Kudryaşın dövründə Aslan Usoyanın Sankt-Peterburqda və ümumiyyətlə, Leninqrad vilayətində nüfuzu daha da artdı.
QATİL KİŞİ İDİ, …YOXSA QADIN?
:
Hal-hazırda Sankt-Peterburqda bir neçə güclü mütəşəkkil cinayətkar qrup fəaliyyət göstərir. Bunlardan “Malışev Cəmiyyəti”, “Kazanlılar”, “Tombov-Vorkuta”, “Azərbaycanlılar”, ”Kürdlər” və “Cecenlər” cəmiyyətləri daha sanballı sayılırlar. Onların quruluş sxemi belədir: “briqada” (5-10 döyüşçü), “zveno” (2-5 briqada), “qrup” (2-5 zveno) və “cəmiyyət” (bir neçə qrup).
Malışevin həbsindən azacıq sonra Vladimir Kumarin srokunu başa vuraraq Peterburqa qayıtdı. Yenidən mübahisələr, strelkalar, atışmalar, qətllər başlandı. “Tambovlular”la “Kazanlılar” arasında isə enerji daşıyıcıları üstündə əsl müharıbə qızışdı. Demək olar ki, hər gün hansısa bir avtoritetin, qrup başçısı və ya üzvünün qətlə yetirildiyi barədə məlumatlar eşidildi. “Vstreça” kafesinin önündə baş verən qətl isə onlarla insanın gözü qarşısında icra olundu. Killer “kalaşnikov”un mağazasındakı bütün güllələri avtoritetin üstünə boşaltmışdı. “Mersedes”ə oturmaq istəyən “Kuma” yerindəcə dünyasını dəyişdi. Kumarini isə cangüdəni öz həyatı bahasına xilas edə bildi. Müstəntiqlər Andrey Berezinin maşınında 28 güllə deşiyi aşkarladılar. Kumarinin üzərinə qapanmış cangüdənin meyitində isə dörd ölümcül yara vardı. Şahidlər qəfil gülləborandan elə şaşırmışdılar ki, qatilin kişi, yaxud qadın olduğunu dəqiq söyləməkdə çətinlik çəkirdilər. İzahatı alınan şahidlərin yeddisi killerin qadın olduğunu israr edirdi. Üç nəfər isə başına parik qoymuş kişinin atəş açdığını bildirirdi. Qatili yaxalamaq mümkün olmadı.
Başından, sinəsi, qarnı və qolundan yaralanmış Kumarini təcili olaraq xəstəxanaya çatdırmasaydılar, o da çoxlu qan itkisindən gözlərini əbədi olaraq yumacaqdı. Həmin dəqiqə onlarla “tambovlu” onun keşiyini çəkməyə başladı. RUBOP əməkdaşları isə xəstəxananın ətrafını nəzarətə götürdülər. Xəstəxanada olan “boyeviklər” saxlanıldı və onlardan altı ədəd tapança götürüldü.
“BOQ” OĞRU ƏQİDƏSİNİ DEYİL, BANDİT YOLUNU SEÇDİ
“QAZ”-ın işçilərinin əksəriyyəti sabiq zeklər idi.
Qorkidəki “QAZ” qruplaşması hələ Moskvadakı bandalardan da qabaq yaranmışdı və qanunları kriminal aləmdəki qayda-qanundan çox ciddi fərqlənirdi. “QAZ” bandası Qorbaçovun özəlləşdirmə fuflosundan xeyli əvvəl, durğunluq illərinin ən qatı dövründə, altmışıncı illərin ortalarında – “Volqa M-21”in dəbdə olduğu vaxtda yaranmışdı. O vaxt “zapçast” alverçiləri ilə küçə qruplaşmaları arasında möhkəm əlaqə mövcud idi. Küçə qruplaşmaları məhbəs düşərgələrindən azadlığa çıxan zeklərdən təşkil olunmuşdu və onlar əldə etdikləri sərmayənin 59-70 faizini İttifaq məhbəslərində olan vərəmli qardaşlarının həyatını bir qədər uzatmağa sərf edirdilər.
Məhbəsdən çıxan cavanların əksəriyyəti özünü Qorkiyə, yaxud bu şəhərə yaxın qəsəbələrdən birinə salmağa çalışır, “QAZ” qruplaşmasında, yaxud küçə alverində və yaxud da zavodda özlərinə lövbər salıb qazamatda keçirdikləri əzablı günlərin əvəzini çıxmağa səy göstərirdilər.
