Uorqreyv qəzetlərdən Zənci adası[2] haqqında oxuduqlarını yadına salmağa çalışdı. Bu adanı əvvəl yaxta[3] həvəskarı olan bir amerikalı milyonçu almış, ləpədöyəndə müasir üslubda dəbdəbəli ev də tikdirmişdi. Lakin milyonçunun üçüncü arvadı (onunla təzəcə evlənmişdi) dənizi sevmədiyindən adanı satışa çıxarmışdı. Sonra ada cənab Onim adlı birinin əlinə keçmişdi. Bu xəbər çıxar-çıxmaz qəzetlərdə Zənci adasının yeni sahibi ilə bağlı şayiələr baş alıb getmişdi. Məsələn, bir qəzet yazırdı ki, guya adanın əsl sahibi cənab Onim deyil, məşhur kino aktrisası Qabriella Terldir. Adanı da ona görə alıb ki, orada bir neçə ay jurnalistlərin gözündən iraq, sakit şəraitdə yaşasın. Başqa bir qəzet isə yazırdı ki, Zənci adasını İngiltərə Admirallıq Dairəsi satın alıb, məqsəd də orada hansısa gizli təcrübələr aparmaqdır. Xülasə, elə gün olmurdu ki, qəzetlər bu ada haqqında nəsə yazmasın…
Hakim Uorqreyv cibindən bir məktub çıxardı. Məktub elə pis xətlə yazılmışdı ki, bəzi yerlərini, ümumiyyətlə, oxumaq mümkün deyildi:
«Əziz Lorens… Nə vaxtdır ki siz… xəbər-ətər yox… Zənci adasına mütləq baş çəkməli… Çox gözəl yer… Danışılası çox söz… Köhnə əyyamlarda oldu… kimi günəşdə qaralıb, gözəl təbiət mənzərə…
… Paddinqton vağzalından 12:40… Oukbricdə qarşılayaca…
Uorqreyv axırıncı dəfə ledi[4] Kalminqtonu nə vaxt gördüyünü yadına salmağa çalışdı. Gərək ki, 7–8 il bundan əvvəl idi. Həmin vaxt Konstansiya dincəlmək üçün İtaliyaya getmişdi. Sonra onun Suriyaya yollandığını eşitdi.
– Zənci adasını satın almaq… – o öz-özünə mızıldandı. – Bu, Konstansiya Kalminqton kimi əsrarəngiz xanımdan tamamilə gözlənilən hərəkətdir.
Çox keçmədən hakimi yuxu tutdu…
Eyni qatarın başqa bir vaqonunda yol gedən Vera Kleytorn başını arxaya söykəyib gözlərini yummuşdu. Ondan başqa həmin vaqonda daha beş sərnişin vardı.
«Bu bürküdə qatarda yol getmək lap zəhlətökəndir», – qız fikrindən keçirdi.
Təzəlikcə ona bir məktub gəlmişdi:
«Sizi «Bacarıqlı xanımlar» agentliyindən tövsiyə eləyiblər. Nə qədər donluq[5] istədiyinizi bildirin, mən əvvəlcədən bütün şərtlərə razıyam. Ümid eləyirəm ki, avqustun 8-də işə başlaya bilərsiniz. Qatar saat 12:40-da Paddinqton vağzalından yola düşür. Sizi Oukbric stansiyasında qarşılayacaqlar. Yol xərci üçün 5 funt-sterlinq[6] göndərirəm.
Məktubun üstündəki ünvan belə idi: Devon[7], Stiklhevn, Zənci adası.
– «Nə isə, axır vaxtlar qəzetlər bu adadan çox yazır… – qız yenə fikrə qərq olmuşdu. – Düzdür, müxbirlərin sözünə bel bağlamaq olmaz, lakin oradakı evi hansısa milyonçu tikdiribsə, deməli, rahatlığı da, səliqə-sahmanı da yerindədir!»
Yorucu semestr imtahanları yenicə başa çatmışdı. Məktəblərin birində bədən tərbiyəsi müəllimi işləyən Vera bir tərəfdən yay tətilində əlavə iş tapdığına görə sevinsə də, digər tərəfdən tərəddüd içində idi.
– «Allah bilir, necə işdir! Ah, bircə daha sanballı məktəbdə işə düzəlsəydim! – qız fikirləşirdi. Birdən yadına nəsə düşdü, ürəyi sıxıldı. – Yenə də bəxtim gətirdi. Günahsız olsam belə, hələ də istintaq altındayam, üstümdəki ləkə təmizlənməyib. Odur ki bu işi tapmağın özü də böyük şansdır!»
