Birdən hava soyudu. Fernlərin kölgəsi bütün meşəyə yayıldı, axşam yaxınlaşırdı. O qədər yorğun və ac idim ki, başım döndü və kirpinin hazırladığı yeməkdən başqa nəsə düşünə bilmədim. Üstəlik, kim bilir, bəlkə damı boyamaq üçün boyası da var…
– Sən yenə buradasan? – kirpi soruşdu. O, qabları yuyurdu. – yenə mənə Hemuli haqqında danışmağa çalışma.
Pəncələrimi yelləyib cavab verdim:
– Əziz xanım, indi onlar haqqında danışacaq halda deyiləm. Mən ev tikmişəm! İkimərtəbəli ev! Yorulmuşam, çox xoşbəxtəm və inanılmaz dərəcədə acam! Mən saat beşdə nahar etməyə öyrəşmişəm. Üstəlik, damı boyamaq üçün qızılı boyaya da ehtiyacım var…
– Bax sən! Qızılı boya? – kirpi narazı halda sözümü kəsdi. – Yeni qatıq hələ mayalanmayıb, köhnəni isə artıq yemişəm. Siz tam da qablar yuyulan vaxta gəldiniz.
– Nə deyirəm ki, elə də olsun. – deyə cavab verdim, – Bir macəraçı üçün bir stəkan qatıq nədir ki. Xanım, xahiş edirəm, yeməyi atın və mənimlə gəlib tikdiyim yeni evə baxın!
Kirpi şübhə ilə mənə baxdı, ah çəkib əllərini dəsmala sildi və dedi:
– Yaxşı. Eviniz haradadır? Uzaqdır?
Onu çayın yanına apardım, ev olan yerə yaxınlaşdıq.
– Və? – kirpi dedi.
– Buyurun, əziz xanım, – mən qumluqdakı evin rəsmini göstərib ona dedim. – Evimi bax belə təsəvvür edirəm… Mən, tamamilə, dolaşığa düşdüm.
Bilirsiniz, əziz oxucular, inşaata o qədər başım qarışdı ki, evin hazır olduğuna mən belə inandım! Bu, əlbəttə ki, çox canlı bir təsəvvürə – gələcəkdə mənim və yaxınlarımın həyatında həlledici olacaq bir keyfiyyətə dəlalət edirdi. Kirpi heç nə demədi. Mənə uzun-uzadı baxdı, xoşbəxtlikdən, anlaya bilmədiyim bir şeylər dedi və qablarını yumağa getdi.
Çayın içinə girdim və heç nə düşünmədən soyuq suyun içində gəzməyə başladım. Çaylar tələsmədən axdıqca axırdı. Bəzi yerlərdə şəffaf və dəyaz idi, bəzi yerlərdə isə daha da dərinləşirdi. Günəş – çox qırmızı idi, çox aşağı enmişdi və şam ağaclarının arxasından üzərimə işıq saçırdı, mən isə gözlərimi yumub yoluma davam edirdim.
Nəhayət, ağlıma yeni bir fikir gəldi. Özünüz düşünün, gözəl çiçəklərlə dolu bir çəmənlikdə ev tiksəydim, o zaman çəmənliyi məhv edərdim, elə deyilmi? Çəmənliyin yanında ev tikmək daha yaxşı fikir idi, lakin təsəvvür edin ki, çəmənliklərin yanında ev tikmək üçün yer yox idi. Və əsas məsələ – mən ev sahibi olacaqdım. Belə bir sual yaranır, ev sahibi eyni zamanda macəraçı ola bilər? Yox!
İndi isə bunu düşünün: birdən bütün ömrüm boyu bu kirpi ilə qonşuluqda yaşayası olsam? Ehtimal edirəm, onun böyük kirpi ailəsi var və hamısı, çox güman ki, onun kimidir. Yəni, əslində, çox şanslı idim: bir anda üç bəladan qurtulmuşdum. İndi geriyə baxanda, düşünürəm ki, ev tikmək mənim inkişafım üçün, ən böyük əhəmiyyət kəsb edən, ilk həyat təcrübələrimdən biri idi. Beləliklə, sərbəstliyimi və özünə hörmətimi itirmədən, qəribə və sakit bir səs məni düşüncələrimdən ayırana qədər axınla getməyə davam edirdim. Çayın ortasında, budaqlardan və sıx yarpaqlardan toplanmış möhtəşəm bir su çarxı fırlanırdı. Mən təəccüb içində dayandım. Və birdən kiminsə səsini eşitdim:
– Təcrübə aparıram. Dövriyyələri hesablayıram.
