Dastanlaşmış ömürlər. Əli Şamil. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Əli Şamil
Издательство: Köhlən Nəşriyyatı
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
davasında ölmüşdü. Deyirlər, öləndə 150 yaşı varmış. Qardaşı haqqında yana-yana, kövrələ-kövrələ danışırdı.

      «Böyük aclıq ili» camaat bərk aclıq çəkirmiş. Keşiş4 də Gömür (4) kilsəsinə çoxlu taxıl yığıbmış. Ətraf kəndlərin erməni və müsəlmanları keşişdən borc istəyirmiş, o da vermirmiş. Gözdüyürmüş qiymətlər qalxsın, baha qiymətə satsın Belədə Mirzalı bir neçə yoldaşı ilə kilsəyə hücum edir, keşişi dirəyə sarıyır, taxılı camaata paylayır. Buna görə də qaçaq düşür…

      Mirzalının tutulmasına isə Molla Cəfər səbəb olur. Molla Cəfər bir cadu yazır. Onun təsirindən Qarabağda qaçaqlıq edən Mirzalı oradan bir günə Kolanıya gəlir. Tozanaq qar yağdığından izindən Mirzalının kəndə gəldiyindən xəbər tuturlar. Hökumət adamları onu tutmaq üçün kəndə gəlirlər. Atışma olur. Mirzalının atdığı güllə Molla Cəfərə dəyir, onu öldürür.

      Deyirlər qubernat5 da Mirzalının qoçaqlığından çox eşidibmiş. Ona görə İrəvandan (5) Əşrəf ağa və başqalarını Naxçıvana göndəribmiş. Tapşırıbbış Mirzalını vurmağa qoymasınnar, onu diri tutsunnar. Mirzalının gizləndiyi evə heç kim yaxın düşə bilmir. Qardaşı Ağanı dilə tutur, yarızor, yarıxoş Mirzalının yanına göndərirlər. Onunla danışıb, qollarını bağlayıb bayıra çıxarmağı tapşırırlar. Ağa deyilənlərə inanıb içəri girir. Qardaşının qollarını bağlayıb bayıra çıxaranda Molla Cəfərin qohumları Şəmi və Şəmşimalı xəncərlə onu doğruyur.

      Müəllifdən: Yaşlı nəslin yaddaşında 19061907-ci illər birinci erməni-müsəlman davası kimi, 1918-20-ci illər isə ikinci erməni-müsəlman davası kimi qalıb. Buradan belə qənaətə gəlmək olar: Nənəş 1907-1917-ci illər arasında ölüb. Onun 150 yaşında ölməsini isə dəqiq fakt kimi qəbul etmək olmaz. Adətən yaşı yüzü keçən adamlardan söz düşəndə həmişə rəqəmin şişirdilməsinin şahidi oluruq. Nənəşin 150 yaşında öldüyü ilə razılaşsaq, onda doğum tarixi 1757-67-cı illər arasına düşür. Qoy Mirzalı da bacısından 10-15 yaş kiçik olsun. Lap 30-40 yaşlarında da qaçaqlıq etsin. Bu da 1822-ci ili keçmir. Rusiya isə İrəvan və Naxçıvan xanlığını 1828-də işğal edib. Mirzalı ilə bağlı söhbətlərdə adı çəkilən vəzifələr Rusiyanın Qafqazı işğalından sonra yaranıb. Bunlardan belə qənaətə gəlmək olar: Mirzalı 1820-30-cu illərdən öncə deyil, sonra qaçaqlıq edib.

      İkinci rəvayət: – Bunu da Aşağı Qışlaq kəndində yaşı 80-ni keçmiş Əziz Mahmud oğlu danışdı:

      – Quş Mirzalı cavanlığında cəld və zarafatcıl bir adam kimi ad çıxarıbbış. Bir gün quzu növbəsinə gedibbiş. Axşamüstü çöldə bir dovşan qaçır. Dovşan hansı tərəfə qaçırsa, Mirzalı qabağını kəsib qaytarır quzunun içərisinə. Bu minvalla dovşanı sürü ilə gətirir kəndə. Camaat çəpişini, quzusunu seçib aparmağa gələndə Mirzalı dovşanı göstərərək zarafatla deyir: – Bu çər dəymiş çəpiş kimindi? Qoymayıb bu gün bir az dincimi alım. Sabah onu çölə aparmayacam.

