Kərbəla dilbəri. Curci Zeydan. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Curci Zeydan
Издательство: ЖекаПринт
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9954-0000-0-7
Скачать книгу
kimi özünü Kufənin bəzi bazarlarına düşdüyünü zənn etdi. Burada işləyənlərin libaslarına baxanda daha da təəccübləndi. Çünki İraqdakı sənətkar rahiblərin də eyni ilə bu cür paltarda olduqlarını görmüşdü. Onlar cod tükdən toxunmuş və ya pambıq parçadan hazırlanmış uzun rahib köynəklərinin üstündən ağ keçi dərisindən biçilmiş önlük taxmışdılar. Bu rahiblər gecə-gündüz bu paltarlarda olur və işləyirlər. Onların canı bu paltarlardan yalnız xaçpərəst dini ayinlərini yerinə yetirərkən azad olur7.

      Monastırın rəisi qonağı kilsənin yanındakı xüsusi otağa gətirib çıxardı. Onu içəri ötürdü. Beynində isə ondan eşitdiklərini saf-çürük edirdi. Rəis bundan sonra daha monastırın həyətində tərk etdiyi qonaqların yanına qayıdıb onlarla birlikdə oturub söhbət etmək arzusunun olmadığını hiss etdi. Rahiblərdən birinə boş otaqlardan birini qonaqlar üçün hazırlamağı əmr etdi. Rahib qonaqları hazırlanmış otağa apardı və geri qayıtdı. Otaqda həsirdən başqa heç nə yox idi. Onlar qapını arxadan bağlayıb, yorulduqlarından dərhal həsirin üstünə çökdülər.

      8. Mübahisə

      Qonaqlardan ilk danışan Əbdürrəhman oldu. O, Amirə müraciətlə dedi:

      – Mən deməmişdimmi ki, mənim ardımca gəlməyin. Sən bu diyara gəlməkdə səhv etmisən. Yenə də tək gəlsəydin, dərd yarı olardı. Sən isə üstəlik Səlmanı da özünlə gətirmisən. Bu da monastır rəisinin barəmizdə vurduğu eyhamlara gətirib çıxardı.

      Amir sakitcə cavab verdi:

      – Oğlum, dedim ki, səni qorumağı öhdəmə götürdüyümə görə arxanca buralara gəlmişəm. Axı, sən mənə oğul yerindəsən. Atan vəfat edəndə sənə qəyyum olmağımı vəsiyyət edib. Sənin belə bir təhlükəli işə başlamağını gördüm. Həm də o işi yad bir ölkədə, özü də təkbaşına görmək istədiyini biləndən sonra heç ola bilərdimi ki, ardınca gəlməyim?! Səlma isə sənə görə məndən daha çox həyəcan keçirir.

      – Bəlkə Peyğəmbər aleyhis-səlamın ailəsinin intiqamını almaq və müsəlmanları bəladan xilas etmək kimi bir işi səfeh iş hesab edirsən?

      Səlma sifətinə ciddilik və təmkin verib Əbdürrəhmanın sözünü kəsdi:

      – Sənin həyata keçirmək üçün buraya gəldiyin iş çox müqəddəs işdir. O işi sən həyata keçirməsən, mən özüm yerinə yetirəcəyəm. Buna səndən çox mənim haqqım var. İnsanların rahatlığını təmin etmək məqsədilə öldürmək istədiyin o adam səndən çox mənə zülm edib. Onunla mənim aramda bir qan düşmənçiliyi vardır. Özün yaxşı bilirsən ki, onun atası mənim atamı qətlə yetirib. Özü də heç bir təqsiri olmadan öldürüb. O öz qəbiləsinin başçısı və ağsaqqalı Hucr Əl-Kindini qətlə yetirib. Nəyə görə öldürüb, təqsiri nə idi? Ona görə öldürüb ki, Hucr Peyğəmbər aleyhis-səlamın əmisi oğlu İmam Əlini lənətləməkdən qəti imtina edib. Bəli, bu Yəzid İmam Əlinin qətlinə görə olmasa da, Hucr ibn Adiyyin öldürülməsinə görə cəzasını almalıdır. Yəzid bu cinayətlərdən biri olmasa belə, o birisinə görə cəzalandırılmalıdır. Yəzid Allahın bəndələrinin işləri ilə məşğul olmayıb, vaxtını sərxoşluqda keçirdiyinə, it, meymun və pələnglərə təlim verdiyinə, əyyaşlıq etdiyinə, həftələrlə ovla məşğul olduğuna, vaxtını şeir deyib tənbur çalmaqla keçirdiyinə görə qətlə yetirilməlidir.8 Onu qətlə yetirmək özü şərəfli işdir. Lakin bu iş çox təhlükəli və çətin işdir. Sən buna müvəffəq ola bilməzsən, çünki sən adi bir adamsan. Yəzid isə xəlifədir, onu əyanları və mühafizəçiləri gecə-gündüz qoruyur. Sənə görə çox qorxuram. Eşitmişəm ki, lənətə gəlmiş Əbdürrəhman ibn Mülcəm İmam Əlini məscidin ortasında qətlə yetirməyə cəsarət etdi, amma ölümdən yaxa qurtara bilmədi. Sən niyə özünü belə bir təhlükəyə məruz qoyursan!?