Qroznıdakı uşaq koloniyasından sonra daha iki srok almış İqor Boqdanovu səksəninci illərin sonlarında Qorki küləkli, qarlı hava ilə qarşıladı. Noyabrın ortaları idi. Perrondan keçib özünü birtəhər gözləmə zalına çatdırdı. Cib dəftərindən Oleqin telefon nömrəsini tapıb zəng vurdu. Dəstəyi qaldıran olmadı.
Hələ axşam saat altı yox idi, ancaq artıq qaş qaralmışdı. Vağzaldakı haray-qışqırıqdan, bir qədər aralıda çəkmələrini çıxarıb ayaqlarını zənbillərin üstünə qoyaraq yuxulayan üzütüklü kök kişinin xorultusundan iyrəndi elə bil. Bandan çıxıb sıra ilə düzülmüş “şahmat”lardan birinə yaxınlaşdı, sürücünün yanındakı kresloya əyləşdi.
– Bratuxa, harada yaxşı jratva verirlər? – soruşdu və “Kent” siqaretini çıxarıb birini yandırdı.
– Əgər gürcüsənsə, “İveriya” kafesinə, azərbaycanlısansa, “Bakı” restoranına, ermənisənsə “Axtamar” bistrosuna apara bilərəm. Bəlkə?..
– Yox, düz tapmısan, gedək “Bakı”ya.
– Ruslanın restoranı Qorkidə ən məşhurudur, – sürücü yaltaq təbəssümlə gülümsünüb taksini yerindən tərpətdi. – Şəhərin bütün adlı-sanlı adamları onun restoranında kişka doldurur.
– Blatnoy oğlana oxşayırsan, nakolkaların da var, – İqor bir qədər rişxəndlə oğlanın sükan tutmuş sağ əlinin üstündəki “ürək” və ona batırılmış “ox” tatusuna baxdı. Tatuirovkanın aşağısında “не забуду мать родную”1 sözləri qaralırdı.
– Əsgərlikdən yadigardır, – vodilanın yağlı sifətinə özündənrazı təbəssüm yayıldı, – cavanlıqda dərrakə olmur axı adamda.
– Qorki necədir, yaşamaq olur?
– Soyuzda bir Moskvada, bir də Leninqradda vəziyyət babatdır, – sürücü pəncərədən bayıra tüpürərək əlavə etdi. – Bu nə yaşayışdır? Yağ talonla, qənd talonla, poqanaya kolbasa üçün saatlarla növbədə dayanmalısan. Səhərdən axşamadək it kimi işləyirsən, tolk yoxdur. Görək bu Qorbaç neyləyir… Deyirlər, Krasnodarda birinci katib işləyərkən oranı cənnətə döndəribmiş, – sürücü İqorun barmağında döyülmüş romb qaşlı persteni görüb təəccüblə soruşdu: – Oturmusan?
– Olub, brat. Oturmuşam.
– Belə nakolka krıtıda srok səriyənlərdə olur, – sürücü maraqla müştərisini süzdü, – krıtıda oturmusan?
– O da olub.
– Adamın inanmağı gəlmir. Belə cavan…, ancaq krıtıda bit əzmək? Nə üstündə?
– Nə gözlərini bərəldirsən? Yola bax, yoxsa bir qucaq dəmirə çevirərsən taçkanı.
Hamının Boq adlandırdığı İqor Boqdanov yeniyetməliyini Qroznıdakı uşaq koloniyasında, cavanlığını isə İttifaqın müxtəlif zonlarında xərcləmişdi. Malış Söhbət, Dağlı Cavanşir, Klaranın oğlu İsgəndər, Gəncəli Vaqiflə xlebnik olmuşdu. Qroznıya gəldiyi ilk gündən özünü qatı otrisalovka, patsan, stremlyayuşiy kimi tanıtmışdı “Vosmoyski”. Deyilənlərə görə, oğru tacına da namizəd idi… Qroznıya “qrev” gətirən “TT” Nərimanla “Qızıldiş” Mamed onlara patsanların lideri kimi təqdim olunan “Boq”a öz tövsiyyələrini vermişdilər.
“QAZ”-ın həyətində qətl
…Manveli (“Şaşa”, “Moldovan”) elə “QAZ”-ın həyətində – işlədiyi anbarın qarşısında güllələmişdilər.