80 gün dünya ətrafında. Жюль Верн. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244502
Скачать книгу
asmırdı, çünki bundan sonra necə hərəkət edəcəyi barədə düşünürdü.

      Bu arada, onlar gəlib bazara çatdılar. Fiks tez-tələsik Paspartu ilə sağollaşıb növbəti dəfə konsulun yanına yollandı.

      – Cənab, mənim oğrunu tapdığıma qəti şübhəm yoxdur, – xəfiyyə konsula dedi. – O özünü səksən günə bütün dünyanı gəzmək fikrinə düşmüş səfeh adam kimi qələmə verməyə çalışır.

      – Bəlkə, siz yanılırsınız? – konsul dilləndi.

      – Bu, mümkün deyil, cənab!

      – Əgər belədirsə, niyə cidd-cəhdlə pasportuna viza möhürü vurdurmağa çalışırdı?

      – Bunu bilmirəm, lakin sizə başqa maraqlı məlumatlarım var.

      Sonra Fiks Paspartudan öyrəndiklərini bircə-bircə konsula danışdı.

      – Doğrudan da, bütün bunlar çox qəribədir, – konsul dedi. – Bəs nə etmək fikrindəsiniz?

      – Londona teleqram yollayıb bir daha xahiş eləyəcəyəm ki, Bombeyə həbs qərarı göndərsinlər. Özüm isə onlarla birlikdə gəmi ilə Hindistana yola düşəcəyəm. Hindistan Böyük Britaniyanın torpağı hesab olunur. Deməli, Londondan göndərilən həbs qərarı ilə Foqu elə Bombeydə də yaxalaya bilərəm.

      Xəfiyyə konsulluqdan çıxıb teleqrafa yollandı.

      On beş dəqiqə sonra Fiks artıq Qırmızı dənizin sularında üzən gəminin göyərtəsində idi.

      9

      Süveyşdən Ədənə qədər məsafə düz 1300 mildir. Hərəkət cədvəlinə görə «Monqolustan» gəmisi bu məsafəni 138 saata qət etməli idi. Ancaq gəmi elə sürətlə üzürdü ki, belə getsə, mənzilbaşına vaxtından xeyli tez çatacaqdı.

      «Monqolustan»ın sərnişinləri arasında ingilis məmurları, müxtəlif rütbəli zabitlər çox idi. Dövlətdən yaxşı məvacib alan bu insanlar gəmidə səxavətlə pul xərcləyir, gündə dörd dəfə masalarının ətrafında toplanaraq yeyib-içir, saatlarla söhbətləşirdilər. Sərnişinlərin arasında bahalı libas geyinmiş bir neçə imkanlı qadın da gözə dəyirdi.

      Fileas Foq göyərtədə nadir hallarda görünürdü. O bütün gün sərnişinlərin istirahəti üçün nəzərdə tutulmuş böyük salonda vist oynayırdı. Foq «Reform» klubunda olduğu kimi burada da özünə bir neçə yoldaş tapmışdı.

      Paspartunun kefi kök idi. O, gəminin mətbəxində bişən dadlı yeməklərdən yeyib rahat kayutunda dincəlir və ümid eləyirdi ki, ağası Bombeydən o tərəfə getməyəcək.

      Süveyşdən çıxdıqları günün səhəri, yəni oktyabr ayının 10-da Paspartu göyərtədə cənab Fikslə qarşılaşdı. Onlar bir-birini dərhal tanıdılar. Lakey xəfiyyədən hara getdiyini soruşdu.

      – Sizin kimi mən də Bombeyə gedirəm, – Fiks cavab verdi.

      – Nə gözəl! Bəs siz Hindistanda olmusunuz?

      – Dəfələrlə. Mən bu gəminin məxsus olduğu nəqliyyat şirkətinin agentiyəm, – Fiks ağlına gələn ilk yalanı söylədi.

      – Onda, yəqin, Hindistana yaxşı bələdsiniz. Orada maraqlı nəsə var?

      – Nə qədər istəsəniz: məscidlər, minarələr, qalalar, məbədlər, pələnglər, ilanlar, rəqqasələr… Sizin Hindistanı gəzməyə vaxtınız olacaq ki?

      – Buna ümid eləyirəm, müsyö Fiks. Məncə, müsyö Foq Bombeyə çatanda artıq başa düşəcək ki, dünyanı səksən günə dövr eləmək mümkün deyil.

      – Bəs o özü haradadır?

      – Göyərtəyə nadir hallarda çıxır. Ətrafda baş verənlər onu maraqlandırmır.

      – Bilirsiniz, cənab Paspartu, mənə elə gəlir ki, bu səksən günlük səyahət məsələsinin altında başqa nəsə var.

