– Həmin vaxt heç yadımdan çıxarmı? Vaqif gözünün önündən film kimi ötən həmin anlardan ayrılıb dedi:
– Mən xoruzu dalaşdırmağa qıymırdım ki, başına bir iş gələr. Deyəndə ki, yediyin həmin xoruzun ətidir, o an bütün dünya başıma fırlanmışdı. Qabaqcadan da qorxurdum ki, Raula görə onu ya atarsız, ya da ki, kəsərsiz.
Raul dərindən ah çəkərək təbəssümlə dedi:
– Atamız ona da çarə tapmışdı. Heç vaxt icazə verməzdi ki, bizim nəyəsə həvəsimiz olanda o həvəsimiz qırılsın. Hər zaman bir yolunu tapıb bizə dəstək olurdu. Sanki bizlə həmyaşıd idi. Evə dostlarımızı dəvət edəndə elə söhbət edərdi ki, uşaqlar onu yadırğamazdılar. Birlikdə deyib-gülərdik. Uşaqla uşaq, böyüklə böyük idi. Ehh, hər şey necə də unudulmazdır.
Rahib də Raulun sözünü dəstəkləyərək dedi:
–İkisi də öz ad günlərini bizə görə keçirərdilər. Bir birlərinə hədiyyə almaq əvəzinə bizə alardılar. Həqiqətən də, düşündükcə çox şanslı olduğumu daha da yaxşı anlayıram. Hərdən belə düşünürəm ki, belə qayğıkeş bir valideynlərin övladı olmaq, belə bir sağlam ailədə böyümək əldə edilməsi çətin olan, amma bizim üçün bütün həyatımıza işıq tutacaq mükəmməl bir şansdır. Hər zaman anlayışla qarşılanmışıq, qayğımıza qalınıb, dəstək verilib.
Samovar çayından qurtumlayıb onlara əziz olan uşaqlıq çağlarının saysız-hesabsız xatirələrinə cummuşdular.
Rahibin gülümsəməsi yavaş-yavaş dayandı və yüngülcə bir “ahh” çəkib darindən nəfəs alaraq Raula dedi:
– Rəhmətlik hamımızı sevərdi, amma səni ayrı sevərdi. Hər dəfə bizi təmbehləyərək səni qorumağımızı tapşırardı. Sən o vaxtlar yaman balaca, arıq, cılız uşaq idin.
Onlar keçmişi yad edərkən Vaqif yalandan “həə”, “hıı” deyərək arada gülür, sonra isə fikrə gedirdi. Bu sırada Raul yenə də Vaqifi müşahidə edirdi. Ona yenə zəng gəldi. Telefonu döş cibindən çıxarıb baxan kimi masadan sürətlə qalxıb kənara çəkildi və zəngə cavab verərək danışmağa başladı. Sonra o qardaşlarının yanına gələrək təlaşla dedi.
– Mən fermaya getməliyəm, ola bilsin, axşam yenə orada qaldım. Sabah alaqaranlıqda çobanlara bəzi xəstə heyvanlara iynə vurmaq üçün kömək lazımdır. Qardaş, sabah gələrsən sənə fermanı gəzdirərəm.
O, sağollaşaraq getdi. Rahib və Raul isə bir az da söhbət etdikdən sonra Raul yorğun halda dedi:
– Qardaş, icazənlə mən gedib yatardım. Çünki yol məni yaman yorub.
– O nə sözdür, əlbəttə, get yat. Elə bayaqdan fikirləşirəm ki, Vaqifin arxasıyca mən də gedim. Bir baxım görüm fermada nə var, nə yox. Həm də ki, çobanlara, baytara baş çəkim. Məsləhətləşim görüm bu xəstələnən heyvanları sağaltmaq mümkün olacaqmı? Əgər olacaqsa, onların müalicəsilə ciddi məşğul olaq. Yox, əgər olmayacaqsa, elə beləcə kəsim getsin, yalan yerə boş-boşuna iynə-dərmana pul tökməyim.
– Oldu, yolda ehtiyatlı ol. Gecən xeyrə, qardaş.
Onlar sağollaşdılar. Raul masadan qalxıb ehtiyatla yeriyərək anasının otağına daxil olub səssizcə ona baş çəkdi. Səmayə xanım ora-bura qaçaraq yorulub əldən düşmüş balaca uşaqlar kimi şirin-şirin yatmışdı. Uşaqlığını xatırladı. Qaçar, atılıb-düşər, yorular və necə gəldi yatardı. Anası onun üstünü yorğanla hər axşam yatmazdan öncə örtər, yoxlayar, nəvazişini əsirgəməzdi. Bunları xatırladıqca çöhrəsinə sövqtəbii gülümsəmə qondu.
