Nağıllar harada yaşayır. Zachris Topelius. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Zachris Topelius
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8067-1-2
Скачать книгу
kisədə nə qədər qaldığını bilmirəm, çünki qəzetlər bu barədə yazmamışdı. Bircə onu bilirəm ki, Paavo öz əsirini sakitləşdirib qatarla Berinq boğazına yola salacağını vəd edib. Axı ora çox uzaqdır və təkayaqlı ora gedib çıxa bilməzsən.

      Mən uşaqların güzgü ilə Günəşi tutub divarda rəqs etdirməsinə baxanda Burrebir və Burreburu xatırlayıram. Bacarırsansa, Günəşi tut!

      QARIŞQA BALASI HƏKİMƏ GEDİR

      – Olar yuxarıda baş verənlərə tamaşa edim? – Bala qarışqa soruşdu.

      – Dayan görüm. Qoy əvvəlcə mən baxım görüm nə var, nə yox.

      Ana qarışqa yuvanın nəfəsliyindən baxdı, amma heç nə görmədi, çünki gün düz gözünə düşürdü.

      – İndi isə yuxarıda baş verənlərə mən tamaşa edəcəm!

      Və balaca yuvanın nəfəsliyindən sürünüb çölə çıxdı.

      Qarışqa yuvası böyük küknar ağacının altında idi. Günəşin parlaq şüaları yaşıl budaqların üstünə düşür, ağacın altındakı buzu əridirdi. Balaca bir buz parçası qopub qarışqa yuvasının üstünə düşdü və qarışqa balasının ayağını qırdı.

      – Bu nə səs idi? – Ana qarışqa soruşdu.

      – Ciddi bir şey yoxdur! Sadəcə, ayağım qırılıb, – bala qarışqa utancaq səslə dedi.

      Ana qarışqa qorxdu, balasını geri, yuvaya dartdı və onun qırılmış ayağını qatranla yapışdırmağa çalışdı. Ayaq yapışdı, lakin bala qarışqa yeriyən kimi yenidən qopdu.

      – Belə olmaz, həkimə getmək lazımdır! – Ana qarışqa qərara aldı. O, keçən ildən qalma inciçiçəyindən balaca kisə tikib ayağı ora qoydu, balasını kürəyinə aldı və yola düzəldi.

      Qarışqa yuvası dəmir yoluna yaxın idi. Ana qarışqa qatarların cədvəlini yaxşı bilirdi və tam vaxtında özünü qatara çatdırdı!

      Ana qarışqa relsdən qatarın təkərinə atıldı, bir neçə dəfə çarxın ətrafında dolandı. Onun bəxti gətirdi və balası ilə qatara qalxa bildi və onlar birlikdə Helsinqforsa yola düşdülər.

      Paytaxta çatanda Ana qarışqa ehtiyatla vaqondan çıxdı. O, balası ilə birlikdə tapdalanmaqdan çox qorxurdu. Lakin buna baxmayaraq, cəsarətlə arabaya mindi. Ana qarışqa hələ də balasını kürəyində, onun ayağını isə kisədə aparırdı.

      – İndi isə həkimə gedirik, – Ana qarışqa dedi. – Maraqlıdır, at bizim kimi ağır yük barədə nə düşünür?

      – Bu görünən ağ rəngli dağlar nədir? – Böyük daş evlərin yanından keçəndə Bala qarışqa soruşdu.

      – Bu, insanların yaşadığı yuvalardır, – Ana qarışqa cavab verdi.

      Bu zaman onlar düz xəstəxanaya yaxınlaşdılar, çünki arabaçı gənc həkimi iş yerinə gətirirdi.

      Ana qarışqa elə tələsirdi ki, arabaçıya yol haqqını verməyi unutdu və balası kürəyində tez pilləkənlə yuxarı qalxdı. Həkim masa arxasında əyləşib yeni burun yaratma sənəti haqqında kitab oxuyurdu. Ana qarışqa masanın üstünə, oradan da kitabın vərəqinə qalxdı. Həkim qarışqanı kitabdan salmaq üçün çırtma çaldı. Lakin Ana qarışqa səhifədən möhkəm yapışmışdı və həkimə buz parçasından və balasının ayağının qırılmasından danışmağa başladı.

