Sehrbazın Şagirdi. Эвальд Флисар. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эвальд Флисар
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
ayrı-ayrı gərgin düyünləri açmağa çalışdım.

      Təəccübləndim ki, bədənimdəki gərginlik daimi vəziyyətdədir. Fərdi əzələlərin necə avtomatik yığıldığını hiss edə bilirdim. Daimi hazırlıq vəziyyətində yaşadığımı dərk etdim: vurulmağa, geri çəkilməyə, qaçmağa. Davamlı müdafiə vəziyyətində yaşayıram. İçimdə elə bir qorxu hiss etdim ki, sanki onun keşiyində durmasam, həyatımın bütün quruluşu dağılacaq.

      İkinci pozanın məqsədi rahatlama deyil, konsentrasiya idi. Bu, Budda və ya lotus pozası kimi də tanınan padmasana idi. Budda adətən oturmuş, ayaqlarını çarpaz qoymuş, əlləri dizlərində, ovucları yuxarı şəkildə təsvir edilir. Sadə görünsə də, padmasana, həqiqətən də, bütün yoqa pozalarının ən çətinidir. Ancaq Yoqananda məni əmin etdi ki, bu, həm də ən faydalısıdır.

      Təəssüf ki, ilk bir neçə cəhddən sonra bunun mənə heç bir fayda verməyəcəyi qənaətinə gəldim. Nə dizlərim, nə də topuqlarım kifayət qədər elastik deyildi. Hələ ombaları demirəm.

      Yoqananda yerə oturdu və ayaqlarını çarpaz qoydu. O, hər iki əli ilə sağ topuğunu tutdu və ayağının altı yuxarıya dönük, daban bədənin şaquli mərkəzinə yaxın və baş barmağının çıxıntısını üfüqi bir xətt üzrə budun yuxarı hissəsinə çatacaq şəkildə sağ ayağının barmaqlarını sol ayağının buduna qaldırdı. Sonra sol ayağını tutdu və eyni şəkildə sağ budunun üzərinə qaldırdı. Biləklərini dizlərinin üstünə qoydu, əllərini açıb ovuclarını yuxarı çevirdi, sonra baş barmağının və orta barmağının uclarını birləşdirərək dairə yaratdı.

      Dizləri yerə dəyirdi. Amma mənimki inadla onunkundan beş barmaq yuxarıda qalırdı. Bütün səylərimə baxmayaraq, əllərimlə basmaqdan başqa, dizlərimi aşağı sala bilmədim, lakin təzyiq dayanan kimi dizlərim yenidən yuxarı qalxırdı.

      "Dizlərini basmağa davam et, – dedi Yoqananda. – Onlarla top oyna. Beləliklə, oynaqlar boşalacaq və bağlar uzanacaq. Özünə beş-altı ay vaxt ver. Yalnız bu pozanı mənimsədiyin zaman konsentrasiya ola bilərsən. Elə bu dəqiqə yox".

      Üçüncü poza ustrasana və ya dəvə pozası adlanır. Əbəs yerə onu düzgün yerinə yetirməyə çalışdım. Düzgün pozaya bənzəyən bir şeyə nail ola bildim, amma qoca bunun nəinki faydasız olduğunu, təhlükəli ola biləcəyini də dedi. Yalnız düzgün poza məqsədəuyğun faydalar verir. Yenidən cəhd etdim. Ayaqlarımı bir-birinə sıxdım, diz çökdüm və ombalarımı dabanıma qoydum. Əllərimi dabanlarımın yanına qoyaraq arxaya əyildim. Boynumu uzana biləcəyi qədər uzadıb başımı arxaya itələmişdim ki, boynumun arxa nahiyəsi ağrımağa başladı. Yavaş-yavaş və dərindən nəfəs aldım. Eyni zamanda, arxamı dabanımdan qaldırıb kürəyimi əydim. Sonra dondum və nəfəsimi saxladım. Bir müddət sonra başlanğıc pozaya qayıtdım, irəli əyilib nəfəs aldım.

      Dördüncü poza bhucanqasana və ya kobra pozası idi. Qarnım üstə uzandım, alnımı yerə basdım. Dirsəklərimi əyib əllərimi çiynimin altına qoydum. Ayaqlarımı uzatdım. Sonra çox yavaş-yavaş qalxmağa başladım. Əllərimə söykənərək başımı və gövdəmi qaldırdım, eyni zamanda bel nahiyəm qırılma həddinə çatana qədər kürəyimi arxaya əydim.

      Yoqananda dedi ki, mən kobranın acınacaqlı versiyasını göstərirəm. Göbəkdən aşağıya düz yerə basılmalı, göbəkdən yuxarı, demək olar ki, şaquli olmalıyam. Mənə göstərdi. O, bir anda düzgün pozanı əldə etdi. Onun heyrətamiz çevikliyi məni paxıllıq və ümidsizlik hisslərinə bürüdü.

