– Salam, Məryəm!
– Salam, Cırcırama!
– Payız gəldi!
– Hə, artıq payız özünü göstərir, Cırcırama!
– Yarpaqlar saralır, axşamlar isə çox qaranlıq olur!
– Amma sənin işin-peşən budaqdan-budağa atılmaqdır. Payız, yoxsa Yazın gəlməsinin sənin üçün nə fərqi var ki…
– Hər şey ona görədir ki, mən təbiətin qoynunda böyümüşəm və orada elə isinmişəm ki, daha heç vaxt donmuram. Üstəlik, bu gün bizdə Müqəddəs Britanın “yay” günüdür.
– Nə demək istəyirsən?
– Oktyabrın yeddisi isveçrəli Müqəddəs Britanın günüdür. O, inanclı və xeyirxah idi. Bu səbəbdən təbiət öz sevimlisinin anım gününü qeyd etmək üçün özünün ən gözəl libaslarını geyinir. Hər Payız hamının Qışın bu qədər yaxın olduğunu düşünən zaman, Müqədəs Britanın doğum günündən öncə bir neçə günəşli və mülayim gün olur. Havadan isə Baharın ətri gəlir. Payız özünün ən bər-bəzəkli paltarlarını geyinib köçəri quşların vida görüşünü qəbul edir. O zaman Yay özünün nimdaş yaşıl ov paltarında bir daha qapıdan içəri boylanır və payızdan soruşur:
– Gəlmək olar?
– Hə, buyur, – Payız cavab verir. – Gəl bu mamır bağlamış skamyada əyləş, əziz xalaqızı. Düzdür, sübh çağı buralar hələ səliqəyə salınmayıb.
– Yox, təşəkkür edirəm, – Yay cavab verir. – Bu, sadəcə, fransızsayağı təşrifdir. Mənim, qətiyyən, vaxtım yoxdur. Axı Şimal Qütb qatarı Misirə axşam saat yeddidə yola düşür.
– Tələsməyə heç gərək yoxdur, – Payız deyir, – Müqəddəs Brita da həmin qatarla Roma Papasına baş çəkməyə gedir. O isə hələ uşaqlarına alma soyur.
– Hə, əgər belədirsə, bir az ayaq saxlaya bilərəm, – Yay razılaşır. – Baxım görüm mənim kələmlərimə necə qulluq etmisən və georginlərim hələ də çiçək açırmı…
Və Yay iri bir kəsəyin üstünə əyləşir. Payız onu alma, mərsin və qızardılmış göbələyə qonaq edir.
Birdən fit səsi gəlir və Şimal Qütb qatarı öz sərnişinləri yalançı bülbüllər və alacəhrələrlə Afrikaya yola düşür. Qatar elə sürətlə gedir ki, havanı yararaq fit səsi çıxarır. Qarğa da bu qatarla getməyə hazırlaşırdı. O, yerli iqlimdən şikayətlənirdi və Estoniyaya köçmək fikrinə düşmüşdü. Lakin, həmişəki kimi, gecikmişdi. Qışa yuva kirayələyən Sağsağan ağacın budağında oturub qarğaya gülür.
Payız isə bu zaman həyət-bacanı süpürməyə başlayır. Onun süpürgəsi dənizdə və quruda gəzişir və qarşısına çıxan hər şeyi süpürür: ağacların yarpaqlarını, gölməçədəki ördəkləri, böyürtkən kollarındakı uşaqları.
Dərs oxumaq və kolbasa hazırlamaq zamanı gəldi…
– Bir də nağıl danışmaq zamanı, Cırcırama! Yadına sal ki, sən mənə nağıl danışmalısan!
– Nə? Danışdıqlarım bəs etmədi? Sən “Yatmış gözəl”i, “Adalminanın incisi” və yüzlərlə digər nağılları unutmusan?
– Yox, amma…
– Özün mənə nəsə danış!
– Mən heç nə bilmirəm!
– Yoxla görək!
– Amma mən ətrafda heç nə tapmıram.
– Sən nağıl tapmağı öyrənmək istəyirsən?
– Hə də, Cırcırama, istəyirəm!
– Onda qulaq as! Biri var idi, biri yox idi, bir ölkədə kiçik uşaqlar var idi. Onlar püşk oyunu oynayırdılar. Qərara gəldilər ki, uduzan qalanlarının çiyələklə süd içmələrinə tamaşa edəcək. Orada püşkü uduzan bir oğlan nağıl danışmalı idi. Lakin o, bir dənə də olsun nağıl bilmirdi. O zaman oğlan məktəbdə bir müəllimin yanına gedib dedi:
– Hörmətli cənab müəllim. Zəhmət olmasa, mənə bir nağıl öyrət, yoxsa mən çiyələklə süd görməyəcəm.