      – Elə bu? – həkim soruşdu və xırdaca ayağı maqqaşla yapışdırmaq istədi. Lakin maqqaşı çox kobud olduğundan qarışqa balasının ikinci ayağını da qopardı.

      – Nə baş verdi? – Ana qarışqa soruşdu

      – Heç nə. Sadəcə, ikinci ayağım da qopdu, – qarışqa balası utancaq dedi.

      Həkim hər şeydə gözlüyünü təqsirkar bildi və daha incə maqqaş axtarmağa getdi. Amma Ana qarışqa onu gözləmədi. Qopmuş ayaqları kisəyə qoydu, balasını kürəyinə aldı və getdi.

      – Gərək həkim Evertin su müalicəxanasına gedək, – Ana qarışqa dedi.

      Xoşbəxtlikdən, gonbulun biri arıqlamaq üçün su müalicəxanasına gedirdi.

      Həkim Evert böyük ləyənin yanında dayanıb gonbulu suya salmağa hazırlaşırdı. Ana qarışqa həkim onu görsün deyə onun əlinə dırmaşdı. Lakin həkim onu görmədi və əlini suya saldı. Qarışqalar suda qaldılar.

      Ana qarışqa güc bəla ilə ləyənin kənarına çıxdı və balasına onun ətəyindən tutmağı tapşırdı. Ana qarışqa xilas olduğuna əmin olduqdan sonra geri çevrildi və balasını görmədi, çünki gonbul cənab suyu elə şappıldatdı ki, oradakı su gur şəlaləyə çevrildi.

      – Necəsən, balam? – Ana qarışqa qışqırdı.

      – Pis deyiləm, amma, deyəsən, mən boğuluram! – qarışqa balasının incə səsi eşidildi.

      Ana qarışqa özünü gur şəlaləyə atdı və böyük çətinliklə balasını quruya çıxardı. Amma, görünür, bala qarışqa artıq ölmüşdü.

      – Gərək xalq təbabəti ilə müalicə edən həkim Bekin yanına gedək, – Ana qarışqa qərara aldı.

      Xoşbəxtlikdən, həkim Bek həmin vaxt Helsinqforsda idi, yoxsa Ana qarışqanın işi çətin olacaqdı. O, balasını və onun iki qırılmış ayağını götürüb heç bir tibbi təhsili olmayan tanınmış həkimin yanına getdi.

      Həkim Bek böyüdücü şüşəni götürüb hərəkətsiz qarışqa balasına və onun qopmuş ayaqlarına baxdı və dedi:

      – Buna masaj lazımdır. Mən isə bunu edə bilmərəm, çünki barmaqlarım həddindən artıq böyükdür.

      Ana qarışqa bir az fikirləşdi və milçəkləri köməyə çağırmaq istədi, çünki milçəklər ən yaxşı masaj ustası idilər. Amma, təəssüf ki, milçəklərin hamısı qış yuxusuna getmişdi.

      – Baxım görüm, bəlkə, ocağın dalında oyaq qalan birini tapdım, – Ana qarışqa fikirləşdi.

      Ana qarışqa sürünərək ocağın dalına keçdi və orada ötən payızdan düşüb qalmış yarımcan bir cırcırama tapdı. O, güclə cırcıramanı oradan dartıb gün işığına çıxardı.

      Tezliklə cırcırama oyandı və həvəslə qarışqa balasını ovxalamağa başladı.

      – Bax belə, – həkim Bek cırcıramanı təriflədi və xırda milin köməyi ilə masajı daha dəqiq etməyi ona öyrətdi.

      Cırcırama qarışqa balasını düz üç dəqiqə ovxaladı. Nəhayət, balaca gözlərini həyata açdı və anasına sanki dünyanı bağışladı. Bundan sonra qopmuş ayaqlarını da yerinə bərkitdilər və qarışqa balası sapsağlam oldu.

      – Həkim, bu böyük əməyinizə görə nə qədər ödəməliyəm? – Ana qarışqa soruşdu.

      – Parabüzən sənin yuvana qonaq gələndə onu yedirt, – həkim Bek cavab verdi.

      – Baş üstə! – Ana qarışqa sevinclə dedi. – Mən onu ballı kökəyə və şirəyə qonaq edəcəm. Qoy doyunca yesin!

      – Lap yaxşı! – həkim Bek ananı təriflədi.