      Əbdürrəhman döşəmədə oturmuşdu. Səlmanın sözü bu yerə çatanda döşəmədən qalxdı, otaqda var-gəl etməyə başladı. Sir-sifətindən qıza çox diqqətlə qulaq asdığı hiss edilirdi. Səlma sözünü qurtaran kimi ona tərəf baxıb dedi:

      – Səlma, dediklərinə diqqət yetir. Öz sözlərindən özün nəticə çıxar! Sən cavan bir qız ola-ola deyirsən ki, Yəzidi öldürmək özü şərəfli bir işdir. Bunu mən etməsəm, sən özün edəcəksən. Bəs mən necə bu işi həyata keçirməyə bilərəm!? Axı, bunu mənim bütün həyatım öhdəmə qoyub!

      Səlma onun sözünü kəsdi:

      – Heç vaxt “həyatım” demə! Qoy Allah özü səni şərdən qorusun. Bu iş məni əmim Amirlə birlikdə ardınca yola çıxıb, sənə çatmağa məcbur etmişdir. Sən Kufədən çıxanda Şam diyarının Dəməşq şəhərində Yəzidi qətlə yetirməyi qərara alıbsan. Bəs Yəzid kimdir? O, indi bütün müsəlmanların xəlifəsi deyilmi!? Hər bir işi açmaq və bağlamaq onun əlindədir. Onu əyanları və əsgərləri yaxşı qoruyurlar. Biz qorxduq ki, sən onun əlinə düşə bilərsən, ya da başına bir iş gələr, əlimiz sənə çatmaz. Onda biz neylərdik!? Ona görə də yanında olmaq arzusu ilə sənin arxanca gəldik ki, bəlkə sənə bir köməyimiz dəydi. Yəzidə gəlincə, mən o qətlə yetirilməyincə rahatlıq tapa bilmərəm. Əgər onun atası özündən sonra xəlifə seçməyi müsəlmanların şurasının ixtiyarına versəydi, bəlkə də biz belə bir cinayət törətmək niyyətindən xilas olardıq. Əgər o bunu etsəydi, sevimli rəhbərimiz, müsəlman gənclərinin başçısı İmam Hüseyn xəlifə seçilərdi, çünki buna onun hamıdan çox haqqı vardır. Lakin Müaviyə müsəlmanların arzusunun əksinə olaraq xəlifəliyi bu oğluna vəsiyyət etdi. Bu işdən necə imtina edə bilərik? Bundan əlavə, Müaviyə mənim atam Hucru vəhşicəsinə qətlə yetirmişdir. Sən Hucrun qətlinə görə qəzəblisən, çünki o sənin əmindir. Lakin o mənim atamdır, canımdır, qanımdır. Onu qətlə yetiriblər, mən heç onun üzünü də görməmişəm. Siz isə onun taleyini mənə lap bu yaxınlarda demisiniz. Mən lap kiçik yaşlarımdan səhrada bədəvilərin yanında böyümüşəm. Oynamaqdan, gülməkdən başqa bir işim olmayıb.9 O vaxtacan mən elə bilirdim ki, atam Kufədədir. Adamlar isə atamı yada salanda onun qorxmazlığından, əzəmətindən ağzıdolusu danışırdılar. Arzulayırdım ki, böyüyəndən sonra gedib onu görəcəyəm, onunla fəxr edəcəyəm. Lakin birdən mənə dedilər ki, o, qətlə yetirilib.

      Birdən qızı hıçqırıq tutdu, sözünə ara verdi. Sonra üzünü Amirə tutub dedi:

      – Əmi, sən indiyədək onun qətlə yetirilməsinin təfsilatını mənə danışmamısan. Yaddan çıxarmayıbsansa, vəd eləmişdin ki, bu təfsilatı onun qəbri üstündə mənə danışacaqsan? Bir dəfə mənə demişdin ki, o, haradasa, bu yerlərin yaxınlığında dəfn edilmişdir. Onun qəbrinin yerini bilirsənmi?

      Amir dərindən nəfəs alıb dedi:

      – Bəli, qızım, onun qəbrinin yerini bilirəm. Zənnimcə, bu monastırın rəisi də bilir. Eşitmədinizmi, həmin dəhşətli qətli hələ də unutmadığını bildirdi.

      Səlma cavab verdi:

      – Bəli, bunu eşitdim. Mən bir şeyi çox yaxşı dərk edirəm ki, bizim buraya gəlməkdə məqsədimizi bu iş başa çatanadək heç kəs bilməməlidir.

      Əbdürrəhman


<p>7</p>

“Britaniya ensiklopediyası”. Müəllif.

<p>8</p>

Əl-Məsudi “Murucuz-zəhəb”, 2-ci hissə; İbn Əl-Əsir “Əl-Kamil fit-tarix”, 3-cü hissə; İbn Təbatəba “Əl-Fəxri fil-adabis-sultaniyyə val-duvalil-islamiyyə”; Əd-Dəmiri “Həyatul-həyəvan əl-kubra”. Müəllif.

<p>9</p>

Həmin dövrdə oturaq həyat keçirən ərəblər öz uşaqlarını hələ lap körpə ikən səhrada yaşayan bədəvilərə tapşırırdılar. Uşaqlar uzun müddət bədəvi ailələrində böyüyüb tərbiyə alırdılar. Tərcüməçi.