Edvin ondan sonra heç bir qız dostunu evə gətirmədi. Və yalnız o evlənəndən sonra biz onun arvadını görə bildik. O, Sulvayqla evlənməmişdi.
XVI BÖLÜM
Uşaqlığımın son yazı soyuq və küləkli keçirdi. Dadı tozludur və ondan tərk etmələr, dəyişikliklər iyi gəlir. Məktəbdə hər kəsin başı imtahan hazırlıqlarına və konfirmasiyalara qarışıb, mənsə bütün bunlarda bir anlam görmürəm. Yad adamlar üçün ev təmizləməyə, qab yumağa görə orta məktəb atestatına ehtiyac yoxdur. Və konfirmasiya mənim üçün indi parlaq, təhlükəsiz və xoşbəxt görünən uşaqlığımın məzar daşı idi. Bu zaman ərzində baş verən hər şey məndə dərin, izahedilməz təəssürat yaradır və sanki bütün həyatımı, orada baş verən ən adi, mənasız hadisələri belə gün kimi aydın xatırlayıram. Anamla çıxıb konfirmasiya üçün ayaqqabı alanda o danışır, satıcı isə qulaq asır: Hə, bu bir cüt ayaqqabı bizim sənə verdiyimiz son ayaqqabıdır. Bu sözlər mənim gələcəyim üçün dəhşətli perspektivlər açırdı və həmin dövrdə özüm-özümü necə dolandıracağımı bilmirdim. Ayaqqabı sırmalı ipək parçadan idi və qiyməti 9 kron idi. Hündürdaban idi, həm onlarda rahat gəzə bilmədiyim, topuğumu ağrıtdığı üçün, həm də anamın onları geyinərkən göydələnə oxşadığımı sandığı üçün atam onların dabanlarını qopartdı. Belədə baş barmaqlarım çıxdı bayıra, amma onları cəmi bir gün geyinəcəkdim, anam mənə təsəlli verdi. Özünün 18-ci ad günündə Edvin Baqerstradedə bir otaqlı evə köçdü və mən indi artıq yataq otağında çarpayıya çevrilən divanda yatıram. Bunu da uşaqlığımın sona çatması haqqında digər bir əlamət olaraq qəbul edirəm. Burada mən pəncərə kənarında otura bilmirəm, çünki ora sardunya bitkiləri qoyulub. Və oradan yalnız bir dəfə məni qışqırmağa məcbur edən qaz nasosu və qaraçı vaqonu qoyulan meydana mənzərə açılır. “Ana, ay batıb!” Mən özüm bunu xatırlamıram və böyüklərin sənin haqqında xatirələri sənin özün haqqında xatirələrindən tamam fərqli olur. Bunu uzun müddətdir ki, bilirəm. Edvinin xatirələri mənimkindən fərqlidir. Və hər dəfə birlikdə yaşadığımız hansısa hadisəni xatırlayıb-xatırlamadığını ondan soruşduğumda “yox” cavabı verir. Qardaşımla mən bir-birimizə heyranıq, amma bir-birimizlə çox da yaxşı söhbətləşə bilmirik. Otağında onu ziyarət etməyə yollandığımda qapını qaldığı evin sahibəsi açır. Qara bığları var və anam kimi eyni şübhələrdən əziyyət çəkir. Onun bacısı olduğumu deyir. Bu yaxşı biridir. Onun kimi çoxlu bacıları və əmiuşaqları olan ikinci kirayənişin tanımıram. Hərçənd indi Edvinin yalnız özünə məxsus olan otağı var, amma yenə işləri qaydasında getmir. Siqaret çəkir, pivə içir və tez-tez Torvald adlı dostu ilə axşamlar rəqs etməyə gedir. Onlar birlikdə şəyird olublar və hər ikisi bir gün öz emalatxanalarını açmağın xəyallarını qurur. Mən Torvaldla heç zaman görüşməmişəm, çünki bizlərdən heç biri cinsindən asılı olmayaraq kimsəni evə gətirə bilməz. Edvin özünü bədbəxt hiss edir, çünki Sulvayq onu tərk edib. Bir gün o, qardaşımın otağına gəlir, nəhayət ki, onlar tək, birlikdə ola bilərdilər. Orada qız ona deyir ki, hər şeyə rəğmən onunla evlənmək istəmir. Düzdür, Edvin anamı günahlandırır, amma məncə Sulvayq özünə başqasını tapmışdı. Bir yerdə oxumuşdum ki, gerçək sevgi dirənişlə, problemlərlə böyüyür, amma bunu özümə saxladım. Güman ki, elə Edvinin anamın onu qroxudub qaçırmasını fikirləşməsi daha yaxşıdır. Onun otağı çox balacadır və mebellərin elə bir görüntüsü var ki, sanki onlar zibilə atılmağa hazırdır. Mən Edvinin evində heç zaman çox qalmıram, çünki danışıqlarımız arasında uzun fasilələr olur və mən onu tərk edəndə onun duyduğu xoşbəxtlik varid olduğumda yaşadığı sevincə bərabər olur. Mən evlə bağlı xırda şeylərdən danışıram. Misal üçün, deyirəm ki, hər zaman olduğu kimi ondan mənə miras qalan nəyisə – bir cüt yağlı dəri çəkmələri geyinirəm. Atam onları cilalayıb ki, ömrü uzansın, bundan əlavə bağlarını da qaraldıb, indi çəkmələrim qəhvəyi, bağları isə qara rəngdədir. Bir dəfə anam bir-iki cır-cındırı üzərimə tulladı: Çəkmələrini onlarla təmizlə, sonra onları sobaya at. – “Öz çəkmələrimi?” deyə bildim. O, uzun müddət sərtliklə güldü: – “Yox, ay vələdüzina, əlbəttə cındırları!” Belə şeylər Edvini də güldürür, buna görə bu haqda indi ona danışıram. Artıq bizim ailəmizin gündəlik həyatının bir hissəsi deyil axı. Yalnız İstedsqata küçəsi eynidir və indi mənə axşamlar da ora getməyə icazə verirlər. Mən ora Rut və Minna ilə bərabər gedirəm və deyəsən Rut mənimlə Minnanın arasında olan nifrəti başa düşməyib. Bəzən Saksoqata küçəsinə gedib Olqanı ziyarət edirik. Olqa Minnanın böyük bacısıdır, o, polislə ailə həyatı qurub və güzaranı yaxşıdır. Olqa icazə verir ki, körpəsini qucağımda saxlayım. Bu inanılmaz dərəcədə xoş hissdir. Minna da həmçinin uniformalı biri ilə ailə qurmaq istəyir, çünki onların