      – Ola bilər, amma mən bu barədə heç nə bilmirəm, müsyö Fiks.

      Bu söhbətdən sonra Paspartu ilə xəfiyyə göyərtədə tez-tez qarşılaşırdılar. Fiks lakeydən mümkün olduğu qədər çox məlumat almağa çalışırdı.

      «Monqolustan» sürətlə irəliləyərək oktyabrın 13-də Mokaya, 14-də isə Ədənin şimal-qərbindəki Stimer-Poynt limanına çatdı. Gəmi yanacaq ehtiyatı götürmək üçün limanda dörd saat dayanmalı idi. Lakin Fileas Foq narahat deyildi: çünki belə fasilələri əvvəlcədən nəzərə almışdı. Üstəlik, hərəkət cədvəlinə görə, gəmi Ədənə oktyabrın 15-də səhər çatmalı olduğu halda, oktyabrın 14-də gecə gəlib çıxmışdı. Bu isə Foqa əlavə 15 saat qazandırmışdı.

      Pasporta növbəti viza möhürünü vurdurmaq üçün cənab Foqla lakeyi gəmidən düşdülər. Fiks gizlincə onları təqib etməyə başladı. Möhür vurulduqdan sonra cənab Foq yenə gəmiyə minib öz kayutuna çəkildi. Paspartu isə sahildə dayanıb ətrafa maraqla tamaşa eləyirdi. Burada hər millətdən adama rast gəlmək olardı: hindlilər, ərəblər, farslar, yəhudilər, avropalılar…

      Axşam saat 6-da «Monqolustan» gəmisi suyu köpükləndirə-köpükləndirə yerindən tərpəndi və çox keçmədən Hind okeanına çıxdı. Ədəndən Bombeyə getmək üçün 168 saat vaxt lazım gəlirdi. Yüngül şimal-qərb küləyi əsirdi. Gəminin yelkənlərini açmışdılar. Yaxşı geyimli cənablar və xanımlar göyərtədə yeyib-içir, mahnı oxuyur, rəqs edirdilər.

      Oktyabrın 20-də günorta vaxtı uzaqdan Hindistan sahilləri göründü. Halbuki gəminin Bombeyə oktyabrın 22-də çatması nəzərdə tutulmuşdu. Beləliklə, cənab Foq iki gün əlavə vaxt qazanmış oldu.

      10

      Hamıya məlumdur ki, Hindistanın ümumi sahəsi bir milyon dörd yüz min kvadrat mildir. Bu ölkədə 180 milyon insan məskunlaşıb. Britaniya hökumətinin tabeliyində olan Hindistana, əslində, tam nəzarət etmək mümkün deyil. Onun yalnız yarısı İngiltərənin mütləq hakimiyyəti altındadır. İngilis nəzarətini Kəlkətədə general-qubernator, Mədrəsə, Bombey və Benqaliyada qubernator, Aqrada isə vitse-qubernatorlar həyata keçirirlər. Qalan torpaqlar müstəqilliyini qoruyub saxlayan racaların[20] əlindədir. Bununla belə, ingilis hakimiyyəti bütün ölkədə əhalinin etnik tərkibinə, həyat tərzinə öz təsirini göstərib. Məsələn, əvvəllər bir yerdən başqa yerə yalnız atla, ikitəkərli arabalarda, kəcavədə, ya da hambalların belində getmək mümkün idi. İndi isə Hind və Qanq çaylarında buxarlı gəmilər üzür, bütün ölkəni əhatə eləyən dəmiryolu xətti ilə sürətli qatarlar hərəkət eləyirdi.

      Beləliklə, axşam saat 5-in yarısında «Monqolustan» gəmisi Bombey sahilinə çatdı. Buradan Kəlkətəyə gedən qatar isə düz saat 8-də yola düşəcəkdi. Foq gəmidən düşdü, lakeyinə bəzi göstərişlər verib tapşırdı ki, saat 8-ə qalmış vağzalda olsun. Özü isə gömrük məntəqəsinə tərəf üz tutdu.

      Bombeyin görməli yerləri – nəhəng kitabxanası, qalaları, məscidləri, sinaqoqları[21], kilsələri, pambıq bazarı cənab Foqun diqqətini cəlb eləmədi. O, gömrük məntəqəsindən çıxıb tələsmədən vağzala tərəf addımlamağa başladı.

      Bəs həmin vaxt cənab Fiks nə işlə məşğul idi? O, gəmidən düşəndən


<p>20</p>

Raca – Hindistanda hökmdar, knyaz titulu

<p>21</p>

Sinaqoq – yəhudilərin dini məbədi, ibadətgah