Fərqanə. Seymur Baycan. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Seymur Baycan
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
bura xoş niyyətlə gəlmədiyimizi hiss etmişdi. Kinq Konq tüfəngi çiynindən çıxarıb böyük adamlar kimi ciddi-ciddi adsız iti nişan aldı. Adsız it çevrilib qaçmaq istəsə də, hədəfdən yayına bilmədi. Tüfəngin səsi və itin zingiltisi bir-birinə qarışdı. İt yerə yıxıldı. Yerdə çapalayıb özünü toparladı. Ayağa qalxıb təpələrə doğru qaçdı. Özümüzü nə qədər böyüklər kimi aparsaq da, tüfəngin səsi, etdiyimiz hərəkət bizi qorxutdu. Bir neçə uşaq dəstədən aralanıb məhəlləyə qayıtdı. Yerdə qalanları zingildəyə-zingildəyə təpələrə doğru qaçan adsız itin dalınca götürüldü. Onu təpələrdən birinin başında tapdıq. Uzanmışdı. Zingildəyirdi. Biz tövşüyə-tövşüyə onun başı üstündə dayanıb qıpqırmızı pörtmüş üzümüzdən axan təri silməyə başladıq. Etdiyimiz hərəkətdən peşman olmuşduq. Başının üstündə dayanıb ağrı çəkən itə baxırdıq. İncidilən, əzab və ağrı çəkən itin gözləri bütün əzab çəkən başqa canlıların gözündən seçilir. Əzab çəkən itin gözləri sönür, elə bil, rəngini dəyişir, sanki beyininin dərinliklərinə çəkilir. Adsız itin baxışlarını heç zaman unutmaram. Ağri çəkən it zingildəyərək öz baxışlarıyla bizdən soruşurdu:

      – Axı nəyə görə? Sizə nə pislik etmişdim?

      Bu baxışlara davam gətirmək çox çətin idi.

      İmkan düşmüşkən, dayandığımız təpənin üstündən görünən mənzərələri təsvir etmək istərdim. Hündürdə dayandığımıza görə ətrafa nəzər saldıqda çoxlu mənzərələr görünür. Bəzi mənzərələr daha aydın, bəzi mənzərələr bir az tutqun. Məsafənin yaxınlığından-uzaqlığından asılıdır. Burda nə varsa, açıqda, göz qabağındadır, ərinmirsənsə, ürəyin istəyən qədər tamaşa edə bilərsən. Dayandığımız təpədən bir az irəliyə tərəf yol getdikdə qarşına tarlalar (burda gah taxıl, gah qarğıdalı, gah da noxud əkirdilər) çıxır. Sonra tarlaları üzümlüklər, üzümlükləri isə yenə təpələr, kiçik dağlar əvəz edir. Tarlalarda, üzümlüklərdə işləyən qadınlar, qızlar yaylıqla başlarını, üzlərini bərk-bərk bürüyürdülər. Ancaq gözləri görünürdü. Onlar necə nəfəs alırlar? Bu sual həmişə məni düşündürürdü. Qızlar-qadınlar işləməkdən belləri bükülmüşdü. Partiyanın qarşıya qoyduğu planı yerinə yetirmək üçün onları dayanmadan işlədirdilər. Qadınlar, qızlar özlərinə baxa bilmirdilər. Özlərinə baxmağa nə vaxt var idi, nə də elə bir tutarlı səbəb. Aşağı-yuxarı hamı eyni qaydada yaşayırdı. Qəzetdən müxbir, televiziyadan çəkiliş qrupu gələndə tarlalarda, üzümlüklərdə işləyən qızlardan ən yaxşılarını seçib onlara ən yaxşı paltarlarını geyinmək tapşırılırdı. Yaxşı geyinmiş kəndli qızların şəkillərini çəkib qəzetlərdə, jurnallarda dərc edirdilər. Beləcə əmək qəhrəmanları düzəldirdilər. Ancaq qəzetlərdə dərc edilən şəkillərlə real həyatdakı vəziyyət çox fərqli idi. Kəndlilər çox qorxaq idilər. Onların evinə qonaq gedəndə hər şey edirdilər ki, biz razı qalaq. Gərgin və həyəcanlı olurdular. Hansısa bir səhv buraxacaqlarından, hansısa hərəkətlərinə görə onlara güləcəyimizdən qorxurdular. Bayram günlərində kəndli uşaqlar ən yaxşı paltarlarını geyinib rayon mərkəzinə gəlirdilər. Burda rayon avtovağzalında, düz avtobusların dayandığı yerdə onları rayon uşaqları gözləyirdilər. Bayrama gəlmiş kəndli uşaqlarını döyüb paltarlarını bərbad hala salırdılar.