Gözlərimi qıyıb kolların arasından görünən iki yekə qulaq gördüm.
– Kimsiniz? – soruşdum.
– Fredrikson, – qulaqlı həmsöhbətim cavab verdi, – bəs, siz kimsiniz?
– Mən mumi-trol, – deyə cavab verdim, – Çox xüsusi ulduzların altında doğulmuş qaçaq.
– Məhz, hansı ulduzlar? – Fredrikson açıq bir maraqla soruşdu və mən çox sevindim, çünki həyatımda ilk dəfə idi ki, ağıllı sual eşidirdim.
Çaydan çıxdım, Fredriksonun yanında oturdum və doğuşumu müşayiət edən bütün əlamətləri ona danışdım. O, bir dəfə də olsun sözümü kəsmədi və mən Hemulihanın məni tapdığı gözəl bəzəkli səbətdən danışdım. Anlaşılmazlıqlar içində keçən uşaqlığım və o, dəhşətli evimdən bəhs etdim.
Nəhayət, mən Fredriksona macəraçı olmaq istədiyimi izah etdim. (Ev və kirpi haqqında danışmamaq qərarına gəldim – niyə ikincili detallara fikir verim axı?) Fredrikson diqqətlə qulaq asıb, lazım olan məqamlarda qulaqlarını yellədi. Mən söhbəti bitirdikdən sonra o bir az düşündü və dedi:
– Qəribədir. Bütün bunlar olduqca qəribədir.
– Doğrudan? – mən minnətdarlıqla razılaşdım.
– Hemulihalar xoşagəlməz varlıqlardır. – Fredrikson dedi.
O fikirli halda cibindən sandviç çıxarıb yarısını mənə verdi. Daha sonra bir müddət yan-yana oturub günəşin batışını izlədik.
Fredrikson ilə uzun müddət davam edən dostluğumuz boyunca, həmsöhbətini, heç nə demədən, sakitləşdirmək və inandırmaq bacarığına malik olmasına hər dəfə təəccüblənirdim. Təəssüf ki, mən elə deyildim, lakin dəyişmək fikrim də yox idi.
Gün möhtəşəm sonlandı. Ruhunda narahatlıq olan hər kəsə, axar çayın içində fırlanan su çarxını izləməyi məsləhət görürəm. Daha sonra, oğlum Mumi-trola belə təkərlər düzəltmə sənətini öyrətdim. (Bu belə hazırlanırdı: iki kiçik nizəni kəsib bir-birindən bir qədər aralıda dərənin dibindəki quma basdırın. Dörd uzunsov sıx yarpaq tapın və ortasından bir budaqla deşin və ümumi götürdükdə, bir ulduz düzəldin.)
Meşə, tamamilə, qaranlıq olanda, Fredriksonla çəmənliyə getdik və orada gecələdik. Biz mənim evimin verandasında yatdıq, lakin Fredriksonun bundan xəbəri yox idi. Lakin mən ev haqqında düşünməyə davam edirdim. Üst mərtəbəyə bir pilləkəni necə quracağımı başa düşdüm. Artıq evin mükəmməl və müəyyən mənada, hazır olduğuna əmin idim. İndi bir anlıq onu unutmaq olardı. İndi əsas olan ilk dostumu tapmağım idi, bu da həyatımın ciddi şəkil aldığının göstəricisi idi.
Şusseli povestə daxil etdiyim, dodo Edvardı oxucuya tanıtdığım və “Dəniz Orkestrının” unudulmaz açılışını təsvir etdiyim ikinci fəsil
Oyandığımda Fredrikson çayda bir tor qururdu.
– Salam,