Colan bölgəsindəki soydaşlarımız, eləcə də Suriyanın müxtəlif bölgələrində yaşayan, bəzən Türk, bəzən Türkmən, bəzən Türkman adlandırılan dini bir, dili bir qardaşlarımız haqqında 2007-ci ildə yazdığımız kitab çap olunmadı. Ötən 7 ildə Suriyada çox dəyişikliklər baş verdi. Son illərdə isə oraya getmək imkansız oldu. Suryada gedən döyüşlər həm də Colan Türkmanları mövzusunu aktuallaşdırdı. Biz də kitabımızı bir daha gözdən keçirib son dönəmdə yazılanlarla zənginləşdirdik və yenidən çapa hazırladıq.
Colan Türkmanlarının ata sözlərindən, bayatı-manilərindən, toy-düyün adətlərindən örnəkləri, eləcə də dillərində işlədilən bir sıra terminləri kitabın “Mətnlər” adlandırdığımız ikinci bölümündə verməyi planladıq. Bu bölmədəki mətnlər Colan Türkmanları ilə Azərbaycan Türklərinin dillərində, adət-ənənələrində nə qədər yaxınlıq olduğunu ortaya qoymaqdadır.
İnternet saytlarında, qəzet və jurnallarda Muxtar Türkmənoğlu, Dəniz Türkmənoğlu imzası ilə Suriya Türkmanları haqqında məqalələr yazan, “Azadlıq” radiosunun Türkmən dilindəki verlişlərində tez-tez çıxışlar edən, məqalələrini və çıxışlarını yaratdığı http://halapturkmen.blogcu.com/ saytında yerləşdirən Dr.Muhtar Fateh Muhammedlə son günlər internet vasitəsilə tanış oldum. Suriyadakı Türkmanların lideri Kal Muhammed Mustafa Paşanın nəvələrindən olan Dr.Muhtar Fateh Muhammed Hələbdə doğulsa da, hazırda, İzmirdə yaşayır və uşaq həkimi işləyir. Dr.Muhtar Fateh Muhammed kendinın özel saytında Suriya Türkmanları haqqında çoxlu yazılar var.
Kitab üzərində son redaktə işləri apararkən onunla sıx əlaqə saxlayır, məsləhətləşir, adları, faktları bir daha dəqiqləşdirməyə çalışırdım. Çox sağ olsun, o da işinin çox olmasına baxmayaraq nəinki mənim suallarıma cavab verir, göndərdiyim səhifələrəki gözünə dəyən yanlışlıqları düzəldirdi.
Hər dəfə söhbətimizdə o, Türk xalqlarını Suriyadakı soydaşlarının taleyinə biganə qalmaqda suçlayır, yana-yana deyirdi ki, bizə maddi yardım o yana qalsın, heç olmasa mənəvi dəstək versinlər. Heç olmasa mövzunu gündəmdə saxlasınlar. Mətbuatlarında, radio-televiziyalarında Suriyada döyüşlərin çoxunun Türkmanlar yaşayan bölgədə yaşadığını yazsınlar.
Suriyada beş-üç Erməni kəndi var. Oraya Dağlıq Qarabağ savaşlarında iştirak etmiş snayperçilər yerləşdiriblər. Kəndə yaxın gələni, hətta kəndin kənarından keçən dinc əhalini belə vururlar. Nəinki Erməni kəndləri, ümumiyyətlə Suriyadakı xristian kəndlərinə, şəhərlərdə xristianlar yaşayan məhəllələrə nə iqtidar tərəfdən, nə müxalifət tərəfdən bir güllə belə atılmır. Çünki hər iki tərəf yaxşı bilir ki, orada yaşayan xristianların burnu qanasa dünya ayağa qalxacaq. Bərləşmiş Millətlər Təşkilatı da, ABŞ da, Avropanın bütün dövlətləri də ayağa qalxacaq. Amma bu qədər Türkman qırılır, ev-eşiyində didərgin düşür, ona sərt təpki göstərən yoxdur. Heç adımızı da çəkmirlər. Sadəcə iqtidar-müxalifət qarşıdurması, qruplararası toqquşma kimi təqdim edilir. Hətta yaxın qonşumuz, yüz minlərlə Suriyalıya sığınacaq vermiş Türkiyədə də belədir.
SURİYA TÜRKMANLARININ TARİXİNƏ QISA BİR BAXIŞ
Rəsmi qaynaqlarda bugünkü Suriya ərazisi 185,180 kvadrat kilometr, əhalisi 23,6 milyon (2010) olan bir Müsəlman Ərəb ölkəsi kimi tanınır. Ölkə Doğudan İraq, Batıdan Ağ dəniz, Güneydən İordaniya və Quzeydən Türkiyə ilə sərhəd-dir. İsrail ölkənin bir hissəsini işğal etdiyindən indi Colan təpəliklərində İsraillə də sərhədi vardır. İnzibati cəhətdən 14 vilayətə – quberniyaya (muhafazaya) bölünür. Ölkənin baş-kəndi orta yüzillərdə Şam adlandırılan, avropalıların Damas-cus dedikləri Dəməşq şəhəridir.