      Tarlalarda, üzümlüklərdə işləyən adamları daha da həvəsləndirmək, onların iş qabiliyyətini artırmaq üçün paytaxtdan teatrlar gəlib harada gəldi, açıq havada, örtülü məkanlarda tamaşa göstərirdilər. Adamlar aktyorları çox böyük sevinclə, coşquyla qarşılasalar da, ümumi kobudluq burada da özünü göstərirdi. Hər tamaşada ya bilərəkdən, ya da bilməyərəkdən, kobud hərəkət edən adam olurdu. Bir tamaşa zamanı baş verən pərtlik yadımdadır. Tamaşada belə bir səhnə vardı: Dayı öz bacısı oğluna necə yaşamağı başa salır. Sual verir: Sən küçədə gedərkən birdən pul tapsan, tapdığın pulu neyləməlisən? Uşaq cavab verir: Pulun sahibini axtarıb, tapıb, pulu ona qaytararam. Dayısı isə deyir: Yox, belə olmaz, sən o pulu gətirib dayına verməlisən. Bu səhnə oynanılarkən tamaşaçılardan biri səhnəyə qəpik pul atdı. Qəpik düz aktyorun qarşısına düşdü. Bu kobud hərəkət aktyora çox pis təsir etdi və digər aktyorlar da tamaşanın sonuna qədər öz pərtliklərini gizlədə bilmədilər. Bir dəfə mən tamaşaya baxıb evə qayıtmışdım. Babam da bizdə idi. Hər şeyi məsxərəyə qoyan babam xahiş etdi ki, teatrda gördüklərimi ona danışım. Mənə hədsiz dərəcədə təsir etmiş tamaşanın məzmununu təfərrüatı ilə ona danışdım. Lakin o, danışdıqlarımdan təsirlənmədi. Müxtəlif rişxəndli qeydlərlə tez-tez sözümü kəsir və isbat etməyə çalışırdı ki, həyatda heç zaman belə hadisələr baş verə bilməz. Bu cür qəddar hücuma hazır deyildim, bununla belə, təslim olmadım. Teatra inanırdım…

      … Uzaqda qayalar şairanə bir səliqəsizliklə dağın ətrafına yayılıb. Bu qayaların üstündə qıpqırmızı çiçəklər bitmişdi. Elə bil, qayaların üstündə balaca tonqallar qalanmışdı. Elə bil, bura opera dekorasiyasıdır, təbiət deyil. Hər şey, elə bil, yağlı boya ilə çəkilib. Qayalıqların arasını böyürtkən kolları bürümüşdü. Burda o qədər böyürtkən kolu vardı ki, adamlar yığırdılar, yığırdılar, yenə də qurtarmırdı. Bəzi yerlərdə kollar hər yeri elə sıx bürüyüb tutmuşdu ki, geriyə dönüb başqa yol axtarmalı olurduq. Biz bir dəfə böyürtkən yığmağa getmişdir. Uşaqlardan xeyli aralanmışdım. Onda, elə bil, hər kolun, hər ağacın arxasında bilmədiyim, tanımadığım əsrarəngiz bir dünya vardı. Əfsanəvi aləmlə həqiqi aləm, xəyallarla gerçəklik, balaca ürəyimi titrədən sevinclər və qorxular bir-birinə qarışmışdı. Həyat cəlbedici sirləri ilə qarşımda dayanmışdı. Hava qaraldı. Ətrafda hər şey eyni hal aldı. Bütün kollar, ağaclar bir-birinə oxşadı. Yolu itirdim. Tərslikdən, cinlər haqqında eşitdiyim söhbətlər bir-bir yadıma düşdü. Qaranlıqda, çölün bu əzici sakitliyi içində bu söhbətlərdən adamın əhvalı qarışır, başına min cür qarma-qarışıq fikirlər girir. Cinlər haqqında söhbətlər canımda dəhşətli bir vahimə yaratdı. Orda görünən nədir? Qaralan nədir? Qorxumu canımdan qışqırmaqla çıxarmaq istədim. Qışqıra-qışqıra yüksəklikdən aşağıya doğru qaçdım. Ayağım nəyəsə ilişdi. Yıxıldım. Əlim-ayağım cırıq-cırıq oldu. Uşaqlar məni aşağıda gözləyirdilər. Mən cin gördüyümü onlara danışdım. Sonrakı günlər isə müxtəlif adamlara cini necə gördüyümü təkrar-təkrar danışmalı oldum. Bu cür əhvalatlara maraqla qulaq asacaq adam hər addımda idi…

      … Günəş doğanda dağlara, təpələrə, çəmənlərə yüz rəng, yüz bəzək vurur. Səsi olan da, olmayan da oxumaq eşqinə düşür. Qışda uşaqlar təpələrin başına qalxar, oradan aşağı sürüşərdilər. Burda nə qədər papaq, əlcək itmişdi. Nə qədər şalvar cırılmışdı. Nə qədər əl, ayaq, burun əzilmişdi. Əlcəyi olmayanlar əllərinə corab keçirirdilər. Soyuqdan donduqda, əlcəkləri, corabları tamam yaş olduqda evə qaçar, sobanın kənarında qızışıb əlcəklərini, corablarını qurudub təzədən təpələrin üstünə sürüşməyə qayıdardılar. Belə qarlı havalarda yüz öyüd-nəsihət, heç bir məsləhət, heç bir təhdid uşaqları evdə saxlaya bilməzdi.

      Dağın dibində qara daşdan tikilmiş, üstü kirəmitlə örtülmüş