Onu belə görüb qapını ehmallıca örtdü və öz otağına getdi. Sərin havada yorğana bürünüb yatmaq uşaqlıqdan onun çox xoşuna gəlirdi. Qalxıb pəncərəni açdı, bayırı bir az seyr edib sinəsinə ciyəri dolusu dağ havası çəkdi. Yerinə uzanaraq yorğanı başına qədər çəkib anasını fikirləşə-fikirləşə yuxuya getdi. Rahib isə pencəyini çiyninə ataraq damağına bir siqaret qoyub yandırdı. Maşına əyləşərək fermaya tərəf üz tutdu. Elə bir az getmişdi ki qaranlıqda bir nəfər Rahibə əl edərək onun adını qışqırdılar. Rahib maşını saxlayıb arxa-arxaya gedərək həmin bu adamın qarşısında saxlayan kimi qapını kimsə açıb maşına əyləşdi. Bu, onların kəndliləri Akif idi. O, balacaboy, qarayanız, üzündən biclik yağan cavan oğlan idi. Rahibin gözündə o həm xasiyyətcə, həm də bir insan olaraq çox eybəcər idi. Heç xoşuna gəlmirdi, amma kənddə üz-üzə gəldiklərinə görə məcburi olaraq xətri qalmasın deyə salamlaşırdı. İndi Akif maşına əyləşərək dedi:
– Rahib, axşamın xeyir. Mən səninlə Vaqif haqqında danışmaq istəyirəm.
Rahib onun danışıq tərzindən hiss etdi ki, bu söhbət xeyirli bir mövzu haqqında deyil. Əslində belə xeyirgəlməz bic insanlar özləri üçün nəsə bir xeyir güdməsələr, heç kimi gecə vaxtı qışqıraraq yolundan edib söz deməzlər, heç salam verməyə də lüzum görməzlər. Rahib də yaxşı başa düşürdü ki, belə insanların xeyir güddüyü şey qarşısındakına yalnız ziyanlı nəsə ola bilər. O, Vaqifə Akifdən uzaq durması üçün həmişə xəbərdarlıq edirdi. Amma əksər insanlar belədir ki, onlara nəyi qadağan etsən, nəyə olmaz desən, hər zaman o qadağan etdiyin şeyə qarşı meylləri daha da çox artır. Rahim bir az qaş-qabaqlı formada ona dedi:
– Hə, eşidirəm, de görək Vaqif haqqında danışacağın şey nədir?
– Bax Rahib, səninlə açıq danışacağam. Qardaşın Vaqifin mənə borcu var, həm də elə-belə borc yox.
– Nə borc? Onun sənə nə borcu ola bilər axı? –deyə Rahib bir daha sual verdi.
– İki gün bundan qabaq qumar masasında qardaşın mənə maşınını uduzub.
– Nə, nə, nə? Sən nə axmaqlayırsan? Qumar hara, mənim qardaşım hara?
– Rahib, həmin o qumaq masasında başqa adamlar da var idi. Əgər inanmırsansa, onlar şahidlik edə bilərlər. Elə biri də Pakizə xalanın oğlu Nicat idi. İstəsən, Nicata zəng edib soruşa bilərsən. Mən Vaqifə zəng edirəm, ancaq o mənim telefonlarıma cavab vermir. Ona görə də, məcbur qalıb real vəziyyəti sənə deməli oldum. Bilirsən, bir söz var, qumar borcu namus borcudur.
Rahib gözünü ona zilləyib baxaraq bu qumarı namusu ilə bir tutan bədbəxt adama nə desə boş olacağını fikirləşirdi. Qardaşından – güvəndiyi yerdən aldığı ağır zərbənin şokunu yaşayırdı. Onun dili ağzında əsəbdən sanki düyümlənmişdi. Akif maşınn qapısını açaraq düşdü və qapını örtmədən Rahibə tərəf çevrilərək “səndən xəbər gözləyəcəyəm” dedi və qapını örtdü.
Bir müddət donub yerində qalan Rahib onun dediklərinə inanmaq istəmirdi. Xeyli keçəndən sonra maşını işə salaraq Nicatgilin evinə tərəf sürdü. Yol boyu “axı bu necə ola bilər?” – deyərək özünə suallar verə-verə Pakizə xalanın evinə çatdı. Qapının ağzından “Nicat, Nicat” deyə ucadan səsləməyə başladı. Nicat başını pəncərədən çıxararaq qaranlıqda kim olduğunu seçməyə çalışırdı. Rahibin gəldiyini və çox əsəbi olduğunu görüb hər şeyi başa düşdü və dedi:
– Gəlirəm,