Orta Doğuda yerləşən Suriya Müsəlman Ərəb ölkəsi kimi tanınsa da, qədim mədəniyyət beşiyi olan bu ölkədə Xristianlığa, Buddizmə inananlar, fərqli məzhəblərə, o sıradan qədim inanclara tapınanlar da yaşayır. İnanclarına görə Nusayrilərə (ya da Ərəb Ələvilərinə)1, Şiələrə, Sünnilərə, Durzilərə2, Xristianlara bölünən ölkə əhalisinin 7 faizini Nusayrilər təşkil edir. Qaynaqların yazdığına görə, ölkə əhalisinin 70 faizə yaxınını Sünnilər təşkil etsə də, hakimiyyətdə Nusayrilərdir (Maden Fahri, 2014:21). Ölkədəki Xristianlar da öz aralarında Ortodokslara, Protestantlara, Kəldanilərə-Suryanilərə, Marinlilərə və b. ayrılırlar (Kılınçkaya Derviş, 2014:27).
Çoxmillətli Suriyanın böyük şəhərləri Dəməşq, Hələb, Humus, Hama ve Lazkiyədir.
Dünya sivilizasiyasının beşiklərindən biri sayılan bu bö-lgə 18-ci yüzillikdən çökməyə başlamışdır.
Sənayesini, iqtisadiyyatını sürətlə inkişaf etdirən, işğal altına aldığı xalqların maddi və mənəvi sərvətlərini müxtəlif vasitələrlə mənimsəyən Avropa az bir zamanda elmdə və texnikada böyük uğurlara imza atmış oldu. “Üçüncü dünya ölkələri” adlandırılan ölkələrdə yaşayanlar da avropalılardan öyrənməyə, daha çox da onları yamsılamağa çalışdılar.
Dünya mədəniyyət tarixini araşdıran avropalı araşdırıcılar düşünürdülər ki, sivilizasiyanın beşiyi Yunan mədəniyyətidir. Ona görə də, tarixşünaslıq elmini Roma və Yunan mədəniyyəti əsasında qurdular. Sonraki gediş isə bu nəzəriyyənin yanlışlığını ortaya qoydu. Nəinki Asiyada və Afrikada, hətta 16 yüzildə işğal edilmiş Amerika qitəsindəki maddi mədəniyyət nümunələri də insan oğlunun Roma və Yunan mədəniyyətindən minillər öncə gəlişmiş yüksək toplum həyatı yaşaması, yazıdan istifadə etməsi, papirus və gil lövhələrdə kitablar yaratması ilə bağlı danılmaz bilgilər ortaya qoydu. Şumerlərin (Sumer) gil üzərində yaratdıqları kitabələri araşdıran Samuel N.Kramer kitabını “Tarix Şumerdən başlayır” adlandırdı.
Günümüzdə texnika və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, mədəniyyət tariximiz hələ də gərəyincə öyrənilməmişdir. Onun qaranlıq səhifələri çoxdur. 20-ci yüzilliyin ortalarınadək tarixçilər Türkləri miladdan sonraki yüzilliklərdə Avropada görünən vəhşi, dağıdıcı, barbar bir xalq kimi tanıdırdılar. Sonralar isə Türklərin Avropada, Qafqazda, Yaxın və Orta Doğuda miladdan çox-çox öncə məskunlaşdıqları, qonşu xalqların mədəniyyətlərinin inkişafına güclü təsir göstərdikləri haqqında nəzəriyyələr ortaya çıxdı.
Türklərin tarixi, yayılma sahələri vb. ilə bağlı yanaşımlar üzərində dayanmadan Colan Türkmanlarının durumuna aydınlıq gətirmək üçün indiki Suriya dövləti ərazisində Türklərin yerləşməsinə və yaşamına qısa bir nəzər salaq.
Bugünkü Suriya torpaqları miladdan öncə bölgədəki kiçik dövlət ittifaqlarının, sonralar Assuriyanın, Yeni Babil padşahlığının, Əhəmənilərin, Makedoniyalı İskəndərin yaratdığı nəhəng imperiyanın, Selevkilər dövlətinin və Romanın tərkibində olub. Miladdan sonra isə Bizansın əyalətinə çevrilən indiki Suriyaya 633-cü ildə İslam orduları yürüş etdi. Bu yürüşlər 640-cı ildə bölgənin tam işğalı ilə başa çatdı. 661-ci ildə Müaviyə özünü xəlifə elan edərək