– Hm!.. Mənə çatan igid istəyirəm – deyə Əbu Nüvvas Xəlifə Haruna göz vurur: – Harda qaldınız? Arxada qalan şirə qismət olar.
Xəlifə Harun hiss edir ki, Əbu Nüvvasın kefi yuxarıdır. Ona bənd olmur. Hətta dalınca at salmaq istəyən ovçulara da acıqlanır:
– Şairlə işiniz olmasın! İnciyər bizdən. Ovda belə şeylər olar, bura Altun sarayı deyil.
Ovçular atlarının cilovunu çəkirlər. Ancaq sərxoş şair Əbu Nüvvas şıltaqlığından qalmır. Atının başını geri çevirib qalib sərkərdələr kimi:
– Ya əmirəlmömin – deyir – Qara atını az təriflə, sizi arxada qoyar, şir pəncəsinə düşərsiniz.
Xəlifə Harun ər-Rəşid bu dəfə pərt olur, cızığından çıxan nədimini hüzuruna çağırtdırır:
– Ey sərsəri şair – deyir – yoxsa başın bədəninə ağırlıq eləyir?
Əbu Nüvvas cəld özünü yığışdırır və üzünü günəşə tutub gülümsəyə-gülümsəyə cavab verir:
– Ya əmirəlmömin, mən Zöhra ulduzuyam. Zöhra ulduzu isə günəşdən qabaq çıxır ki, bütün aləmə günəşin gəlişini xəbər versin!
Xəlifə-Harunun rəngi-ruhu açılır:
– Şair, nə qədər ki, mən sağam sənə ölüm yoxdur. Bu kəlamına görə sənə on qul qız bağışlayıram.
Şair Əbu Nüvvas hökmdara baş əyib atını Babil bataqlığına tərəf səyirdə-səyirdə ucadan deyir:
– Bənd olma boş başlara!..
Nəhayət, belə gülməli əhvalatlar, digər ov macəraları da xəlifənin gözündə adiləşərdi. Belədə xəlifə nədimi Əbu Nüvvasa gözucu baxıb qımışardı:
– Sübhanəllah.
Bu, bir işarə idi ki, başqa əyləncə fikirləşsinlər. Nədim dərhal əl-ayağa düşərdi. Allahın hədiyyəsi Bağdadda hökmdara əyləncə tapmağa nə vardı! Onsuz da bütün islam dünyası xəlifədən ötrü başdan-başa əyləncə idi. Talelərlə oynamaq ona bir adət olmuşdu.
Bağdadın cıdır meydanını at kişnərtisi titrədərdi. Dəhşətli döyüşlərdə qolları bərkiyib dəmirə dönmüş süvarilər balacaboy, qara atlarının yalına yatıb xəlifənin önündə ildırım kimi çapardılar. Qiymətli ənam gözləyən yüngül bədənli, qıvraq çaparlar hünərlərini xəlifəyə göstərməyə çalışardılar. Cıdırdan sonra Harun ər-Rəşidin çox sevdiyi sövləncan və qura oyunları başlanardı… Oyunçular at üstündə aşım-aşım aşar, fır-fır fırlanardılar. Atın qaçarağında düşüb təzədən yəhərə qalxar, xəlifənin qarşısından ötərkən qılınclarını oynadıb bağırardılar:
– Məhv olsun xəzərlər! Dərbəndə gedib gücümüzü xəzərlərə göstərmək istərdik!
– İstərdik!
– Ya əmirəlmömin, əgər Əndəlüs valisi Birinci Hakim bir də cızığından çıxsa bizi birbaşa onun üstünə göndər!
– Göndər!
– Böyük hökmdar, Bizans Bağdada bac verməkdən boyun qaçırsa, biz onun torpağını torba ilə daşıyarıq!
– Daşıyarıq!
– Qibleyi-aləm, xürrəmilər3 qılıncımıza səcdə edəcəklər! Şəhrək oğlu Cavidan önümüzdə diz çökəcək!
– Diz çökəcək!
