Həya və Dəyər. Даг Солстад. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Даг Солстад
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8066-2-5
Скачать книгу
həyat yoldaşı ilə hər gün nahar edən və çox vaxt azca sərxoş olan 50 yaşlarında bir müəllim idi. Bu payız günü də, oktyabr ayının bir bazar ertəsində bir az başı ağrıyaraq oturduğu nahar süfrəsində o hələ bu günün həyatının ən həlledici günü olacağını bilmirdi. Hər gün olduğu kimi bu gün də o, ağappaq köynəyini geyindi. Bu cür təmiz qiyafət onun belə bir dövrdə və bu cür şərtlər altında yaşamaq məcburiyyətində olmasının verdiyi narahatlığı yüngülləşdirdi. İllər boyu olduğu kimi səhər yeməyini sakitcə, pəncərədən Yakob Aals küçəsinə baxa-baxa yedi. O, Norveçin paytaxtı Osloda idi – burada işləyir və yaşayırdı. Hava tutqundu, səma qurğuşun rəngdəydi və beləcə yer üzünə ağır bir gün hakim kəsilmişdi. Göyüzünə sanki buludlardan duvaq çəkilmişdi. Yəqin ki, yağış yağacağını düşünən müəllim açılıb-bağlanan çətirini də özü ilə götürdü. Çətiri də baş ağrısı dərmanları və kitabları ilə bir yerdə çantasına qoydu. Özünün əsəbi, arvadının isə sallanan sifətinə baxmayaraq onunla ürəkdən və səmimi bir tonda xudahafizləşdi. Amma bu artıq hər gün belə idi, illər boyu mehriban, can bir qəlbdə yaşadığı qadınla indi adi bir qonaq kimi sağollaşmaq… O, bir çox şeyi indi dərk edirdi: bir zamanlar dərin birgəlik və bağlılıq duyduğu qadına indi həmin hisslərin qalıqlarının qaldığını, bu sağollaşmanın yalnız quru hörmət xatirinə, sanki məcbur imiş kimi bu şəkildə şən və həvəslə deyildiyini, ürəyinin dərinliklərində illərin onlar arasında heç nəyi dəyişmədiyini, əksinə, həyat yoldaşının da, özünün də vəziyyətin bunun tam əksi olduğunu başa düşdüyünü dərk edirdi. Beləliklə də, ya ədəb-ərkan xatirinə, ya qarşı tərəfdən eyni hörməti gördüyü üçün imkan olduqca belə hisslərini yoldaşına göstərirdi. Narahatlığını yüngülləşdirən bütün bu hallar olmadan keçinə bilməyəcəyini düşünürdü. Yaşadığı yerdən cəmi 7-8 dəqiqəlik məsafədə olan iş yerinə – Faqerborq orta məktəbinə tərəf addımlamağa başladı. Axşamdan içdiyi pivədən və üstünü də akervitlə (spirti çox olan Norveç milli içkisi – red.) düzəldəndən sonra başı partlayırdı, özünü də bir az əsəbi hiss edirdi. Deyəsən akervit bir az çox olmuşdu, indi elə bil alnından zəncir kimi sallanırdı. Məktəbə çatan kimi birbaşa müəllimlər otağına qalxdı. Çantasını kənara qoydu, kitablarını, baş ağrı dərmanını götürdü, bu dəqiqə dərsdən çıxan və dərsə gedəcək həmkarları ilə yüngülcə amma səmimi tərzdə salamlaşdı.

