brent başını tərpətdi.

      – Yəqin, qış vaxtı burada yaşayan olmaz. Ən azından ona görə ki qulluqçulara nə qədər maaş versən də, burada qalmazlar.

      – Hərçənd missis Onimin qulluqçu sarıdan bəxti gətirib. Missis Rocersin gözəl əl qabiliyyəti var! – Vera dedi.

      – Necə, siz missis Onim dediniz? – yaşlı qadın təəccüblə soruşdu.

      – Bəli, – Vera cavab verdi, sonra da üz-gözünü turşudub öz-özünə mızıldandı: «Bu qocalar da həmişə hər şeyi səhv salırlar».

      – Mən Onim adında adam tanımıram, – Emili Brent bunu deyib çantasını eşələməyə başladı. Elə bu vaxt qapı açıldı və cənab Rocers içəri girdi. Əlindəki məcməyidə qəhvədan və qəhvə fincanları vardı. İki qulluqçu və bütün qonaqlar, yəni on nəfərin onu da yemək otağında idi. Saat 10-a 20 dəqiqə işləmişdi. Birdən kiminsə amiranə səsi otağa çökmüş sükutu pozdu:

      – Xanımlar və cənablar! Diqqətiniz məndə olsun!

      Hamı çaşqınlıqla yan-yörəsinə boylanmağa başladı. Səsin haradan gəldiyini başa düşə bilmədilər. Səs yenidən eşidildi:

      – Siz ittiham olunursunuz:

      Eduard Corc Armstronq! Siz 14 mart 1925-ci ildə vəfat etmiş Luiza Meri Klisin ölümündə təqsirləndirilirsiniz!

      Vilyam Henri Blor! Siz Ceyms Stiven Landorun 10 oktyabr 1928-ci ildə baş vermiş ölüm hadisəsinə görə məsuliyyət daşıyırsınız!

      Emili Karolina Brent! Siz 5 noyabr 1931-ci ildə dünyasını dəyişən Beatrisa Teylorun ölümündə günahlandırılırsınız!

      Filip Lombard! Siz 1932-ci ilin fevral ayında Şərqi Afrika qəbiləsindən olan 20 nəfərin ölümünə bais olmusunuz!

      Vera Elizabet Kleytorn! Siz 11 avqust 1935-ci ildə Siril Ogilvi Hamiltonun ölümünə səbəb olmusunuz!

      Con Qordon Makartur! Siz 4 fevral 1917-ci ildə həyat yoldaşınızın aşnası Artur Riçmondu öldürmüsünüz!

      Entoni Ceyms Marston! Siz keçən ilin noyabrında Con və Lüsi Kombsları maşınla vurub əzmisiniz!

      Tomas Rocers və Etel Rocers! Siz 6 may 1929-cu ildə Cennifer Breydini öldürmüsünüz!

      Lorens Con Uorqreyv! Siz Eduard Sitonun 10 iyun 1930-cu ildə baş vermiş ölüm hadisəsinə görə təqsirli bilinirsiniz!

      Müttəhimlər! Özünüzü müdafiə eləmək üçün nə deyə bilərsiniz?

      Bu sözlərdən sonra səs kəsildi. Hamı yerində donub-qalmışdı. Elə bu vaxt Rocersin əlindəki məcməyi yerə düşdü, içindəkilər döşəməyə dağıldı. Dəhlizdən əvvəl çığırtı səsi eşidildi, sonra kimsə tappıltı ilə yerə yıxıldı.

      Ayaq üstə olan cənab Lombard tez dəhlizə tərəf cumdu. Missis Rocers huşsuz halda yerdə uzanmışdı.

      – Entoni, – o, cavan oğlanı səslədi, – kömək elə!

      Entoni Marston iti addımlarla dəhlizə tərəf getdi. Həkim Armstronq da onun arxasınca yollandı. Kişilər köməkləşib qulluqçunu divana uzatdılar. Həkim qadını müayinə edəndən sonra dedi:

      – Qorxulu bir şey yoxdur, sadəcə, huşunu itirib. Birazdan özünə gələr.

      – Görəsən, o danışan kim idi? – Vera dilləndi. – Bu səs haradan gəlirdi?

      – Bu nə axmaq zarafatdır belə! – cənab Makartur hiddətlənmişdi. Onun əlləri əsirdi.

      Cənab Blor da bərk həyəcan keçirirdi. Əl yaylığı ilə tərləmiş üzünü sildi. İçəridəkilərdən yalnız hakim Uorqreyvlə Emili Brent tövrünü pozmamışdı.

      – Deyəsən, – cənab Lombard yemək otağı ilə iç-içə olan otağı göstərib dilləndi, – səs bu tərəfdən gəlirdi.

      Otaqların arasında divar yox idi, yalnız qalın pərdə çəkilmişdi. Çox keçmədən içəridən Lombardın səsi gəldi:

      – Aha! Əlbəttə!

      Hamı yan otağa tərəf cumdu, bircə miss Brent yerindən tərpənmədi. İki otağı ayıran pərdənin arxasına bir kətil qoyulmuş, üstünə qrammofon yerləşdirilmişdi. Lombard qrammofonu işə saldı. Yenə həmin səs eşidildi:

      – Siz ittiham olunursunuz…

      – Susdurun onu! Tez olun, susdurun! – Vera qulaqlarını tutub qışqırdı. – Bu, dəhşətdir!

      Lombard qrammofonu söndürdü. Hamı dərindən nəfəs aldı.

      – Məncə, bu, axmaq zarafatdır, – həkim Armstronq dilləndi.

      – Yaxşı, bəs qrammofonu kim işə salıb? – Marston soruşdu. – Cənab Rocers, bu sizin işinizdir?

      – İsa Məsihə and olsun ki, valda nə olduğundan xəbərim yox idi, bilsəydim, heç oxutdurardım?

      – Yaxşı, deyək ki, sizə inandıq. Lakin yenə də bunun bir izahı olmalıdır, ya yox? – hakim qəzəblə soruşdu.

      – Mən, sadəcə, əmri yerinə yetirdim, – Rocers yazıq-yazıq dilləndi.

      – Kimin əmrini?

      – Cənab Onimin. O əmr etmişdi ki, qəhvə içilən vaxt bu valı qrammofona qoyub səsləndirim.

      – Çox qəribədir, – hakim donquldandı.

      – Müqəddəs Məryəmə and olsun ki, yalan danışmıram. Valda nə olduğundan xəbərim yox idi. Elə bildim musiqi valıdır.

      Lombard cəld valı götürüb baxdı. Valın üstündə bu sözlər yazılmışdı: «Qu nəğməsi».

      – Bu işi belə qoymaq olmaz! – cənab Makartur qeyzlənmiş


<p>14</p>

Sanama – sadalama prinsipi əsasında qurulmuş, oyuna başlamaq üçün oxunan ritmik şeir