Cıdır meydanında keçirilən belə mərasimlərdə məqsəd əslində xəlifənin gücünü və əzəmətini camaata göstərmək idi.
Bu çaphaçap da Xəlifə Harunu yorardı:
– Sübhanallah!..
Cıdır meydanında «ölü güldürənlər» peyda olardılar. Zər-xaraya bürünmüş iriburunlu, leyləkqıç, cırımağız, caydaq məzhəkəçilər meydanda görünərdi. Yarasa cildinə girmiş bir məzhəkəçi, tülkü qiyafəsində özünü dartan hoqqabazın qılçından bərk-bərk yapışıb, cır səslə ona yalvarırdı:
– Amandı, qoymayın, gündüz uçsam, gözəlliyimi görüb məni ovlayarlar.
Gülməkdən ürəyi gedənlər də olurdu. Hırıltı dalğası meydanı titrədərdi. Xəlifə qaşlarını dartıb barmaqlarını şaqqıldadardı. Məzhəkəçilər gah meymun, gah tülkü, gah da şir cildinə girib kefcil xəlifəni qəşş edincə güldürərdilər. Özlərini cürbəcür heyvana oxşadan məzhəkəçilər hərdən əcaib səslə şeir oxuya-oxuya meydanda atılıb-düşərdilər:
Bütün qazılardan ağıllı idi,
Eşşəyim mənim.
Söhbətli idi, nağıllı idi
Eşşəyim mənim.
Bir gün qəfildən
Rəhmətə getdi
Eşşəyim mənim.
Mən onu bir gün yuxuda gördüm,
Dedim: eşşəyim, çoxaldı dərdim.
Sənə səpsərin sular içirtdim,
Təzə, dənəvər arpa yedirtdim,
Mənim ağıllı, göyçək eşşəyim,
Tükü ipək eşşəyim.
«Eşşək» sözü, adətən qazılara yazılan məzəli şeirlərdə çox işlənərdi, «eşşək» deyəndə qazılar nəzərdə tutulardı. Xəlifə Harun «ölü güldürənlər»dən belə şeir eşidəndə nəfəsi qaralınca gülərdi. Əyanlar da ona xoş gəlsin deyə, eynilə xəlifə kimi uğunardılar. Xəlifə birdən dikəlib:
– Sübhanəllah! – deyərdi.
Altun sarayında şahmat oynayanlar əsnəşər, xəlifənin cıdır meydanından qayıtmasını gözləyərdilər.
Xəlifə üzünü baş vəziri Cəfər ibn Yəhya Bərməkiyə tutardı:
– Başlasınlar!
– Əmirəlmöminə itaət borcumuzdur…
Şahmat oyunu başlanardı. Burda da qalibə xəlifə qiymətli ənam verərdi. Harunun ən qiymətli hədiyyələrini Altun sarayının məşhur şahmatçısı Hafiz Şətrənci alardı .O, ənamı qəbul edəndən sonra xəlifənin oğlu Məmunla oynayardı. Adətən özü qəsdən ona uduzardı. Axırda Xəlifə Harun çoxlarını mat qoymuş oğlu Məmunla özü təklikdə oynayardı. Məmun atasını da məğlubiyyətə uğradardı.
Xəlifə Harun pərt olsa da üzə vurmazdı.
– Bir də oynayaq!
Sonrakı oyunlarda Məmun bilə-bilə atasına uduzardı ki, onun kefi pozulmasın. Bunu hiss edən Xəlifə Harun həm sevinər, həm də kədərlənərdi. Fars qızı Məracil xatundan olan oğlu Məmun, yəni belə mahirdir? Yəni xəlifənin-şüuru belə korlaşdı? Görəsən, güzəştə möhtac olan odurmu?
Şahmat oyunları da Xəlifə Harunu təngə gətirəndə mövqeyinə yaraşmayan oyunlarla məşğul olardı. «Qardaş» dediyi baş vəziri Cəfərlə sarayın məxfi bir guşəsində mərc qoşub həm xoruz döyüşdürər, həm də it boğuşdurardı. Yarışın