      Sinif otağına daxil oldu, qapını arxasınca bağladı, sinifdə demək olar ki, lövhə ilə bir bərabərdə qoyulan müəllim stolunun arxasına keçdi. Lövhə, silgi və təbaşir… Məktəbə 25 illik xidmət. O, sinif otağına addımını qoyarkən uşaqlar da öz yerlərini tutmağa tələsdilər. Onun qarşısında salamına cavab verən 18 yaşlarında 25 cavan vardı. Onlar qulaqcıqlarını çıxardıb ciblərinə qoydular. Şagirdlər müəllimin istəyi ilə “Vəhşi ördək” əsərinin məktəb üçün olan buraxılışını çıxartdılar. Uşaqların ona qarşı necə düşməncəsinə kökləndiyini son vaxtlarda növbəti dəfə dərk etdi. Nə olsun ki? Özləri bilər. Müəllim kimi bir öhdəliyi var idi, dərsini deməli idi. Məhz bu qrupa girəndə o, özünə qarşı şagirdlərin bədənlərindən axın edən kütləvi könülsüzlük hiss edirdi. Ayrı-ayrılıqda götürəndə bu şagirdlər haqlı və mehriban ola bilərdilər. Amma onlar bu şəkildə, bu otaqda partalarının arxasında onun özünə və bütün hərəkətlərinə qarşı strukturlaşdırılmış bir düşmənçilik nümayiş etdirirdilər. Bir şey də var idi ki, müəllim nə deyirdi onu da edirdilər. Onlar deyinmədən, sakitcə “Vəhşi ördək” kitabını çıxardıb partalarının üstünə qoydular. Özü də kitabı açıb qarşısına qoydu. Henrik İbsenin “Vəhşi ördək” kitabı. Bu diqqətçəkən əsəri dahi İbsen 56 yaşı olarkən 1884- cü ildə yazıb. Bir aydan çoxdur ki, bu kitabın üzərində dayanmaqlarına baxmayaraq, hələ də IV pərdədən o tərəfə keçə bilməmişdilər. Bu yuxulu bir bazar ertəsi səhəri idi. Faqerborq orta məktəbində, buraxılış siniflərindən birində norveç dili dərsi, hətta qoşa saat norveç dili dərsi… Pəncərədən baxdıqda isə ağır, tutqun bir gün… O, arxaya söykəndi, tələbələr isə burunları və gözləri ilə kitaba tərəf döndülər. Şagirdlərin çoxu parta arxasında oturmaqdansa, elə bil ki, partaya yayxanmışdılar. Bu, onu əsəbləşdirsə də, qərara aldı ki, fikir verməsin. Başladı əsər haqqında həvəslə danışmağa. IV pərdənin ortasında, Sörbü xanım Ekdalgildə peyda olduğu və Rellingin yanında tacir Verle ilə ev-lənəcəyini bəyan etdiyi yerdə, o məhz həmin bölümü oxumağa başladı: (bunu şagirdlərdən birinə də demək olardı, amma özü oxumağı üstün tutdu).

      Relling: (bir az səsi titrəyir) Bu həqiqət deyil, eləmi?

      Sörbü xanım: Bəli, nəzakətli Relling, bu doğrudan da belədir.

      O, oxuduqca özündə dözülməz bir gərginlik duydu, elə bil ki, əvvəllər bu əsəri oxuyub anlamağa çalışanda dərk etmədiyi bəzi məqamları anidən aşkara çıxarmışdı.

      Artıq 25 ildir ki, bu orta məktəbin buraxılış sinfinə həmin əsəri keçir. Hər zaman da əsərin personajı olan həkim Rellinq ilə problemləri olub. Heç cür anlaya bilmir, bu həkimin əsərdə rolu nədir axı? Başa düşürdü ki, onun əsas funksiyası əsərdəki insanlar haqqında təməl və çox sadə həqiqətləri üzə çıxartmaqdan ibarətdir. Dərinə getsək, elə bütün əsər boyu bunu edir. O, Rellingi İbsenin sözçüsü kimi qəbul edir, amma bunun vacib olduğunu qəbul etmirdi. Hətta düşünürdü ki, bu personaj əsəri zəiflədir. Bu sözçünü neyləyirdi ki İbsen? Əsər özü öz əvəzinə danışır axı. Amma dayan, burada nəsə var. Henrik İbsen özünün ikinci dərəcəli qəhrəmanı Rellinqə icazə verir ki, xanım Sörbüyə onun həqiqətən də qüdrətli Verle ilə evlənib-evlənməyəcəyinə dair sual versin. Əsasən öz sarkazmları ilə şərh etdiyi əsərə Henrik İbsen bir anlıq həkim Verleni dürtür. Budur, bütün ömrü boyu artıq iki dəfə ərdə olmuş Sörbü xanımı ümidsizcəsinə sevən, acı taleyinin əsiri olan Verle… Və bu qısa zaman kəsiyi onun taleyini həll edəcək. Bu ikinci dərəcəli personajın məqamıdır! Bu məqamdan öncə də, sonra da o, əsərə damğasını vuran replikalarını səsləndirir. Bunlardan biri isə Norveç ədəbiyyatının ölməz bir sitatına çevrilib: “Əgər bir insanın həyatının yalanını onun əlindən almış olsan, eyni zamanda onun xoşbəxtliyini də əlindən almış sayılarsan!”