– Belə de! – müəllim dedi və soruşdu: – 9-u 7-yə vuranda neçə edir?
– Axı bu, nağıl deyil! – oğlan hiddətləndi.
– Yox, nağıldır, özü də əla nağıldır, – müəllim dedi. – Mənim başqa nağılım yoxdur.
Oğlan nağıl axtara-axtara general əmisinin yanına gəlib çıxdı.
– Daha nə? – general dedi. – Sən bilirsən ki, “Tüfəngi çiynindən as!” nə deməkdir?
– Axı bu, nağıl deyil! – oğlan dedi.
– Yox a! – general təəccübləndi. – Bu, əla nağıldır və “Hərb işinə hazırlıq” adlanır. Buna qane ol, çünki mən başqa nağıl bilmirəm.
Oğlan yoluna davam etdi və mülki müşavir olan xaç atasının yanına gəldi.
– Əziz xaç atam! Mənə bir nağıl bağışla, yoxsa çiyələklə südə həsrət qalacam!
– Məmnuniyyətlə, – xaç atası cavab verdi. – Bax bu, ikinci dərəcəli Stanislav ordenidir.
– Axı bu, nağıl deyil! – oğlan ağlamsındı.
– Əlbəttə, – xaç atası dedi. – Bu, mənim xidmətlərimə görə verilən ordendir. Mənim başqa nağılım yoxdur. Buna qane ol!
Oğlan yoluna davam etdi və bazarda ət alveri edən qəssaba rast gəldi.
– Həvəslə sənə kömək edərəm, – qəssab oğlanın xahişinə cavab olaraq dedi. – Düzdür, qazancım çox azdır. Bax bu, qaxac düzəltmək üçün bud, bu isə xaş bişirmək üçün baş-ayaqdır. Başqa heç nəyim yoxdur!
– Axı bu, nağıl deyil, – oğlan dedi.
– Bundan artıq nə istəyirsən? – Qəssab soruşdu. – Yaramır? – Axı bu, donuz ətidir!
Oğlan bir də evdən çıxdı və bibisi Ullanın yanına gəldi. Ulla bibi kitab yazırdı və oğlan bu dəfə yaxşı nağıl eşidəcəyinə əmin idi.
Ulla bibi çox düşünmədən oğlana “Düşünən gənclər üçün” adlı qalın hekayələr kitabı verdi.
– Axı bunlar nağıl deyil, – oğlan dərindən ah çəkdi.
– Sənə bundan artıq nə lazımdır? – Ulla bibi soruşdu. – Yaramır? Axı bu kitab ən gözəl öyüd-nəsihət kitabıdır!
Yazıq oğlan tamamilə çaşbaş qaldı və meşəyə üz tutdu. Orada odun doğrayan bir kəndliyə rast gəldi.
– Odunçu əmi, xahiş edirəm mənə bir nağıl danış, yoxsa südlə çiyələyə həsrət qalacam, – oğlan dedi.
– Yaxşı, odunçu razılaşdı. – Burada çətin bir şey yoxdur. Meşədə bir qədər dolaş. Ətraf nağılla doludur. Orada hər budaqda bir nağıl bitir!
Oğlan meşəyə getdi və ətrafa boylandı. Orada, həqiqətən də, ağacların budaqlarında nağıl bitirdi. Onlar tozağacı ağaclarının yarpaqları arasından boylanır, küknar ağaclarından qoza kimi sallanırdı. Mərsin kollarında isə o qədər gözəl nağıl və əhvalatlar bitmişdi ki, onların arxasından giləmeyvələr görünmürdü. Oğlan nağılları toplamağa başladı və tezliklə ciblərini ağzınacan doldurdu. Cibləri dolandan sonra qucağına da nağıl doldurub apardı.
“Qəribədir, – oğlan fikirləşdi. – Nə müəllim, nə əmisi, nə xaç atası, nə qəssab, nə də bibisi meşədə bu qədər nağıl olduğunu təsəvvür edə bilməzlər!”
– Bilirsən, – hər şeyə rişxəndlə yanaşan Mərsin kolu dedi. – Bu insanlar, yəqin, toxdurlar və heç vaxt çiyələkli süd arzulamayıblar!
– Amma müəllim çox arıqdır. O, yəqin, heç vaxt doyunca yeməyib, – oğlan etiraz etdi.
– O öz elmi ilə toxdur, – Mərsin kolu qürurla dedi və bic-bic iynələrini çıqqıldatdı.
Sonra