      Yuxarı Qışlaqlı Abbasəli Abdullayev (6) Quş Mirzalı ilə bağlı rəvayətlərlə yanaşı, şerləri də yaxşı xatırlayır. Bu şerlərin biri Quş Mirzalının dilindən sevgilisinə müraciətlə söylənən gəraylıdır. Gəraylının bəzi misralarında vəzn və qafiyə pozuqluğu var. Gəraylıda deyilir:

      Cavan ömrüm bada getdi,

      Salmadı yar yada məni.

      Fələk görün nələr etdi,

      Yar gətirdi dada məni.

      Ömrüm getdi hədər yerə,

      Qan ağlar kim məni görə.

      Dost gəlmədi bu dar günə,

      Yar salmadı yada məni.

      De, bu dərdə dözüm necə,

      Dərdim bilən yoxdu bircə,

      Can vermərəm yar gəlincə,

      Cəllad çəksə dara məni.

      İstər Abbasəli əmi, istərsə də Qışlaq, Kolanı, Biçənək, Remeşin (7) və başqa kəndlərdə Quş Mirzalını xatırlayan qocaların və qarıların əksəriyyəti onun ölümü ilə bağlı pərakəndə bir qoşmanı tez-tez xatırlayır. Qoşmanın belə geniş yayılmasının və yadda qalmasının səbəbi, bizcə, süjetli olması və orda bir çox şəxs adlarının çəkilməsidir. Qoşmada deyilir:

      Çərşənbə günündə çıxdım səfərə,

      İçdiyim şərbətim döndü zəhərə,

      Qəfil gülləm dəydi Molla Cəfərə,

      Deməyin meydannan qaşdı Mirzalı,

      On arşın divarı aşdı Mirzalı.

      Ağa qardaş qollarımı bağladı,

      Şəmi vurdu, Şəmşimalı doğradı,

      Nəsir ağa başa döydü, ağladı,

      Deməyin meydannan qaşdı Mirzalı,

      On arşın divarı aşdı Mirzalı.

      Şerin misralarının başqa variantlarında deyilir:

      Nənəş bacım birçəyimi oxşadı.

      və ya

      Eşidənnər deyir: ağlı zayıldı,

      Görənnər deyir: quşdu Mirzalı.

      Üçüncü rəvayət: Bunu da yaşı 100-ü haqlamış, Zərnətündə (8) böyüyüb boya-başa çatmış, hazırda Naxçıvan şəhərində yaşayan Fətulla Musayev (9) danışdı:

      – Quş Mirzalı Kömür kilsəsini dağıdandan sonra xeyli qaçaqlıq edir. Mirzalının bir bacısı Məşədi Gilə Ağcabədi (10) rayonunun Qaravəlli kəndində yaşayırmış. Mirzalı Qaravəllidən bir günə Kolanıya gəlib çatmışdı. Onun belə qoçaqlığına mahnı qoşmuşdular. Yadımda bunnar qalıb:

      Sübh çağı Xan (11) bağınnan yığdım üzümü,

      Günorta Şahbulaqda (12) aşdım onun üzünü.

      Danışırdılar ki, Mirzalı dəfələrlə həbsdən qaçıb. Qubernat da Mirzalının həbsdən qaçmasıynan çox maraqlanırmış. Bir gün eşidir ki, Mirzalını tutub İrəvan həbsxanasına gətiriblər. Özü durub onun yanına gəlir. Öyrənmək istəyir Mirzalı həbsxanadan necə qaçır. Qubernat Mirzalını bir neçə dustaqla birgə uca hasarlı, üstüaçıq həbsxana meydanında gəzintiyə çıxardıqlarını görür. Tərcüməçi vasitəsilə Mirzalıdan silahlı nəzarətçilərin, uca divarların olduğu bir yerdən necə qaça bildiyini xəbər alır. Həbsxananın naçalniki6 və başqaları da qubernatın yanındaymış. Mirzalı gülümsəyərək: «Çox sadəcə» deyib, «qaçmağını» göstərir. Mirzalı geri çəkilib divara doğru qaçır. Ayağının birini yerə vurub sıçrayıb o birisini divarın bir metr ucalığına vurur. Yerə düşüb bir də geri çəkilir. İkinci dəfə qaçıb ayağının birini yerə vurduqda ikincisini bayaqkından xeyli yuxarı vurur. Üçüncü cəhddə Mirzalı sıçrayıb ayağını divarın adam boyundan çox uca yerinə vurur və əlini atıb divarın üstündən tutur.


<p>4</p>

Papaz.

<p>5</p>

Vali.

<p>6</p>

Naçalnik (rus) – polis, jandarma komutanı.