      Məhz bu məqamı da bəziləri partanın üstünə yayxanmış, bəziləri isə normal oturan şagirdlərinə çatdırmaq istəyirdi. O, tələbələrindən III pərdəni açmağı, həkim Rellinqin ilk dəfə səhnəyə çıxdığı yeri və onun replikalarını oxumağı xahiş etdi. (Yalnız IV pərdənin ortalarına kimi gəlmiş olmalarına baxmayaraq, o, özlüyündə düşünürdü ki, uşaqlar əsərlə tam tanışdırlar. Çünki hələ lap əvvəldə tələbələr bütün əsəri oxumaq barədə ev tapşırığı almışdılar, bu zaman müəllim də elə fikirləşmişdi ki, şagirdlər bu tapşırığı yerinə yetiriblər. Tələbələrin qrup halında, yaxud tək-tək bu barədə necə davranmaqlarından asılı olmayaraq, o, özünü uşaqların üstündə polis nəzarətçisi kimi aparmağa bir səbəb görmürdü. Kifayət qədər cavan olan ürəyində (əsas da dünənki kiçik içki məclisindən sonra) gülərək bütün bunları fikirləşirdi. Həmin yeri – həkim orada həyatın yalanı haqqında öz ölməz cümləsini işlədir. Bu anda o deyir: Görürsünüz də, Rellinq ancaq danışır, hər zaman danışır. Bircə yerdən başqa, o da əsərin bu yeridir. Dram əsərində ilk və son dəfə bu şəxs burada əlimizə keçir. Şagirdlər də onun dediyi kimi kitabı geriyə və qabağa vərəqləməyə başladılar. Və Rellinqin əsərdə ilk və son dəfə olduğu yeri açdılar. Onlar əsnəyirdilərmi? Yox əsnəmirdilər. Niyə əsnəməlidirlər ki, onların bezdiklərini belə şiddətlə nümayiş etdirmələri üçün nə səbəb vardı ki? Bu, bazar ertəsi səhər saatlarında Faqerborq orta məktəbinin buraxılış sinfində baş tutan adi bir norveç dili dərsi idi. Budur onlar oturublar burada, onlara norveç dili fənnindən əlavə kimi keçirilən, qaranlıq bir çardaqda saxlanılan ördəyin şərəfinə “Vəhşi ördək” adlandırılan əsərinin izahına qulaq asırlar. Şagirdlərdən bəziləri kitaba, bəziləri ona, bəziləri isə pəncərədən bayıra baxırdılar. Dəqiqələr çox yavaş gedirdi. Müəllim İbsenin əsərində həkim Rellinqin uydurulmuş insan haqqında dediyi həmin ölməz sitat barədə söhbətini davam etdirdi. Budur, öz acı taleyinin içində donmuş həkim. Onun üçün acı, bizim üçün isə müəyyən mənada gülünc. Xüsusilə, əgər biz onu özünün işlətdiyi sarkazmlar vasitəsilə təqdim etsək… Amma… O davam etdi və barmağını sinfə tərəf tuşladı. Bu, bəzi şagirdlərin xoşuna gəlmədi, çünki onlar bu cür işarələnməyin əleyhinə