Vera başına gələnləri yadına saldı. «Xoşbəxtlikdən istintaq prosesi yaxşı keçdi. Missis Hamilton da mənə xeyirxahlıqla yanaşdı. Bircə Hüqo… Yox, yox, Hüqo haqqında fikirləşməyəcəyəm!»
Hava çox isti olsa da, qızın bədənindən soyuq gizilti keçdi. Gözlərinin qarşısında həyatı boyu unuda bilməyəcəyi mənzərə canlandı: Balaca Siril qayalıqlara tərəf üzür, gah suda görünməz olur, gah da üzə çıxır. Batır, çıxır, batır, çıxır… O isə dalğaları yararaq Sirilə tərəf üzür, üzür… Lakin ona çatmayacağını bilir…
İlıq, mavi dalğalar, isti qumun üstündə keçən saatlar və Hüqo… Deyir ki, onu çox sevir… Yox, Hüqo haqqında fikirləşməyəcək!
Qız gözlərini açdı və onunla üzbəüz oturmuş cənaba narazı nəzərlərlə baxdı. Cüssəli kişi idi, dərisi günəşdən qapqara qaralmışdı, açıqrəngli gözləri vardı, ağzının kənarlarındakı xətlər üzünə qəddar adamlara xas ifadə verirdi.
«Mərc gələrəm ki, bu adam bütün dünyanı gəzib, ən qəribə hadisələrə şahid olub», – Vera fikrindən keçirdi.
Filip Lombard da onunla üzbəüz əyləşmiş xanıma ötəri nəzər saldı.
«Qəşəng qızdır, deyəsən, müəllimdir, getdiyim yerə onu da özümlə apara bilsəm, əla olardı! – o, qızı altdan-altdan süzərək bu barədə fikirləşirdi. Sonra üz-gözünü turşudub öz-özünə mızıldandı: – Yox, yox, indi belə şeylərin vaxtı deyil, iş haqqında fikirləşmək lazımdır. Görəsən, necə işdir?»
Ona iş təklifini çatdıran balacaboy yəhudi bu barədə düz-əməlli bir söz deməmişdi.
– Özünüz bilərsiniz, kapitan Lombard. İstəmirsinizsə, razılaşmayın, – yalnız bunu söyləmişdi.
– Cəmi 100 gineya[8], hə? – Lombard səsinə süni laqeydlik qataraq soruşmuşdu. Halbuki axırıncı şillinqini[9] bir gün əvvəl yeməyə xərcləmişdi. – Heç olmasa, nə iş olduğunu deyin.
– Xeyr, cənab Lombard, bundan artıq bir kəlmə də deyə bilmərəm, – yəhudi Ayzek Morris başını bulamışdı. – Müştərimin tapşırığı belədir ki, 100 gineyanı sizə çatdırım, əvəzində də siz Stiklhevnə gələsiniz. Ora ən yaxın qatar stansiyası Oukbricdir. Stansiyada sizi qarşılayıb maşınla Stiklhevnə aparacaqlar. Sonra isə oradan gəmi ilə düz Zənci adasına! Adaya çatan kimi işə başlayacaqsınız.
– Bəs iş uzun çəkəcək?
– Uzağı bir həftə.
– Yəqin, bilirsiniz də, mən qeyri-qanuni işlərə baş qoşmuram, – cənab Lombard bığını qaşıyıb demişdi. O bu sözləri söyləyərkən diqqətlə həmsöhbətinin üzünə baxmışdı.
– Əgər sizə qeyri-qanuni bir iş təklif olunsa, aydın məsələdir ki, etiraz eləməyə haqqınız var, – Morris bunu deyib istehzalı şəkildə gülümsünmüşdü.
«Tülkü! – Lombard ürəyindən keçirmişdi. – Mənə eyham vurur, yəqin, keçmişdə qanunlara çox da əməl etmədiyimdən xəbərdardır».
Yenə həmin qatarda, siqaret çəkilməyən vaqonda yol gedən Emili Brentin altmış beş yaşı olsa da, qaməti hələ əyilməmişdi. Qadın yerində dimdik oturmuşdu, elə bil oxlov udmuşdu. Polkovnik qızı idi, atası dönə-dönə təkrarlayardı ki, qaməti şax saxlamaq çox vacib məsələdir. O da bu sözləri, necə deyərlər, sırğa eləyib qulaqlarından asmışdı.
Çətinliyə alışmış Emili Brent başqaları kimi vaqondakı bürküdən, skamyaların narahatlığından gileylənmirdi.
– Lap ağ eləyiblər! Yumşaq kresloda oturub, üstəlik, bellərinə da döşəkçə qoyurlar, – qadın öz-özünə deyinirdi. – Hələ qızları demirəm, çoxunun üzündə su qalmayıb! Çimərlikdə az qala çılpaq gəzirlər! Çimərlik demişkən keçən yayı heç yadıma