      Sonda o, mənə “kral asananı” göstərdi. Boynumdakı fəqərələri zədələməkdən qorxduğumu anlayanda addım-addım məqsədimə necə çata biləcəyimi izah etdi. Uşaq vaxtı başımın üstündə neçə dəfə dayandığımı xatırlayanda ürəyimdə inanılmaz ağrı hiss etdim. Yoqananda cavan deyildi, yaşı mənim yaşımdan iki dəfə çox, yetmişə yaxın idi, amma fiziki və ruhi sağlamlığımıza görə mən qoca, o isə gənc idi. Bu necə mümkün idi?

      "Budur, – dedi, nəmli, parıldayan gözləri ilə mənə baxdı. – Başının üstə durmağı öyrənməlisən. Bu, artıq alınmayacağınıı düşündüyünüz şeyə aparan ən qısa yoldur. Gənclik. Beynini qanla doldurur və onu təmizləyir. Görmə və eşitmə qabiliyyətini yaxşılaşdırır, hisslərini kəskinləşdirir, sinir sistemini tarazlaşdırır. Ürəyini adi yüklərdən azad edir və ömrünü uzadır. Hətta daha çoxu! Səni ayaqlarının yerə yapışmasından azad edir. Bu hiss yox olanda sən havada süzə biləcəksən”.

      Nəinki süzmədim, hiss etdim ki, sürətlə batıram. Unudulmuş problemlərin və basdırılmış ağrıların uçurumları içimdə açılmağa davam edirdi. Hər gecə yuxularım getdikcə daha qorxulu olurdu. Mənə elə gəlirdi ki, dəli oluram. Dünyanın mənə tanış olan halının dağılmasından dəhşətə gəldiyimə inanırdım. Lakin müdafiə divarlarının boşluqlarından əvvəllər görmədiyim qəribə işıq parlamağa başlayand, Azadlıqda məni gözləyən boşluqdan qorxduğumu başa düşdüm: heç bir şeyin boşluğu, Boşluğun tənhalığı.

      Dəhşət dözülməz hala gələndə “Özümü itirirəm, – dedim. – Özümü ölürəmmiş kimi hiss edirəm".

      "Davam et, davam et, – deyə məni ruhlandırdı, üzü məmnunluqla parladı. – Özünü öldür. Özünü söndür. Mən indiki anda səni gözləyirəm. Mənə qoşul".

      Qorxudan iflic olduğumu görüb mənə təsəlli verməyə başladı. Hər şeydən qurtulanda itirdiklərim hələ də qalacaq dedi. Yaddaşım hələ də qalacaq. Yeganə fərq o olacaq ki, yaddaşın qulu olmayacağam. Yaddaş faktların anbarıdır və bu, normaldır. Normal olmayan odur ki, beynim bu faktları həyatdakı hadisələrə reaksiyalarımı müəyyən edən ağır yük kimi yaşayır.

      Yaddaşıma yerləşdirilmiş ən təhlükəli “faktlar” səhvən həyatım kimi təsəvvür etdiyim emosional vəziyyətlərdir. Bu və ya digər emosional çəlləkdə ətrafa sıçramasam, özümü həyatda deyiləmmiş kimi hiss edirəm. Hətta çox vaxt əzab və məyusluqdan da yapışıram – yalnız ona görə ki, həyatımın “mənasının” müəyyən oluna biləcək formada olmasını istəyirəm. Sadəcə boşluqdan qorxduğum üçün.

      Dedim ki, mən təkcə yaddaşımı itirməkdən və böyük boşluqla üzləşməkdən qorxmuram, həm də gələcəyimi itirməkdən qorxuram, sabahın boş olmayacağına, zəngin imkanlarla dolu olacağına inanıram.

      Yoqananda dedi: "Sən imkanlar haqqında sanki realmış kimi danışırsan. Onlar proqnozlardan başqa bir şey deyil. Onlar sadəcə yaddaşın formalarıdır. Gələcək dediyin boşluğa qarmaqlar ataraq, sabah dediyin şeyə qarmaqlı kəndirlə dırmaşaraq yaşayırsan. Qarmaqlar istəklərinin proqnozlarından başqa bir şey deyil".

      “Bəs onda nə qalır? – Mən ondan soruşdum. – Elə şeylər və insanlar, həmçinin istək və məqsədlərim var ki, onlardan imtina edə bilmirəm və istəmirəm".

      “İmtina etmək nələrisə rədd etmək demək deyil; onları saxlaya bilməyəcəyini anlamaqdır".

      O dedi ki, mən düzgün şəkildə fikirləşməyə başlayanda hər şeyin vacib olmadığını anlayacağam. Əslində mən sağlamlıqdan, gəlirdən, kitablardan, reputasiyadan, sevgidən, biliklərdən, anlayışlardan, bunların hamısından asılıyam, yəni onlarsız həyatın heç bir faydası olmayacağı fikrindən asılıyam. Mən öz